MƏKTUBLAR - Şervud Anderson

Amerika ədəbiyyatının klassiki Şervud Anderson (1876-1941) mo­der­niz­min əsasını qoyan yazıçılardan bi­ri­dir. U.Folkner, E. Heminquey, H. Mil­­ler kimi dünyaca məşhur yazıçılar onu özlərinə müəllim hesab ediblər. Məşhur Amerika şairi Hart Kren deyirdi: “Şervud Andersonun “Uaynsburq, Ohayo” kitabını diz çökərək oxumaq lazımdır”.  Onun hansı ruhun, hansı qəlbin daşıyıcısı olduğunu, təkcə romanlarından, novella və hekayələ­rin­dən yox, müxtəlif dövrlərdə yazdığı məktublarından da duymaq olur.

 

Tərcümə: Günel Şamilqızı

 

Con Andersona 

(yazıçının birinci evlilikdən olan oğlu)

 

(Trautdeyl, Virciniya)

aprel 1927-ci il

 

Hələ ötən məktubda sənə bəzi şeyləri yazmalıydım. 

Rəssamlıq barədə. 

Müasirlik, dəbin səs-küylü təzahür­ləri başını gicəlləndirməsin. Luvra tez-tez get, Rembrandtın, Delakruanın əsərlərinə dönə-dönə bax.

Çəkməyə vərdiş elə. Çalış, hansısa görüntü təsəvvüründən silinməmiş əllərin onu kağıza həkk eləsin. Yalnız bundan sonra öz əlavələrini də uyğunlaşdırıb görüntüləri başqa formada təsvir edə bilərsən. 

Elə əşyaları çək ki, onlar sənin üçün müəyyən məna kəsb etsin. 

Çəkdiyin predmet o qədər də vacib deyil, əsas olan – predmetə qarşı hiss etdiklərindir, onun səndən ötrü hansı məna kəsb etməsidir. 

Şalğamdan hazırlanmış xörəkdən də şedevr yaratmaq olar. 

Çək, çoxlu çək, sonsuza qədər çək...

Ciddiyyətini qoru. Effekt yaratmağa can atmaq hər şeyi məhv edir. 

İncəsənət satış məqsədilə yaradıl­mır. Onu yaratmaqda məqsəd özünü xilas etməkdir. 

Məndə təmiz, saf nə varsa, hamı­sı­na görə sözə borcluyam. Bəzi axmaqlar haqqımda məqalələr yazırlar, gu­ya bir səhər qəfildən əlimə qələm al­maq qərarına gəlmişəm və başla­mı­şam şedevrlər ştamplamağa.

Nə rəssamlıq, nə də yazıçılıq özün­də hansısa sirləri ehtiva etmir. Səviyyəli bir əsər ortaya çıxartmaq üçün mən düz 15 il sərasər yazmışam.

İndi uzun müddətdir məndə heç nə alınmır. Bu qış Parisdə özün də gördün. Ölü bir ovqat içində idim. Vaxt boş-boşuna keçirdi. Həyatın boyu bunu  vaxtaşırı olaraq sən də yaşamalı olacaqsan. 

Əsas məsələ isə, əlbəttə ki, sağ qal­mağa çalışmaqdır. İnsanların ək­səriy­yəti ömürləri boyu sönük həyat tərzi sürürlər. Hər bir rəssamın var olma səbəbi onun necə yaşamağı bacarmağındadır. 

Növbəti məktubuna gəldikdə isə, sənə demişdim: elə işlər gör ki, mənə deməyə utanmayasan. 

Onda haqlı deyildim. Sən məndən asılı ola bilməzsən. Əsas odur ki, ağ vərəq və kətan qarşısında duranda utanc gətirən şeylər eləməyəsən. Onlar sənin üçün Tanrını əvəz etməlidir. 

Rənglərə gəldikdə, ehtiyatlı ol. Təbiət qoynunda bacardığın qədər çox gəz. 

Rəssamlıq mağazalarının xidmət­lə­rindən, yad palitralardan istifadə et­mək­dənsə, günün fərqli saatlarında müxtəlif rakurslardan işıqlandırılan bina­ların divarlarına nəzər sal. Xır­da­lıqları müşahidə etməyi öyrən – mə­sələn, boz süfrədə qırmızı alma. Yaxud təpənin fonunda ağac. Bu sahədə çox az şey bilirəm. Boyakarlıqda peşəkar ol­maq istəsəydim, çalışardım heç vaxt rəngləri qarışdırmayım. Budur, qar­şım­da şumlanmış tarla uzanır, ya­xın­lıqda nohur var, yarıçürük qarğıdalı saplaqları suyun üzərinə sarı zolaqlar salır, dəymiş qarğıdalı dənələri mürəkkəb qabar­cıq­larını xatırladır, hərdən də eləcə gö­yə­rir...

Kompozisiyalarda da vəziyyət eynən belədir. Baxıb fikriləşirsən: görəsən, bu rəngi necə almaq olar? 

Eninə və uzununa genişlənən bir parça torpaq diqqətimi cəlb elədi. Uzaq­dan baxıb, müəyyənləşdirməyə çalış­dım ki, görüm bu görüntü hansı rənglər­dən əmələ gəlib? 

Rənglər nəsə başqa cür səpələnib və sən heç vaxt anlaya bilməzsən necə? Bu əbədi bir axtarışdır. 

Səninlə böyük adam kimi danışıram. Bunu da bilməlisən ki, ürəyim həmişə sənə açıqdır.

Mənə sənin uğurun lazım deyil. Qarşında insanlara və yaradıcılığa bəslədiyin münasibət dayanıb. Yalnız o münasibət səni əsl kişi edə bilər. 

P.S. Çörçə çatdır ki, Deyvid Proll, nəhayət, Sezannanın reproduksiyasını tapıb. 

Həmişə getdiyin kitab mağaza­sın­dan Pikassonun albomunu soruş, olmasa sifariş ver. 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR