ESSE - Yohan Volfqanq Hö­te

Dünya ədəbiyyatının ən gözəl nümunələrindən olan "Faust", "Gənc Verterin iztirabları", "Vilhelm Meys­te­rin təhsil illəri" və sair bu kimi məş­hur əsərlərin müəllifi Yohan Volfqanq Hö­te (1749-1832) öz yenilikçi yaradıcı­lı­ğıyla təkcə Almaniyada deyil, bütün Av­ropada musiqinin, dramaturgiyanın, poe­ziyanın, nəsrin inkişafına güclü təsir etmişdir. Onun bədii əsərləriylə ya­naşı esseləri, fəlsəfi əsərləri, sənətin çe­şidli sahələrini əhatə edən yazıları bu gün də öz dəyərini itirməmişdir.

 

Tərcümə: Zahid Sarıtorpaq

 

 

Sənətdə həqiqət və həqiqətə bənzərlik haqqında

 

Bir alman teatrının səhnəsində oval­şə­killi amfiteatr çəkilib, lojalarında isə san­ki aşağıda baş verənlərdə iştirak edən tamaşaçılar təsvir edilib. Parterlərdə və lojalarda oturan əsl tamaşaçılardan bə­zi­ləri bundan narazıdılar ki, onlara həqiqət və həqiqətə bənzərliyə zidd olan nəyisə qəbul etdirməyə çalışırlar. Bu xüsusda, təxminən aşağıdakı məzmunda belə bir söhbət baş tutur.

 

Rəssamın vəkili. Görək necəsə razılığa gələ biləcəyikmi?

Tamaşaçı. Başa düşmürəm, belə bir təsvirə siz necə haqq qazandırmağa hazırlaşırsız.

Vəkil. Məgər siz teatra gələndə, gözləyirsiz ki, səhnədə oynanılanların hamısı doğru-dürüst və gerçək olsun?

Tamaşaçı. Yox! Amma istəyirəm ki, heç olmasa, mənə hər şey düzgün və gerçək kimi görünsün.

Vəkil. Əgər sizin dediyinizin əksinə olaraq, buna qətiyyən cəhd etmədiyinizi israr etsəm, o zaman məni bağışlayın.

Tamaşaçı. Çox qəribədi! Əgər mən buna cəhd etməsəydim, onda mənzərənin uzaqdan görünüşünü dəqiqliklə verən və bütün əşyaları incəliklərinə qədər canlandıran dekorçunun səyləri nəyə gərəkmiş? Müxtəlif dövrlərin geyimlərini öyrənmək nəyə lazımmış? Böyük vəsait sərf edib onları kifayət qədər dəqiq təsvir eləmək məgər məni uzaq zamanlara alıb aparmaqdan ötrü deyilmi? Nəyə görə hisslərini başqalarından daha dəqiq çatdıran aktyorun şəninə hamıdan çox tərif deyirlər, onun nitqi, hərəkəti, jestləri gerçəkliyə daha uyğun gəlir və illüziya yaradır ki, guya mən təqlidi deyil, həqiqətən baş verən nələrisə görürəm?

Vəkil. Siz dərk etdiklərinizi əla çat­dı­rırsınız, amma nəyi dərk etdiyinizi kifayət qədər aydın başa düşmək, görünür, siz düşündüyünüzdən çətindi. Sizi əmin edə bilərəm ki, teatr tamaşalarını heç də gerçəklik kimi yox, gerçəkliyin görüntüsü kimi qəbul edirsiniz.

Tamaşaçı. Bütün bu təfərrüatlar, onsuz da söz oyunundan başqa bir şey deyil.

Vəkil. Ancaq mən isə cəsarət edib sizə deyirəm ki, ruhumuzun təzahüründən danışanda, hətta ən zərif söz belə onu ifadə eləməkdə acizdi və bu qəbildən söz oyunu ruhumuzun ona olan tələbatını göstərir, çünki daxilimizdə baş verənləri ifadə etməkdə gücsüzük və işin mahiy­yə­tinə varmaq üçün məsələyə müxtəlif tə­rəflərdən yanaşmaq lazım gəlir.

Tamaşaçı. Olsun! Ancaq, lütfən, əgər mümkünsə, bunu aydın və əyani örnəklərlə izah edin.

Vəkil. Öz xeyrimə nə qədər desəniz misal çəkə bilərəm. Məsələn, operada olarkən, məgər siz zövq almırsınız?

Tamaşaçı. Hər şey yetərincə bir harmoniya içindədirsə, mənim həzzimin də.

 


Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

DİGƏR MƏQALƏLƏR