CƏMİYYƏT - Con Perkins

Xüsusi xidmәt orqanlarının peşәkar qulluqçusu Con Perkins bir zamanlar transmilli korporasiyalarda yüksәk vәzifәlәr tutub, iqtisadi müşavir kimi bir neçә ölkәnin hökumәtlәrinә işlәyib, iqtisadi gerilikdәn çıxarmaq pәrdәsi altında hәmin ölkәlәrdә Amerikanın korporativ maraqlarını güdüb.

Con Perkins hәm dә bir tapmacadır. Axı niyә yazır bunları? Nәdәn uzun illәrdәn bәri qapalı qalmış, qalın sirr pәrdәsi altında yad gözlәrdәn gizlәdilmiş, neçә-neçә ölkәnin rәzil vәziyyәtә düşmәsinә sәbәb olmuş, özünün dә iştirak etdiyi mexanizmlәri bu qәdәr çılpaqlığıyla açıb göstәrir? Bu sualın cavabını nә kitabın özünü oxuyanda, nә dә müәllifi barәdә araşdırmalarımızı aparanda tapa bildik. Amma qlobal imperiya qurulmasına qulluq edәn bu mexanizmlәr, yәqin, Azәrbaycan oxucusu üçün dә maraqlı olacaq.

Birlәşmiş Ştatların “hәyati maraqları” olan İndoneziya, Panama, Ekvador, Kolumbiya, Sәudiyyә Ərәbistanı, İran vә sair ölkәlәrdә geniş - miqyaslı iqtisadi dәyişikliklәrin keçirilmәsi әmәliyyatlarında müәllifin birbaşa iştirakı olub. O, Sәudiyyә Ərәbistanının neftdәn gәlәn milyardlarla dollarının Amerikaya axmasına yönәlmiş mәxfi planın icraçılarındandır. Mәhz bu plan Yaxın Şәrqdә ABŞ-nın bu gün at oynatmasına sәbәb olan amillәrdәndir. Con Perkins öz kitabında müasir tariximizin әn dramatik hadisәlәri arxasında duran gizli imperiya nәzarәti mexanizmi barәdә hәvәslә söhbәt açır. Hәmin hadisәlәrdәn bir neçәsini xatırladaq: sonuncu İran şahının süqutu, Panama prezidenti Omar Torrihosun qәtli, İraq vә Panamaya silahlı müdaxilә, qanuni yolla seçilәn Venesuela prezidentini devirmәk cәhdlәri vә sairә. Amerika maraqlarının bu hadisәlәrin içindәn keçәn şәffaf xәtti mәhz Perkins kimi insanların qәtiyyәti nәticәsindә qırmızıya boyanır, biz bu xәttin sağ-solunda çalxalanan dibsiz qan dәryasını әyani görürük.

Yaxşı, bәs bu kitab nә barәdәdir, nәyi anlatmaq istәyir? Bәlkә müәllif tәkqütblü dünyada heç nәyin sadә insanların iradәsindәn asılı olmadığını, miskin vәziyyәtә düşәn xalqların öz mәnliklәrinin, hüquqlarının müdafiәsinә qalxacağı tәqdirdә dәhşәtli qlobal imperiyanın onların başına nә oyunlar açacağını göstәrmәk istәyir?

Hәr halda, Con Perkinsin kitabı müasir dünyanın necә qurulduğuna, qloballaşdırma çarxının necә hәrlәndiyinә, yer kürәsinin bәzi yerlәrindә nәdәn günәş parladığına, bәzi yerlәrdә isә daim çiskin olduğuna әyani sübutdur. Elә buna görә dә, Azәrbaycan Respublikası Nazirlәr Kabineti yanında Tәrcümә Mәrkәzindә çapa hazırlanan bu romanın bәzi parçalarını “Xәzәr” jurnalının oxucularına tәqdim etmәyi lazım bildik.

 

Tәrcümә: İlqar Əlfi

 

KİLLERİN ETİRAFLARI

ÖN SÖZ ƏVƏZİ İ

qtisadi killerlәr (Ekonomik Killers – EK) peşәkarlardır. Bütün yer üzündә müxtәlif ölkәlәri aldadan, onlara tril - yonlarla dollar mәblәğdә ziyan vuran yüksәk mәvacibli Dünya Bankı, Beynәlxalq inkişaf üzrә Amerika agentliyi (USAİD) vә digәr beynәlxalq humanitar tәşkilatların vәsaitini nәhәng korporasiyaların hesabına, planetin tәbii sәrvәtlәrinә nәzarәt edәn bir neçә varlı ailәnin cibinә yönәldirlәr. Onların arsenalına yalançı maliyyә informasiyaları, seçkilәrlә manipulyasiya, rüşvәt, seks, qәtllәr daxildir. Onlar imperiyanın özü qәdәr qәdim, lakin bu qloballaşma dövründә yeni, daha dәhşәtli miqyaslara çatmış bir oyun oynayırlar.

Bunu mәn bilmәyәndә kim bilәcәk ki... axı mәn dә EK idim. 

 

***

Bu sәtirlәri 1982-ci ildә, şәrti adı “İqtisadi qatilin vicdanı” olan kitabımın әvvәlindә yazmışdım. Kitab iki ölkәnin prezidentinә – mәnim mәslәhәtlәrimlә işlәyәn Ekvador prezidenti Hayme Roldos vә Panama prezidenti Omar Torrihosa hәsr olunurdu. Hәr ikisi o vaxt dәhşәtli qәzada hәlak olmuşdu. Ölümlәri isә heç dә tәsadüfi deyildi: mәqsәdlәri qlobal imperiya yaratmaq olan korporasiya, hökumәt vә bank idarәçilәrinin “qardaşlığına” qarşı çıxırdılar. Mәnim kimi EK-lәr Roldosa, Torrihosa tәsir edә bilmәdi deyә, mәsәlәyә başqa killerlәr qarışdı – hәr arxaya baxanda gördüyümüz, gözlәrimizi yağır elәyәn, qarabaqara bizi izlәyәn Mәrkәzi Kәşfiyyat İdarәsinin muzdlu “çaqqalları”...

O vaxt mәni dә inandırdılar ki, bunları yazmasam daha yaxşıdır. Bu kitabı iyirmi il әrzindә düz dörd dәfә yazmağa cәhd göstәrmişәm. Hәr dәfә dә hәyatımı tәzәdәn başlamaq qәrarıma dünyada gedәn hadisәlәr mane olub: 1989-cu ildә Amerikanın Panamaya hәrbi müdaxilәsi, Birinci körfәz müharibәsi, Somali, Usama ben Ladenin yüksәlişi... Qarşımı ya tәhdid, ya da rüşvәtlә kәsirdilәr.

2003-cü ildә çox nüfuzlu nәşriyyat evinin prezidenti sonradan “İqtisadi qatilin etirafları”na çevrilәcәk qeydlәrimi oxuyub, haqqında danışmağa dәyәn, son dәrәcә maraqlı hadisәlәr olduğunu dedi. Sonra isә qüssәylә gülümsünüb başını buladı vә әlavә elәdi ki, özü bu kitabı nәşr etmәk kimi riskli bir addıma heç vaxt ürәk etmәz, çünki beynәlxalq korporasiyaların top-menecerlәri buna mane olar. Kitabımı belletristika janrında bir daha işlәmәyimi mәslәhәt gördü: “Onda biz sizi Con Le Karre, yaxud Qrem Qrin tәrzindә bir romançı kimi tәqdim edә bilәrik”.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub 

DİGƏR MƏQALƏLƏR