RUS POEZİYASINDAN SEÇMƏLƏR - FYODOR TÜTÇEV

Fyodor Tütçev (1803-1873) rus poeziyasında fəlsəfi-romantik xətti yeni çalarlarla zənginləşdirən və ona özünəməxsus naxışlar əlavə etməklə lirik şeirin dahiyanə nümunələrini yaradan ustad şair kimi məşhurdur. Tütçev poeziyasında insanla təbiət arasında keçilməz sərhəd yoxdur; ucsuz-bucaqsız rus təbiətini bədii gerçəkliyə çevirən, insanı təbiətə, təbiəti insana qovuşdurmaqla təkrarsız mənzərələr yaradan şair özü də bənzərsizdir. 

 

Orijinaldan tərcümə: Mahir N. Qarayev

 

* * *

 

Başını suların üstünə əyib,

Nədir istədiyin, umduğun, söyüd?

Sənin canındakı bu nə həvəsdi –

Olmaya titrəşən yarpaqlarınla

Tutub saxlamaqdı axını qəsdin?

 

Yapışıb sulardan hər bir yarpağın 

Ha tutub saxlasa, ha çırpınsa da

Bircə göz qırpımı dayanmır axın;

Qımışıb üzünə gün işığında

Eləcə durmadan axır ki, axır…

 

1836

 

* * *

 

Duyğudan əsər yox gözündə sənin, 

Sözündə bir tikə haqdan işartı,

Sinəndə döyünən ürək də deyil.

Sonadək möhkəm ol, ürəyim mənim:

Nə bir yaradan var yaradılışda, 

Nə də mənası var yalvarışların!

 

1836

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR