AZƏRBAYCAN ƏDƏBİYYATI - Vaqif Bayatılı Ödər

GÖZ YAŞIYLA AXAN ŞAİR

 

Bir göz yaşında azmışam

üzlə axıram aşağı,

ancaq üzü tanımıram

Bu göz yaşı məndən axır?..

Mən bu gözü tanımıram...

Bütün vücudu və ruhuyla daim Allaha can atan Vaqifi yolundan heç nə döndərə bilmədi. Nə bu dünya, nə onun mal-dövləti, nə çox şairləri yo­lundan azdırıb qələmini əlindən salan şöhrət azarı. Vaqifi, şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kəsin qüdrəti çatmadı. 
 Vaqif Sözün xəstəsi, Onun quludu. Bir sözün o biri sözün yanında hansı vəziyyətdə durmasından, hansı sözün hansına daha çox yaraşmasından izaholunmaz zövq alan, hansı sözün hansına kölgə salmasından günlərlə, bəzən aylarla əzab çəkən Vaqifin şairliyi mənə, kimsəsizlər evində çalışan əzab­keş dayənin həyatını xatırladır.    Vaqif, əslində, sözlə ötürülməsi mümkün olmayan ələgəlməz duyğu­la­rını, necəsə, oturtduğu bu sözlərə, əsl mənada, dayəlik edir. 
Vaqif Bayatlı bu gün Azərbaycanda ən çox tanınan və oxunan şairlərdəndir. Şeirləri bir çox dillərdə və ölkələrdə oxunur, sevilir. Lakin özünün və şeir­lərinin ətrafında ildən-ilə cücərib yaşıllaşan kütləvi sevgi bizim Vaqifi ovutmur, onu qışın çovğununda, yayın istisində sərgərdan gəzdiyi küçələrdən, yollardan ala bilmir, gözlərinin dərin­liyinə həkk olunmuş kimsəsizlik qorxusunu yoxa çıxarmır. Vaqifin daim oyaq qəlbini, əbədi ac ruhunu nə geniş xalq kütlələrinin məhəbbəti, nə əcnəbi millətlərin marağı, nə varlı mərhəmət­lilərin pərəstişi doyura bilmir. Uzaq, qədim qərinələrdən gəlmiş bu qəlbi tək bir İlahi Sevgi – ona nə vaxtsa rəhmlə: “Ol!..” – demiş və elə həmin an da, gözlərinin dərinliyinə baxıb: “Şair ol!” – demiş Uca Eşqin səbəbsiz nisgillər oyadan Böyük Sevgisi doyurur. 
 
A. Məsud
 
“Bəy Atlı Şeirlər” diyarından:

                                       
Diz çöküb torpağı – əslində bütün yerüzünü öpənlər həmin anda 
həm də yerüzünə uzanan Göyüzünü  – Tanrı ətəyini  də öpürlər
 
Gündüz, ya gecə
diz çöküb torpağı, həm də beləcə –
bütün yerüzünü öpənlər
əslində yerüzüylə birgə Tanrı göyünü – 
onun bütün kainatı örtən, 
öpən ətəyini öpürlər.
Tanrı ətəyini yerüzündən diz çöküb
göyüzündə öpənlərin həmişə, hər an,
hamısının bir-bir, tək-tək 
balaca günəşlərtək qalxan,
balaca günəşlərtək öpən alınları, öpən gözləri,
balaca günəş budaqlarıtək qatlanıb öpən, 
qatlanıb günəş açan dizləri mübarək.
  
  
“Dünyanın ən təhlükəli anlarında dünyanı ağıllandıran dəli gerçəkləri, - ancaq təhlükələrdən açılan uçurum çiçəkləri” silsiləsindən
Çox adam çaxırdan, araqdan, hətta ən son anda boş şüşədən, mənsə şeirdən, elə ilk andan boş varaqdan sərxoş oluram
   
Kimlərsə bir coşqun çayı keçəntək
bir şüşə şərabdan keçməkdən,
o coşqun çayı 
hər iki dünyanı birdən içirmiştək içməkdən,
bədənləri, ruhları,  canları
boşaltdıqları sərxoş badələrtək şərabdan çox,
hər iki dünyayla dolmaqdan, 
hətta üçüncü dünya həsrətində qalmaqdan sərxoş olurlar.
 
Ən şairanələrsə, 
dünya gözəli gözlərinə baxantək
eşqlə dolu badənin gözlərinə
elə bircəcə an baxmaqdan,
baxcaq da, o badəylə dolmaqdan, 
elə o andan da o badənin,
o gözlərin olmaqdan sərxoş olurlar.
Mənsə badə eşqlə dolantək sözlə dolub, 
önündə ən dəli badənin də diz çökdüyü
eşqdən də sərxoş, dəli söztək ağlamaqdan, gülməkdən,
eyni anda ağlaya-ağlaya, gülə-gülə
ən ağıllı sözdən də çox,  
ən dəli sözün eşqindən ölməkdən sərxoş oluram.
 
 
 
Ruha, cana çox zaman yalan deyən şərablar haqda yox,
ruha, cana eşqtək qalxan Şahanə Şərablar haqda
 
Dünyaya günəştək çıxan,
ən buludlu canlara da günəştək, eşqtək qalxan,
günəştək, eşqtək baxan o şahanə şərabları
hər zaman, hər çağ içmək günah ancaq 
Hər zaman, hər çağ 
onları ancaq gültək, çiçəktək qoxlamaq,
diz çöküb sevgiylə, eşqlə onlara baxmaq,
onları ruhun gözləriylə görmək,
     öpmək, oxşamaq gərək ancaq.
Hər zaman, hər çağ onları içmək – 
gözəlliyi, göyü içmək, gülü yeməktək,
adi suya çevirib mədəyə, gödənə, bədənə,
ordan da ayaqlar altına atmaq demək.
  
  
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR