AZƏRBAYCAN ƏDƏBİYYATI - Saday Budaqlı

YAXŞI OĞLAN

(hekayə)

Onu üzünə tərifləyəndə, hə­mi­şə özü-özündən xofla­nırdı, içində bir etiraz qay­nayırdı, elə bilirdi onu dolayırlar, başını aldadırlar, istəyirdi qarşısındakını sancsın, necəsə incitsin, xətrinə dəysin. Bu hiss ona hələ məktəbdə oxuyandan tanışdı. Oğlanlar vardı, işləri-gücləri qızlara sataşmaq idi. Gündə birinə eşqnamə oxuyurdular, küçədə eşitdik­ləri şit-şit söhbətləri onlara danışmaq­dan ləzzət alırdılar. Belələrinə qızlar, “həyasızdı”, deyirdilər, “pis oğlandı”, deyirdilər. O isə qızların gözündə yaxşı oğlandı, tərbiyəli, qanacaqlı idı. Ancaq elə oğlanlarla qızlarınki tuturdu, elələriylə darıxmırdılar, “həyasızdı” deyə-deyə yenə gedib çənələrinin dibini kəsdi­rirdilər, üçü bir yerə yığışanda da söhbətləri onlardan olurdu. Belə görən­də, heç kimin yadına düşmə­yəndə, hərdən-hərdən onun da ürəyindən pis oğlan olmaq keçirdi. 
O vaxtdan xeyli sular axmışdı. Artıq ailəsi, uşağı var idi, saçını ordan-burdan ağartmışdı, müvəqqəti saya-saya iki ildi nəşriyyatda korrektor işləyirdi və çoxu qız-gəlin çalışan, müvəqqəti saya-saya isnişdiyi bu korrektura şöbəsində də, görünür, onun xətrini istəyirdilər, yaxşı oğlan bilirdilər, elə yaxşı oğlan idi ki, hətta ürəyinin ən məhrəm sözünü də ona deyən tapılırdı.
Otaqda altı nəfərdilər. İki-iki otu­rurdular, biri hündürdən əlyazmanı oxuyurdu, o biri korrekturanı yoxlayırdı. Ona görə bu balaca otaq həmişə səsli-küylü olurdu, ancaq səs-küydən çox onu beş qadının içində oturmaq bezdirirdi. Elə bil iynə üstündədi; nə dedi, necə oturdu, nə geyinib, kimə baxdı, necə baxdı – gərək hər hərəkətini, hər sözünü ölçüb-biçəydi, baxışlarını özbaşına buraxmayaydı ki, gedib camaatın ora-burasında xumarlana. Onun qaraltısı da qadınları çox əl-ayaq açmağa qoymurdu, hərdən gözləri onda ola-ola pıç-pıça keçəndə qanırdı ki, otaqda artıq adamdı. Ancaq pıç-pıça qədər danışılanlar bəs eləyirdi, otaqdan çıxmaya-çıxmaya nəşriyyatın dəhliz­lə­rində dolaşan iş yoldaşlarının künc-bu­caq­da, ya nəşriyyatdan xeyli uzaqlarda nə hoqqadan çıxdıqlarından xəbərdar olsun. Yaxşı ki, otağın eyvanı var idi, sərbəst olmaq istəyəndə, siqaret çəkmək bəhanəsiylə bu eyvana çıxırdı, küçədən keçənlərə baxa-baxa gündəlik qayğılardan, müvəqqəti də olsa uzaqlaşıb, özünü baş tutan, baş tutmayan arzularının axarına buraxırdı.
Nərgizi ilk dəfə görəndə, ağlına gəlməzdi ki, həyatında nəsə dəyişəcək, onu bezdirən bu səsli-küylü otaq üçün darıxacaq. Qonurgözlü, sısqa, uzun­bo­ğaz, nəzər-diqqəti cəlb eləməyən cavanca bir qızdı. Otaqdakılara yo­vuş­murdu, çox vaxt orda-burda büzüşüb, qarnı ilə əlləşirdi. Bəlkə elə uzaqdan hiss olunan tənhalığı, fikirli gəzməyi onu çəkdi, ya da hər şey bir yerdə korrektura oxumaqdan başladı. İstər-istəməz hər gün hal-əhval tuturdular, işarası, ya eyvanda da­ya­nanda kəlmə kəsirdilər, nəsə so­ru­şurdular, nə iləsə maraqlanırdılar, ona görə hər gün istər-istəməz bir-birinin haqqında təzə bir şey öyrənirdilər. Əvvəl-əvvəl onun öyrəndiyi üzdə olanlardı; bilirdi, Nərgiz üç ildi Bakıdadı, kiçik qardaşı ilə, telefonuna görə dözdüyü xəfə bir otaqda kirayədə qalır, universitetdə axşam oxuyur, hərdən verilişlər yazdığı radioya da qaçdığından, evə çatanda xurt düşür, daha onun gəzməyi, kinosu, teatrı – paltar yumaq, yemək bişirmək, ən yaxşı vaxtlarda da kitab, jurnal olur. Sonra yağış yağırdı. Sonra soyuqlar düşürdü, payız yarpaq-yarpaq ölürdü. Kiminsə işi çətinliyə düşürdü – o da bilirdi ki, Nərgiz özgə dərdinə biganə deyil, xeyirxahlıq görəndə kövrəlir, yaxşılıq eləyəndə utanır; bilirdi ki, Nərgiz yol getməyi, yağışa baxmağı, yol gedə-gedə fikirləşməyi xoşlayır; bilirdi ki, az qala, hər gün yuxular görür, intəhası, nə qədər çalışsa da, gördüyü yuxunu səhərlər yadına sala bilmir. Elə bil əlinə təzə kitab keçmişdi. Macal tapan kimi istəyirdi götürüb oxusun, qəhrəmanın taleyindən xəbər tutsun, haqqında daha nələrsə öyrənsin və daha çox şey öyrəndikcə, maraq onu çəkib aparırdı, özü də unamadan hadisələrin iştirakçısına çevrilirdi, onunla bir yerdə sevinirdi, ağlayırdı, əzab çəkirdi. Günlərin bir günü isə gördü ki, Nərgiz onun üçün yad adam deyil, Nərgizin həyatını, yaşayışını gözüyumulu təsəvvür eləyə bilir, hətta yada sala bilmədiyi yuxularından da xəbəri var; onu da hiss elədi ki, irili-xırdalı qayğıların içində Nərgiz möhkəmcə darıxır, özünə yer tapa bilmir, nəsə istəyir, nəsə axtarır və nəsə axtara-axtara, nəsə gözləyə-gözləyə bədbinləşir, ümidsizləşir, həyatından bezikir. Bu hal ona tanış idi, bir vaxt o da nə üçün doğulduğu, yaşadığı barədə, həyat, ölüm, xoşbəxtlik barədə baş sındırmışdı, hamıda təmizlik axtarmışdı, tərsəməssəb suallarla özünü çox üzmüşdü. Onu da bilirdi ki, bu hal müvəqqətidi, ötəridi, qızılca kimi bu “xəstəliyi” hansı yaşdasa keçirirsən, oddan, sudan adlayıb dünya ilə barışırsan, gec-tez hər şeyi olduğu kimi qəbul eləyirsən. Elə bunları Nərgizə deyirdi, istəyirdi ona kömək eləsin, təsəlli versin, ümidsizliyin, düşkünlüyün ötəri olduğuna inandırsın. Bir ətrafına bax, deyirdi, hamı sənin kimidi, hərənin öz dərdi-səri var, öz qayğıları var. Heç kim qeyri-adi həyat sürmür, kimsə vur-tut o birindən bekara yaxşı dolanır. Evindəki mebel o birisininkindən bir az qəşəngdi. Gəzmək, görmək, dincəlmək imkanı bir az çoxdu; əgər sən bunları xoşbəxtlik sayırsansa, qibtə eləməyə dəyməz, çünki bunları hamı qazana bilər, bu hamının öz əlindədi. Danışa-danışa da bir laqeydlik duyurdu. Hiss eləyirdi ki, sözləri ürəkdən gəlmir, içini qımıldatmır. Gözündə hamı cılızlaşırdı, mənasızlaşırdı, böyür-başında gördüyü elə bil ölü adamlardı, öz arzularını, istəklərini öldürmüş adamlar; kövrəlirdi, gözləri dolurdu, çünki o da bu adam­lardan biriydi, arzularının heç mində birinə də çatmamışdı, heç vaxt istədiyi kimi yaşaya bilməmişdi, özünü ağrıt­mamaq üçün bacardığı arzu­la­mamaq, arzusuz yaşamaq olmuşdu. Sən indi elə yaşdasan ki, deyirdi, hamını yaxşı görmək istəyirsən. Pisliyin üstündən keçə bilmirsən, yaxşı saydığın adamda pis bir şey tapan kimi bədbinləşirsən, ondan da, özündən də, dünyadan da zəhlən gedir, amma vaxt gələcək, pisdə yaxşı axtaracaqsan, o yaxşını tapanda sevinəcəksən, o adamı başa düşə biləcəksən. Nərgiz ona dinməzcə qulaq asırdı, onu eşidib-eşitmədiyini, onun keçirdiyi hissləri keçirib-keçirmədiyini necəsə sezdirmirdi, ona görə boş yerə danışdığını fikirləşib, bəzən həvəsdən düşürdü, yarı yolda söhbəti dəyişirdi, hərdən də zarafata salıb, məhəbbətdən söz açırdı, bədbinliyinin heç kimi sevmədiyindən olduğunu deyirdi. Nərgiz bircə bu vaxt bir az canlanırdı, başını yırğalayırdı ki, heç bu haqda danışmağa dəyməz, o heç kimi sevməyib, sevmir, sevməyəcək də. Belə sözlərə inanmırdı, ancaq onu sorğu-sualla qısnamırdı da, indi bu cür danışırsan, deyirdi, hələ nə yaşın var, hələ nə görübsən, bir də gözünü açacaqsan ki, bir ağ atlı oğlan peyda olub, həyatını alt-üst eləyib, ürəyini ovlayıb, onda dünya da gö­zəlləşəcək, həyatın da; onda bu gün fikirləşdiklərini yadına salıb, özünə güləcəksən.
  
 Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub   

DİGƏR MƏQALƏLƏR