LATIN AMARİKASI NƏSRİ - Auqusto Roa Bastos

  Paraqvay yazıçısı Auqusto Roa Bastos (1917-2005) X. Kortasar, K.Fuentes, Q.Markes, E.Sabato və başqaları ilə birgə ədəbiyyatda «Latın Amerikası bumu»nu yaradanlardan biridir. Yaradıcılığına şair kimi başlamış, lakin «Yarpaqların arasında gurultu» adlı hekayələr toplusu, «Bəşər övladı», «Mən hakimi-mütləqəm» romanları ilə məşhurlaşmışdır. Nəsri tarixi prinsipə əsaslanan, eyni zamanda şifahi poetik ənənənin, mifin imkanlarından istifadə etməklə, onları tamamilə fərqli rakurslarda təqdim edən yazı üslubuna əsaslanır. Xristian dininin mifoloji obrazları və quarani- hindu inanclarının bir-biri ilə səsləşən motivləri yaradıcılığının əsas qayəsini təşkil edir. 

 

Tərcümə: Etimad Başkeçid       

 

Kurupi

 

(hekayə)

 

– Ora bax, Meliton! – sifətinə qorxu çökmüş qadın pəncərəyə işarə elədi. Təkərlərin taqqıltısı qadının səsini batırırdı. Oturacağa yayxanıb, əllərini qarnının üstündə çarpazlamış halda mürğü döyən kişinin bu səsdən tükü də tərpənmədi. Palma liflərindən hörülmüş enli şlyapası sifətini örtdüyündən, yalnız yarıaçıq ağzını görmək olurdu – qalın dodaqlarının üstünü tər basmışdı. 

Qadın sözlərini təkrarlamalı oldu:

– Bir ora bax, Meliton. Deyəsən, kilsədən çarmıx çıxarırlar!

Kişi güc-bəla gözlərini açıb, onun göstərdiyi səmtə baxdı.

– Hə, xaç yürüşünə çıxırlar, axı bu gün İsa Məsihin anım günüdür, – o, şişkin sifətini ovuşdura-ovuşdura narazılıqla mızıldandı. 

Pəncərəyə söykənmiş kişinin enli kürəyi qadının qabağını kəsdiyindən, o, qalxıb başqa oturacağa əyləşdi. Bayırda baş verənləri buradan daha yaxşı seyr etmək olurdu. Digər sərnişinlər də başlarını pəncərədən çıxarıb, mərasimi izləyirdilər. Bəziləri qurşağacan çöldəydi. Vaqonda adam az idi – pəncərələrdən hamı baxa bilirdi. Gördüklərindən heyrətə gələn qadın kirimişcə cözünü pəncərədən çölə zilləmişdi. 

Qatar dağlıq ərazidə fıshafısla sürünürdü. 

Xeyli aralıda, tüfəng gülləsi məsafəsində nizamsız kütlə ağır-ağır kəndə doğru irəliləyirdi. Ətrafı toz-duman bürüdüyündən adamlar elə bil təxti-rəvanın ardınca addımlamır, havada uçurdular.

İsa Məsihin izdiham üzərində ucalan fiqurunu qatardan aydın görmək olurdu – heykəl qaynaşan qarışqaların arasında uyumuş, pulcuqları günəşdə bərq vuran balığa bənzəyirdi. Dua nidaları, matrakların2 yeknəsəq şaq­qıltısı qatar təkərlərinin səsilə qəribə bir ahəng yaradırdı. Gün işığında rəngdən-rəngə düşən iço3 isti küləkdə yırğalanırdı. Təxti-rəvanın aparıldığı yolda toz göyə qalxmışdı. Arxa tərəfdəki təpəciyin yamacında, küləşlə örtülmüş talvarın altında xaç gözə dəyirdi. Talvarın üstünü almış ilğımabənzər duman bir yerdə qərar tuta bilmirdi –təpəcik sanki ağır-ağır nəfəs alırdı. 

– Tupa-Rape Qolqofası… – kişi öz-özünə danışırmış kimi yavaşcadan dedi. Külək onun mis rənginə çalan saçlarını oynadırdı. 

– Nə, nə? – qadın soruşdu.

– Tupa-Rape Qolqofası, – saçları mis rənginə çalan kişi təkrarladı, – onlar cüzamlı İsanı aparırlar.

– Cüzamlının İsasını? – qadın ka­rıx­mış halda soruşdu. İyrəndi­yin­dən­mi, dəhşətdənmi, onun sir-sifəti əyildi, dodaqlarının kənarındakı qırışlar dərinləşdi. O, hələ yaşlanmamışdı, ancaq yaşından qoca görünürdü, artıq gənclik təravətini itirmişdi. Həyat enerjisi aşıb-daşan ərinin yanında lap yöndəmsiz görünürdü. 

– İsa yox, onun fiqurunu düzəldən adam cüzamlı idi. – Kişi yenidən oturacağa yayxandı, çəkməli ayaqlarını arvadının yaraşıqsız ayaqlarının arasına doğru uzadıb, əliylə qarnını ovuşdurmağa başladı. Onun sarı tüklü sifətində tər, his, toz – hamısı bir-birinə qarışmışdı. Gözlərinin ağı da mis rəngindəydi. 

– Onu düzəldən adam cüzamlı olub? – qadının səsindəki etinasız­lıq­dan və sönük baxışlarından hiss olunurdu ki, belə şeylərlə o qədər də maraqlanmır. Görünür, sadəcə, sakit oturmaqdan bezmişdi. 

– Onu Qaspar Mora adlı bir mu­si­qiçi, musiqi alətləri ustası yonub. O, cüzama tutulandan sonra meşəyə çəkilib. Bilirsən, İncildəki ibrətli hekayətlərdən birində Lazar da cüzam olmuşdu. Meşədə bekarçılıqdan təngə gələn Qaspar Mora ağacdan İsa Məsihin fiqurunu yonmağa başlayıb. O, dünyasını dəyişəndən sonra fiquru kəndə gətiriblər.

– İsa Məsihin anım gününü də onun­la qeyd edirlər, hə?

– Deyilənə görə, o fiqur möcüzəlidir. İtape sakinləri üçün ondan böyük müqəddəs yoxdur. Cüzamlı musiqiçinin ecazkar ruhunun bu fiqurda yaşadığına inanırlar. O ağac parçasında! Bu adam­la­rın belə şeylərə nə qədər mübtəla olduğunu keşiş mənə danışıb. Onlardan hər şey gözləmək olar. İndiki müharibə zamanında isə lap çılğın­la­şıblar… – o, sanki gələcək bəlalardan, ölüm-itimdən xəbər verirdi.

– İşə bax! – qadın dedi.

– Əvvəlcə kuriya1 bu barədə eşit­mək belə istəmirdi. Axı usta xəstəydi. Məsihin fiqurunu kilsəyə gətirməyə qoymadılar. Ancaq dəliqanlılardan biri camaatı kuriyanın üstünə qaldırdı. Yığışıb təpəciyin üstündə Qolqofa düzəltdilər. Din xadimləri geri çəkilməli oldular. Kuriya xeyir-dua vermək üçün bir ruhani göndərdi və fiqurun önündə ibadət etməyə icazə verdi. O vaxtdan bu yana anım gününü həmin təpəcikdə keçirirlər. Kaakupedə Müqəddəs Mər­yə­min xatirəsini necə əziz tuturlarsa, Tupa-Rapedə İsa Məsihin fiquruna da elə pərəstiş eləyirlər. Anım günündə hər tərəfdən zəvvarlar axışıb gəlir. 

– Oy-oy! Bunu bilmirdim!

– Ən pisi odur ki, belə günlərdə qumarbazlar da, hər cür yaramaz da möminlərə qoşulur. Deyəsən, burda da qayda-qanun yaratmalı olacağam, – uzaqlaşmaqda olan mərasimi qıyğacı nəzərlərlə süzən Meliton lovğalandı.

– Sən bu barədə mənə heç nə deməmişdin, Meliton, – qadın, elə bil, onun sözlərini eşitmirdi.

– Nə barədə?

– İsa Məsihin heykəli barədə.

– Buyur, ürəyin istəyən qədər bax! Sadəcə, səni təəccübləndirmək istəyirdim. 

– İşə bax! İtapeyə məhz anım günündə gəlib çıxdıq.

– Nə olsun? Adi gündür də…

– Ürəyimə damıb, burda başımıza bəla gələcək. 

– Bəla? Niyə elə düşünürsən?

– Sənə demişdim axı, pis yuxu görmüşəm.

– Tüpürüm sənin lənətə gəlmiş yuxuna! – o qolaylandı və qadın qeyri-ixtiyari olaraq, dala çəkildi. 

– Elə aydın yuxuydu ki… – qadın güclə eşidiləcək səslə pıçıldadı.

– Ağlına yalnız qara-qura fikirlər gəlir… Hamilə qızdan betərsən! Allah bilir, nə yuxu görüb!.. – kişi qəfildən susdu, üzünün qırışığı açıldı. Görkə­mindən səyyar tacirə və ya vergi mü­fəttişinə oxşayan sərnişinlərdən biri onlara yaxınlaşıb, nəzakətlə soruşdu:

– Mərasimi gördünüz? – sual söh­bə­tə başlamaq üçün verilmişdi. Naməlum adam əcnəbi kimi danışırdı.

– Hə, – Meliton cavab verdi və ci­bin­dən bir siqar çıxarıb qoxladı.

– Mərasimlə burda rastlaşdıq, çünki qatar düz dörd saat gecikir. 

– Hə, – Meliton siqarını yandırdı. 

– Maraqlı mənzərəydi, – əcnəbi bir qədər tərəddüdlə sözünə davam etdi.

– Çəkirsiniz?

– Yox, sağ olun, – üzrxahlıq edən kişi onun təklifindən ürəklənib dedi: – Siz Meliton İsasi deyilsiniz?

– Buyurun, eşidirəm sizi, – Meliton siqardan bir qullab alıb, cavab verdi, – niyə oturmursunuz?

– Yaxşı, oturaram. Ancaq bir dəqiqəliyə, çünki artıq çatırıq. Qatara Vilyarikdə minmişəm. – O, ədəb-ərkanla skamyanın kənarında əyləşdi. – mənə dedilər ki, siz İtapeyə siyasi komissar təyin olunmusunuz.

– Elədir ki, var.

– Gözəl kənddir. Oraya tez-tez yolum düşür. Şey-şüy satıram, başa düşürsünüz də. Ümid edirəm ki, orada gününüz xoş keçəcək.

Meliton İsasi ayaqlarını yığışdırdı – çəkmələrin dabanı döşəmədə sürüşərək cırıldadı. 

– Bilmirəm, yaşayıb görərik. – O, baş barmaqlarını enli kəmərinin altına salıb, patrontaşını qarnına doğru sürüşdürdü. – İndi belə vəzifələr çox təhlükəlidir. Müharibə gedir.

– Əvvələr burada olmusunuz?

– Bu yaxınlarda olmuşam. İdarədə inventarlaşdırma aparmaq üçün gəl­mi­şdim.

– Başıaşağı, dinc camaatdır.

– Baxır nə zaman, kimin rəhbərliyi altında, – yeni təyin olunmuş siyasi komissar özündənrazı halda bəyan etdi, – burada fərarilərin əlindən tər­pən­mək olmur. Mənə tapşırılıb ki, onları xoşluqla, ya da zorla cəbhəyə gön­dərim. Boliviyalıların yolunu kəsmək üçün Çakodakı ordunu möhkəm­lən­dirmək lazımdır.1 

– Keçən ay ilk dəfə bura gələndə sizdən qabaq işləyən Matias Alderete mənə demişdi ki, əli silah tutan hər kəsi artıq cəbhəyə göndərib. Gözdən uzaq yerlərdə belə – fermalarda, sahələrdə hərbi mükəlləfiyyət daşıyan bircə adam da qalmayıb. Hamısını silib-süpürüb, müharibəyə yola salıb…

– Hm! – Meliton İsasi onun sözünü yarıda kəsdi, – Matsias Alderete! O, bacarıqsız çıxdı! Məni də elə ona görə göndərdilər. Mən heç kəsin nazıyla oynamayacağam.

Pəncərənin önündə donub qalmış qadın gözlərini getdikcə yaxınlaşan miskin, yad kəndə zilləmişdi. Tacir qadına diqqət göstərməyi lazım bildi:

– Bəs siz, sinyora, bu barədə nə düşünürsünüz?

Karıxmış qadın gözlərini döyüb, bilmədi nə cavab versin. Gülümsəmək istədi, ancaq qırış basmış dodaqları büzüşdü, sanki ağlamağa hazırlaşırdı. 

– Arvadım ilk dəfədir ki, buraya gəlir, – Meliton İsasi dedi, – ancaq əminəm ki, xoşuna gələcək. Ərin əhvalı yaxşı olanda, arvadın da günü xoş keçir… – O, şaqqanaq çəkdi. – Elədir, Brixda?

– Hə… hə… – qadın dilini sürüdü. Evliliyin dəmir boyunduruğunda gördüyü zülmlər və öz içində çəkdiyi əzablar onun sifətində dərin izlər buraxmışdı. 

Tacir eyni nəzakətlə ayağa qalxdı.

– Yaxşı. Çamadanlarımı hazırla­ma­lıyam, don Meliton. Ümid edirəm ki, haçansa mənimlə bir-iki şüşə pivə içməkdən boyun qaçırmazsınız.

– Hə, əlbəttə. – Meliton İsasi də ayağa qalxdı. – Bir bəhanə tapıb oturarıq. Kiçik kənddir, görüşərik. 

Kişilər bir-birinin əlini sıxdı.

– Şad oldum, senyora. Həmişə qulluğunuzda hazıram…

Yavaş-yavaş hərəkət edən qatar, nə­hayət, vağzalda dayandı. Platforma­da, demək olar, adam yox idi – hamı xaç yürüşünə çıxmışdı. Yalnız bir neçə küçə alverçisi platforma boyu qaça-qaça sərnişinlərə fətir və aloxa2 təklif edirdilər. 

Meliton İsasi çamadanları pəncə­rə­dən perrondakı jandarmlara verdi – onlar siyasi komissarı qarşılamağa gəlmişdilər. 

– Getdik, – Meliton arvadına səs­lə­nib, iri addımlarla çıxışa doğru yönəldi. 

O, ayağını pilləkənə qoymamışdan, kəndə bir daha nəzər saldı, sanki fikrində öz yeni taleyini götür-qoy edirdi. 

 

II

Meliton İsasi sözünü tutdu. 

Bir neçə gündən sonra İtapedə, bir nəfər də olsun, ordudan yayınan qalmadı. Əlbəttə, onun özünü hesaba almasaq. O, əsgərlik yaşına çatmayan oğlanları da cəbhəyə göndərdi. 

Meliton tələsirdi. Vaxt udmaq, za­ma­nı qabaqlamaq lazım idi. O, doğum, nikah və ölümlərin qeyd olunduğu kitaba etibar etmirdi: axı burada körpələrin, az qala, yarısı bic doğulurdu. Komissar xaç suyuna salınma mərasimlərinin qeydə alındığı kitabla işləməyə qərar verdi. Əmr etdi, kilsədən vərəqləri saralmış, cildi şişmiş iri kitabı gətirdilər. Fərarilərin izinə düşmək üçün bundan yaxşı vasitə fikirləşib tapmaq olmazdı. 

– Kimin ki, adı burada yoxdur, deməli, doğulmayıb, – işçilərdən biri dedi.

Köhnə səhifələrdəki qeydlər Böyük müharibədən1 də əvvəl aparılmağa başlamışdı. Ondan da əvvəlki tarixləri əhatə edən cildləri kilsə şkafının arxasından tapdılar. Kitabları hörümçək toru və kif basmışdı – məlum məsələdir, onların saxlandığı yer güvə, tarakan və siçanların oylağı idi.

Yasa batmış analar yeniyetmə oğullarını xilas etmək üçün yalvarır, dil tökürdülər.

– Yolda, ya da döyüş meydanında əsgərlik yaşına çatarlar! – gözünü siyahıdan çəkməyən Meliton cavab verirdi, – müharibə uzun sürəcək. 

– Yeganə köməyim-dayağım bu oğlandır, – əynindəki yırtıq-yamaq paltarı toz basmış qarılardan biri etiraz etməyə çalışırdı.

Meliton xahiş-minnətə gələnləri otaqdan qovur, bar-bar bağırırdı:

– Vətən hər şeydən əzizdir! Çıxın otaqdan! Rədd olun! İşim başımdan aşır! Sizin sərsəmləmələrinizi dinlə­mə­yə vaxtım yoxdur!

Hər səhər eyni səhnə təkrarlanır, xahişə gələnlər kirimişcə dağılışıb gedirdi. 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR