BƏŞƏRİ POEZİYA - Enn Sekston

Amerikalı şairә, yazıçı. 9 noyabr 1928-ci ildә ABŞ-ın Massaçusets ştatının Nyuton şәhәrindә anadan olub, 1974-cü il noyabrın 4-dә intihar edib. Son dәrәcә açıq-saçıq lirik şeirlәriylә mәşhurlaşan şairә 1967-ci ildә “Yaşa, ya da öl” şeirlәr kitabına görә Pulitser mükafatına layiq görülüb. Uzun müddәt әzab çәkdiyi ruhi sıxıntılar lirikasının әsas mövzusu olmuşdur. “Ürәkdә iynә”, “İkili surәt”, “Mәhәb - bәt poeması” vә bir sıra başqa әsәrlәrin müәllifidir.

 

Orijinaldan sәtri tәrcümә әsasında çevirdi: Zakir Fәxri

 


EY MƏRYƏM, KÖVRƏK ANA...

 

Ey Məryəm!

            Kövrək ana...

Məni eşit... 

eşit məni daha...

Dilini bilməsəm də

          Sən eşit məni...

Axı bu yarıcan, 

xəstəhal övlad 

sənindi...

 

Əlimin içində

          yоnulub-yontanmamış, 

                    gümüşü təsbeh...

hər muncuğu dəyirmi,

            daş kimi soyuq...

Hər biri bir anlam,

Hər biri fələk...

Barmaqlarım arasında

           Balaca, qara mələk...

Mən ki Allaha inanmırdım...

 

Ey Məryəm, kövrək ana!

İzn ver, dəyişim 

gözəlləşim mən...

İzn ver, çirkinəm, 

bunu bilirəm...

İzn ver, dəyişim,

Nolar, izn ver...

 

İndi keçmişimdə

           itib batmışam...

Dağınıq xəyallar səhralığında

            azıb qalmışam...

Mənzilim masalar, kətillər dolu

Çarpayım bomboşdu,

            mən – döşəmədə... 

Ruhum da itibdi...

              Ruhsuzam daha...

 

Ey Məryəm,

           kövrək ana...

Eşit məni, deyirəm,

Söz-söz inildəyirəm...

Ey uca Yaradan!

Hiss eləyirəm... 

necə dodaqlarım 

dodağına toxunur...

Bəlkə də

son nəğməm oxunur

           dodaqlarında...

 

Dalğa-dalğa mənə sarı

çırpılan

           muncuqları sayıram...

Olsun, can üstəyəm mən

bu bürkülü yay günü

           çarəsiz bir xəstəyəm.

Məni tək bir dinləyən 

başımın üstündəki 

bu boş pəncərə...

Ağrılar sinəmə saplanır

            dönüb xəncərə

İçi boş...

qəlsəməsində nəfəs tükənən

bir böyük balıq kimiyəm...

Addım-addım, mənə sarı

            ölüm saatım gəlir...

İçimdə, ovcumda

adı ölüm qoxuyan

              bir dalan var qarşıda...

              ona sarı ləpələrin üstüylə

üzən təki gedirəm...

 

Bir gərəksiz bədənəm

İçi sökük xaraba...

Xalçanın üzərində

             ittək bükülüb yatan,

bu bədən tərk edilib.

Eh, Məryəm, kövrək ana...

Eşit, eşit məni bir daha... 

 

Şeirlər bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub 

DİGƏR MƏQALƏLƏR