NOBEL KÜRSÜSÜ - Sol Bellou

Nobel mükafatı laureatı (1972), yəhudi əsilli Amerika yazıçısı Sol Bellou (1915-2005) XX əsrin usta novellaçılarından sayılır. Eləcə də "Göylə yer arasında" (1944), "Oqi Marçın sərgüzəştləri" (1953), "Yağışların əfəndisi Henderson" (1959), "Hersoq" (1964), "Mister Sammlerin planeti" (1970) ro­man­ları ona böyük şöhrət qazan­dır­mışdır. Sadə və psixoloji obrazlar ya­ratmağın ustası sayılan yazıçının "Gümüş nimçə" hekayəsini oxuculara təqdim edirik.

Tərcümə: Etimad Başkeçid

 

 

Gümüş nimçə

Hekayə


Hansısa yaxının dünyasını dəyişibsə, özü də, ölən bir başqası yox, doğmaca yaşlı atandırsa, özünü necə aparmalısan? Tutalım, altmış yaşlarında müasir insansan, Vudi Zelbest kimi görüb-götürmüş adamsan: neylə­yəcəksən? Məsələn, atana necə yas tutacaqsan, özü də indiki zamanda? Doxsanı haqlamış, ürək genişlənməsindən əziyyət çəkən, ayaqlarını sürüyə-sürüyə, taytaya-taytaya yeriyən, iy verən - axı həm qocaydı, həm də dalına yiyəlik eləyə bilmirdi, neyləyəsən, qocalığın üzü qara olsun - belə bir ataya indiki vaxtda necə yas saxlayacaqsan? Hə də, Vudinin özü də deyirdi ki, hadisələri olduğu kimi görmək lazımdır. Görün, hansı zəmanədə yaşayırıq, qəzetlər hər gün nədən yazır - girovların danışdığına görə, Ədəndə "Lüfthanza"nın pilotu fələstin terrorçularının qarşısında diz çöküb yalvarırmış ki, onu öldürməsinlər, ancaq onun göz yaşlarına məhəl qoyan olmayıb, kəlləsinə güllə çaxıblar. Sonra terrorçuların özlərini də öldürüblər. İnsanlar əvvəlki kimi öldür­məkdən qalmırlar - bir-birinin qanına yerikləyiblər, özünü öldürənlər də az deyil. Qəzetlərdən belə şeyləri oxuyuruq, nahar vaxtı süfrə arxasında belə şeylərdən danışırıq, metroda bunları görürük. Artıq bəllidir ki, insanlıq hər yerdə əməlli-başlı ölümqabağı qıcolmalara tutulub.
Çikaqonun Cənub rayonundan olan iş adamı Vudi cahil adam deyildi. Orta səviyyəli podratçı (kontorların, dəhlizlərin, tualet otaqlarının üzlənməsi) üçün kifayət qədər bilikli, məlumatlı adam idi. Sözsüz, bu cür biliklərə görə elmi dərəcə verilmir. Baxmayaraq ki, Vudi iki il seminariyada oxumuşdu, keşiş olmağa hazırlaşırdı. İki il də kollecdə təhsil almışdı. Böhranın tüğyan etdiyi vaxtlarda hər orta məktəb məzunu kollecdə oxuya bilməzdi. Sonra öz enerjisi, özünəməxsus koloriti ilə seçilən Vudi (qocalıb əldən düşənə qədər onun atası da enerjili və koloritli adam idi) bəzi başqa sahələr üzrə də biliklərini artırmış, "Sayens" və digər ciddi jurnallara abunə yazılmış, Çikaqo və Evanston universi­tetlərində ekologiya, kriminalistika və ekzistensializm üzrə axşam mühazirələrini dinləmişdi. Yaponiyanı, Meksikanı, Afrikanı başdan-başa gəzib dolaşmışdı. Hüznə, ələmə birbaşa aidiyyatı olan hadisəylə də məhz Afrikada üzləşmişdi. Hadisə belə olmuşdu: Vudi Uqandadakı Merçison-Fols Milli parkının yaxınlığında, Ağ Nil çayında motorlu qayıqla gəzintiyə çıxıbmış. Bu zaman onun gözü önündəcə bir timsah sahildəki kəlçəni tutub suya çəkir. Həmin bürkülü gün bu tropik çayın sahili boyu zürafələr, begemotlar, babuinlər dolaşırmış, buludsuz səmada qızılqazlar və başqa bəzəkli quşlar üçüşurmuş, bax, elə bu vaxt suya gələn kəlçəninin ayağından yapışıb, çayın içinə çəkirlər. Kəlçənın ata-anası mat-məəttəl qalır: o hara yox oldu? Kəlçə suyun altında çapalayır, çırpınıb suyu lilləndirirmiş. Yaxınlıqdan keçən görüb-götürmüş səyahətçi Vudi bu səhnəyə mat qalır: ona elə gəlir, camışla kəl dinməz-söyləməz bir-birindən nə baş verdiyini soruşurlar. O, heyvanların qəm dəryasına batdığını, xiffət çəkdiyini görür. Ağ Nildə Vudiyə elə gəlir ki, o, Adəmdən əvvəlki dövrlərə qayıdıb, aldığı təəssüratlardan doğan fikirləri özüylə Cənubi Çikaqoya aparır. Bu fikirlərlə birgə Kampaladan özüylə xeyli həşiş də götürür. Vudi gömrükdə ilişə bilərmiş, amma öz boy-buxununa, qırmızı yanaqlarına və səmimi üz ifadəsinə arxayın olub, risk eləyib. O, kənardan pis niyyətli adama oxşamırmış, əksinə, xoş təsir bağışlayırmış. Vudi, sadəcə, risk etməyi xoşlayan adammış. Risk onun qanını coşdururmuş. Gömrükdən keçəndə plaşını stolun üstünə tolazlayır. Müfəttişlər ciblərini yoxlamaq fikrinə düşsə, deyəcəkdi ki, plaş onun deyil, vəssalam. Ancaq o, sudan quru çıxır...
Şükranlıq günündə rahatca oturub, içinə həşiş basılmış hind toyuğu yeyirdilər. Çox ləzzətliydi. Bu, ailə şənliyində atasının (o da risk eləməyi, odla oynamağı xoşlayırdı) son iştirakı oldu. Vudi evin arxa tərəfində həşiş becərmək fikrinə düşdü, ancaq Afrikadan gətirilmiş toxumlar cücərmədi. Əvəzində yaraşıqlı "linkoln-kontinental"ını saxladığı anbarın arxasında çətənə ləki saldı. Vudi cinayətə meyilli adam deyildi, öz hərəkətlərini qanun maddələri ilə məhdudlaşdırmaq istəmirdi. Sadəcə, bunu mənliyinə sığışdırmırdı.
Şükranlıq günündən sonra atası yavaş-yavaş sozalmağa başladı. İllərlə xəstə yatdı. O, demək olar, xəstəxanadan çıxmır, göz önündə əriyib gedirdi. Atası fikirlərini cəmləyə bilmirdi, ağrılarından düz-əməlli şikayət etməyi də bacarmırdı. Bazar günləri, ağlı özünə qayıdan vaxtlarda, Vudi həmişə atasının yanında olurdu.
Morris əvvəllər həvəskar oyunçu olmuşdu, amma elə yaxşı oynayırdı ki, Villi Hopps1 belə onunla hesablaşmalı olurdu. O, artıq yüngül şarları da səbətə sala bilmirdi. İndi zərbə endirməyin yeni üsullarını fikirləşib-tapmaqla məşğul idi. Polyak qızı Qalina - Morris onunla qırx il ər-arvad kimi yaşamışdı - daha qocalıb əldən düşmüşdü, xəstəni yoluxmaq halında deyildi. Odur ki, ataya yalnız Vudi baş çəkirdi. Vudinin xristianlığı qəbul etmiş anası da qulluğa möhtac idi: qarının yaşı səksəni adlamışdı, günaşırı xəstəxanalıq olurdu. Onların hamısı azarlıydı, xəstəliklərini sadalamaqla qurtarmaz - diabet, plevrit, artrit, katarakta... Elektrokardiostimulyator gəzdirənlər də vardı. Hamısı öz canının hayındaydı, can isə duruş gətirmirdi.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı jurnalının № 1/2015 sayında çap olunub

DİGƏR MƏQALƏLƏR