KORİFEYLƏR - Tomas Mann

Alman ədəbiyyatının klassiklərindən olan, "Venesiyada ölüm", "Sehrli dağ", "Doktor Faustus", "İosif və qardaşları" kimi əsərlərin müəllifi Tomas Mann (1875-1955) "Buddenbroklar" roma­nı­na görə 1929-cu ildə Nobel mü­ka­fatına layiq görülmüşdür.
"Balaca cənab Frideman" yazıçının kiçik həcmli əsərlərindəndir. Əsərin qəhrəmanı tənha və anadangəlmə şikəst olsa da, xarakter etibarilə onu güclü saymaq olar. Şikəstliyilə barışıb yaşayan bu insanın həyatı bir andaca dəyişir, "sevgi" deyilən hiss onun gen dünyasını başına dar eləyir, qurduğu xanimanı kərpic-kərpic uçulur...


Tərcümə: İlqar Əlfi

 

 

Balaca cənab Frideman

 

Hər şeyin günahı dayədə idi. Konsul xanımı Frideman azacıq şüb­hə­lə­nən kimi, əbəs yerə məsləhət verdi ki, bu ziyanlı vərdişini tərgitsin. Çox nahaq yerə ona tünd pivənin üstündən gündə bir stə­kan qırmızı şərab da verirdilər. Sən de­mə, o heç təsərrüfatda istifadə etmək üçün düzəltdikləri təmiz spirtdən də vaz keç­mirmiş. Onunla haqq-hesabı üzüb, yerinə adam tapana kimi, artıq olan olmuşdu. Ana özünün üç yeniyetmə qızıyla gəzintidən evə qayıdanda görmüşdü ki, cəmi biraylıq körpəsi İohannes bələk masasından yıxılıb yerə düşüb, çarəsiz, köməksiz vəziyyətdə yazıq-yazıq zarıyır, dayə isə yanında durub key-key ona baxır.
Bu qıvrılan kiçik vücudu doktor ehtiyat­la, diqqətlə müayinə edəndən sonra sifətinə çox qayğılı bir ifadə qondu, üç bacı içlərini çəkərək küncə qısılıb durmuşdular, ana isə ürək yanğısıyla ucadan dua edirdi.
Yazıq qadın bu körpəni bətnində gəz­di­rərkən Niderland konsulu olan əri elə bu cür qəfil və sağalmaz bir dərddən dün­ya­sını dəyişmişdi; bununla da qadının için­də elə bil nəsə qırılmış, həyata inamı büs­bütün tükənmişdi deyə indi körpə İohannesin bu bəladan salamat qurta­ra­ca­ğı­na da ümidi yox idi. Lakin iki gündən son­ra doktor onun əlini hərarətlə sıxıb ümid­­verici bir tərzdə elan etdi ki, balacanın hə­yatı üçün artıq birbaşa təhlükə yoxdur, yəni ən əsas məsələ - yüngül beyin silkələnməsi ötüb keçib və bu, elə uşağın baxışlarından da aydın duyulur; indi körpə hadisə baş verəndən dərhal sonra baxdığı kimi mənasız, donuq baxmırdı... Təbii ki, bir qədər səbr etmək, vəziyyətin dina­mi­ka­sına göz qoymaq və daha yaxşı qis­mə­tə... hə, məhz qismətə ümid bağlamaq lazım idi...
İohannes Fridemanın uşaqlıq illərini ke­çirdiyi, şiş uclu maili damı olan boz bi­na qədim ticarət şəhərinin şimal darvazası ya­xınlığında yerləşirdi. Daş döşənmiş geniş dəhlizdən yuxarı ağ, taxta məhəccərli pilləkən qalxırdı. İkinci mərtəbənin qonaq otağındakı divar kağızlarında köhnəlikdən rəngi solmuş mənzərələr çəkilmişdi, qırmızı ağacdan olan ağır, al-qırmızı məxmər süf­rə salınmış iri masanın ətrafında isə sərt, dik söykənəcəkli əzəmətli kreslolar döv­rələmə durmuşdu.
Uşaqlıqda tez-tez burada, o üzündə gözəl çiçəklər açan pəncərənin qarşısında, anasının ayaqları altındakı alçaq skamyada oturur, onun dümdüz tağla ayrılmış çal saçlarına, incə, mehriban sifətinə tamaşa edir, anasının bədənindən ətrafa yayılan, zorla sezdiyi bir rayihəni sinəsinə çəkib nəfəsini elə qısırdı, sanki sehrli bir nağıla qulaq asırdı. Ya da, İohannes mehriban sifətli və çal bakenbardlı bir cənab olan atasının portretini seyr edirdi. Anası deyirdi ki, o, göylərdədir və orda hamımızın yolunu səbirlə gözləyir.
Evin arxasında kiçik bir bağ vardı, yaxınlıqdakı şəkər zavodundan gələn çox şirin, ürəkbulandırıcı qoxuya baxmayaraq yayda günlərinin tən yarısını burda keçirirdilər. Gövdəsi düyün-düyün qoca fındıq ağacı da elə orda bitirdi və balaca İohannes, adətən, onun kölgəsi altında, özünün alçaq ağac kreslosunda oturub fındıq yeyir, anası və üç böyük bacısı isə boz parusin günlüyün altında dincəlirdilər. Amma oğul balasını məhəbbətlə süzmək üçün ananın qüssəli nəzərləri əlindəki tikmədən tez-tez ayrılırdı.
Balaca İohannesə hündür sinəsi, donqar beli və bədəninə yaraşmayacaq qədər uzun, arıq qollarına görə heç də suyuşirin deməzdin və beləcə, kreslosunda əyləşib zirək, usta hərəkətlərlə fındıq yeyəndə kənardan kifayət qədər qəribə bir mənzərə yaradırdı. Amma onun həm də qüsursuz, dümdüz ayaqları, əlləri, iri, qızılı gözləri, incə ağzı, sarışın saçları vardı. İohannesin boynu içində olmasaydı, ona, az qala, qəşəng də demək olardı.
Oğlanın yeddi yaşı tamam olanda onu məktəbə yolladılar - indi artıq illər sürətlə və çox yeknəsəq keçirdi. Hər gün qozbel­lərə xas olan və kənardan əyləncəli gö­rü­nən çox ciddiyyətlə şiş damlı evlərin və dükanların yanından qotika üslubunda tağları olan qədim məktəbə gedib qayıdırdı, evdə isə dərslərini hazırlayandan sonra, ya bəzəkli, rəngbərəng üzqabıqları olan kitablardan oxuyur, ya da bağda oynayırdı - bacıları isə bu vaxt kefsizləmiş analarına ev işlərində kömək etməklə məşğul olurdular. Onlar hərdən cəmiyyət içinə də çıxırdılar - Frideman ailəsi şəhərin qaymaqları sayılan təbəqəyə mənsub idi, lakin çox təəssüf ki, qızları özlərinə ər tapa bilmirdilər, çünki həm yoxsul, həm də kifayət qədər kifir idilər.
İohannes də bəzən yaşıdlarından dəvət alırdı, amma onlarla ünsiyyətdən elə bir sevinc tapmırdı. Oğlan onların oyunlarında iştirak edə bilmir, yoldaşları isə onun yanında həmişə sıxıntı keçirirdilər və elə buna görə də aralarında əsl dostluq yaranmırdı.
Vaxt yetişdi və oğlanlar məktəb həyətində İohannesin yanında tez-tez cürbəcür söhbətlər etməyə başladılar. Oğlanların qızlar haqda ehtirasla söy­lədiklərinə İohannes gözlərini geniş açıb diqqətlə qulaq asır və susurdu. "Qoy başqaları ancaq qızlar barədə düşünsün, - öz-özünə deyirdi, - mənim üçün bu da elə topla oynamaq, gimnastika kimi əl­çat­maz bir şeydir". Hərdən qüssəyə də qərq olurdu, amma tədricən tək, yoldaş­la­rıyla heç nəyini bölüşmədən yaşamağa öyrəşdi.
Amma on altı yaşı olanda İohannes, nəhayət, öz yaşıdı bir qıza vuruldu. O, sinif yoldaşının bacısıydı - sarışın saçlı, cəld və zirək, ipə-sapa yatmaz bir qız idi. Onunla qızın qardaşının yanına gedəndə tanış olmuşdu. Bu qızla yanaşı olanda İohannes qəribə bir sıxıntı hiss edir, qızın qəsdən, nümayişkaranə şəkildə göstərdiyi mehribanlıq isə ona olmazın əzablar verirdi.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

 

DİGƏR MƏQALƏLƏR