BALKAN ƏDƏBİYYATI - Milorad Paviç

Görkəmli serb yazıçısı Milorad Paviç (1929-2009) çağdaş dünya ədəbiyyatının unikal simalarından, bir romanla adını korifeylər sırasına yazdırmış nadir sənətkarlardandır. 

Yaradıcılığa 1967-ci ildə çapdan çıxmış poetik toplu ilə, sıradan bir şair kimi başlayan Paviçin 1984-cü ildə yazdığı “Xəzər sözlüyü” romanı bütün dünyada ədəbi hadisə kimi dəyərləndirildi, Avropa, ABŞ və Braziliyadan olan ekspertlər tərəfindən müəllifin Nobel mükafatına namizədliyi irəli sürüldü, mütəxəssislər 100 000 sözdən ibarət bu kitabı çağdaş dünyanın öz vaxtını qabaqlamış ən yaxşı romanı elan etdilər. 

Cənubi Amerikada “Müasir dövrün ən mühüm yazıçısı» tituluna layiq görülən, fransız və ispan ədəbiyyat araşdırmaçılarının “XXI əsrin ilk kitabının müəllifi”, Avstriya tədqiqatçılarının isə “Avropa modernizminin qərargah rəisi” adlandırdıqları Paviçin çoxşaxəli yaradıcılığının daha dərin qatları “Konstantinopolda sonuncu məhəbbət” (1994), “Balıq dərisindən şlyapa” (1996), “Şüşə ilbiz” (1998) romanlarında daha aydın açılır.

Yazıçının 1991-ci ildə qələmə aldığı “Küləyin astar üzü” romanını oxuculara təqdim edirik. 

Tərcümə: Mahir N.Qarayev 
 
KÜLƏYİN ASTAR ÜZÜ
 
Gero və Leandr haqqında
 
R O M A N
 
Gero
Küləyin astar üzü – yağışın içindən keçib quru qalan tərəfidir.
Yalançı peyğəmbərlərdən biri
“Həyatının birinci yarısında qadın uşaq doğur, ikinci yarısında isə özünü, yaxud doğmalarını öldürüb öz içindəcə dəfn edir. Məsə­lə yalnız ondadır ki, ömrün bu ikinci yarısı nə vaxt başlayır”.
Kimyaçı tələbə Geroneya Bukur bu fikri beynindən keçirə-keçirə soyutma yumurtanı elə alnındaca sındırıb yedi. Bununla da bütün azuqə ehtiyatını tükətdı. 
Qızın saçları hədsiz uzun idi; sa­çından hörük düzəl­dib, ayaqqabı­larını geyinəndə dabankeş yerinə istifadə edirdi. Özü də Belqradın ən qələbəlik yerində məskunlaşmışdı – “Qızıl çəllək” kafesinin üstündə otaq kirələmişdi, soyuducusu da sevgi romanları və kosmetikayla doluydu. Cavan idi, dükana alış-veriş eləməyə gedəndə kağız əskinasları ovcunda burun dəsmalıtək bərk-bərk sıxır, fikirləşirdi ki, kaş günortadan sonra hansısa dənizin suları üzərində uzanıb, yarım saatlığa dincini alaydı. Atasının küləyın qovduğu ləpələr sayağı qırışlı əlləri çox yaxşı yadındaydı və qız həm majorda, həm minorda susmağı bacarırdı. Hamı onu Gero çağırırdı. İstiotun ölüsüydü, öpüşlərinin tamı həmişə sərt olurdu, ağ kimyaçı xalatının altında isə bir cüt tüklü döş qabarırdı. Elə cəlddi ki, hətta öz qulağını da dişləyə bilərdi. Xörəyi ağzındaca həzm edirdi və bilirdi ki, qadın adlarının böyük əksəriyyəti öz əslini saxladığı halda, bəziləri hər bir neçə əsrdən sonra kişi adına çevrilir.
Lakin elə nəsnələr vardı ki, Gero onları öz dünyasının ağ səhifəsinə yazmağı heç cür bacarmırdı. Məsələn, yuxular. Fikirlə­şirdi ki, hər şeyin ona beş barmağıtək bəlli olduğu belə bir sadə həyatda adına yuxu deyilən bunca anlaşılmaz nəsnələr, görəsən, hər axşam necə peyda olur, haradan yaranırdı? Elə bir nəsnə ki, hətta ölümdən sonra da davamı vardı.
“Yuxular canlanıb dirilir, – qız düşündü, – özü də əksər halda qadın yuxuları kişi bədənində, kişi yuxuları isə qadın bədənində... Son vaxtlar mən öz yuxu­la­rım­da o qədər adamla rastlaşıram ki, gəl görəsən! Artıq içim adamla doludur!”
Bu qənaətə gələndən sonra Gero çox düşünmədən qalın cildli bir dəftərxana kitabı aldı, yuxularını ikili mühasibatlıq qaydalarına uyğun şəkildə kitaba köçürt­məyə başladı. Bu işin axırına çıxmaqda qərarlıydı. Özü də yuxularında vaxtaşırı peyda olan hər şeyi – çini qabları, armud və tikililəri, Taybuy­nuzları və atları, saç sancağı və gəmiləri, vəhşi qatırları və mələkləri, stəkanları və budağına qonanda göyərçinin qarğaya çevrildiyi Perideks ağacını, mətbəx stullarını və qulağından mayalanan yexidnaları, avtomo­bil­ləri və yuxularındakı bütün digər vəhşi heyvanlar üçün inanılmaz cazibədarlığa malik kəskin qoxulu pantera nəriltilərini – bircə-bircə ora yazırdı. Hamısını xüsusi bölmələrə köçürüb, hər bir hadısə üçün nömrə ayırır, dəyərini müəyyən­ləş­dirir və kitaba köçürülmə tarixini qeyd edirdi. 
Qızın yuxularına ən çox girən ağacın kölgəsindən uzağa sürünmək izni olmayan ilan idi. Adətən, belə hallarda ilan ağaca dırmaşırdı və üstünə quş qonmayınca özünü budaq kimi aparırdı. İlan quşa sual verirdi, quşun cavabı düzgün olmurdusa, ilan quşu udurdu və onda Gero çaşıb qalırdı: bilmirdi bu vəziyyəti bir bölməyə salsın, yoxsa iki bölməyə. 
Geronun öz inventar kitabına tez-tez qeyd etdiyi digər bir hadısə də – ufacıq oğlan uşağı idi. Uşağın atası ətdən, anası mərcidən başqa dilinə heç nə vurmurdu. Beləliklə, oğlan atasına görə yalnız ətlə, anasına görə yalnız mərciylə qidalanmalı olurdu və məntiqlə belə çıxırdı ki, qızın yuxusunda bu uşaq acından ölməlidir.
“Bəllidir ki, biz hər gün öz içimizdə xeyli məsafə qət edirik, bunu bizim içimizdə başqaları da edə bilər, – Gero öz inventar kitabının qırağında yazmışdı, – biz bu səyahəti xüsusi daxili hərəkətlə, çevikcəsinə, həyatda heç zaman əlimizdən gəlməyən bir bacarıqla edirik. Yuxudakı bu daxili hərəkət həyatdakından xeyli dolğundur, çünki hərəkətsizlik mükəmməldir, o hər şeyin ilkin səbəbidir və öz sabitliyində hərəkəti də ehtiva edir. Lakin – sonra qız düşündü, – yuxu heyvan kimi də qəbul edilə bilər”.
Uşaq vaxtlarında Gero qardaşıyla birgə əcnəbi dilləri öyrən­di­yindən yuxularında həm özünün, həm də başqalarının yararlandığı dil formalarını xüsusi diqqətlə inventarlaşdırırdı. Bu, yuxu qrammatikasına, yuxugörmə linqvistikasına və yuxuda işlədilən sözlərin toplusuna bənzər bir şey idi; ən çox da iyirminci əsrin iyirminci illərində cavan xanımlar arasında dəbə minmiş “it lüğəti” deyilən lüğətə oxşayırdı. Gənc xanımlar ora öz tazılarının, pudellərinin, bulteryerlərinin anladığı ifadələri qeyd edirdilər. 
Geronun lüğətində də yuxu öz sahibi ilə müxtəlif dillərdə danışan, ancaq qızın leksikonundakı müəyyən sözləri öyrənmək qabiliyyətində olan heyvan kimi yozulurdu. Qız bu əcaib heyvanın danışıq qrammatikasını az-az, tədricən mənimsə­yirdi, hətta o qənaətə gəlmişdi ki, yuxuların dilində ismin bütün halları mövcud olsa da, feilin bütün zamanları mövcud deyil. 
Lakin bu səhər Geronun halı yuxuluq deyildi. Mart fevralın günlərini çırpışdırırdı, kresloların üstünə səpələnmiş otların qoxusu da sanki canlı idi. 
O, hazırda tətilə buraxılmış şagirdlərinin fransızca yazdıqları poçt açıqcalarında qırmızı karandaşla düzəlişlər aparır, yazılara qiymət qoyurdu. Gero dərslərindən axsayan məktəblilərlə məşğul olur, bununla gündəlik ruzi­sini qazanırdı. İntəhası, dərs mövsümü təzəlikcə başa çatmışdı, o da balıq kimi aclıq çəkir, acından az qala damağı zoqquldayırdı. Qəzeti vərəq­lədiyi müddətdə sol ayağı sağ ayağını yandırmaqdaydı. Orda belə yazılmışdı:
“Həftədə iki dəfə uşaqlarla məşğul ola biləcək fransız dili müəllimi axtarırıq. Dobraçina küçəsi, 6/111”.
 Gero uzun hörüyünü həlqə kimi başına dolayıb qulağının arxasında yumru­ladı, Dobraçina küçəsindəki altı nömrəli evin üçüncü mərtəbəsində peyda oldu. Giriş həyətdən idi. Hər mənzilin günəşli tərəfə açılan pəncərəsi vardı; bir pəncərə də külək tutan tərəfə açılırdı. Yayda güvə burda hətta itlərin də canına daraşırdı. 
 
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR