MÜSAHİBƏ
Coan Roulinq (İngiltərə) – “Suallarınıza cavab versəm, hamının kefi pozulacaq”

Məşhur «Harri Potter»in yaradıcısı Coan Roulinqlə müsahibə

- Siz Harri Potteri kiminlə müzakirə edirsiz?

- Kitab üzərində iş zamanı? Heç kimlə. Bu mənim üçün vacib şərtdi. Yəqin elə bu səbəbdən də məni qapalı insan hesab edirlər. Amerikanı deyə bilmərəm, amma burada- Britaniyada barəmdə olan hər məqalədə mənə ünvanlanan «tərki-dünya» sözünü tapmaq olar. Mən heç də tərki-dünya deyiləm. Sadəcə, işimi kiminləsə müzakirə etməyi xoşlamıram. Mənə elə gəlir ki, müzakirə zamanı görəcəyim işin bütün enerjisi havaya sovrulur. Yazdıqları əsərləri klub və barlarda müzakirə edən müəlliflər kifayət qədərdi. Məncə, bu, səfehlikdi. Əsl yazıçı evində oturub yazmaqla məşğul olmalıdı, yazdıqlarını aləmə car çəkməklə yox.

- Qəribə sual da olsa, cavab verərdiz: siz öz kitablarınızı neçə dəfə oxuyursuz?

- Heç də qəribə sual deyil. Kitabım nəşr olundusa, mən daha onu oxumuram. Yalnız hansısa faktı yoxlamalı olduğum vaxtları çıxmaq şərtilə. Onda kitabı açıb bir neçə səhifə oxuya bilərəm. Amma hərdən başım əsərə bərk qarışır və onda özümü saxlayıb yeni kitabıma qayıdıram. Əgər gecə kitab oxumaq istəyirəmsə, bu heç vaxt öz kitablarım olmur. Odur ki, bəzi pərəstişkarlarım kitablarıma mənim özümdən yaxşı bələddilər. Amma əvəzində, onlardan fərqli olaraq mən ardınca nələrin baş verəcəyini bilirəm.

- Baş verəcəklər çoxdumu?

- Əlbəttə. Əksəriyyəti əsasən bloknotlardadı. Mən elə məsuliyyətsizəm ki... Kağız itə də bilər. Özünüz də bilirsiz ki, baş verəcəklər çox vacib məsələdi.

- Yeddinci kitabı yazandan sonra sizə ünvanlanan cavablarınızı yerləşdirdiyiniz saytı bağlayacaqsızmı?

- Heç də kitabı yazıb qurtaran kimi gecənin bir aləmi saytı bağlamaq niyyətində
deyiləm. Mən davam edəcəm. Amma düzünü desəm, bu cavab məsələsi bəzən çətin olur. Müəllif kitab yazanda məsul deyil ki, orada qəhrəmanlarının sevdiyi rənglərin siyahısını da versin. Amma təsəvvür edirsizmi, belə suallar da olur. Odur ki, mən heç də bütün sualları cavablandırmıram. Həmçinin hesab eləmirəm ki, yeddinci kitab çıxandan dərhal sonra insanların Harri Potterə marağı azalacaq.

- Əgər Harri Potter silsiləsindən yeni nəsə yazacaqsınızsa, bu, nə olacaq?

- Mən artıq dəfələrlə demişəm ki, magik aləmin ensiklopediyasını yazmaq arzusundayam. Və bu zaman kitabın ikinci dərəcəli personajlarına daha artıq diqqət ayrılacaq.

- Yaxşı, indi isə altıncı kitabın məzmunu barədə böyük bir sual: Sneyp günahkardımı?

- Siz ki, altıncı kitabı oxumusuz. Nə fikirdəsiz?

- Belə də, müxtəlif mülahizələr ola bilər...

- Bəs konkret? (gülür) Yaxşı. Bilirsiz, artıq «Sneyp-Harri» məsələsi, heç də «Harri-Voldemart»dan az əhəmiyyət daşımır. Əgər sizin sualınıza cavab versəm, hamının kefi pozulacaq. Axı bu, hadisələrin inkişafına güclü təsir edəcək ən vacib məqamdı.

Tərcümə: Yaşar

DİGƏR MƏQALƏLƏR