MEMUAR - Akira Kurosava

Dahi yapon ssenaristi və rejissoru Akira Kurosava 1910-cu ildə Tokioda doğulub. 1950-ci ildə Akutaqava Rünoskenin "Rasyo­mon qapısı" və "Qalın meşədə" novellaları əsasında çəkdiyi "Rasyomon" filminə görə "Qızıl Şir" və "Oskar" mükafatlarına layiq görülüb.

Dörd il sonra - 1954-cü ildə növbəti şedevrini - "Yeddi sa­mu­ray" filmini çəkib. Bu film dünya kinosunun klassikası hesab olunur.

Şekspir, Dostoyevski, Qorki kimi yazıçıların əsərlərinə özünəməxsus ekran həyatı verən rejissor 1975-ci ildə SSRİ kinematoqrafçıları ilə birgə çəkdiyi "Dersu Uzala" filmiylə yenidən "Oskar"a layiq görülüb.

Kurosavanın "Qurbağa yağı satan" kitabı memuar ədəbiyyatının ən parlaq nümunələrindən biridir. Burada böyük sənətkar öz uşaqlığı, gəncliyi, keçdiyi sənət yolu ilə bağlı ilginc məqamlara toxunur. Memuar Kurosavanın təlatümlü ömür yolu və zəngin mənəvi dünyası ilə yaxından tanış olmağa imkan yaradır.

"Qurbağa yağı satan" kitabından təqdim etdiyimiz parçaların maraqla qarşılanacağına inanırıq.

 

Ön söz


Müharibə ərəfəsində ölkənin hər tərəfini səyyar satıcılar bürümüşdü. Onlar yanıq və kəsikləri sağaltdığı deyilən iksir satırdılar. Bu iksiri əldə etmək üçün ənənəvi bir üsuldan istifadə olunurdu: dörd qabaq, altı arxa ayağı olan bir qurbağa hər tərəfi güzgü ilə əhatələnmiş qutunun içinə qoyulurdu. Güzgüdə özünü dörd tərəfdə görüb heyrətlənən qurbağa yağlı maye ifraz etməyə başlayırdı. Həmin mayeni söyüd budağı ilə qarışdırıb qaynadır, bu iksiri əldə edirdilər.
Birdən-birə həyat hekayəmi yazmaq fikrinə düşəndə, güzgülü qutudakı qurbağanı xatırladım. Mən də uzun illər boyu belə bir güzgüdə özümə müxtəlif tərəflərdən baxıb, özümdə nəyi bəyənib-nəyi bəyənmədiyimi ayırd etməliyəm. Onayaqlı bir qurbağa olmaya bilərəm, ancaq əminəm ki, güzgüdə gördüklərim yağlı mayeyə bənzər nələrisə ortaya çıxara­ca­ğı­ma kömək edəcək.
Bu günədək çox adam mənə avtobioq­ra­fiyamı yazmağı məsləhət görmüşdü. Mən isə keçmişə boylananda ancaq özümə aid əhvalatları görürdüm. Elə bu da əl-qolumu bağlayırdı: axı yalnız mənimlə bağlı olan əhvalatlar başqaları üçün niyə maraqlı olmalı idi?!
Bir gün, doğrudan da, öz həyatımı yazmalı olsaydım, orada kinodan kənar heç nəyin olmayacağını düşünürdüm. Mənə elə gəlirdi ki, tərcümeyi-halımdan kinonu çıxsaq, yerdə heç nə qalmaz.
Bir gün həyatımı yazmaqla bağlı qəti qərara gəldim. Məncə, bu qərarı vermə­yim­də fransız rejissoru Jan Renuarın avtobioqrafik romanını oxumağım həlledici rol oynadı. Onu şəxsən tanıyırdım, hətta bir dəfə birlikdə axşam yeməyi də yemişdik. Düzü, Renuarın nə vaxtsa öz həyatını yazacağını unamazdım. Bu işə girişdiyini və öhdəsindən gəldiyini görəndə mən də həvəsləndim.
Renuar kitabının ön sözündə qeyd etmişdi: "Dostlarım mənə xatirələrimi yazmağı təklif edirdilər. Deyirdilər ki, bir sənətçini kamera, yaxud mikrofonun təqdimatı ilə tanımaq olmaz".
O, daha sonra yazmışdı: "Biz həyatda təkbaşına deyil, ətrafımızdakı insanlarla var ola bilərik. Ona görə də məni mən edən insanları və hadisələri xatırlamaq üçün xeyli əziyyət çəkməli oldum".
Nə gizlədim, həyat hekayətimi yazmağa Renuarın həmin sözlərini oxuyandan sonra cəsarətləndim. Bu kitabın meydana gəlməsində onunla görüşümüzün də böyük rolu oldu. Renuar məni qocalığımı onun kimi yaşamağa həvəsləndirdi.
Qocaldıqca oxşamaq istədiyim başqa bir nəfər də var: amerikalı rejissor Con Ford. Onun öz avtobioqrafiyasını yazmaması ancaq təəssüf doğurur.
Əlbəttə, məni Renuar və Ford kimi böyük ustadlarla müqayisə etmək yanlış olardı, axı mən onların yanında çox təcrübəsiz görünürəm! Ancaq insanlar mənim kim olduğumu öyrənmək istəyirlərsə, onları bu imkandan məhrum edə bilmərəm. Hərçənd, həyat hekayəmin başqaları tərəfindən maraqla oxunacağına da bir o qədər inanmıram və xatirələrimi "Rasyomon" filmini çəkdiyim 1950-ci ildə bitirirəm (səbəblərini daha sonra yazacağam).
Məncə, kitabda heç kimə qarşı qeyri-səmimi, saxta olmamışam, vaxtilə birgə çalışdığım insanların üzünə dediklərimi burda da qələmə almışam. Xatirələrimi yazanda yaddaşımı təzələmək üçün köhnə dostlarla oturub söhbət etdik, olub-keçənləri birlikdə xatırladıq. Yazıçı-ssenarist, ibtidai sinifdən dostum olan Uekisa Keinosuke, rejissor köməkçisi olduğum vaxtlardan tanıdığım Hondo İnoşiro, tez-tez birgə çalışdığım rejissor Muraki Yoşiro, səs rejissoru, P.Ç.L-də birgə işə başladığımız Yanoguçi Fumio, musiqi tərtibatçısı Sato Masuri (onunla da uzun illər bir yerdə çalışmışıq), ilk filmim "Sugata Sanşiro"da oynayan və böyük şöhrət tapan Fucita Susumi, aktyor Kayamo Yuzo (ona bu sənətdə az şey öyrətməmişəm!), "Toha Tova Film" şirkətinin vitse-prezidenti, xüsusilə ölkədən kənarda mənə böyük köməyi dəymiş Kavakita Kaşiko, yapon kinosunun amerikalı araşdırıcısı, filmlərimi məndən daha yaxşı tanıyıb-bilən Audie Bok, "Rasyomon", "İkiru" və "Yeddi Samuray" filmlərinin ssenarisini birgə hazır­la­dı­ğı­mız prodüser Haşimoto Şinobu, ssenarist, son filmlərimdə tez-tez köməyinə bel bağladığım, qolf və şahmat oynayarkən isə ən güclü rəqibim olan İde Masoto, prodüser, xaricdəki həyatımın böyük hissəsini paylaşdığım Frankşteyn - Matsue Yoiçi və "Rasyomon" filmində ssenarist köməkçisi olaraq işə başlayıb, sonradan sağ əlimə çevrilən və tez-tez xətrinə dəydiyim Noqami Teruyo mənə bu işdə kömək etdilər.
Onların hər birinə səmimi-qəlbdən təşəkkür edirəm.


Akira Kurosava,
Tokio, iyun, 1981-ci il.

 


Bacımı aparan qəddar külək


Böyük qardaşımla aramızda vur-tut dörd yaş fərqi vardı, halbuki kənardan baxanlara elə gələrdi ki, o, məndən ən azı on yaş böyükdür. Mən ibtidai məktəbin üçüncü sinfinə getdiyim il qardaşım orta məktəbə daxil olmağa hazırlaşırdı. Heç kimin gözləmədiyi o məşum hadisə də məhz bu vaxt baş verdi.
O, dərslərini əla oxuyurdu, hələ beşinci sinifdə ikən Tokiodakı ibtidai sinif şagirdləri arasında keçirilən bilik yarışında üçüncü, altıncı sinifdə oxuyarkən isə eyni yarışda Tokio üzrə birinci yeri tutmuşdu. Bununla belə, əvvəl Dövlət Liseyinin, sonra da Tokio İmperator Universitetinin qapılarını üzünə açacaq olan qəbul imtahanından keçə bilmədi.
Bu, başda atam olmaqla, bütün ailə üzvlərimizi dərin kədərə qərq etdi. Həmin günlərdə evimizə çökən qəm dumanı hələ də gözlərimin önündən getmir. Sanki hardansa güclü bir burulğan gəldi və evimizdəki bütün rahatlığı, sevinci özü ilə apardı. Atam kədərli gözləri ilə elə hey üfüqü seyr edir, anam heç bir səbəb olmadan evin içində sağa-sola tüyünür, bacılarım heyrətlərini böyük qardaşımdan gizləmək üçün öz aralarında pıçıldaşırdılar. Mənim də kefim əməlli-başlı pozulmuşdu, qaş-qabağım açılmırdı.
Heç indinin özündə də qardaşımın imtahandan niyə kəsildiyini başa düşə bilmirəm; axı o, əvvəlki imtahanlardan üzüağ çıxa bilmişdi, sonuncu imtahandan sonra isə özünə tamamilə arxayın idi. Bu uğursuzluğun iki səbəbi ola bilərdi: ya qəbul zamanı valideynləri orta məktəb məzunu olanlara üstünlük verilmişdi (bizim valideynlərimiz təhsilsiz idi), ya da imtahanın müsahibə hissəsində hədsiz eqoist olan qardaşımın ədabaz cavabları imtahan aparanların xoşuna gəlməmişdi.
Qəribədir, imtahandan kəsildikdən sonra qardaşımın özünü necə apardığı yadımda deyil. Hər halda, adətinə xilaf çıxmayıb heç nə olmamış kimi laqeyd davranmışdı. Özünü tox tutsa da, hadisənin onu sarsıtdığın düşünürəm, çünki çox keçmədən qardaşımın demək olar ki, tamamilə başqa bir adama çevrildiyini görməmək mümkün deyildi.

 


Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

 

DİGƏR MƏQALƏLƏR