Haynrix Böll - Və bircə kəlmə də demədi

XX əsr dünya ədəbiyyatının gör­kəm­li simalarından biri, "Qatar vaxtında çatır" (1949), "Haradaydın, Adəm" (1951), "Və bircə kəlmə də demədi" (1953), "Sahibsiz ev" (1954), "Saat onun yarısında bilyard oyunu" (1959), "Bir təlxəyin düşüncələri" (1963) ro­man­larının və bir çox hekayələr kita­bı­nın müəllifi, alman yazıçısı, Nobel mü­kafatı laureatı Haynrix Böllün (1917-1985) imzası Azər­bay­can oxucusuna yax­şı tanışdır. Onun "Bir təlxəyin dü­şün­cələri", "O illərin çörəyi" romanları və hekayələr kitabı dilimizə tərcümə olun­muşdur.
Vilayət Hacıyevin tərcüməsində oxu­culara təqdim etdiyimiz "Və bircə kəlmə də demədi" romanından bir par­ça Haynrix Böllün çapa hazırlanan ki­tabından götürülmüşdür.

 

 

Və bircə kəlmə də demədi

 

11

Fredin göndərdiyi pulu elə hey sa­yır, sayıram: tünd-yaşıl, yam­ya­­şıl, mavi əsginaslar... Üzərində dərz daşıyan kənd arvadlarının, ticarətin, ya şərabçılığın rəmzi kimi iridöşlü qadın­la­rın təsviri olan əsginaslar... Tarixi qəh­rə­manın mantiyasına bürünmüş  kişi bir əlin­də təkər, o birində isə çəkic tutub - bu da, yəqin, sənətkarlığın rəmzidir. Onun ya­nında döşündə bank şəkli olan yapı­şıq­sız bir qız dayanıb, ayaqlarının ucunda da hansı memarınsa bürmələnmiş kağızı, xət­keşi var. Yaşıl əsginasın ortasında çir­kin bir yaramaz təsvir olunub: sağ əlində tə­rəzi tutub, ölgün gözlərini uzaqlara zil­lə­yib. Bu qiymətli əsginaslara iyrənc naxış­lar vurulub, künclərində də qiymətlərini gös­tərən rəqəmlər yazılıb. Qəpiklərin üzə­rinə palıd yarpağı, sünbül şəkli, tənək yar­pağı və üst-üstə çarpaz qoyulmuş iki çə­kic həkk olunmuşdur. Arxa tərəflərində isə qorxunc qartal təsviri... Qanadlarını elə gərib ki, sanki  kimisə, nəyisə cay­naq­larına keçirmək üçün bu dəqiqə uçacaq. Əsginasları ayırdıqca, qəpikləri üst-üstə yığdıqca, uşaqlar əlimə baxır: bu, kilsə idarələrindən birində telefonçu işləyən ərimin aylıq qazancıdır - üç yüz iyirmi mark səksən üç pfenniq. Kirayə üçün ve­rə­cəyim pulu bir tərəfə qoyuram. Sonra da işığın, qazın və sığortanın pulunu ayı­rı­ram, çörəkçinin borcunu sayıb götürürəm, artıq qalanı dəqiqləşdirirəm: iki yüz qırx mark. Fred yazır ki, özünə on mark gö­tü­rüb, sabah qaytaracaq. O pula içəcək...Uşaqlar üzümə baxır: sakit sifətlərində ciddilik var. Ancaq onlara bir sürpriz hazır­la­mışam: bu gün girəcəkdəki dəhlizdə oynaya bilərlər. Franke ilə arvadı həftənin sonuna qədər Katolik Qadınlar İttifaqının qurul­ta­yın­da iştirak etməyə gediblər, bizdən aşa­ğı­da yaşayan Zelbştaynlar iki həftəlik mə­zu­niyyətə çıxıblar, böyrümüzdəki otağı ki­rə­ləmiş Hopflarla bizi nazik bir divar ayırır və onlardan icazə almaq lazım deyil. De­mə­li, uşaqlar dəhlizdə oynaya bilərlər və belə imkanı əldən vermək olmaz. 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

DİGƏR MƏQALƏLƏR