ƏDƏBİ MOZAİKA - “Rus bukeri” təqdim olundu

 “Rus bukeri”nin 2015-ci il üzrə qalibi Aleksandr Snegiryov seçilib. Yazıçı bu nüfuzlu mükafata “Vera” romanına görə layiq görülüb.  Qeyd edək ki, Aleksandr Snegiryov bundan qabaq “Debüt” (2005) və “Evrika” (2008) mükafatlarına layiq görülsə də, mütəxəssislər  bu seçimi sensasiya kimi qarşılayıblar.  Xatırladaq ki, “Vera” romanı 2015-ci ildə “Drujba narodov” jurnalının 1-ci sayında işıq üzü görüb. Əsərdə övladına ata axtaran gənc qadının apardığı həyat mücadiləsi və  yaşantıları öz əksini tapıb. 

Otuz beş yaşlı Aleksandr Snegiryov “Amerikanı necə bombaladıq” (2007), “Neft Venerası” (2008), “Şöhrətpərəstlik” (2010), “Günah hissi” (2013) romanlarının müəllifidir. 

“Rus bukeri” mükafatını Rusiyanın “QLOBEKS” bankı təsis edib. Bu mükafat 1992-ci ildən bəri rus dilində nəşr edilmiş ən yaxşı romana görə hər ilin sonunda verilir. Qalib 1,5 milyon rubl (təxminən 222 min ABŞ dolları) həcmində pul mükafatı alır. Bundan əlavə, “Rus bukeri”nin təsisçiləri mükafatın qısa siyahısına düşmüş əsərlərdən birini ingilis dilinə tərcümə üçün seçərək Britaniyada nəşr etdirir və müəllifə 750 min rubl həcmində mükafat verirlər. Bu il həmin nominasiya üzrə  Dağıstan əsilli gənc yazıçı Alisa Qəniyevanın “Bəy və gəlin” romanı seçilib.

Yeri gəlmişkən, “QLOBEKS”in prezidenti Vitali Vavilinin jurnalistlərin suallarını cavablandırarkən söylədiyi: “Müasir cəmiyyət mədəniyyətin ən əhəmiyyətli intellektual hissəsi olan ciddi ədəbiyyatsız mövcud ola bilməz”, – fikri ədəbi cameədə müsbət qarşılanıb.

DİGƏR MƏQALƏLƏR