NOBEL KÜRSÜSÜ - Xuan Ramon Ximenes

Həssaslığın tərənnümü

 

XX əsr ispan ədəbiyyatını Xuan Ramon Ximenesin adı olmadan təsəvvür etmək çətindir. Bu poeziyanı həssaslığın tərənnümü adlandırmaq olar: şair hissiyyat və düşüncənin elə ağlagəlməz detallarını elə ustalıqla təsvir edir ki, heyran qalmaya bilmirsən.  

Xuan Ramon Ximenes 1881-ci ildə Əndəlus vilayətinin Moğer qəsəbəsində anadan olub. Ailəsinin istəyi ilə hesablaşıb Sevilya univeristetinin hüquq fakültəsinə qəbul olunsa da, o vaxtının çoxunu uşaqlıqdan sevdiyi incəsənətə, xüsusən də poeziyaya həsr edir. 

Univeristetin ilk kursunda oxuyarkən artıq onun Madrid mətbuatında silsilə şeirləri çap olunur, bu şeirlər ona qarşı ilk diqqətin yaranmasına səbəb olur. Bundan sonra gənc şairi paytaxta dəvət edirlər. O, univeristet təhsilini yarımçıq qoyub gənc yazarlarla birlikdə Madriddə modernist yönlü "Helios" və "Renacimento" jurnallarını təsis edir. 

1900-cu ildə “Bənövşənin ürəyi” adlı ilk şeirlər kitabı çap olunan gənc Ximenes üslub gözəlliyi və incə lirikasına görə tənqidçilərin rəğbətini qazanır. 

Bundan sonra Ximenesin kitabları ardıcıl nəşr olunmağa başlayır. 30 yaşında o artıq ondan çox kitabın müəllifi idi. 

Modernist şeirin ruhuna uyğun ümidsizlik, kədərli ovqat Ximenes poeziyasında aparıcı yer tutsa da, əslində onun modernist şeirlərinin kökündə klassik ispan poeziyasının ənənələri durur.  

1912-ci ildə Хimenes qırx il birgə ömür sürdüyü gələcək xanımı –  ispan əsilli şairə Zenobiya Kamprubi ilə tanış olur və birlikdə Rabindranat Taqorun şeirlərini ispan dilinə çevirirlər.

ХХ əsr ispan ədəbiyyatında Хimenes şair kimi deyil, həm də tənqidçi və naşir kimi də tanınıb. O həmçinin şeirin fəlsəfəsi və nəzəriyyəsi ilə məşğul olub, araşdırmalar aparıb.

İspaniyada vətəndaş müharibəsinin başlanması Хimenesin həyatını dəyişir. O Franko rejiminin qəti əleyhinə çıxır. Respublika hökuməti şairin həyatına yaranan təhlükəni nəzərə alaraq, onu ABŞ-a mədəniyyət işləri üzrə attaşe göndərir. Frankonun qələbəsindən sonra Ximenesin İspaniyaya yolu bağlanır. 

1949-cu ildə onun “Dərinlikdəki vəhşi” kitabı çap olunur. Yaradıcılığının son onilliyinin nəticəsi olan bu kitabı, amerikalı tənqidçilərin fikrincə Хimenesin mənəvi avtobioqrafiyası, onun poetik ideallarının tərənnümü də adlandırmaq olar.

1951-ci ildən Puerto-Rikoda məskunlaşan Ximenes burada əsasən pedaqoji fəaliyyətlə məşğul olur.  

1956-cı ili Ximenesin həyatında ən uğurlu və ən kədərli il adlandırmaq olar: o, Nobel mükafatına layiq görülür, iki gün sonra isə xanımı vəfat edir. 

Nobel mükafatı Ximenesə “poeziyada bədii saflığı və yüksək mənəviyyatı tərənnüm edən lirikasına” görə verilir. İsveç Akademiyasının yaydığı məlumatda o da deyilirdi ki, “Ximenesin şəхsində ispan ədəbiyyatının bütöv bir nəsli mükafatlandırılır”. Həqiqətən də ispandilli poeziyanın şöhrət tapmasında, dünya miqyasına çıxmasında Ximenesin adı ön sıralarda çəkilir. 

Xuan Ramon Ximenes iki il sonra vətəndən uzaqda – Puerto-Rikonun paytaxtı San Xuanda vəfat edir. 

 

 Orijinaldan tərcümə: Səxavət Sahil

 

 

Son səfər

 

Və mən gedirəm. Quşlar qalacaq

nəğməkar quşlar;

qalacaq mənim bağım: 

yaşıl ağaclarıyla 

bir də ağ quyusuyla qalacaq.

 

Günortalar buludsuz olacaq, 

mavi olacaq səma;

və səslənəcək – bu axşamkı kimi 

səslənəcək

qüllələrdəki kilsə zəngləri.

 

Bilirəm, öləcək məni sevənlər;

Kənd də dəyişəcək illər ötüncə;

və orda, bağdakı çiçəklər arasında

başlanacaq qərib ruhumun 

sərgərdanlığı.

 

Və mən gedirəm. Tək olacam: 

yurdsuz-yuvasız

yaşıl ağaclarsız səssiz-səmirsiz.

Bir də quşlar qalacaq, 

nəğməkar quşlar.

 

 Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR