ƏDƏBİ MOZAİKA - Arxeoloqlar Uilyam Şekspirin keçmiş evinin yerində qazıntı işləri aparıblar

 

İngiltərə arxeoloqları Startford-Eyvon şəhərində,  Uilyam Şekspirin keçmiş evinin  yerində arxeoloji qazıntı işləri aparıblar. Ömrünün sonuncu iyirmi ilində dahi dramaturqun necə həyat sürməsi ilə bağlı maraqlı faktlar aşkarlanıb. Şekspirin keçmiş evi 250 il bundan öncə sökülüb. Burada o, son vaxtlar arvadı və üç varisi ilə birgə yaşayıb. Mütəxəssislər söküntüdən qalan əlamətlərə görə belə mülahizə yürüdürlər ki, dramaturq heç də kasıb həyat sürməyib. Arxeoloqların fikrincə, evin iyirmi otağı, mətbəxi və pivə hazırlamaqdan ötrü xüsusi sexi varmış. Həmin dövrdə imkanlı adam­lardan başqa hər kəsin belə evi, bu cür şəraiti olmurdu. İstənilən britaniyalı kimi, Şekspir də pivə həvəskarı idi. Odur ki, evində pivə sexinin aşkarlanması alimləri elə də təəccübləndirməyib. Təsadüfi deyil ki, dünyada bir sıra pivə istehsal edən müəssisələr onun adını daşıyır.

Təkcə bir məsələ qaranlıq qalır: görəsən, yerli kilsənin rəhbəri evi niyə sökdürüb? Güman olunur ki, yerli keşişi Şekspir yaradıcılığına pərəstiş edənlərin çoxluğu qıcıqlandırırmış. Çünki Şekspir sənətinin vurğunları dramaturqun yaşadığı yerə toplaşmağı özlərinə borc bilirdilər. 

DİGƏR MƏQALƏLƏR