YADDAŞ - “Codex cumanicus” – “Kodeks kumanikus”

“CODEX CUMANİCUS” – “KODEKS KUMANİKUS” 

QIPÇAQ TÜRKCƏSİNDƏN TAPMACALAR

 

Arılarnınq küsənci!

Barçağa mədət bolgul!

Düşman yekni sən sürgül!

Sən bizni yarığlağıl!

Amen!

Ey arıların, müqəddəslərin küsənc yeri – ümidgahı!

Hamıya kömək ol!

Düşmən şeytanı qov, sürükdür!

Bizə rəhm eylə!

Amin!

 

azılı ədəbiyyatın da, adi danı­şı­ğın da tərcüməsi hər şeydən öncə, təbii ki, lüğətlərlə bağlıdır. Yabançı bir dili öyrənməyin yolu da birinci bu qapıdan – lüğət qapısından keçir. Bu mənada türk dillərini öyrənmək üçün göstərilən səylər, aparılan araşdırmalar, yazılan lüğətlər tarixin çox əski çağlarından başlayır. XI əsrdə ünlü alim Mahmud Kaş­ğa­rinin yazdığı “Divani-lüğət-ət-Türk” əsəri monumentallığı və ensiklopedik ma­hiy­yətilə min ildi ki, öz möhtəşəm yerini və əhəmiyyətini  qoruyub saxlayır.

M.Kaşğari “Divan”ın yazılma səbəbi­ni Məhəmməd peyğəmbərdən gə­tir­diyi bir sitatla belə izah edir: “Türklərin hakimiy­yəti uzun sürəcək, onların dilini öyrənin!”

Doğrudan da, ilkin orta əsrlərdən tutmuş XX əsrin əvvəllərinə qədər onlarca xalq və milləti öz iradəsi altında saxlayan Türk imperatorluqları zamanında türk dili ayrı-ayrı etnik zümrələr arasında ortaq anlaşma dili olmuşdur. Bir siyasi və hərbi güc kimi türklərin qarşısına çıxa bilməyən düşmənlər üçün də bu dili öyrənmək, bu millətin içərisinə girərək təfriqə  törətmək, parçalamaq, bir-birinə qarşı qoymaq mə­nasında zərurət kəsb edirdi. Bu baxımdan tarixin ayrı-ayrı dönəmlərində amalından, ideyasından asılı olmayaraq türk dilini öyrənmək və öyrətmək məqsədi daşıyan lüğətlər yazılmışdır.

Yazılma məqsədi, məramı tarixin dürlü-dürlü olayları içində yoxa çıxan belə kitab­lar­dan, əlyazmalardan bizə qalan bütün rəngləri və çalarlarıyla  dilimizin qarışıqsız, qatqısız, saf çağlarının canlı mənzərəsidi. Bəlkə bu da qoca tarixin bir ironiyasıdı: hansı məkrli bir məqsəd üçünsə hazırlanan bir kitab yüz illərdən sonra belə bir dəyər qazansın…

XIII əsrdə xristian missionerlərinə kuman-qıpçaq dilini öyrətmək məqsədilə yazıldığı güman edilən “Kodeks kumanikus” əsəri də belələrindəndi. Bu gün az qala Orxon-Yenisey yazılı abidələri qədər əhəmiyyət kəsb edən, qədim qıpçaq türkcəsini öyrənmək baxımından müstəsna önəm daşıyan bu kitab təkcə sözlük bölümüylə yox, həm də içindəki folklor nümunələri – tapmacalarla bir ədəbi abidə mahiyyətindədir.

Hal-hazırda Vatikanda saxlanan “Kodeks kumanikus”un yeganə nüsxəsinin 1362-ci ildə İntibah dövrü italyan şairi Françesko  Petrarka tərəfindən kilsə kitabxanasına hədiyyə edildiyi güman olunur.

Bu qiymətli əsər haqqında ilk dəfə 1656-cı ildə Tomasini məlumat verib. Aradan uzun müddət keçəndən sonra 1768-ci ildə C.C.Leybinis Venetsiya kitabxanasında bu kitabı yenidən üzə çıxarıb.

“Kodeks kumanikus”u ilk dəfə ta­nın­mış macar alimi Ceza Kuun bütöv şəkildə nəşr edib, haqqında dəyərli məqalələr ya­zıb, araşdırmalar aparıb.

Bundan sonra tanınmış türkoloqların, demək olar, əksəriyyəti qıpçaq dilinin bu dəyərli abidəsini tədqiq edib.

“Kodeks kumanikus” iki bölümdən ibarətdir. I bölümdə latınca, farsca, kumanca (qıpçaqca) sözlük,  qıpçaq dilinin qrammatik qaydaları, ictimai-iqtisadi həyata dair sözlər yer alır.

II bölümdə xristianlığa dair qıpçaqca mətnlər və 47 tapmaca verilir. Bu hissənin əvvəlində kumanca-latınca və kumanca-almanca sözlük var. 

Əsərdə rast gəlinən aforizmlər, dualar, İncildən parçalar, qıpçaq  dilində cümlə quruluşu, ifadə özəlliyi, obrazlar baxımından başqa önəm qazanır:

Egər toz-topraq quyaştan minq-minq (“nq”-sağır “nun” kimi oxunmalıdır – Ə.O.) qurla yarıq bolsa edi, hanuz Tenqrininq yarıxlığına körə qaranğıdır.

“Əgər toz-torpaq günəşdən min-min dəfə işıqlı olsa idi, Tanrı işığıyla müqayisədə yenə qaranlıq olardı”.

“Kodeks kumanikus”da müxtəlif dillərə tərcüməsi verilən əski qıpçaq dili Altaylardan tutmuş Avropaya, cənubda Misirə qədər böyük bir əraziyə yayılmış qıpçaqların, ayrı-ayrı türk boy birliklərinin diliydi. XIII əsrdə Şimali Qara dəniz, Krım, İtil (Volqa) çayının aşağı axarı boyunda, Qafqaz ətəklərində yaşayan türklərin, eləcə də Xəzər türklərinin – karaimlərin bu dildə danışması onlarla iqtisadi-ticarət əlaqələrində olan qonşu xalqların qıpçaq dilini öyrənmə zərurətini daha da artırdı. “Kodeks kumanikus”un belə bir missiyanı boynuna götürməsi sözlük mətnindən açıq-aydın görünür.

1404-cü ildə Qafqaza gələn Avropalı missioner İohannes de Galonifontibus Şimali Qafqaz və Qara dənizin şərqində yaşayan yunan, erməni, çərkəz, qot, tat, rus, ləzgi, avar, qumuq, alan qəbilələrinin türk-tatar dilində  danışdığını yazır. Belə bir vəziyyət qıpçaq folklorunun da həmin xalqlara təsirsiz qalmadığını göstərir. Buna görədir ki, lüğəti hazırlayanlar burda folklor nümunələrindən – xüsusilə tapmacalardan örnəklər vermədən ötüşə bilməmişlər.

“Kodeks kumanikus”dakı tapmacalar türkoloqlar arasında uzun zaman ayrıca müzakirə mövzusu olmuş, bu gün də eynən davam etməkdədir. 

“Kodeks”dəki tapmacaların türkoloq­lar tərəfindən fərqli yozulduğunu nəzərə alan görkəmli alim Abdulqədir İnan yazırdı: “Prof. Nemet (tanınmış macar türkoloqu – Ə.O.) qiymətli etüdünü “həqiqətdir ki, bunu – yəni “Kodeks kumanikus”u yazan rahib kuman dilini bizim hamımızdan daha yaxşı bilirdi” cümləsiylə bitirmişdir. Malov da Nemetin bu cümləsini eynən təkrarla­mışdır. “Kodeks kumanikus” tapmacaları üzərində çalışacaq hər türkoloq bu sözlərin daima haqlı olacağı qənaətinə gələcəkdir. Çünki bu tapmacalar göstərir ki, “Kodeks kumanikus” müəllifi kumanların aşağı təbəqəsinə qədər enməyi bacarmış, yalnız tapmacalarda işlənən və dar bir mühitə məxsus sözləri belə anlamağa və  təsbit etməyə müvəffəq olmuşdur”.

Qəribədir ki, kitabın əvvəlinci səhi­fə­lərindən birində tutuquşu şəkli var. Kitabı tərtib edən bununla nəyi nəzərdə tutub, görəsən? Hər halda tutuquşu kimi sözləri tez-tez təkrarlamaq, qıpçaqcanı bu yolla öyrənmək – ilk ağla gələn budur. 

Əhməd Oğuz

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

DİGƏR MƏQALƏLƏR