YADDAŞ - Yekatrina Vitis

“...Məktubumu necə bitirim? Hardan güc-qüvvə tapım, oğul? Sənə olan məhəbbətimi insan dilində ifadə etməyə gücü yetən sözlər varmı?..” 15 sentyabr 1941-ci ildə faşistlər tərəfindən Romanovkada güllələnmiş Yekaterina Savelyevna Vitis, oğlu Vasili Qrossmana ölümqabağı yazdığı son məktubunda bu sözlərlə sanki yerə-göyə hayqırırdı. Zamanın dibi görünməz uçurumuyla, Tanrının susqunluğuyla üzbəüz, dünyanı bürümüş ədalətsizliyin sonsuzluğu içində iztirab dolu yaşantılarını sətir-sətir oğluna yazan ananın bu məktubu bütün dövrlərə bir ismarışdı bəlkə də... Bəlkə də oğlu, görkəmli yazıçı, məşhur “Həyat və tale” romanının müəllifi Vasili Qrossman elə bu üzdən həyatının sonuna kimi anasına cavab məktubları yazırdı... Qəribədir, deyilmi? Həyatın ironiyası gec-tez tarixin aynasına daş kimi çırpılır və çiliklənən həqiqətlər zaman-zaman insanları düşünməyə vadar edir. Bu ananın məktubu kimi...

 

Orijinaldan tərcümə: İbrahimxəlil Balayoğulları


CƏHƏNNƏMDƏN MƏKTUB 

 

Vitya, cəbhə xəttindən uzaqda, yəhudi gettosunun tikanlı məftilləri arxasında olmağıma baxmayaraq, əminəm ki, məktubum sənə yetişəçək. İstəyirəm, son günlərim haqqında məlumatın olsun. Onda həyatdan köçmək məni elə də incitməz.

Vitya, insanların gerçək üzünü tanımaq çox çətindir... İyulun yeddisində almanlar şəhərə soxuldular. Şəhər bağındakı radioda son xəbərlər verilirdi. Poliklinikadan yenicə çıxıb yol gedirdim, radionu dinləmək üçün dayandım. Diktor döyüşlər haqqında Ukrayna dilində yazı oxuyurdu.  Uzaqdan atışma səsi eşidildi, adamlar bağın içindən qacmağa başladılar. Yol boyu təəc­cüb­ləndim ki, niyə bəs həyəcan siqnalını eşitməmişəm. Qəfildən tank gördüm və kimsə qışqırdı: “almanlar şəhərə soxuldular!” “Çaxnaşma sal­mayın!” – dedim. Bu hadisələr ərə­fəsində Şəhər  Şurası katibinin yanına gedib, ondan əhalinin nə vaxt köçü­rüləcəyini soruşmuşdum. O isə əsəbiləşmişdi: “Bu barədə danışmaq tezdir, biz hələ heç siyahıları da tut­mamışıq...” Bir sözlə, bunlar almanlardı. Bütün gecəni qonşular təlaş içindəydi, körpə uşaqlar, bir də mən hamıdan sakit idik. Taleyimlə barışaraq öz-özümə dedim  ki, hər kəsin başına nə gələcəksə, mənim də başıma o gələcək. Səni bir daha görməyəcəyimi düşünəndə dəhşət məni bürüdü. İçimdən bütün ruhumla sənə baxmaq, alnını, gözlərini öpmək keçdi. Sonra fikirləşdim ki, sən axı təhlükəsiz bir yerdəsən, bu isə gerçək xoşbəxtlikdir. Səhərə yaxın yuxuya getdim, ayılanda dözülməz bir qəriblik hiss etdim. Mən öz otagımda, yata­gım­daydım. Lakin özümü yad yerdə, yal­qız hiss edirdim. Elə həmin səhər mənə sovet hakimiyyəti dönəmində unutmaqda olduğum yəhudiliyimi xatırlatdılar. Almanlar yük maşınında gedir, “Yuden kaput!” – qışqırırdılar. Sonra qonşu­lardan bəziləri də bunu mənim yadıma saldı. Süpürgəçinin arvadı pəncərəmin altında durub qonşuya deyirdi ki, şükür Allaha, cuhudların sonu gəldi. Bu kin-küdurət, bu nifrət hardandı? Öz oğlu yəhudiylə evlidir; vaxtilə bu qarı oğluna qonaq gedər, nəvələri haqqinda mənə agız­dolusu danışardı.  Digər bir qonşumuz, sənə haqqında danışdığım, Alyonuşka adlı altı yaşlı gözəl, mavigöz qızı olan dul qadın bizə gəlib dedi: “Anna Semyonovna, xahiş edirəm, axşama kimi əşyalarınızı toplayın, mən sizin otagınıza köçəcəyəm”. “Yaxşı, onda mən də sizin otağınıza yığı­şa­ram”, – deyə cavab verdim. O isə: “Yox, siz mətbəxin arxasındakı daxmaya köçəcəksiniz”, – dedi. Mən bundan imtina etdim. Orada nə ocaq vardı, nə pəncərə. Poliklinikaya getdim, geri dönəndə gördüm ki, otagımın qapısı sındırılıb, əşyalarımı isə həmin hinəbənzər daxmaya atıblar. Qonşu dedi ki, divanı özünə saxlayıb, çünki onsuz da sizin yeni otağın qapısından keçməyəcəkdi. Qəribədir, o, texnikum bitirmişdi, rəhmətlik əri də xoşxasiyyət, sakit bir adamdı, Ukopspilkada mühasib işləyirdi. Amma elə qəribə tonla: “Siz qanundankənarsınız”, – dedi ki, sanki bu onun xeyrinəydi və ona böyük mənfəət gətirəcəkdi. 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR