NOBEL KÜRSÜSÜ
Elis Manro

Bu da Nobel...

Həyatın son həddinin, zirvəsinin ölüm olduğu kimi, hər bir işin, hər bir sənətin də belə zirvələri var. Məsələn, idmançı üçün son hədd, zirvə olimpiya çempionu olmaq, kino adamı üçün «Oskar», musiqiçi üçün «Qremmi» mükafatı almaq, yazıçı üçün bu «ölüm həddi» məlum məsələdi ki, «Nobel» mükafatına sahib olmaqdı. Bu mənada «Nobel» yazıçının həm yaradıcılığının, həm də həyatının hardasa dünya miqyasında rəsmi təsdiqidi. Nobel almış yazıçılar necə deyərlər, mühakimə olunmurlar.


Sonuncu dəfə Nobel mükafatı Kanada yazıçısı Elis Manroya verildi. Etiraf edim ki, bir qədər heyrətləndim, çünki mən bu qadın yazıçının adını ilk dəfə məhz bu xəbərin təqiimatında eşitdim. Odur ki, adını Google-də axtarışa verib, onun barəsində məlumat almaq istədim. Bu axtarış şəbəkəsində onun barəsində yazılanları oxuyanda heyrətim ikiqat artdı. Yazılanlar deyəndə, cəmi bir cümlə idi. Rus oxuculara ünvanlanmış həmin fikir belə idi: «Sizlər Elis Manro haqqında məlumatsızsınız. Onun rus dilinə demək olar ki, bir əsəri də tərcümə olunmayıb. Siz onu hələ bundan sonra tanıyacaqsız».


Ədəbiyyata, bədii əsərlərə münasibətdə ruslar qədər həssas millət bəlkə də dünyada yoxdu. Dünən də belə idi, bu gün də belədi. Hətta bir vaxtlar Sovetlər dönəmində öz ölkəsində təsdiqlənə bilməyən bir çox yazıçılar imzası tərcümə vasitəsilə Rusiyada təsdiqini tapandan sonra tanınırdı. Hətta o vaxtın xarici ölkələrinin bəzi yazıçılarını da bu siyahıya aid etmək olar. Məsələn, şəxsən mən özüm Norveçin Vesos, Almaniyanın Valzer, Kubanın Kardoso və s. yazıçıları rus dilində kəşf etmişəm, hətta öz ölkələrində belə o qədər də tanınmayan, dünyada məşhur olmayan bu yazıçıların istedadının miqyası onları mənim təsəvvürümdə dünya korifeyləri sırasına çıxarıb. Çox uzağa getməyək, elə bizim Azərbaycanın demək olar ki, bütün yazıçılarının (söhbət yazıçılardan gedir) əsərləri, hətta deyərdim ki, külliyatları rus dilində işıq üzü görüb. Onların arasında lap tanınmayanları da var ki, bu da yenə Ruiyanın nəhəng ədəbiyyat xəritəsiylə bağlı bir məqamdı.


Yaxşı, bəs onda necə olur ki, dünyanın minlərlə yazıçısı (söhbət yenə də yazıçıdan gedir) içindən seçilən son Nobel mükafatçısı Elis Manronu «rus oxucusu hələ bundan sonra tanıyacaq?!» Necə ola bilir ki, Borxesin, Kortasarın, Səlimoviçin, lap son vaxtların mükafata rəsmi iddialı namizədləri - Ekonun, Koelyonun, Züskindin, Murakaminin layiq bilinmədiyi bu möhtəşəm ödülü «rus oxucusunun hələ bundan sonra tanıyacağı» birisi alır?..


Bu suala cavab vermək mənim üçün çətin idi. Çünki bu suala cavab vermək üçün ən azı müəllifin hansısa bir əsərini oxumalıydım. Onun isə «rus dilinə demək olar ki, bir əsəri də tərcümə olunmamışdı».


Nəhayət, Elis Manronun bir vaxtlar «İnostrannaya literatura» jurnalında çox güman ki, rus dilində ilk və son dəfə çap olunmuş bir hekayəsini oxuya bildim. Və bu dəfə mən üçüncü, sonuncu dəfə heyrətləndim. Heyrətimin səbəbi bu yazıçıya ən nüfuzlu mükafatın niyə belə gec verilməsi yox, sadəcə, niyə verilməsi id. Dişimi dişimə tutub hekayəni müəyyən ixtisarla (mən buna redaktə desəm, qorxuram böyük çıxar. Nobel mükafatçısını redaktə etmək?! Əstəğfürullah!) «Xəzər» jurnalı üçün tərcümə etdim ki, «Nobel kürsüsü» rubrikası boş qalmasın. Doğrusu bu bəsit hekayəni təhlil etmək fikrindən uzağam, oxuyan öz qiymətini verəcək, amma bir məqamı qeyd etmək istəyirəm. Mən uzun illər qəzet və jurnallarda redaktorluq fəaliyyətilə məşğul olan bir şəxs kimi bu hekayənin çapına tərəddüd edər, müəllifə, yəni Nobel mükafatçısına bu əsəri yenidən işləməyi məsləhət görərdim. (Yenə də əstəğfürullah!) Hər nəsə, verilən verildi, alınan alındı. İndi bizə bu müəllifin digər yazılarının nə vaxt çap olunacağını gözləmək qalır. Amma mən daha gözləmirəm. Daha doğrusu, bu hekayədən sonra gözümü yoldan çəkdim. Görünür, Elis Manronun «Qismət»i beləymiş.


Amma bəlkə də Nobel Komitəsi mükafaı sıradan bir yazıçıya verməklə hardasa bu adın kəndarında qalan neçə-neçə böyük yazıçı qarşısında «günahını» yuyur. Yəni, bir mükafat ki, əgər Elis Manroya da verilirsə, buna görə Komitədən inciməyə dəyməz. Nobeldi də, püşk kimi bir şeydi, kimə düşdü, düşdü. Yaxud belə də demək olar: Nobeldi də, ədəbiyyat qrafasına quş qoymaq üçün kiməsə verilməliydi, biz də verdik...


Hə, belə-belə işlər, əziz Elis Manro, sizin sayənizdə başqalarını deyə bilmərəm, amma mənim ücün Nobelə də bir quş!

 

Qismət


Hekayə

1965-ci ilin iyunun ortalarında Torrans-xausda semestr başa çatır. Culietə daimi iş təklif etmədilər. Onun əvəz etdiyi müəllimə sağalıb öz işinə qayıtdı. Demək, o, evə qayıda bilər. Amma Culiet özünün dediyi kimi, xırdaca bir dövrə vurmaq istəyir - sahilin azca yuxarısında yaşayan tanışını yoluxmaq üçün.
Təxminən bir ay əvvəl məktəbdə yaşca ona hamıdan yaxın, həm də rəfiqəlik etdiyi yeganə müəllimə olan Xuanitayla köhnə «Xirosima, məhəbbətim mənim» filminə baxmağa getmişdi. Xuanita sonradan etiraf etdi ki, o da bu filmin qəhrəmanı kimi evli kişiyə, dərs dediyi qızın atasına vurulub. Həmin vaxt Culiet dedi ki, oxşar vəziyyət onun da başına gəlib, amma o, həmin kişinin arvadının faciəvi taleyinə görə bunu büruzə verməyə heç cür ürək eləməyib. Onun arvadı ömürlük yataq xəstəsiymiş, özü də anlaqsız yataq xəstəsi...
Az sonra sanki bu səfeh yalan, yaxud da yarımyalan öz ardınca bir məktub gətirdi. Konvert əzik-üzük olmuşdu, onu elə bil uzun müddət cibdə gəzdirmişdilər. Üzərində yalnız bu sözlər yazılmışdı: «Culiet (müəllimə), Torrans-xaus, 1482, Mark-strit, Vankuver, Britaniya Kolumbiyası». Direktor xanım onu Culietə verib dedi: «Fikrimcə, bu məktub sizədi. Qəribədi ki, familiya qeyd olunmayıb, amma ünvan düzgün yazılıb. Yəqin soraq kitabçasından götürüblər».
Əziz Culiet!
Sənin hansı məktəbdə işlədiyini mən unutmuşdum. Amma bu günlərdə özüm də gözləmədən yadıma düşdü və bunu bir yaxşı əlamət kimi qəbul edib sənə yazmaq qərarına gəldim. Ümid edirəm ki, sən hələ də ordasan. İnanmıram, işin elə pis gətirə ki, məktəbi semestrin ortasında atmaq istəyəsən, həm də məncə sən işini yarımçıq qoyanlardan deyilsən.
Bizim qərb sahili tərəflərin havası necədi, xoşuna gəlirmi? Əgər sənə elə gəlirsə ki, Vankuver çox yağışlı yerdi, onda ordakı yağışları ikiyə vur. Bax onda bizlərdə nələrin baş verdiyinin cavabını alarsan.
Tez-tez gecələr səninlə oturub ulduzların sayrışmasına tamaşa etməyimizi xatırlayıram. Görürsənmi, mən «sayrışma» yazdım. Çünki bizdə artıq çox gecdi, yatmaq vaxtıdı.
Ennin halı elə həminkidi. Səfərdən qayıdıb gələndə mənə elə gəldi ki, xeyli pisləşib. Amma yəqin bu, mənim onu bir müddət görməməyimlə əlaqədar idi. O, son iki-üç ildə geriləyib, amma hər gün gözümün qabağında olduğuna görə mən onun sönməyini sezməmişəm.
Məncə, Redcayn yolunda artıq on bir yaşı olan oğlum barədə sənə deməmişəm. Onu da yoluxdum. O, orada anasıyla yaşayır. Oğlum da çox dəyişib.
Axır ki, sənin məktəbinin adını xatırlaya bilməyim məni sevindirdi, amma qorxuram, sənin familini yada sala bilməyim. Məktubu yapışdıra-yapışdıra ümid edim ki, birtəhər də olsa familin yaddaşımdan boylana biləcək.
Mən səni tez-tez xatırlayıram.
Mən səni tez-tez xatırlayıram.
Mən səni tez-tez xatırlayıram.
Avtobus Culieti Vankuverin mərkəzindən Nal adi verilmiş körfəzə, ordan da birbaşa bərəyə aparır. Sonra materik yarımadasından keçid, sonra yenə bərə və yenə materik - bu məktubu yazan adamın yaşadığı şəhər- Balina körfəzi.
Mən səni tez-tez xatırlayıram.
İnsanlar bu sözləri ya sakitləşdirmək, ya da kimisə qarmağında saxlamaq ümidiylə deyirlər.
Bu Balina körfəzində mehmanxana, ya da ki, turist bazası olmalıdı.Cullet elə ora gedəcək. İri çamadanını o, məktəbdə qoyub, sonra götürər. İndi yükü yalnız çiyninə atdığı çantasıdı. Demək heç kəs ona xüsusi diqqət-filan ayırmayacaq. Gecəni orda qalar. Bəlkə ona zəng də elədi. Amma nə deyəcək?
Desin ki, rəfiqəsinə baş çəkmək üçün buralardadı? Müəllim rəfiqəsi Xuanitanın yay evi... hardadı? Xuanitanın evi meşədədi. Bəli, o, təbiət qoynunda yaşayan cəsur qadınlardandı (nadir hallarda dikdabansız gəzən həqiqi Xuanitadan tamam fərqlənir). Məlum oldu ki, bu ev azca cənub istiqamətdə, Balina körfəzinin lap yaxınlığındadı. Beləcə, həmin evdə Xuanitanın qonağı olarkən Culiet düşünüb ki... düşünüb ki... bir halda ki, gəlib bura çıxıb... düşünüb ki, niyə də...
Culietin iyirmi bir yaşı var, amma artıq klassik filologiya üzrə həm bakalavr, həm də magistr dərəcələri alıb. Dissertasiya müdafiəsinə də hazır idi, amma Vankuverdə qızlar məktəbində latıncadan dərs demək üçün fasilə götürdü. Onun pedaqoji təhsili yox idi, amma tətil zamanı gözlənilmədən bir vakant yerin olması səbəbindən məktəb rəhbərliyi onu işə götürmək məcburiyyətində qaldı. Ola bilsin, onların elanına Culietdən savayı hay verən olmamışdı. Çünki belə maaşla ixtisasca müəllim olan kəs çətin razılaşardı. Amma Culiet uzun illər aldığı cüzi tələbə təqaüdüylə müqayisədə indiki qazancından məmnun idi.
O, hündür, ağ dərili, hətta xüsusi vasitələrin belə qalınlaşdıra bilmədiyi seyrək saçlı bir qız idi. O, hardasa nümunəvi və diqqətcil məktəbliyə oxşayırdı. Anası qızına uğurlu gələcək arzulayırdı. Buna görə onu pianinoda çalmağı öyrənməyə və konki sürməyə məcbur edirdi. Atası isə ona sadəcə, öz yerini tapmağı tövsiyə edirdi. Gərək öz yerini tapasan, deməkdən yorulmurdu, yoxsa insanlar sənin həyatını cəhənnəmə döndərəcəklər.
Kollecə daxil olanda Culiet - yerimi tapdım, dedi, - mənim yerim klassik filologiyadı.
Amma burda da müəllimləri ona eyni sözləri deyirdilər. Onun istedadını qiymətləndirib, uğurlarına sevinsələr belə, onların bu təriflərinin arxasında nəsə bir narahatlıq gizlənirdi. Adam içinə çıx, deyirdilər. Guya Culietin indiyə qədər olduğu yer adamsız idi.
Amma bütün bunlar arxada qalmışdı. Culiet indi qatarda özünü xoşbəxt hiss edirdi.
Culietin gözünə nəsə bir kölgə sataşdı, sonra ona yaxınlaşan ayaq gördü.
- Bu yer boşdu?
Əlbəttə, boşdu. Başqa nə deyə bilər ki?
O kişinin yaşı yəqin əllini keçərdi. Seyrək qızılı saçlarını sanki alnına yapışdırmışdılar. Doğrudanmı rənglənib? Əlbəttə, yox. Kimdi belə seyrək saçları rəngləyən? O, eybəcər idimi? Əlbəttə. O, eybəcər idi, amma Culietin o vaxtkı nəzərincə bu yaşda olan kişilər hamısı eybəcər idi. Sonrakı ağlıyla onun eybəcərliyini elə də xüsusi qabartmazdı.
Kişi Culietin qarşısında oturdu. Və dilləndi:
- Nəsə maraqlı bir şey görmürəm.
Culiet gözlərini kitaba dikib:
- Elədir, - dedi.
Kişi üçün sanki hər şey onun istədiyi kimi çox uğurla alınmışdı:
- Belə, - dedi. - Yolunuz çoxmu uzağadı?
- Vankuverə.
- Mən də. Bütün ölkə boyu. Nə qədər ki, yol gedirsən, heç olmasa harasa baxa bilirsən, eləmi?
- Mmm...
Amma o, sakitləşmək bilmirdi.
- Siz də qatara Torontoda minmisiz?
- Bəli.
- Mən ordanam, Torontodan. Bütün həyatım orda keçib. Siz də Torontodansız?
Culiet:
- Xeyr, - dedi və pauzanı uzatmaq üçün gözünü kitaba dikdi. Amma nəsə, tərbiyəsimi, abır-həyasımı, bəlkə də mərhəməti ona güc gəldi və kişiyə yaşadığı şəhərin adını dedi.
- Kollinqvudda mənim qohumum yaşayır. Sizin o yerlər çox yaxşıdı. Neçə dəfə o qohumumun qonağı olmuşam. Siz də tək gedirsiz? Mənim kimi?
Kişi əllərini bir-birinə sürtə-surtə qalmışdı.
- Bəli.
Culiet düşündü ki, daha bəsdi, dayanmaq lazımdı.
- Mən ilk dəfədi, belə uzaq yola çıxmışam. Belə uzaq səfər, özü də tək.
Culiet susurdu.
- Mən sizin belə tək-təkinə oturub oxumağınızı görəndə fikirləşdim ki, o da təkdi, yolumuz da uzundu, bəlkə biz nəsə «yollaşa» bilərik?
«Yollaşa» sözündən Culieti qızdırma basdı. Başa düşdü ki, kişi ona ilişir. Bəzən onun başına belə hadisələr gəlirdi. Kifayət qədər yöndəmsiz, tənha, kifir kişilər çox cəsarətlə ona yaxınlaşırdılar. Sanki əminiydilər ki, bu qız da elə onlar kimidi. Və bu, Culieti olduqca dilxor eləyirdi. Amma bu dəfə məsələ başqaydı. Bu kişiyə rəfiqə yox, dost lazım idi. O, sərt baxışlarla kişiyə baxdı. Kişi onun qətiyyətini hiss etdi və üzündə həyəcan əmələ gəldi.
- Yaxşı kitabdı? Nədəndi?
- Mən oxumaq istəyirəm. Yaxşısı budu, o biri vaqona keçim.
O, hər şeyi düz eləmişdi. Amma bu, asan başa gəlmədi, qəti asan olmadı. Belə bir işin öhdəsindən gələ bilməsini hətta onun böyük qələbəsi də saymaq olardı.

Tərcümə etdi: Yaşar

DİGƏR MƏQALƏLƏR