SƏHNƏ ƏDƏBİYYATI
A.P.Cexov (Rusiya)

Qu qusu nəgməsi


Bir hissəli dramatik etüd

İştirakçılar:

Komik aktyor - 68 yaşlarında qoca
Suflyor - yaşı bilinməyən qoca


Hadisə əyalət teatrının səhnəsində vaqe olur. Tamaşa sonrası. Gecə.
Əyalət teatrının boş səhnəsi. Sağ tərəfdə geyinmə-soyunma otaqlarına açılan rəngsiz, yöndəmsiz qapılar var. Sol plan və səhnənin dərinliyinə uzanan hissə artıq-urtuq seylərlə doludur. Səhnənin ortasında aşmış taburet var. Gecə. Qaranlıq.
Əynində Kalxasın kostyumu, əlində şam olan aktyor geyinib-soyunma otagının qapısından çıxıb qəhqəhə çəkir.


Aktyor. İşə bir bax! Kim inanar?! Bir bu qalmışdı. Harda, harda, ayaqyolunda yatıb yuxuya gedəsən. Yorğansız, döşəksiz, elə durduğun, yox, yox, oturduğun yerdəcə yuxu səni apara: tamaşa çoxdan qurtarıb, hamı çıxıb gedib, amma mən öz kefimdəyəm, ayaqyolunda xorultum ərşə çəkilib. Ay səni, qoca kaftar, it oğlu, it! Hə, demək nə gündəsən ki, elə durduğun, yox, yox, oturduğun yerdəcə yuxuya getmisən! Bərəkalla sənə! Eşq olsun. (Qışqırır) Yeqorka! Yeqorka, lənətə gələsən səni! Petruşka! Yatıblar, köpəyuşaqları, mürdəşir üzünüzü yusun! Yeqorka! (Tabureti yerdən götürüb düzəldir, üstündə oturub şamı döşəməyə qoyur) Səs-səmir yoxdu. İşə yaxşı can qoyduqları üçün bu gün hərəsinə bir üçlük vermişəm. İndi onları heç günün günortasında çıraqla gəzsən də tapa bilməzsən... Aradan çıxıblar, əclaflar, yəqin gedəndə də teatrın qapılarnı bərk-bərk bağlayıblar ki, rahat vura bilsinlər... (Başını yelləyir.) Sərxoşam, meyxoşam, dəməm mən! Of, of! İlahi, bu zəhrimara qalmış benefisə görə çaxırı pivəyə, pivəni çaxıra qatdım! Bütün bədənim elə bil doymuş məhluldu, ağzım zəhər kimidi... Özüm-özümdən iyrənirəm... (Pauza.)
Səfehliyin dərəcəsinə bax... Qoca axmaq, açarını itirənə qədər içmək, ax? sənin harana yaraşır? Özü də xeyir ola, nə münasibətlə? Heç özün də bilmirsən. Off, ilahi özün kömək ol... Başım dağılır, sümüklərim ağrıyır. Denən, salamat yerin var ki... Ruhum da elə bil məni tərk edib. Sağlamlığına heyfin gəlmir-gəlmir, heç olmasa qocalığını nəzərə al, qocalığına rəhm elə, ay səni görüm... Təlxək köpəyoğlu...
(Pauza.) Ah, qocalıq, qocalıq... İstəyir, ayağınla göyə çıx, istəyir, barmaqlarının beşini də bal elə, xeyri yoxdu, onu aldada bilməzsən. Qatar gedib. Amma tfu-tfu, göz dəyməsin, mən öz altmış səkkizimin qabağında baş əyirəm! Neynəmək olar, gedən getdi gedər-gəlməzə! Şüşədə n? vardısa, hamısı içildi, olsa-olsa az-maz dibində qalıb... Azca dibində... Bax belə... Bax, belə-belə işlər, Vasyuşa... İstəsən də, istəməsən də, ölü rolunun məşqlərinə başlamalısan. Əzrayıl artıq gəlib çıxıb, hardasa buralardadı... (Qabağa baxır.) Qırx beş ilimi səhnədə keçirsəm də, deyəsən, gecənin bu vədəsi birinci dəfədi teatrdayam... Hə, hə, birinci dəfədi... Qəribədi, bu vədələrdə göz-gözü görmürmüş ki... (Rampya yaxınlaşır) heç nə görünmür. Az-maz suflyorun oyugu görünür... Hə, bu literli loja, bu da püpitr... qalan hər şey zülmət qaranlığa qərq olub! Qara, dibsiz çala- eynilə ölümün gizləndiyi qəbir kimi... Brr!.. Soyugdu! Zaldan lap soba çəkəndən gələn kimi soyuq vurur... Ruhları çağırmaq üçün bura ən münasib yerdi! Lənət şeytana, adamı vahimə basır... Tüklərim biz-biz oldu... (Qışqırır.) Yeqorka! Petruşka! Iblisə uymuşlar, harda qalmısız? İlahi, nədən mən o kafir iblisi yada saldım? İlahi, mənə deyən gərək, ay qoca kaftar, içkini at, at içkini, ölməyə hazırlaş... Altmış səkkiz yaşında olanlar ibadət eləyir, ölümünə hazırlıq gorur, sənsə... Ah, ilahi, özün kömək ol! Dilimdə kufr sözlər, sifətim əyyaş sifəti, əynimdə təlxək kostyumu... Yaxşısı budu, heç mənə baxmayasan! Gedim tez əynimi dəyişim... Dəhşət! Əgər bütün gecəni burda oturub qalsam, qorxudan bağrım çatlar... (Öz geyinib-soyunma otağına gedir.)


Bu zaman səhnənin dərinliyində, ən güncdəki geyinib-soyunma
otağından ağ xalatda çıxan suflyor görünür.


Aktyor. (suflyoru görüb dəhşət içində qışqırır və dalın-dalın çəkilir). Sən kimsən? Niyə gəlmisən? Kimin üçün gəlmisən? (Ayaqlarını yerə döyür). Sən kimsən?
Suflyor. Mənəm də. Tanımadız?
Aktyor. Sən kimsən?
Suflyor. (ağır-ağır ona yaxınlaşır). Mənəm də... Tanımadız? Suflyor Nikita İvanıçam da... Vasil Vasiliç, mənəm də!..
Aktyor (heysiz-hərəkətsiz halda taburetə əyləşir. Nəfəsi güclə çıxır, bütün bədəni əsir). İlahi, özün kömək ol! Bu, kim olar? Sənsən, Nikituşka, bu sənmisən? Sən niyə bu... burdasan?
Suflyor. Mən burda gecələyirəm. Amma nə olar, xahiş eləyirəm, Aleksey Fomiçə deməyin... Nəyə deyirsiz, and içim ki, gecələməyə başqa yerim yoxdu.
Aktyor. Hə, Nikituşka, sənsən... İlahi, pərvərdigara! On altı dəfə səhnəyə qaytardılar, üç gül çələngi gətirdilər, başqa şeylər də verdilər... hamı qürur içində idi. Amma bir bəndənin də ağlına gəlmədi ki, bu sərxoş qocanı oyadıb evə ötürmək lazımdı... mənim hay-hayım gedib, vay-vayım qalıb, Nikituşka... Altmış səkkiz yaşım var. Xəstəyəm! Canımı güclə dasıyıram... (Başını suflyorun əlinə qoyub ağlayır.) Getmə, Nikituşka... Qocalmışam, heyim qalmayıb, əcəl qapımı kəsdirib... Dəhşət, dəhşət!..
Suflyor (nəvaziş və hörmətlə). Vasil Vasiliç, evinizə gedin!
Aktyor. Getməyəcəm. Mənim evim-zadım yoxdu. Yoxdu, yoxdu, yoxdu!
Suflyor. İlahi! Harda yaşadığınızı da unutmusuz?! Evinizin ünvanını da unutmusuz?!
Aktyor. Mən ora istəmirəm, istəmirəm! Orda mən tamam tək-tənhayam, Nikituşka, nə bir arvadım, nə bir övladım, nə də bir doğmam var... Bu yer üzündə tamam tək-tənhayam. Ölsəm, bir ağlayanım olmayacaq... Təklikdən qorxuram, məni vahimə basır... Nə bir əzizləyənim, nəvaziş göstərənim, nə də evə sərxoş gələndə məni çarpayıya uzadıb yerimi rahatlayanım var... Mən kiminəm? Mən kimə lazımam? Mənim də bir sevənim varmı? Yoxdu, Nikituşka, yoxdu, bir sevənim yoxdu!
Suflyor (göz yaşları içində). Vasil Vasiliç, bəs tamaşaçılar? Bəs tamaşaçılar, Vasil Vasiliç? Onlar ki, sizi sevir!
Aktyor. Tamaşaçı çıxıb getdi, indi daş kimi yatıb, öz təlxəyini də çoxdan unudub! Yox, mən heç kimə lazım deyiləm, mənim bu yer üzündə sevənim yoxdu... Nə arvadım, nə uşaqlarım var...
Suflyor. Elə bunun dərdini çəkirsiz?..
Aktyor. Axı mən də insanam, mən də canlı insanam. Mənim də damarlarımdan axan qandı, su deyil. Mən mülkədar nəslindən, köklü-kökməcli nəsildənəm, Nikituşka... Dərəmi, çalamı deyim, uçurummu deyim, bax bura yumbalanıb düşənəcən hərbidə, özü də artilleriyada xidmət keçmişəm. Canlara dəyən cavan olmuşam- yaraşıqlı, qəddi-qamətli, doğru-dürüst, cəsur, çılğın, dəlisov bir cavan! İlahi, bütün bunlar hara qeyb oldu? Nikituşka, bəs aktyorluğum? Mən necə bir aktyor idim, hə? (Dikəlib suflyorun əlindən tutur). Bütün bunlar hara qeyb oldu? Bütün o zamanlar, o vaxtlar birdən-birə hara qeyb oldu? İlahi, pərvərdigara! İndi dusduyum bu calaya baxanda hər şey, hər şey birdən-birə gəlib düz gözümün qabağında dayanır! Bax, bu çala mənim ömrümün düz 45 ilini yeyib həzmi-rabedən keçirdi. Özü də necə bir ömrü, Nikituşka! İndi bu çalaya baxanda hər şeyi eynən sənin bu sifətini görən kimi görürəm-ən xırda cizgilərinə qədər. Cavanlıq, ehtiras dolu anlar, inam, çılğınlıq, qadınların məhəbbəti! Qadınların mənə olan məhəbbəti, Nikituşka!
Suflyor. Vasil Vasiliç, artıq gecdi, yaxşı olar, gedib yatasız.
Aktyor. Yaxşı yadımdadı, hələ aktyorluğa təzə-təzə başladığım o cavan vaxtlarımda, necə deyərlər, qanımın qaynayan vaxtlarında, bir xanım istedadımı görüb mənə aşiq olmuşdu. Qəddi-qamətli, gənc, məsum, sütül, ehtiraslı bir xanım idi. Onu sənə axı, necə təsvir edim. Elə bil sübh şəfəqiydi! Onun mavi gözlərindən boylanan baxışların, möcüzəli təbəssümünün qarşısında ən zülmət gecə belə tab gətirə bilməzdi. Dənizin dalğaları sahilə çırpılıb təkcə qumları dağıdır. Amma onun dalğalarnan saçları qarşısında qum nədi, daş nədi, heç qaya da dura bilməzdi! Yadımdadı, bax, indi sənin qarşında necə dayanmışamsa, eləcə də onun qarşısında dayanmışam... Bu dəfə heç vaxt olmadıgı qədər gözəl idi. Mənə elə baxırdı, elə baxırdı ki, o baxışları qəbirdə də unutmayacağam... Gəncliyin parıltısı, dəruniliyi, nəvazişi, məxmər kimi yumşaqlığı! Xoşbəxtəm, özümü göyün yeddinci qatında hiss edirəm. Qarşısında diz çöküb «əbədi mənim ol» deyirəm... (Səsini aşağı salıb davam edir) O da, o da səhnəni tərk etməyimi istəyir! (qadın səsiylə) Səh-nə-ni tərk e-din! Başa düşürsən? O, aktyoru sevə bilər, amma aktyor arvadı olmağa heç vəchlə razı olmaz! Həmin gün nə oynadığım da yadımdad?... Nəsə bir əclafı, təlxəyi canlandırırdım... Oynaya-oynaya gözlərimin necə açıldığını hiss edirdim... Bax, mən onda anladım ki, sənətdə müqəddəs heç nə yoxdu, hər şey yalan, uydurmadı. Mən özümsə başqalarının əylənməsi üçün düzəldilmiş oyuncaqdan başqa bir şey deyiləm. Bax onda mən tamaşaçı sevgisinin mahiyyətini də anladım. Elə o vaxtdan alqışlara, çələnglərə, təriflərə inamım da öldü... Hə, Nikituşka, bax belə! O məni alqışlayır, pul verib fotomu alır, amma mən ona yadam, mən onun gozundə fahisə kimi bir şeyəm. Öz şöhrətpərəstliyinin ehtiyacını ödəmək üçün o, mənimlə tanşlıq əlaqələri qurmağa imkan axtarır, amma heç vaxt bacısını, ya qızının mənə verməz, onun mənimlə ailə qurmasına razı olmaz, özünü bu dərəcədə alçaltmaz... Mən onun məhəbbətinə inanmıram! (Taburetə əyləşir.) İnanmıram!
Suflyor. Rəng-rufunuz agappaqdı, Vasil Vasiiç! Məni yaman qorxudursuz... Tərslik eləməyin, gəlin sizi evə aparım!
Aktyor. Bax onda... gözlərim açıldı, Nikituşka! Amma bu mənə yaman baha başa gəldi. Bu hadisədən, o qızdan sonra oturuşumu, duruşumu tamam itirdim, gözüm qabağı görmədi, boş, mənasız bir ömür keçirdim... Təlxəkləri, səfehləri oynadım, insanların beyinlərini yoldan çıxarıb, əxlaqlarını pozdum. Amma bu adam, bu əclaf necə istedad yiyəsi, necə bir sənətkar idi! O istedadı dəfn elədim, elə bir dərin yerə basdırdım ki, bir də onun üzünü, öz üzümü görə bilməyim... Hə, bu cala, bu qara dəlik məni büsbütün udub həzmi-rabedən keçirdi! Əvvəl bir o qədər də hiss eləməmişdim, amma bu gün... bu gecə... yuxudan oyananda geriyə baxdım. Arxada nə az, nə çox, düz 68 il var idi. Qocalığımı ancaq indi gördüm! Mənimki buracanmış! (hönkürür) Buracanmış!
Suflyor. Vasil Vasiliç! Əzizim, qurbanın olum... Di yaxşı, sakitləşin... İlahi, özün kömək ol! (Qışqırır.) Petruşka! Yeqorka!
Aktyor. Hə, hə, necə istedad, necə böyük bir sənət... Bu sinədə... (sinəsinə döyür) nələrin, hansı hisslərin, sözlərin olduğunu sən təsəvvürünə belə gətirə bilmərsən! Az qalır, boğulam!.. Qoca, sən bir dayan, qulaq as, qoy bir özümə gəlim... Məsələn, bax bu... Qodunovdandı:
Hə, necədi, pisdi? (Dərhal.) Gözlə, gözlə, bu da «Kral Lir»dən... Bir təsəvvür elə, zülmət qaranlığa qərq olmuş göy üzü, yağış, göy gurultusu - rrr!.. ildırım - jjj!.. bütün göy üzü bir-birinə qarışıb, burdasa:
(Tələsir.) Tez təlxəyin sözlərini denən! (Ayaqlarını yerə vurur.) Təlxəyin sözlərini tez bura ver! Mənim vaxtım yoxdu!
Suflyor (təlxəyi oynayaraq). «Hə, kirvə? İsti damın altında oturmaq məncə, yağışın altında veyillənməkdən yaxşıdı, hə? Dayday, yaxşısı budu, qızlarınla barışasan. Belə bir gecədə nə ağıllı bilinir, nə dəli - ikisi də bir gündədi!»
Aktyor. Əzəmət! İstedad! Sənət və sənətkar! Gəl, gəl... gəl başqa şeylər də yaradaq, belə... qocafəndi... Gəl indi də «Hamlet»in yaxasından tutaq! (Xoşbəxtcəsinə ucadan gülür.) Belə, mən başlayıram... Nəyi, hansını? Bax, elə bunu... (Hamleti oynayaraq.) «Ah, bu da fleytaçılar! Öz fleytanı mənə ver! (Suflyora.) Mənə elə gəlir ki, siz nəsə məndən heç gözünüzü çəkmirsiz».
Suflyor. «Şahzadə, inanın ki, bunun bir səbəbi var: o da sizə məhəbbət, kralımıza cani-dildən xidmətdi».
Aktyor. «Bu mənə nəsə o qədər də çatmır. Mənim üçün nəsə bir şey çal!»
Suflyor. «Bacarmaram, şahzadəm».
Aktyor. «Xahiş edirəm!»
Suflyor. «Yox, yox, bacarmaram, şahzadəm!»
Aktyor. «Tanrı xatirinə, çal!»
Suflyor. «Mən axı, fleyta çalmağı qəti bacarmıram».
Aktyor. «Bu, yalan danışmaq qədər asan bir işdi. Fleytanı ağzına apar, dodaqların burda, barmaqların da orda... Özü oz səsini çıxaracaq!»
Suflyor. «Mən axı, musiqi təhsili almamışam».
Aktyor. «İndi özün qiymət ver. Sən məni kim hesab eləyirsən? Sən- mənim canımı alət eləyib çalmaq istəyən bir adam quruca tütəyin belə öhdəsindən gələ bilmirsən. Məgər mən bu fleytadan da pisəm, bu fleytadan da asanam? Məni nə istəsən hesab eləyə bilərsən. Sən mənə əzab da verə bilərsən, amma məni alət eləyə bilmərsən!» (Qəhqəhə çəkir və əl çalır). Bravo! Bis! Bravo! Qocalıq nədi, cəhənnəm olsun qocalıq! Heç bir qocalıq-filan yoxdu, hamısı boş şeydi, uydurmadı! Güc-qüvvə sel kimi aşıb-daşır! Cavanlıq, tazətərlik, həyat bax elə budu! Nikituşka, istedad olan yerdə qocalığa yer yoxdu! Heyrətləndinmi, Nikituşka? Çaşıb-qaldınmı? Dayan, dayan bir mən də özümə gəlim... İlahi, pərvərdigara! İndisə qulaq as... necə bir həzinlik, necə bir incəlik, necə bir musiqi! Susss... Sakit!


Açılan qapıların səsləri eşidilir.
Bu nə səsdi?

Suflyor. Yəqin Petruşkayla, Yeqorka gəldi... İstedad, Vasil Vasiliç! İstedad!
Aktyor (səs gələn tərəfə dönüb qışqırır). Bura, bura gəlin, mənim şahinlərim! (Suflyora) Gedək, geyinək... heç bir qocalıq-filan yoxdu, hamısı uydurma, cəfəngiyyatdı... (Şənlənir, qəhqəhə çəkir.) Sən niyə ağlayırsan? Mənim dəlim, niyə burnunun suyunu axıdırsan? Ee, yaxşı deyil! Bax, bu heç yaxşı olmadı! Di yaxşı, yaxşı qoca, bu baxışlar nəyə lazımdı axı? Bu baxışlar nəyə lazımdı? Di yaxşı, yaxşı... (göz yaşları içində onu qucaqlayır.) Ağlamaq olmaz, ağlamaq lazım deyil... Sənət, istedad olan yerdə qocalığa, tənhalığa, azar-bezara yer yoxdu... orda lap ölümün özü də yarıyacandı, yarıcandı... (Ağlayır.) Yox, Nikituşka, yox, bizimki elə buracanmış... məndə istedad-zad nə gəzir? Mən sıxılmış limon, ərimis buz, paslı mismar, sənsə qoca səhnə siçovulu, suflyorsan... Hə, Nikituşka, getdik!
Gedirlər.
Məndə istedad-zad nə gəzir? Ciddi pyeslərdə olsa-olsa ancaq Fortinbrasın musayiətcisi roluna yarıyıram... Hələ desən, daha bunun üçün də qocayam... Bəli... «Otello»dakı bu yer yadındadımı, Nikituşka?
Suflyor. İstedad! İstedad!
Aktyor. Ya da bu yer:
Suflyorla çıxıb gedir.

Pərdə ağır-ağır enir.


Tərcümə: Yaşar

DİGƏR MƏQALƏLƏR