NOBEL KÜRSÜSÜ - Kamilo Xose Sela

“Paskual Duartenin ailәsi” (1942), “Arı yuvası” (1951), “İki ölü üçün mazurka” (1983) romanlarının müәllifi, Nobel mükafatı laureatı (1989-cu ildә). “Xәzәr”in oxucularının nәzәrinә çatdırdığımız “Paskual Duartenin ailәsi” romanı İspaniyada qadağan olunduğu sәbәbindәn, ilk dәfә kiçik tirajla Argentinada nәşr edilib vә müәllifinin adına dünya şöhrәti qazandırıb. Roman ayrı- ayrı ölkәlәrdә yüz otuz dәfә nәşr olunub vә bu günә qәdәr dә İspaniyada әcnәbi dillәrә tәrcümә edilәn kitabların siya hı - sın da birincidir

 

Nobel nitqi

TƏXƏYYÜLÜN TƏRƏNNÜMÜ


Orijinaldan tәrcümә: Solmaz Qurbanzadә


Hörmətli akademiya üzvləri!

Köhnə dostum və ustadım Pio Baroxanın evində bir divar saatı var idi. Saatın ön tərəfində zamanın keçdiyini xatırladan ibrətamiz sözlər yazılmışdı: “Hər şey yaralayır, sonuncu isə öldürür”. Əqrəblər isə “artıq geriyə dönüş yoxdur” deyir. Mənim də qəlbimdə və ruhumda çoxlu saat zəngləri çalınıb. Geridə qoyduğum uzun bir ömrə rəğmən, bu gün burada, sizlərin qarşısında sözdən, ədəbiyyatdan və azadlıqdan danışmaq üçün dayan­mışam. 

Fransisko de Kevedonun “hamı qocalıq yaşına çatmaq istəyir, amma heç kim qoca olduğunu qəbul etmək istəmir” sözünü xatırlatmaq istəyirəm. Bilirəm ki, həqiqətdən qaçmaq olmaz. Onu da bilirəm ki, zaman amansız və qəddardır. Əvvəlcədən hazırlaşmadan və burada nədənsə ilhamlanmadan, nə qədər lazımdırsa, o qədər danışmağa hazıram.

Bu gün çətinliklə də olsa, yetişdiyim bu mərtəbədə sizlərin qarşısında danışa-danışa düşünürəm ki, layiq olduğum dəyər, məni layiq gördüyünüz bu mükafat üçün, əslində çox azdır. Allahların biz ispanlara hədiyyə etdiyi bu dildə yazmaq çətin deyil və əslində, bu mükafat bu dilin daşıyıcısına, ona xidmət edənə yox, bu şərəfli dilin özünə verilmiş mükafatdır. Mənə təsəlli verən də, məhz budur. Ədəbiyyat hamı tərəfindən yaradılır və hamıya xidmət edir. Ədəbiyyat insanlara zövq verir, onları ibrətləndirir, amma heç kimə və heç nəyə tabe olmur.

Yazmağım, hətta danışmağım da tənhalıqdan irəli gəlir. Mateo Aleman “Qusman de Alfaraçe” əsərində, Frensis Bekon isə “Tənhalıqda” adlı essesində yazıblar ki, tənhalıq axtaran adam ya Allaha bənzəyir, ya heyvana. 

Amma mən tənhalığı axtarmadan tapdım. Tənhalığımda mənə yoldaş olan isə, dostum Pikassonun söylədiyi bir cümlədir: “Böyük tənhalığa qapılmadan, ürəklərdə iz buraxan əsər yaratmaq mümkün deyil”. 

Özümü aqressiv biri kimi göstərirəm. Lakin tənhalıq barəsində utanmadan, çəkinmədən, hətta məmnunluq hissi ilə danışa bilərəm.

Sahibi olduğumuz ən böyük mükafat – danışmağı bacarmaq, səsləri ötürmək, əşyaları, hadisələri, hissləri adlandıra bilməkdir.

İnsan, üzü qədimdən bəri filosofların tədqiqat predmeti olub. İnsanın mənşəyi, onu heyvandan fərqləndirən cəhətlər uzun illərlə öyrənilib, tədqiq edilib. Aristotelin “zoon politikon” nəzəriyyəsindən Dekartın “kartezian” fəlsəfəsinə kimi, insanı heyvandan fərqləndirən ən mühüm əlamətlər təhlil və tənqid olunub. Etoloqlar fikrimə nə qədər şübhə ilə yanaşsalar da, dilin bizi heyvanlardan fərqləndirən ən başlıca xüsusiyyət olduğunu qəbul edənlər kifayət qədər çoxdur.

Biz heyvandan fərqlənirik. Hətta Darvinə görə onlardan yaranmışıq. Dilin təkamül prosesinin də mühüm bir aspekti var ki, buna etinasız yanaşa bilmərik. İnsan növünün filogenezi, səsləri yaradan, onları müəyyən edən orqanları və onlara məna verən beyin, bəşər yarandığı andan təkamül prosesin­də­dir. “Sid nəğmələri” dastanı, Don Kixotdan Kvant nəzəriy­yəsinə qədər heç biri, ən sadə şeyləri ilk dəfə adlandıranlarla müqayisə edilə bilməz. Amma indi mən dil təkamülünün bu mühüm və başlıca mənasına yox, ikinci ­də­rə­cəli olsa belə, dünyəvi olmayan ədəbi ənə­nə­lərə malik cəmiyyətdə doğulanlar üçün xüsusi əhəmiyyət kəsb edən mənasına toxuna­cağam. 

Diamond kimi məşhur etnolinqvistlərə görə, bütün dillərin təkamül tarixi sadə cümlələrin qurulması ilə başlayır və zaman keçdikcə, həm sintaksis, həm də semantik məzmun baxımından mürək­kəb­ləşən mər­hələyə qədər davam edir. Sadədən mürək­kəbə doğru bu irəliləyiş zamanı ünsiyyət üçün öncə ən ağır yük feillərin üzərinə düşür. Daha sonra isim, sifət, zərf əlavə olunur və cümlənin həcmi artır. Əgər bu nəzəriyyə doğrudursa, ilk sözün, zərurətdən irəli gələrək, feilin əmr formasında yarandığını düşünə bilərik. Əmr forması ünsiyyət zamanı böyük rol oynayır və ondan istifadə edərkən, çox ehtiyatlı olmağı tələb edir. Düzgün istifadə edilmədikdə isə bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilir.  Əmr icra edilməzsə, heç bir məna kəsb etmir.

Platonun “Kratil” adı verdiyi fəlsəfi dialoqunun baş personajı Kratil Heraklitin dialektikasına əsaslansa da, onun həm­söhbəti Germogen Demokritin, həmçinin, Protaqorun nəzəriyyəsindən çıxış edir. Pifaqora görə insan hər bir şeyin ölçüsüdür: “mövcud olanların mövcudluğunun, möv­cud olmayanların mövcudsuzlu­ğu­nun”. 

Dil problemi hər zaman Kratilin diqqət mərkəzində olub. Onun Germogenlə olan dialoqu da məhz bu haqdadır. Kratil adların təbiiliyini, yəni onların predmet­lərin təbiətinə uyğun gəldiyini israr edir. Predmet doğulur, yaranır, yaxud kəşf edilir. Onun adı, yarandığı andan etibarən mahiyyəti ilə uyğunluq təşkil edir.

Germogen isə belə hesab edir ki, adlar predmetlərə insanlar tərəfindən təsadüfi olaraq verilir. Predmetlər insanın qarşısında peyda olur və ya ona təqdim edilir, o da ilk dəfə gördüyü həmin pred­metə ad verir. Predmeti təyin edən, ona ad verən insan, fərd, yaxud bütövlükdə cəmiyyətdir? Həmin predmet­lərin ölçüsü insan şüuru ilə bağlı de­yilmi? Yalnız fiziki predmetlər var, yoxsa hissi predmetlər də mövcuddur? Xatırladım ki, Viktor Henrinin məşhur aporiyasına görə, insan pred­metlərə ad verir, dili dəyişə bilir, amma istədiyi kimi dəyişmək iqtidarında olmur. 

Platon predmetlərə verilən adların həqiqiliyindən danışarkən, üstüörtülü olsa da, Kratilin mövqeyinə haqq qazandırır. Yəni adlar predmetlərə insanlar tərəfin­dən təhrif olunaraq yox, birbaşa predmetin mahiyyətinə uyğun verilməlidir.

Horatsinin məşhur əsəri “Pizonlara məktub”da adlandırılan “Poeziya elmi”ndə yazılır ki, əgər dili təyin edən, onun qayda-qanunlarını müəyyənləşdirən insan istəsə, istifadə etmədiyimiz sözlər yenidən dilimizə qayıdar, işlətdiklərimiz isə öz qüvvəsini itirər. Horatsi bildirir ki, dildən istifadə etmək – düzgün yazmaq və danışmaq üçün hansısa linqvistik normaların işlədilməsi deməkdir. Dilə əlavə qaydalar tətbiq etməyin heç bir faydası yoxdur. 

Horatsi qismən də olsa, haqlıdır, inkar edə bilmərik. Amma onun fikrinin məntiqsiz tərəfi də var. Kratilin tutduğu mövqe insanlar arasında tarixən qərarlaş­mış təbii dilə, Germogenin fərziyyəsi isə ondan fərqli olaraq, tarixi və psixoloji ənənələrdən kənar və məqsədli surətdə yaradılan süni dilə uyğun gəlir. Bu günün özündə Lüdviq Vitgenşteynin “Məntiqi-fəlsəfi traktat” əsəri Germogenin tutduğu mövqeyin ən bariz nümunəsidir. Bu mənada, düşünürəm ki, təbii və süni dildən danışmağın yeri var. 

Aydındır ki, mən də Horatsi kimi, birincini, yəni heç bir texniki və qoruyucu məhdudiyyətləri olmayan yazmaq və yaşamaq dilini nəzərdə tuturam.

Ümumiyyətlə, bütün fenomenoloqlar, eləcə Maks Şeler də, dil haqqında danışarkən təbii dilə, yəni Kratilin tutduğu mövqeyə istinad edirlər. Alman linqvisti və filosofu Karl Büler dilin 3 funksiyasını (ifadə, müraciət və təsvir) qeyd edərək, təbii dili nəzərdə tuturdu.

Deməyə ehtiyac yoxdur ki, süni dil (Germogen) öz süniliyini qəbul edir, halbuki təbii dil (Kratil) öz ruhuna yad olan, ona xas olmayan qaydalar tətbiq edildik­də zəifləyir, qüvvəsini itirir. 

Dilin insanlar tərəfindən yarandığını qətiyyətlə qəbul etmək risklidir. Xeyr, insanlar dili yaratmır, onu müəyyən edir, nizama salırlar. Belə deyə bilərik ki, onlar predmetlərə təqribi adlar verir, həmçinin, adları dəyişdirir, saxtalaşdırır və hibridləşdirirlər. Əgər insanlar kənar öhdəlikləri öz üzərlərinə götürmə­səydilər, onda bu məsələnin izahı, məqamında və dərhal baş tutardı. Amma həqiqət göz qabağındadır və bunu dəyişmək nə mənim, nə də bir başqasının əlindədir.

Dil, təbii dil, yaxud Ferdinand de Sos­sürün dilçilik təlimi cəmiyyətdə yaranır və yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır və yönəldilir. Cəmiyyət, yazıçılar və dilçilik institutları öz üzərinə düşən vəzif­ələri heç də hər zaman yerinə yetirmirlər və çox vaxt digər sahələrə də qarışırlar, hər şeyə müdaxilə edirlər. Deyərdim ki, bu təbəqənin hər bir üzvü öz vəzifəsini yerinə yetirmək əvəzinə, onlara aid olmayan başqa rolları oynamağı üstün tutur.

Son həlledici faktor, nə cəmiyyət, nə yazıçılar, nə də diliçilik institutlarıdır. Bu, məhz dövlətdir – hər şeyi müəyyən­ləşdirən, məhdudiyyətlər qoyan və bununla nizamsızlıq, çaşqınlıq, xaos yaradaraq, müxtəlif yollarla bu məsələyə öz təsirini göstərən dövlət.

Cəmiyyət, yazıçılar, dilçilər barədə heç kim öz fikrini bildirmək istəmir. Dil isə öz axarı ilə yox, məhz onun üzərində hökmranlıq edən aşkar qüvvələr tərəfindən müəyyən edilmiş yolla irəliləyir.

İnsanlar intuitiv və şüuraltı yox, düşünülmüş və şüurlu şəkildə, lakin yanlış zamanlarda və yanlış yollarla özlərindən sözlər icad edirlər. Bəzi yazıçılar da dilin düzgün istifadəsinə vararaq mahiyyətinə tamamilə yad olan formalar işlədirlər. Dilçilik institutları ilə bağlı məsələ isə, iki ox ətrafında fırlanır: onların mühafizəkarlığa meyilli olması və buna görə tənqid hədəfinə çevrilmək qorxusu.

Zaman ötdükcə, süni dilin təbii dil üzərində fəallaşan eroziya prosesi dirini öldürmək, təbii olanı süniləşdirmək kimi təhlükələr yaradır. Bu təhlükələr həm uydurmalar, həm əlavələr, həm də vaxtsız dirilmələr və ya canlanmalar yolu ilə irəliləyir.

Dilləri mühasirəyə alanların təkrar hücumları qarşısında yenilməyə, təslim olmağa sövq edən çox xırda siyasi səbəblər də özünü biruzə verir. Düşünürəm, bütün bunlar qeyri-müəyyən bir gələcəkdə baş tutsa belə, heç bir nəticə verməyəcək. Purist ənənələrə əsaslanmaq niyyətim yoxdur, amma  ilk növbədə  yazıçılara, onların ardınca dilçilik institutlarına, hətta dövlətə xəbərdarlıq etmək istərdim ki, bütün bu nizamsızlığa, çaşqınlığa son qoysunlar. İki, ya üç dilin bir-birinə qarışması prosesi bizim həyata keçirmək istədiyimiz dil azadlığı kateqoriyalarından kənara çıxır. Lakin bu, bizə dilin təbii sərhədlərini aşmağa ixtiyar vermir. Bunun əksini düşünmək isə məğlubiyyəti əvvəlcədən qəbul etməyə bərabərdir.

Bütün dillərin müdafiəsi üçün iti ağılla düşünməliyik və unutmamalıyıq ki, sözləri öz ruhundan ayırmaq, təkcə ədalətsizliyə yox, nizamsızlığa gətirib çıxarır.

Dilin ayrılmaz tərkib hissəsi olan təfəkkür və azadlıq bütün növ insan fəaliyyətlərinin sığışdığı, bir növ, ümumi bir qəlib yaradır. Bu fəaliyyətlərin bəziləri insan düşüncəsi kimi sərhədlərini kəşf edən, yaxud genişləndirən, digərləri isə onu öz təbiətindən ayırandır. Təfəkkür və azadlıq hissi hamıda bərabər yaradılmışdır. Amma təfəkkürün də, azadlığın da əsl mənasını anlamaq, dərk etmək lazımdır. Əgər biz şüurun təbiətini və mahiyyətini aydınlaşdıra bilsək, görərik ki, o, insan üçün “azadlıq haqqında düşünməkdən” ibarətdir.  Azadlığın nə dərəcədə real, yaxud nə dərəcədə insan təfəkkürü ilə əlaqədar olduğunu sübut etmək üçün bir neçə arqument irəli sürülüb. Lakin onların hamısı gərəksizliyə düçar olub.

Tanınmış bir ispan filosofuna görə, azadlığın əsli və surəti eyni mənanı ifadə edir. Azadlıqdan uzaq, psixologiya, biologiya, sosiologiya və tarix kimi  elmlərin öyrəndiyi materiya ilə əl-qolu buxovlanan insan öz azadlığı haqqında xəyali də olsa, tamamilə obyektiv düşüncəyə malikdir. Əgər azad olduğumuzu düşünsək, təməli azadlıq olan bir dünya qura bilərik. Cəmiyyətlərin mürəkkəb quruluşu  insan azadlığının əsas postulatını yaradır və bu, əxlaq normalarını, siyasi prinsipləri, hüquqi ölçüləri azadlıq kimi aşılayır və biz də onun əsasında dəyərləndirir, tərifləyir, təhqir edir, cəzalandırır və əzab çəkirik.

Bilirik ki, düşünürük. Düşünürük ona görə ki, azadıq. Əslində, azadlıq və təfəkkürü bir-biri ilə əlaqələndirən insan, öz quyruğunu tutmağa can atan pişiyə bənzəyir. Azadlıq təfəkkürün ən mühüm şərti olmaqla yanaşı, onun bilavasitə nəticəsidir. İnsan düşünərkən, təbiətin qanunlarından ayrıla bilər, onları qəbul edə və ya onlara tabe ola bilər. Onun uğuru və nüfuzu bu asılılığa, köləliyə əsaslanır. İnsan yalnız real və mümkün olanı düşünmür, çünki təfəkkür aləmində məntiq imperiyasının yanında paralel olaraq cəfəngiyyat səltənəti də qurulur. Beyin öz intriqalarını min yerə ayırıb onlardan cəfəng bir təsəvvür yaratmaq imkanına malikdir.

Empirizmə zidd olan azad düşüncə anlayışı abstrakt təfəkkürdə öz əksini tapır. Təxəyyül də, azadlıq və təfəkkür kimi insan təbiətinə xas olan xüsusiy­yətdir. İnsan bunun sayəsində, hətta müm­kün olmayanı belə, həqiqətə çevirə bilir.

İnsan, düşüncəsi vasitəsiylə dünya ətrafında firlanan gizli həqiqətləri aşkara çıxara bilər. Həmçinin öz arzu və istəyi ilə fərqli bir dünya da yaradar. Çünki təxəyyül ona bu imkanı verir. Beləliklə, həqiqət, düşüncə, azadlıq və təxəyyül arasında bir əlaqə mövcuddur. Bu isə sanki labirinti xatırladır. 

Təxəyyül və elmi həqiqət düşüncənin bir-birinə tamamilə zidd formaları olmaqla yanaşı, qarşılıqlı müqayisəsi mümkün olmayan fərqli xüsusiyyətləri özündə cəmləşdirir. Bunların hər birinin özünə­məxsus qayda və üsulları var.

Fərziyyələrlə dolu şübhəli həqiqətlərə inanmaq əvəzinə, insanın ali məna ifadə edən azadlıq və ləyaqətinə gözübağlı bel bağlamaq, əslində, bu yolda bir addım irəliləmək deməkdir. Əlbəttə, bu, kifayət deyil. Bilirik ki, elm azadlıq iddialarını boğur, ona qarşı çıxır.

Düşünürəm, ədəbiyyatın bünövrəsi iki sütun üzərində qurulub. Bunun əsasında isə əsl ədəbiyyat nümunələri yaratmaq olar. Bi­rincisi, ilk növbədə, estetik sütundur. Estetik  düşüncə olmadan, hər hansı tutarlı fantaziya mümkün deyil. Düzgün estetik seçim öz ardınca həqiqi etik olanını gətirəcək. Etik və estetik düşüncə, əlbəttə ki, eyni mənanın və dəyərin daşıyıcısı deyil. Ədəbiyyat, daha çox “incəsənət incəsənət üçündür” prinsipini əsaslandıran estetik düşüncəyə dayaqlanır. Estetik düşüncənin yaratdığı təəssürat etik olanlara nisbətdə daha uzun müddət davam edir. Yunan şəhərlərində və Avropa feodallarında olan etik düşüncəni artıq unutmuş olsaq da, Homerin əsərlərinin və orta əsr dastanlarının qədrini bilmək hələ ki, gec deyil. “İncəsənət incəsənət üçündür” prinsipi, öz-özlüyündə, olduqca çətin bir şeydir və hər an öz həqiqi mənasının təhrif olunması təhlükəsi altındadır.

Bədii əsər yalnız insanın, müəllifin etik düşüncəsini qəbul edir. Aydındır ki, hər hansı bir insan və ya ən ağıllı müəllif belə, hər zaman düzgün, əsaslı düşünmək qabiliy­yətinə malik deyil. Hər bir insan düşün­cəsizlik, ağılsızlıq təhlükəsi altındadır. Bu zaman azadlıq onlar üçün kifayət qədər qarışıq məna kəsb edir ki, bu ad altında dəhşətli səhvlər etmək belə mümkündür. Müəllif həm etik, həm də estetik cəhətdən düzgün seçim etməlidir. Çünki yalnız bu halda bədii əsər məqbul məna daşıyıcısı ola bilər. Zamanın dəbinə uyub bədii əsər yaratmağa çalışan yazıçı heç bir uğur əldə edə bilməz. Həqiqi ədəbiyyat yaratmaq istəyən yazıçı dövrün dəbinə aldanmamalıdır. 

Azadlıq axtarışı yolunda, müəllifin təxəyyülü məhz bədii materialın daxili elastikliyinin ona verdiyi xüsusi üstünlüyə malik olur. Bu zaman o, fantaziya ambisiyaları, yenilikləri, gözlənilməzlikləri məhdudlaşdıra biləcək heç bir göstərişə, əmrə tabe olmur. Yalnız fantaziya və təxəyyül utopiya bayrağını dalğalandırır. Təxəyyül utopiyaya heç bir məhdudiyyət qoymur.

Ədəbiyyat isə sadəcə utopik düşüncə üçün şərait yaratmır, həmçinin insan davranışlarını sınaqdan keçirən təcrübə laboratoriyası rolunu oynayır. Ədəbiyyatın eksperimental laboratoriya rolu elmi fantastikanın sayəsində dəfələrlə vurğulanıb. Tənqidçilər yazıçıların gələcəyi öncədən demək qabiliyyətinə heyran qaldıqlarını dəfələrlə qeyd ediblər. Əslində, ədəbiyyatın insan davranışlarını təcrübədən keçirməsinin öncəgörmə ilə bir o qədər də əlaqəsi yoxdur, çünki insan davranışları xüsusi və məhdud mənada keçmişə, indiyə və gələcəyə əsaslanır.

Təxəyyülün dəfələrlə oynanılan şahmatdan başqa bir şey olmadığını bizlərə öyrədən donkixotlar, otellolar və donxuanlar olub.

Azadlığı mütləq şəkildə qəbul edən müəllif dəyişkən, zəif xarakterli, tez təsir altına düşən insan ola bilməz. Şübhəsiz ki, bizə məcburən qəbul elətdirmək istədikləri bütün tarixi və sosial amillərə baxmayaraq, bunu yenidən xatırlatmağa dəyər: bədii əsər sırf müəllifin estetik və etik düşüncəsinin məhsuludur. Bu isə onu əhatə edən cəmiyyətdən törəyir. İnsan və cəmiyyət arasında olan bu əlaqə, insanın fərd kimi özünə və eyni zamanda cəmiyyətə tabe olması paradoksunu əks etdirir.

İnsan təfəkkürü tanrıları öz xəyalında canlandırmaq qabiliyyətinə malikdir. Dinlərin insanlar tərəfindən yaradılması da bunun ən bariz nümunəsidir. İnsan təxəyyülü faydalı ədəbi zəmin yarada, ədəbiyyat vasitəsilə öz təxəyyülünün məhsulunu ortaya qoya bilər. Hətta bu yolla belə insanı öz yolundan çıxartmaq və bir qulun şüuraltında közərən azadlıq eşqini məhv etmək mümkün olmazdı. Qula itaət etməyi və ölənə qədər əzab çəkməyi əmr etmək olar, amma onu sevməyə və ya öz dərin düşüncələrini dəyişməyə məcbur etmək olmaz.

Qürur hissi ilə bildirmək istəyirəm ki, bədii təxəyyül bütün dövrlərdə və bütün hallarda, azadlığa aparan yolda necə irəliləmək lazım olduğunu insanlara öyrədən ən mühüm vasitədir...

 

 

PASKUAL DUARTENİN AİLƏSİ

Roman

 

Tәrcümә: Saday Budaqlı


Bu yazını karyerama çox kömək edən düşmənlərimə ithaf edirəm.

 

ƏLYAZMANI KÖÇÜRƏNİN QEYDİ 

 

Məncə, Paskual Duartenin xatirələrini nəşr etməyin əsl vaxtıdır. Bunu əvvəllər eləmək, yəqin, tələskənlik olardı; xatirələri çapa hazırlamağa tələsmədim, çünki hər bir işə, o cümlədən, əlyazmadakı orfoqrafik səhvlərin düzəlişinə vaxt lazımdı, necə deyərlər, tələsən təndirə düşər. Onu gec eləmək də, mən tərəfdən heç cür haqq qazandırılmayacaq süründürməçilik olardı: əsər yazılıbsa, nəşr edilməlidir. 

Kiminsə Almendralexodakı apteklərin birində qoyduğu bu qeydləri 1939-cu ilin ortalarında tapdım, asudə vaxtlarımda onu araşdırıb qaydaya salmaqla məşğul olmuşam, çünki qismən xəttin pis olmağından, qismən də səhifələrin dörddə birinin nömrələnməməsi və ardıcıllığın pozulması ucbatından, əlyazmanı zorla oxumaq olurdu.

Bəri başdan bildirmək istəyirəm ki, indi oxucuya təqdim etdiyim bu əsərdə mənim iştirakım onun üzünü köçürməklə məhdudlaşıb; hətta üslubu saxlamaq xatirinə yazının bir hərfinə belə, toxunmamışam. Həddindən artıq ədəbsiz  yerlərdə cərrahiyyə əməliyyatı üçün qayçıdan istifadə eləmişəm, bu, təbii ki, oxucuya bəzi xırda təfərrüatlarla tanış olmaq imkanı verməsə də (bunun nə olduğunu bilmədiyindən, oxucu heç nə itirmir), onu çiyrəndirəcək təfsilatlardan xilas edir; bir daha bildirirəm, həmin yerləri düzəltməkdənsə, atmağı üstün tutmuşam. 

Məncə, qəhrəman öz hərəkətlərinə görə yeganə nümunədir ki (yalnız bunun üçün onu gün işığına çıxarmışam), ona bən­zə­mək yox, əksinə, onu görəndə tərəddüd etmədən: “Görürsən, o nə eləyir? Məhz onun kimi olmamaq lazımdır”, – demək kifayətdi.

Amma gəlin, sözü Paskual Duarteyə verək – onun bizə deyiləsi çox sözü var.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2015 nömrəsində çap olunub

 

DİGƏR MƏQALƏLƏR