MƏKTUB - Mixail Bulqakov

Görkəmli yazıçı, "Master və Marqarita" kimi da­hi­yanə romanın müəllifi, əsərlərinin çapına, pyeslərinin ta­maşasına qadağa qoyulan, maddi və mənəvi sıxıntı içində yaşamağa məcbur olsa da, sınmayan, konyunktura xatirinə yaradıcılığına xəyanət etməyən Mixail Bulqakovun məktubları onu bir şəxsiyyət kimi yaxından tanımağımıza imkan yaradır.
Müharibələrə, inqilaba və hakimiyyətlə qar­şı­dur­ma­ya baxmayaraq, Bulqakovun epistolyar irsi kifayət qədər genişdi. Onu da nəzərə almaq lazımdı ki, bu mək­tublar oddan-alovdan keçib, hələ nə qədəri ax­ta­rışlar zamanı məhv edilib. Ancaq nə yaxşı ki, "əl­yaz­malar yanmır" və nə yaxşı ki, Bulqakov dünyasına güz­gü tutmaq üçün bu məktublar bizə gəlib çatıb.
"Xəzər"in oxucularına təqdim etdiyimiz məktublar M.Bulqakovun epistolyar irsinin kiçik bir hissəsidir. Ancaq seçim zamanı çalışdıq ki, yazıçının keşməkeşli həyatını bütün çalarlarıyla əhatə eləyə bilək.


Orijinaldan tərcümə: Saday Budaqlı

 


MƏKTUBLAR


N.A.BULQAKOVA-ZEMSKAYAYA1
31 dekabr 1917-ci il
Vyazma

Əziz Nadya, səni Yeni il münasibətilə təbrik edirəm və arzulayıram ki, bu il köhnə ilə oxşamasın. Tasya2 sənə salamlarını və öpüşlərini göndərir. Andrey Mixayloviçə bizim salamımızı çatdır.
Mənə məktub yazmırsan, ünvanını da verməmisən, ona görə belə başa düşürəm ki, mənimlə məktublaşmaq istəmirsən. Sənin ünvanını Moskvada olanda Lilyadan3 öyrənməyə çalışdım. Lili göyə baxıb dedi: "Çarskoe Selo, mənzil 13". Sıxıla-sıxıla kü­çəni və binanı soruşanda, Lilya məğ­rur­casına cavab verdi ki, yadında deyil. Dürüst ünvanı Kolya4 dayıdan öyrəndim.
Kiyevdən bir xəbər olmamağı məni ümidsizləşdirir. Vyazma bankından öz pulumu alıb anama yollaya bilmədiyimə görə də lap darılıram. Qorxuram, 2000 rubl rus inqilabının badına gedə. Ax, bu iki min rubl nə mənim işlərimə yarayardı! Ancaq onu yadıma salıb, lazımsız yerə kefimi poz­mayacağam!..
Kolya dayıya gəlincə, deyəsən, onun da vəziyyəti yaxşı olmayacaq: bankların tutulmasıyla, ağır zəhmətkeş həyatının mükafatı olaraq, çox güman, bütün qa­zan­dığını itirəcək.
Dekabrın əvvəlində öz işimin dalınca Moskvaya getmişdim və necə getmişdimsə, eləcə də qayıtdım5. Yenə Vyazmada cansıxıcı həyatımı yaşayıram, yenə nifrət etdiyim adamların arasında işləyirəm. Məni əhatə eləyənlərdən o qədər zəhləm gedir ki, tamamilə tək-tənha yaşayıram. İntəhası, düşünmək üçün meydan böyükdü. Mən də düşünürəm. Yeganə təsəllim iş və ax­şam­lar oxumaqdı. Köhnə müəllifləri həyə­can­la oxuyuram (əlimə nə düşdü oxu­yuram, çünki burda kitab azdı) və keçmişin mənzərələrindən zövq alıram. Ah, nədən mən gec doğulmuşam! Niyə yüz il əvvəl doğulmamışam. Əlbəttə, bunu düzəltmək mümkünsüzdü! Moskva, Kiyev məni çox çəkir, necə olsa da, orda həyat hələ davam eləyir. Xüsusilə, Kiyevdə olmaq istəyirəm! İki saatdan sonra Yeni il girəcək. Yeni il mənə nə gətirəcək? İndi yatıb Kiyevi, tanış, əziz sifətləri gördüm; gördüm ki, piano çalırlar...
Keçmiş dövr qayıdacaqmı?
İndiki dövr elədi ki, heç nəyə fikir ver­mə­dən yaşamağa çalışıram... heç nə gör­mədən, heç nə eşitmədən!
Bu yaxında Moskvaya, Saratova sə­fə­rimdə hər şeyi öz gözümlə gördüm və da­ha görmək istəmərəm.
Qaragüruhun murdar söyüşlə qatarın pəncərələrini sındırdığını, adamların necə döyüldüyünü gördüm. Moskvada da­ğı­dıl­mış, yandırılmış evləri... küt, vəhşi sifətləri gör­düm...
Tutulmuş və bağlanmış bankların gi­ri­şin­də gözləyən camaatı, dükanlardakı uzun növbələri, gözümçıxdıya salınan za­val­lı zabitləri, əsasən eyni şeylərdən: cə­nub­da, qərbdə, şərqdə, həbsxanalarda axan qanlardan bəhs edilən qəzet səhi­fə­lərini gördüm. Hamı nə baş verdiyini öz gö­züylə gördü və hər şeyi başa düşdü.
Yeni il gəlir. Səni bərk-bərk öpürəm.


Qardaşın Mixail.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

DİGƏR MƏQALƏLƏR