YAZIÇI EMALATXANASI - Vladİmİr Nabokov

Yazıçılığın sıradan bir peşə yox, həm də fövqəladə təsir mənbəyi olduğu məlumdur. Həyatın mürəkkəb cizgilərini çözmək, müxtəlif zövqlü oxucu auditoriyasına nüfuz etmək baxımından yaradılan hər bir gerçək ədəbi əsərin önəmi böyükdür. “Yazıçılıq sənəti əgər bəri başdan dünyanı təxəyyülün anbarı kimi görmürsə, o tamam faydasız bir işdir”, – görkəmli rus yazıçısı V.Nabokov bunu heç də təsadüfən söyləmir. O, həmçinin deyir: “Yazıçı dünyanın xəritəsini tərtib edən və buradakı təbii nəsnələrə ad verən ilk insandır.” Bütün bunlarla yanaşı, “yazıçı ən böyük sehrbazdır” fikri də Nabokova məxsusdur. Təqdim etdiyimiz bu essedə yazıçı-oxucu münasibətlərinə işıq salan ədib, ədəbiyyatda hansı pyedestal üzərində və necə əzəmətlə dayandığını da nümayiş etdirir. Bəlkə heç özü də bilmədən...

Tərcümə: QİSMƏT

 

Yaxşı oxucu və yaxşı yazıçı

 

“Yaxşı oxucu olmaq üçün nə et­məli?” və ya “Yazıçılara qarşı nəzakət” –mühazirələrimi təxminən belə bir yarımbaşlıq altında ümumiləşdirmək olardı. Çünki bir neçə Avropa şedevrini sevgiylə çözmək, detalları üzərində dayanıb incələmək istəyirəm. Yüz il əvvəl Flober bir məktubunda sevgilisinə belə yazmışdı: “Comme l’on serait savant si l’on connaissait bien seulement cinq a six livres” – yəni, “İnsan beş-altı kitabı yaxşıca öyrənib bilsəydi, alim olardı”.

Oxucu təfərrüatlara diqqət etməli və onlara sevgiylə yanaşmalıdır. Parlaq günəş işığında təfərrüatları bircə-bircə toplayandan sonra, ümumiləşdirmənin solğun ay işığına bənzər ziyasında gəzişmək olar. Hazır ümumiləşdir­mə­lərlə oxumağa girişmək, işə axırdan başlamaqdı və kitabdan onu başa düşmədən uzaqlaşmaqdı. Məsələn, “Madam Bovari”nin burjuaziyanın tənqidinə həsr olunmuş bir kitab oldu­ğunu oxucu qabaqcadan bilirdi,  onu bu yöndən oxumaq – yazıçıya bundan betər haqsızlıq ola bilməz. Yadda saxlamaq lazımdır ki, sənət əsəri – yeni bir dünyanın yaradılmasıdır. Yəni ilk işimiz bu olmalıdır: bu yeni dünyaya, bizə əvvəldən tanış olan aləmlə birbaşa əlaqəsi olmayan tamam təzə bir möv­cudluq kimi yanaşmaq. Yalnız  bu yeni dünyanı təfərrüatı ilə öyrənəndən sonra, onun başqa aləmlərlə və bilginin digər sahələri ilə əlaqəsini araşdır­malıyıq.

İndi isə başqa bir sual: hər hansı roman bizə ölkələr və onların tarixi haqqında məlumat verə bilərmi? Doğrudanmı adamlar sadəlövhcəsinə inanırlar ki, kitab klublarının bizə tarixi roman adıyla sırımaq istədikləri palaz-palaz bestsellerlərdən keçmiş haqqında nəsə öyrənmək olar? Bəs şedevrlər necə? Həyat haqqında bilgisi, vur-tut, keşişin qonaq otağı ilə məhdudlaşan Ceyn Ostinin, baronetlər və bağ memarlığı ilə zəngin mülkədarlar İngil­tə­rəsi haqqında təsvirlərinə güvənə bilərikmi? Yaxud “Soyuq ev”ə – fövqəladə London təsvirlərinin fonunda bu qeyri-adi sevgi hekayəsinə İngiltərə paytaxtının yüz il əvvəlki təhlili deyə bilərikmi? Əlbəttə, yox. Eyni irad bu qəbildən olan başqa romanların hamısına aiddir. Həqiqət ondan ibarətdir ki, möhtəşəm romanlar əzəmətli nağıl­lardır. Və bizim haqqında danışaca­ğımız romanlar böyük nağıllardır.

Zaman və məkan, mövsümlərin rəngi, əzələlərin və zehnin hərəkətləri – bütün bunlar dahi yazıçılar üçün gündəlik həqiqətlərin gəzərgi kitabxanasından borc götürülmüş ənənəvi fikirlər deyil, usta sənətçilərin özünəməxsus  formada ifadə etməyi öyrəndikləri orijinal kəşflərdir  (inanıram ki, bu barədə istənilən qədər fikir yürütmək olar).  Ortabab yazıçılara kli­şeni boyamaq qalır: onlar dünyanı yenidən kəşf etmək zəhmətinə qatlaşmır, eləcə ənənəvi qəliblərdən nəyisə sıxıb çıxarmağa çalışırlar. Bu, ortababların bəlli çərçivə içində, müxtəlif kombinasiyalarda istehsal etdiklərinin ötəri cazibədarlığı ola bilər. Bu da ona görədir ki, ortabab oxucular bu ötəri qabıq altında öz mötədil fikirlərini görürlər. Amma planetləri dövr etdirən, insanı yatarkən formalaşdıran və bu zaman, necə deyərlər, ayaqlar altında qabırğaları əzilən həqiqi yazıçıların əlində hazır qəliblər olmur: onlar bu dəyərləri məcburən özləri yaradırlar. Yazıçılıq sənəti əgər bəri başdan dünyanı təxəyyülün anbarı kimi görmürsə, o tamam faydasız bir işdir. Bu dünyanın materialı kifayət qədər real ola bilər (gerçəklik nə qədər mümkündürsə), amma o, qəbul edilmiş bütövlük halında olmur: bu xaosdur, yazıçı isə ona “haydı!” deyir və dünya alışıb-yanmağa başlayır. Bu zaman o, sadəcə, görünən və səthi hissələriylə deyil, hüceyrələrinə qədər dəyişmiş olur. Yazıçı dünyanın xəritəsini tərtib edən və buradakı təbii nəsnələrə ad verən ilk insandır. Bu giləmeyvələri yemək olar. Yolda rastına çıxan o xallı heyvanı əhliləşdirmək də həmçinin. Ağacların arasındakı bu gözəl gölün adı bundan sonra qoy “Mirvari”, ya da daha şairanə desək, “Axar göl” olsun. O duman, əslində, bir dağdır və onu fəth etmək lazımdır... Usta sənətçi insan ayağı dəyməmiş yamaca dırmaşır, təpədə, küləkli zirvədə bir nəfərlə qarşılaşır – sizcə kiminlə? Təngnəfəs olmuş xoşbəxt oxucu ilə. Ordaca oxucu ilə yazıçı qucaqlaşır, əgər kitab əbədiyyətə qədər davam edəcəksə, onlar həmişəlik bir-birinə sarılmış qalacaqlar. 

Mühazirəyə gələrkən ləngidiyim əyalət kollecində bir dəfə kiçik test keçirdim. Oxucunun kimliyini öyrənmək üçün on təyin təklif etdim. Tələbələr yaxşı oxucunu müəyyənləşdirməkdən ötrü həmin təyinlərdən dördünü seçməliydilər. 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR