KORİFEYLƏR - Sadiq Hidayət

Məşhur İran yazıçısı Sadiq Hidayətin (1903-1951) XX əsr dünya ədəbiyyatında müstəsna yeri var.   Amma onun zəngin ədəbi irsi, mürəkkəb həyat yolu hələ də layiqincə araşdırılmayıb, obyektiv qiymətini almayıb. Sürrealizmin banisi sayılan görkəmli fransız yazıçısı Andre Breton Sadiq Hidayəti dünyada magik realizmin əsasını qoyanlardan biri hesab edir, formalaşmaqda olan Latın Amerikası nəsrinə böyük təsirindən yazırdı.  Yazıçının “Diri-diri basdırılmış” (1930), “Üç damcı qan” (1932), “Aydın kölgə” (1933), “Ələviyyə xanım” (1933), “Süləngi it” (1942), “Dedi-qodu” (1944), “Hacı ağa” (1945), “Sabah” (1946) adlı kitabları, həmin illərdə yazılmış “Kafkanın ismarıcı”, “Çaykovski” kimi esseləri ədəbi cameələrin gündəmindən düşmürdü. Təəssüf ki, Azərbaycanda bu gözəl yazıçını iranşünasların dar çərçivəsindən başqa, demək olar, heç kim tanımır. Dərgimiz “Kor bayquş” romanını oxuculara təqdim etməklə, həm də bu yöndə bir ilkə imza atmış olur. 

Ömrünün çox hissəsini Avropada keçirən yazıçının məzarı Parisin Per-Laşez qəbiristanlığındadır və deyilənə görə, üstü həmişə nülufər çiçəkləriylə dolu olur...

Orijinaldan tərcümə: İlqar Əlfi
 
Kor bayquş

(roman)
Dərdsiz məxluq yoxdur. Amma dərd var, dərd var... Həyatda elə dərdlər olur ki, insanın ruhunu yavaş-yavaş, sağalmaz yara kimi içindən gəmirir, dağıdıb məhv edir. Belə dərdləri nə kimsəyə danışmaq, nə də anlatmaq mümkündür. Onu mütləq ya təsadüf sayacaqlar, ya da nadir, inanılmaz, qəribə bir şey kimi qiymətləndirib istisna olduğunu söyləyəcəklər. Əlinə qələm alıb bu dərdlərindən yazsan, onları dilinə gətirib paylaşsan belə, eşidənlər, görənlər cəmiyyətin ümumi ab-havasına, öz şəxsi dünyagörüşlərinə söykənib səni qəribə, ikibaşlı bir təbəssümlə qarşılayacaqlar. Çünki bəşəriyyət hələ bu dərdlərin çarəsini tapa bilməyib. Və çoxları özünü ovutmaq üçün ya şəraba qurşanır, ya da çıxış yolunu tiryək yuxusunda görürlər... Lakin bu “çarələrin” də təsiri müvəqqəti olur, adama təskinlik gətirmək yerinə, yarasını təzədən qövr elətdirib onu bir az da artıq incidir. Görəsən, elə bir gün gələcəkmi, kimsə ölümlə həyat, yuxu ilə reallıq arasında yaşanan bu dumanlı, əsrarəngiz ovqatın sirrini aça bilsin?
Sizə belə hadisələrdən biri haqda danışmaq istəyirəm – öz başıma gələn, məni möhkəm sarsıdan, şüurumdan heç vaxt silə bilməyəcəyim bir hadisə. Bunu izah edə bilmirəm, amma nə qədər ki, yaşayıram, onun vurduğu sağalmaz yaranın zəhəri bütün varlığımı culğayacaq. Mən “zəhər” yazdım, amma elə “damğa” da deyə bilərdim. Yəni, əslində, həmin o müdhiş hadisənin canıma basdığı damğanı daim gəzdirdiyimi, ömrümün sonuna kimi daşıyacağımı demək istəyirəm.
Çalışacağam, yadımda nə qalıbsa, bu hadisə ilə əlaqədar nə varsa, hamısını yazım. Bəlkə yalnız onda bir nəticəyə gələ biləm, hər şeyi, heç olmasa, özüm üçün aydınlaşdıram və bütün bunların həqiqətən baş verdiyinə inanam – ən əsası öz inanmağımdır. Çünki başqalarının inanıb-inan­ma­ma­sı­nın mənim üçün o qədər də əhəmiyyəti yoxdur. Bircə bundan çox qorxuram: günlərin birində, lap elə günü sabah, özümü tanımamış bu həyata əlvida deyəm, bu dünyadan köçüb gedəm. 
 
 
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR