KLASSİK HEKAYƏLƏR - Alberto Moravia

Görkəmli İtaliya yazıçısı Alberto Moravia (1907-1990) ilk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan “Biveclər” romanıyla imza atıb. Lakin tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlərin geniş şöhrət qazanmış bu romana münasibəti neqativ oldu. Hakimiyyət orqanlarının təqibini hiss edən Moravia ölkəni tərk etməyə məcbur qalıb səyahətə yollanır. Yazıçının məcburi səyahəti uzun çəkir – 1933-cü ildən 1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: “Bu illər mənim həyatımın ən pis illəridir və mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm”. Gah Yunanıstanda, gah Çində, gah ABŞ-da, gah Meksikada məskunlaşan yazıçı 1943-cü ilin sentyabrında müttəfiq qoşunlarının çıxarılmasından sonra arvadıyla bir müddət Fondi şəhərində, Çoçarada gizlənməli olur. Moravia 1957-ci ildə orda gördüklərini və məruz qaldığı ağır həyatı eyniadlı “Çoçara” romanında yüksək bədii çalarlarla təsvir edib.  

Alberto Moravia sivil dünya xalqlarının dillərinə çevrilən bir çox məşhur romanların, o cümlədən “Həyat oyundur”, “İntervü”, “Diqqət”, “Roma hekayələri”, “Özgə həyat” əsərlərinin müəllifi kimi məşhurdur. Hazırda Azərbaycan Tərcümə Mərkəzində dünya şöhrətli nasirin seçilmiş əsərlərindən ibarət toplu çapa hazırlanır. Topluya daxil olan “Roma hekayələri”ndən bir neçəsini “Xəzər”in oxucularına təqdim edirik. 

Görkəmli İtaliya yazıçısı Alberto Moravia (1907-1990) ilk ədəbi uğuruna 1929-cu ildə çapdan çıxan "Biveclər" romanıyla imza atıb. Lakin tezliklə İtaliyada hakimiyyətə yiyələnən faşistlərin geniş şöhrət qazanmış bu romana münasibəti neqativ oldu. Hakimiyyət orqanlarının təqibini hiss edən Moravia ölkəni tərk etməyə məcbur qalıb səyahətə yollanır. Yazıçının məcburi səyahəti uzun çəkir - 1933-cü ildən 1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: "Bu illər mənim həyatımın ən pis illəridir və mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm". Gah Yunanıstanda, gah Çində, gah ABŞ-da, gah Meksikada məskunlaşan yazıçı 1943-cü ilin sentyabrında müttəfiq qoşunlarının çıxarılmasından sonra arvadıyla bir müddət Fondi şəhərində, Çoçarada gizlənməli olur. Moravia 1957-ci ildə orda gördüklərini və məruz qaldığı ağır həyatı eyniadlı "Çoçara" romanında yüksək bədii çalarlarla təsvir edib.
Alberto Moravia sivil dünya xalqlarının dillərinə çevrilən bir çox məşhur romanların, o cümlədən "Həyat oyundur", "İntervü", "Diqqət", "Roma hekayələri", "Özgə həyat" əsərlərinin müəllifi kimi məşhurdur. Hazırda Azərbaycan Tərcümə Mərkəzində dünya şöhrətli nasirin seçilmiş əsərlərindən ibarət toplu çapa hazırlanır. Topluya daxil olan "Roma hekayələri"ndən bir neçəsini "Xəzər"in oxucularına təqdim edirik.

Tərcümə: Mahir N.Qarayev

 


SAXTA ƏSGİNAS


Kiminsə məni hayladığını eşi­dən­də Riçorcimento mey­da­nın­dan ke­çirdim.
- Ey, cavan oğlan, işlər necə gedir?
Bu, Stayano idi. Via del Qamberrodakı qara bazarda siqaret satdığımız vaxtlar onunla curluq edirdik. Stayanonun yaxşı geyindiyi gözümə dərhal sataşdı. Ona bildirəndə ki, bəs hazırda bekar gəzirəm, heç nəylə məşğul olmuram (mənim heç bir peşəm yox idi, bu səbəbdən özümü işsiz adlandıra bilməzdim), köhnə dostum qoluma girib dedi ki, mənimçün gündəlik qazancı min, iki min, bəlkə də üç min lirə olan rahat iş tapa bilər. Soruşdum ki, necə? O, çox uzaqdan başladı. Dedi ki, bəs çətin zamanlar gəlib, indi hətta əlində peşəsi olan və öz sənətini yaxşı bacaranlar da gündəlik bir parça çörəyini qazana bilmir; söylədi ki, hazırkı vaxtda guya adamlar iki təbəqəyə bölünüb: ürəklilərə və ürəksizlərə - cəsarəti olanlar həmişə uğur qazanır, olmayanlar isə ömürlük əfəl vəziyyətdə qalırlar. Hə, Stayano qəti əmin idi ki, mən məhz birinci təbəqəyə məx­su­sam, çünki məni köhnə əyyamlardan ta­nı­yır; keçmiş günlər isə indikilərdən heç də asan deyildi. O ki qaldı düzəltmək is­tə­diyi işə - ola bilsin, bu təklif məni təəc­cüb­ləndirəcək, amma onun sözünü yarıda kəsməməliyəm, yalnız "hə", yaxud "yox" deməliyəm.
Mən hələ ki, dinmir və özlüyümdə dü­şü­nürdüm: "Yəqin, Stayanonun təklifi hə­qi­qətən nəsə qeyri-adi təklif olacaq, çünki o, adətən, bu qədər qeyd-şərtlərə, cürbəcür düzəlişlərə yol verməzdi. Nəhayət, sözünü bitirdi və soruşdum ki, iş nədən ibarətdir. Bu dəfə cavabı uzatmadı:
- Pul xərcləmək lazımdır.
- Pul xərcləmək?
- Hə, hə. Bax, mən sənə, tutaq ki, beş min lirəlik bir əsginas verirəm... Sən gəzirsən, fırlanırsan, şəraiti yaxşı-yaxşı öyrənirsən... Sonra da nəsə xırda bir şey alıb pul ödəyirsən, məsələn, deyək ki, bir fincan qəhvənin, ya da bir qutu siqaretin ödənişini edirsən... Pulun qalığını gətirirsən, mən də üçdən bir hissəni sənə verirəm.
- Gerçək əsginasla üçdən bir hissəni? - onun sözünü bilərəkdən kəsdim ki, söhbətin nədən getdiyini başa düşdüyümü göstərim.
- Əlbəttə, gerçək əsginasla. Sən məni nə hesab edirsən?
- Bəs birdən bilsələr, yalanımı tutsalar?
- Burda elə bir xüsusi şey yoxdu. Dərhal deyirsən ki, bəs saxta pulu sənə kimin soxuşdurduğunu bilirsən, yalandan özünü bərk hiddətlənmiş kimi göstərib əsginası geri alırsan.
Əvvəl belə cavab vermək istədim ki, "Sən dəlisən, başın xarab olub, mən ömründə belə işlərə getmərəm", amma heç bilmirəm bu sözlər ağzımdan necə çıxdı:
- Yaxşı... Danışdıq...
Belə asanca razılaşmağımdan, üstəlik də, bunu başımla təsdiqləməyə davam etməyimdən o qədər sarsılmışdım ki, heç indi də bunun necə baş verdiyini deyə bilmərəm. Bir sözlə, Stayano on min lirəlik saxta əsginası cibimə basıb dedi ki, məni elə günü bu gün sınaqdan keçirtmək istəyir və axşam saat səkkizə Riçorcimento meydanının bağında görüş təyin etdi. Hələ günorta saat iki idi.
Və budur, mən artıq cibimdə on min lirəlik saxta əsginas, kefikök halda, zarafatlaşa-zarafatlaşa, oynaya-oynaya ən azı üç min lirə qazanmaq ümidindəyəm. Birdən-birə özümü varlı və qayğısız hesab elədim, sanki qarşıda bir neçə saatım yox, bütöv bir həftəm, yaxud tam bir ay vaxtım vardı. Fikirləşdim ki, saxta əskinası xırdalamaq zamanı çatanacan - mənə elə gəlirdi ki, bu elə də tez baş verməyəcək - hələ kef-damaq içində yaşaya bilərəm. Stayanonun on min lirəsindən başqa cibimdə özümün də min beş yüz lirəyə yaxın pulum vardı və fikirləşdim ki, hələlik bu pulu rahatca xərcləyə bilərəm. Bəs necə, axı indi mənimçün iki-üç min lirəlik gündəlik sabit qazanc təmin olunmuşdu, özü də uzun müddətə. Mən yaxınlıqdakı, via Unitadakı osteriyaya yollandım, çörəyi qəhvəyə batırıb tamsındığım neçə vaxtdan bəri ilk dəfə özümə əsl səhər yeməyi sifariş etdim: spagetti, quzu əti, bir litr də çaxır. Fikirləşdim, bəlkə ödənişi saxta əskinasla eləyim, amma vurub-çıxanda baxdım ki, belədə Stayanodan alacağım pul üç yüz lirə az olacaq; yaxşısı budur, dostumun məsləhət gördüyü kimi, saxta əskinası hansısa xırda şey üçün, qəhvəyə, yaxud siqaret almağa saxlayım. Odur ki, ödənişi öz pulumla elədim və çöplə dişimi qurdalayandan sonra əlimi cibimə qoyub, via Kola di Riensoya çıxdım.
Yaz çağıydı; səmada ağ buludlar görsənir, ilıq meh əsirdi. Arada tez-tez yağış çiləsə də, çox çəkmirdi, ardınca günəş çıxırdı. Yarpaqları təzə-təzə yaşıllaşmağa başlayan ağaclara baxanda ürəyimdən keçdi ki, şəhər kənarına gedim, yaşıl otun üzərində uzanıb heç nə düşünmədən səmaya tamaşa eləyim. Amma şəhər kənarına qızla getmək yaxşıdır, tək gedəndə adam darıxır. Mənimsə rəfiqəm yox idi və heç təsəvvür də etmirdim ki, küçədə qızı necə ovlamaq mümkündür. Beynimdə hamısını düşünə-düşünə asta addımlarla Kola di Riensonu dolaşa-dolaşa Libert meydanına gəldim, körpüdən keçib Flaminio meydanına çıxdım. Tramvay dayanacağına çatıb ətrafa göz gəzdirdim. Adətən, mən qadınlarla ünsiyyətə utancağam, ən çox da ona görə ki, cibimdə heç vaxt pulum olmur. Amma bax ha, gör özünü varlı hiss etmək nə deməkdir! Mən bir qızı gözaltı elədim, - o, tramvay gözləyənə oxşamırdı, - baxan kimi xoşuma gəldi və çox götür-qoy eləmədən yaxınlaşıb danışdım. İri, qara gözləri olan qaraşın, alyanaq bir qızdı. Geyimi də ciddi idi - qırmızı toxunma kofta, qəhvəyi yubka, qatlama corablar. Öyrəndim ki, ev qulluqçusudur, adı da Matilda. Roma civarındakı hansısa yerdən, deyəsən, Kapranikdəndir. Yer axtarırdı özünə, hələliksə onun doğma diyarında monastırları olan rahibələrin şəhərdəki pansionunda qalırdı. Çox təmkinlə, bir qədər də saymazyana danışırdı, amma iki-üç dəfə "sinyorina" deməyim bəs elədi ki, mənə qarşı daha iltifatlı olsun.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

 

DİGƏR MƏQALƏLƏR