ƏDƏBİ MOZAİKA

FİTSCERALDIN YENİ HEKAYƏSİ TAPILIB

Amerika yazıçısı Frensis Skott Fitsceraldın Priston universitetinin arxivindən tapılmış “Hərarət” hekayəsi ilk dəfə bu ilin noyabrında çap olunacaq.  Bu haqda “The Teleqraf” agentliyi xəbər verir. 

1939-cu ilin iyul ayında yazılmış səkkiz min sözdən ibarət “Hərarət” adlı bu hekayənin epistolyar  janrda avtobioqrafik əsər olduğu bildirilir.   Hekayədə Los-Ancelesdə yaşayan və alkoqolizmdən əziyyət çəkən yazıçı Emmet Monsenin həyat tarixçəsindən söhbət açılır. 

Hekayədə çox güman ki, Fitsceraldın başına gələnlər, üzləşdiyi maliyyə çətinlikləri və alkoqola hədsiz aludəçiliyi öz əksini tapıb. 

“The Teleqraf” agentliyi əlyazmanı üzə çıxarmış “The Standart” jurnalının redaktoru  Endryu Ciliyə istinadən bildirir ki, “Hərarət”  “dialoqlarla işlənmiş bir qədər romantik və qismən dramatik hekayədir. Lakin onda Vudxaus üslubunda yazılmış çılğın komediya təsiri də duyulur”. 

“Məni hekayənin kifayət qədər mürəkkəb və məzəli olması heyran etdi. Biz Fitscerald haqda fikirləşəndə, onun “Böyük Getsbi” və “Zərif gecə” faciə romanlarını xatırlayırıq. Amma “Hərarət” hekayəsi göstərir ki, Fitscerald, yaxşı məzhəkələr də yarada bilərmiş”, – deyə Endryu Cili qeyd edir.

Frensis Skott Fitscerald Amerika ədəbiyyatında “itirilmiş nəslin” önəmli yazıçılardan biri hesab olunur. O, 1920-ci illər Amerikasının “caz dövrü” haqda bir sıra romanlar yazıb. 

 

ODA DAVAMLI KİTAB

ABŞ hərraclarından birində Rey Bredberinin oda davamlı cildlə üzlənmiş “Farenheytlə 451 dərəcə” romanının bir nüsxəsi satılıb. Adı gizli saxlanılan alıcı nadir nəşrə görə 17,5 min dollar ödəyib.

Hərrac nümayəndəsinin bildirdiyinə görə, bu kitab 1953-cü ildə nəşr olunmuş ilk 200 nüsxədən biridir. Nüsxələrin çoxu şəxsi kolleksiyalarda və bəzi təşkilatların himayəsi altında  saxlanılır. Hər nüsxə asbestlə cildlənmişdir. Bununla belə, kitabın vərəqləri adi kağızdandır. Agentliyin nümayəndəsi qeyd edib ki, bu vaxta qədər hərraclarda həmin nadir kitabın bir neçə nüsxəsi satılıb. O, həm də  Rey Bredberinin bu kitabına dünya kolleksiyaçıları arasında böyük maraq və tələbat olduğunu bildirib.  

“Farenheytlə 451 dərəcə” romanında hadisələr gələcəkdə cərəyan edir, öz dəyərləri olan və bu dəyərləri sarsıda bilən hər şeylə mübarizə aparan totalitar bir cəmiyyət təsvir olunur. Əsərin qəhrəmanı Qay Monteqin vəzifəsi həmin dəyərləri şübhə altına alan köhnə kitabları yandırmaqdır.

Yeri gəlmişkən, Farenheytlə 451 dərəcə, təxminən 233 dərəcə Selsiyə bərabərdir. Kağızın alışması üçün hərarətin məhz bu dərəcəyə çatması lazımdır...

 

Q.Q.MARKES KUBANIN “MƏXFİ AGENTİ” OLUB

Sən demə, ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) görkəmli yazıçını iyirmi ildən artıq izləyibmiş. Bu xəbəri “Vaşinqton Post” qəzeti yayıb.  

Verilən məlumata görə, FTB Markesi 1964-cü ildən, Kubanın informasiya agentliyi olan Prensa Latinainın əməkdaşı kimi, arvadı və oğlu ilə birgə Nyu-Yorka gələn gündən güdürmüş. O vaxt  Markesin 33 yaşı vardı, Kubanın əfsanəvi lideri Fidel Kastronun dostu və silahdaşı hesab edilirdi. Yazıçı haqda dosye  həmin vaxtdan başlayaraq növbəti 24 il ərzində toplanıb. FTB  bu məlumatların 137 səhifəsini artıq yayımlayıb, 133 səhifəsi isə indi də məxfi saxlanılır. 

Qeyd edək ki, Markes heç bir siyasi təşkilata  mənsub olmayıb. 

Qabriel Qarsia Markes 2014-cü il aprelin 17-də,  87 yaşında, 30 ildən artıq ömür sürdüyü Mexikoda vəfat edib.

 

AQATA KRİSTİNİN OXUCULARA MƏLUM OLMAYAN ON ƏSƏRİ NƏŞR EDİLƏCƏK

Bu nadir tapıntı barədə Culius Qrin məlumat verib. Tanınmış teatr prodüseri yazıçıyla bağlı, əvvəllər tədqiq olunmamış şəxsi arxivlərə müraciət edib. Tapılmış materiallar arasında beş pyes, bir  neçə birpərdəli dram əsəri və dünya şöhrətli yazıçının nəşr edilmiş məktublarının əlyazmaları var. Ədəbiyyatşünasların ehtimal etdikləri kimi tapılmış əsərlərin yarıdan çoxu sirli qətl hadisələriylə bağlıdır.

Aqata Kristinin yeni tapılmış dram əsərləri onun pərəstişkarlarına yazıçının mürəkkəb xarakterlər, maraq çəkən qarşıdurmalar aləminə baş vurmaq imkanı verir. Ekspertlərin ehtimalına görə, tapılmış pyeslər tədqiq edildikdən sonra Böyük Britaniyanın ədəbiyyat xəzinəsində layiqli yerini tutacaqdır. Onun səhnəyə ilk dəfə 1956-cı ildə çıxan məşhur “Sıfır saatı” romanı əsasında yazılmış  pyesinin daha erkən – 1945-ci il variantının əldə edilməsi tədqiqatçıların uğurudur.

Bununla yanaşı, o dövrün detektiv yazarlarının ailə arxivlərindən də bəzi aktyorlar, o cümlədən, Ralf Riçardson  haqda yazıçının müfəssəl qeydləri olan  şəxsi məktubları da üzə çıxmışdır. Əldə edilmiş bütün bu qiymətli materialların bu ilin sentyabrında ayrıca kitab şəklində nəşr olunması haqda məlumat yayımlanıb.

 

BULQAKOVUN ƏLYAZMALARI MƏHV OLMAQ TƏHLÜKƏSİYLƏ ÜZ-ÜZƏ

Görkəmli rus yazıçısı Mixail Bulqakov həyat reallıqlarını mistik müstəvidə təqdim edən nadir yazıçılardan biri olub. Elə bil indi həyatın amansız ironiyası onun əlyazmalarını sınağa çəkir. 

Rusiyanın baş kitabxanasının (keçmiş Lenin adına kitabxana) direktoru Aleksandr Vislıy ölkənin kitab xəzinəsinin üzləşdiyi təhlükəli vəziyyət və problemlər haqda danışıb. O, kitabxananın malik olduğu dünyada yeganə nüsxə olan bir sıra eksponatlarının yaxın zamanlarda yararsız hala düşə biləcəyini qeyd edib.

Direktorun sözlərinə görə, söhbət Mixail Bulqakovun “Master və Marqarita” əsərinin əlyazmasından gedir. Yazıçı adi məktəbli dəftərində yazırmış. O zamankı texnologiyaların mükəmməl olmaması üzündən kağızlar indi saralmağa başlayıb və əgər tezliklə bərpa işləri görülməsə, dəyərli əlyazmalar qısa zamanda ovulub tökülə bilər. Təcili tədbirlər görülməsiylə bağlı yüksək qurumlarda qərar verilsə də, Rusiyada bu işi həyata keçirə biləcək  müəssisə yoxdur. Odur ki, hələlik bu sahədə heç bir praktiki addım atılmayıb.

A.Vislıy onu da bildirir ki, belə dəyərli əlyazmalar və nadir nəşr nümunələri, təkcə mərkəzdə deyil, Rusiyanın digər böyük kitabxanalarında da eyni aqibəti  yaşamaqdadır. Bir neçə onillikdən sonra, belə əlyazmalar yalnız xatirələrdə qalacaq, bu isə gələcək nəsillər üçün böyük itki olacaq.

 

ROMANÇILIQ PEŞƏSİ

Məşhur yazıçılar öz yazı üslubları, yaradıcılıqlarının müxtəlif xüsusiyyətləri barədə oxucuları məlumatlandırırlar. Yapon yazıçısı Haruki Murakami də bu baxımdan pərəstişkarları üçün açıq olan söz ustalarındandır. Bu günlərdə Yaponiyada onun yaradıcılıq problemlərinə həsr olunmuş  yeni kitabı nəşr olunub.

Kitab “Romançılıq bir peşə kimi”  adlanır. Əsasən, avtobioqrafik esselərdən tərtib edilən bu toplu yazıçılıq peşəsinin incəliklərinə həsr edilib. Əvvəlki kitab­larından fərqli olaraq, H.Murakaminin bu əsəri hələ ki, heç bir hay-küyə səbəb olmayıb, ədəbi ictimaiyyət tərəfindən sakit qarşılanıb. Kitabın ilk tirajı 100 min nüsxə nəşr edilib və onun 90 minini “Kinokunya” kitab mağazaları şəbəkəsi alıb. Bununla belə, şəbəkənin rəhbərliyi heç də kitabın satışı üzərində monopoliya yaratmaq fikrində olmadığını, sadəcə, ədəbi nü­munələrin yeni satış üsulunu sınaqdan keçirməyi planlaşdırdıqlarını bəyan edib. 

“Kinokunya”  Murakaminin yeni toplu­sunu kiçik kitab mağazalarına  paylamağı, bununla da vasitəçiləri sıxışdırıb bazardan çıxarmağı qarşısına məqsəd qoyub. Şirkət rəhbərinin dediyinə görə, “vasitəçilər kitab ticarətinin inkişafına maneçilik törədir,  qiymətlərin süni şəkildə qalxmasına səbəb olurlar ”. 

Qeyd edək ki, Murakami çox popul­yardır. Yazıçının son əsərlərindən biri  – “Solğun Tskuru Tadzaki və onun iztirablı illəri” romanının tirajı milyon nüsxədən artıq olmuş və əsər Yaponiyada 2013-cü ilin bestsellerinə çevrilmişdi.

Haruki Murakami dünyanın məşhur söz ustalarından və Nobel mükafatına ən layiqli namizədlərdən hesab olunur. Ədibin əsərləri dəfələrlə müxtəlif beynəlxalq mükafatlar almış, qırxdan çox dilə tərcümə edilmişdir. 

 

SEVGİ QƏLƏBƏ ÇALIR

Biz ucu-bucağı görünməyən yalanlar dünyasında, həqiqi miqyası heç kimə məlum olmayan bir tilsim içindəyik. Umberto Ekonun oxuculara yenicə təqdim etdiyi “Sıfır nömrəsi” adlı romanını oxu­yanlar buna əmin olacaq...  

Dünya şöhrətli yazıçı Umberto Ekonun çoxdan gözlənilən bu romanı öz pərəstişkarlarını sözün həqiqi mənasında heyrətləndirəcək: əsərin mətni yığcamdır, adətən, altı yüz səhifəlik romanlar yazan müəllif bu dəfə iki yüz əlli səhifəylə kifayətlənib. Əsər bir qəzetin redaksi­ya­sında baş verənləri açıb göstərir. Orada çalışanların fikrincə, ətraf aləmdə baş verənləri açıb-ağartmağa ehtiyac yoxdu, özünə hörmət edən qəzet xəbərləri uydurmaqla oxucularını həqiqətdən yayındırmalıdır. Onlar  Mussolinidən tutmuş üzü bəri bütün tarixi şəxslər barədə yalan informasiyalar verməklə işlərini bitmiş hesab etmirlər. İş o yerə gəlib çatır ki, qəzetin Smei soyadlı redaktoru Kolonna soyadlı bir yazıçını öz qabaqcıl təşkilatı barədə kitab yazmağa dəvət edir. Hadisələrin qarışıq xətlə inkişaf etməsi və gözlənilməz məqamları ilə zəngin olan bu roman Eko oxucusunu iki məsələdə qane edir: birincisi, əsər əvvəlkilər kimi son dərəcə ustalıqla qələmə alınıb; ikincisi, axırda yenə sevgi qələbə çalır...

 

“BOZUN 50 ÇALARI”NIN YENİ VERSİYASI

Ədəbiyyat və kino aləmində kifayət qədər mübahisələrə səbəb olmuş bu əsər haqda müxtəlif fikirlər səslənməsi onun müəllifini bir daha hərəkətə gətirib. Yəni o bu dəfə əsəri bir ayrı aspektdən işıqlandırmışdır.

E.L.Ceyms “Bozun 50 çaları”nın yeni variantını yazıb. Romanda hadisələr əsərin baş qəhrəmanının dilindən verilib.

“Bozun 50 çaları” trilogiyası geniş ekranlara çıxmağa macal tapmamış, dünya şöhrətli bestsellerin müəllifi xanım E.L.Ceyms romanı yeni variantda çap etdirib. O, əsərin bu versiyasında eyni tarixçəyə əsas qəhrəmanlardan ikincisinin – Kristian Qreyin gözüylə baxmağı təklif edir. Məlum olduğu kimi, əvvəlki nəşrdə  hadisələr əsərin xanım qəhrəmanının dilindən nəql olunurdu. Yeni variantda isə oxuculara cənab Qreyin dəhşət dolu aləminə nüfuz etmək şansı verilib. 

E.L.Ceyms heç bir əllaməlik etmədən yeni romanına sadə bir ad qoyub: “Qrey”. 

İndi naşirlər alternativ variantın gə­ti­rə­cəyi kommersiya uğurunun intizarını dadırlar. Ehtimal edilir ki, “Bozun 50 ça­la­rı”nın  oxucuları bu əsəri, piştaxtalardan dər­hal “süpürəcəklər”. Kitabın elektron va­riantı da tezliklə pərəstişkarların ixtiyarına veriləcək. 

 

“BAXICI” ROMANI İŞIQ ÜZÜ GÖRDÜ

Deyirlər, payiz fəsli mütaliə üçün ideal hesab edilir. Pəncərə arxasındakı qızılı yarpaq tökümü, sərin-soyuq havalar adamı yalqızlığa çəkilib qiraətə qurşanmağa sövq edir. Məhz təbiətin sentimentallığa kökləyən belə bir məqamında  tanınmış  rus yazıçısı Viktor Pelevinin ikicildlik  “Baxıcı” romanının  işıq üzü görməsi oxucularına bir sürpriz hesab edlə bilər...

   Müasir rus ədəbiyyatının qalmaqallı mistik yazarı Viktor Pelevinin birinci hissəsi “Sarı bayraq ordeni”, ikinci hissəsi isə “Dəmir uçurum” adlanan yeni nəşr edilmiş “Baxıcı” adlı ikicildlik əsəri müəllifin sayca on üçüncü romanıdır.

Yazıçı həmişə olduğu kimi, yeni romanında da öz ənənəsinə sadiq qalaraq oxucunu fantaziyasının gücüylə  yaratdığı ölkəsinin alternativ tarixinə inandırmağa çalışır... Əsərdə I Pavel dönəmiylə bağlı mürəkkəb gedişlər, üçüncü minillik və onun qoruyucuları barədə mistik mətnlər var. 

DİGƏR MƏQALƏLƏR