BƏŞƏRİ POEZİYA - Eys Kriqe

Cənubi Afrika şairi, yazıçı, dramaturq, tərcüməçi Eys Kriqe (1910-1987) afrikaans və ingilis dillərində yazıb-yaradıb. O, "Dəyişmə", "Qırmızı gün", "Müharibə illərinin şeirləri", "Yurdsuz ürək", "Dünən axşam" və s. şeir kitablarının, "Palmalıq", "Yuxu və səhra" romanlarının, "Maqdalina Retief", "Ağ divar", "Bütün yollar Romaya aparır", "Qızıl çevrə", "Sərbəst atıcı" kimi dram əsərlərinin müəllifidir.

 

Tərcümə edən Zakir Fəxri

 

DƏNİZ QAĞAYISI

Suların üstündə
duman sürünür.
Dənizdən aralı
Boz təpənin üstündə
Ağ ev görünür.
Təpənin boz yerində
Gümüş və tüstü...
Göz işlədikcə dərində
Tüstü və gümüş...
Dalğaların üstünü
Qaranlıq örtməkdə.
Uzaqlar
rəngi qaçmış halda,
pörtməkdə...
Ağ qağayı görünür
yalnız, tək...
Bu tablonu
ağ kətana çək.

Görən dəniz nə oxuyur,
Külək nə qeybət edir?
Nə qışqırır qağayı.
Nə ağlayır ürək
içi dolu,
tək?..

Dəniz oxuyur,
Qeybət edir külək,
Uzaqdan
Ağ qağayı görünür,
Ağlayır ürək.
Suların üstündə
Duman sürünür,
Boz təpənin üstündə -
Ağ ev olan yerdə
Həmişə, hər gün
gümüş və tüstü,
Tüstü və gümüş...
Dalğalar lək-lək
Hara gedir, görəsən?
Hara belə onlar,
Hara belə tək-tək?
Bu tablonu
yığ gözünə, ağ kətana çək!

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

DİGƏR MƏQALƏLƏR