ESSE - Herman Hesse

XX əsr alman ədəbiyyatının parlaq simalarından biri. Kamil insan, mükəmməl düşüncə axtarışlarını bədii problem səviyyəsində önə çəkən ustad sənətkar. “Demian”, “Yalquzaq”, “Muncuq oyunu”, “Narsiss və Goldmund” romanlarının müəllifi. 1946-cı ildə Nobel mükafatına layiq görülüb.

 

Orijinaldan tərcümə:  Nilufər Bəhlulqızı 

 

Xoşbəxtlİk haqqında

 

  İcazə verin sizə xoşbəxtlik və bu sözün mənim üçün hansı  məna kəsb etməsi barədə bir-iki kəlmə danışım. Yaşa dolmuş adamlar xoşbəxtliyi nə vaxt, neçə dəfə və necə hiss etdikləri barədə düşündükdə,  haqlı olaraq, öz uşaqlıq illərini xatırlayırlar. Çünki xoşbəxtliyi yaşamaq üçün zamandan və onun yaratdığı qorxu-hürküdən qurtulmaq, ümidlərdən azad olmaq lazımdır. Ona görə ki, əksər insanlarda bu qabiliyyət illər keçdikcə korşalır. Xoşbəxtlik yalnız uşaqlıqda – yenidən yaşantısı çox çətin olan saatlarda və ya anlarda yaşanır. Hətta həmin o uşaqlıq illərinə yaxşıca baş vurduqda belə,  xatirələr bu parıltının qızıl kimi heç də həmişə xalis olmadığını üzə çıxarır. İşdi-şayəd belə bir xatirə yada düşsə, əvvəlcə adama elə gəlir ki, söhbət həftələrdən, günlərdən və ya ən azından bircə gündən – milad bayramından, yaxud ad günündən, ya da tətilin ilk çağlarından gedir. Ancaq uşaqlığın  bircə gününü yaddaşda yenidən canlandırmaq üçün minlərlə təsviri bir araya yığmaq lazım gəlir və onları yetərincə bir yerə  toplamaq üçün yaddaşa nə bir, nə də yarım gün bəs etməz. Amma bunlar günlərin, saatların və ya dəqiqələrin təəssüratları olub–olmamasına baxmayaraq, mən xoşbəxtliyi bir neçə dəfə yaşamışam və hətta sonralar da,  yaşımın ahıl çağında belə, bir anlığa da olsa, ona yaxınlaşmışam.  Lakin xatirələrimdə can­landırdığım, sorğu-sual  etdiyim və araşdırdığım həyatın bahar çağ­la­rının  həmin o xoşbəxt dəqiqələrin­dən biri daha çox yaddaşıma hopub. Bu mənim məktəb illərimin xatirəsidir və onun gerçəkliyi, ululuğu, mifikliyi zamandan, ümiddən və həqiqət qorxusundan tamamilə azad olması bir-neçə dəqiqədən çox davam edə bilməzdi.

Bir səhər yuxudan ayıldım. Təx­mi­nən on yaşında, çılğın  bir oğlan idim. Qeyri-adi, bəxtiyarlıq dolu xoş hisslər içimi günəş kimi işıqlandırdı. Sanki  bu an, bu gözəl yuxudan  ayılan kimi nəsə yeni, möcüzəli bir şey baş vermişdi. Mənim uşaq dünyam yeni və sirr dolu ilahi bir hala düşdü, təzə bir işıq aləminə, mühitə daxil oldu, sanki bütün gözəl həyat özünün məna və dəyərini yalnız indi, bu erkən səhər çağında kəsb etdi.  Nə dünən, nə də sabah haqqında bir şey bilirdim: bugünün xöşbəxtliyi məni öz ağuşuna alıb xəfifcə oxşayırdı. Bu xoşuma gəldi, qəlbim və ruhum heç bir maraq göstərmədən, hesab sormadan onu daddı. Bu dad içimə yayıldı və mənə ləzzət etdi. Səhər idi. Hündür pəncərə­mizdən qonşu evin damı üstündən görünən  mas-maviyə bələnmiş aydın səmaya baxdım. O da mənə bəxtəvər göründü, elə bil göy üzü özündə nəsə bir qeyri-adilik gizlədirdi, sanki buna görə ən gözəl libasını geymişdi. Çarpayımdan baxanda  bundan artıq görmək mümkün deyildi: yalnız bu əsrarəngiz səma və qonşu evin uzanıb gedən  damıydı. Ancaq tünd-qırmızı-qəhvəyi kirəmitdən  olan bu darıxdırıcı, bomboş dam da sanki gülürdü. Onun dik, kölgə düşmüş əyri müstəvisində rənglər xəfifcə oynaşırdı və  bu qırmızı  çalarların arasında bircə dənə göyümtül şüşə kirəmit çox canlı görünürdü. Adama elə gəlirdi ki, o, sübh vaxtı xəfifcə parlayan səmanı sevinclə əks etdirməyə çalışır. Bu səma, damın bir qədər əyri kənarları, qəhvəyi rəng və yeganə şüşə kirəmitin apaçıq mavisi gözəl və sevincək bir halda öz aralarında sanki dil tapmışdılar. Deyirdin ki, bu məxsusi səhər saatlarında onların bir-birinə gülümsəmək və mehribançılıq etmək­dən savayı başqa niyyətləri yoxdu. Damın qəhvəyi, səma və şüşə kirəmitin mavi rənglərinin də niyyəti bu idi. Onlar bir-biri ilə oynayırdılar, kefləri saz idi. Onları belə görmək, bu oyunlarına qatılmaq, səhər şəfəqini, bəxtiyarlıq hissinin öz içindən keçməsini duymaq  yaxşıydı və bu, adama ləzzət edirdi. Beləcə yuxudan sonrakı rahatlıq hissinin təsiri altında yerimdə uzanıb qalmışdım. Sanki əbədiyyətə qovuşmuşdum. Ömrümdə buna bənzər bir xoşbəxtlik daddığım yadıma gəlmirdi. Beləsi heç olmamışdı. Dünya öz axarındaydı. Bu xoşbəxtliyin yüz saniyə və ya on dəqiqə davam etdiyi bütün zamanların xaricindəydi. Qanadlarını çırpan mavi quş kimi, o, əsl xoşbəxtliyin eyni idi. Lakin ötəri idi. Zaman onu da yuyub apardı. Amma altmış il ərzində yatdığı ənginlikdən oyadılıb gətirilmək üçün kifayət qədər dərində və həm də əbədi idi. Bu xoşbəxtlik məni əhatə edən bəzi şeylərin bir-biriylə həmahəngliyindən  savayı heç nə deyildi. O  həm də mənim heç bir dəyişiklik ummayan, təmənnasız, bəxtiyar mövcudluğumla səsləşirdi. Xoşbəxtliyin əbədiliyi bu dəfə  gözəlliyin coşqusuyla və ondan da çox aşıb-daşan sevinc hissinin təsiri ilə qeyb olurdu. Qımıldanmadan yerimdə uzanıb qalmışdım və səhərin sakit işığı içimə dolub məni özünə çəkirdi ki, lap uzaqdan qeyri-adi parlaq, açıq qızılı rəngli bir alətin başdan-başa cəzbedici və oyadıcı səda­la­rındakı aşıb-daşan sevinc bu sakitliyi pozdu: bu, şeypur idi. Tam ayıldım. Çar­payımda dikələndə, musiqi artıq gurlayırdı. Bu, dar küçələrlə addımla­yaraq çalan şəhər orkestri idi. Olduqca nadir, həyəcanlandırıcı sevinc dolu bu hadisə uşaq kimi eyni zamanda üzümə həm güldü, həm də, necə deyərlər, elə hönkürdü ki, sanki bu  ilahi saatın bütün xoşbəxtliyi və sehri bir-birinə qovuşaraq ətrafa axdı,  geri – keçmişə döndü. Cəld yerimdən sıçradım. Bayram təlaşından uçuna-uçuna qonşu otaqlara cumdum ki, pəncərələrdən küçəyə baxa bilim. Maraqdan və orada olmaq arzusundan başım gicəllənirdi. Sevinclə açıq pəncərəyə dirsəklənərək orkestr yaxınlaşdıqca ucadan səslənən musiqiyə qulaq asdım, qonşu evlərin və küçələrin oyanaraq canlandığına, üzlərlə, bədənlərlə və səslərlə dolduğuna tamaşa etdim, qulaq asdım. Həmin anda birdən hər şeyi – yuxumla ayılmağım arasında hiss etdiyim bəxtiyarlıqda nəyi tamamilə unutduğumu  dərk etdim. Anladım ki, bu gün məktəb yoxdur, əvəzində bayram günüdür. Məncə imperatorun ad günü idi. Yürüşlər, bayraqlar, musiqi və ağlasığılmaz şənliklər olacaqdı. Bu düşüncə ilə geri qayıtdım, yenidən gündəlik həyatımıza hökm edən qanunların diqtəsi altına düşdüm. Hətta bu gün adi bir gün yox, musiqi sə­da­la­rının məni oyatdığı  bayram günü ol­sa belə, artıq bu səhər sehrinin gö­zəl­liyi, ilahiliyi keçib-getdi və cüzi hey­rətimin arxasından zamanın, dün­yanın, yeknəsəqliyin dalğaları  şahə qalxdı.

DİGƏR MƏQALƏLƏR