100 İL - Haldun Tanər

Bu il Türkiyədə böyük təntənə ilə 100 illik yubileyi keçirilən Haldun Tanər yazdığı pyeslərlə türk ədəbiyyatının dünya səhnəsinə çıxmasında böyük rol oynamış, öz ironik üslubuyla xalqının oyanışında müstəsna yer tutmuşdur. Onun yaradıcılığı bir çox dünya ölkələrində tədqiqat obyekti kimi seçilmişdir. Dramaturqun ən çox səhnəyə qoyulan əsəri məşhur “Kəşanlı Əli dastanı” pyesidir.  Əsər təkcə 1964-cü ildən 1970-ci ilə qədər 493 dəfə səhnələşdirilmiş, bir çox Avropa ölkələrində də tamaşaya qoyul­muşdur. Bu əsərin türk kino tarixində də özünəməxsus yeri var; əsasında film və teleserial çəkilmişdir. 

 

Azərbaycan dilinə uyğunlaşdırdı: Qəmər

 

KƏŞANLI  ƏLİ DASTANI

ikipərdəli pyes

İŞTİRAK EDİRLƏR:
Hidayət
Şərif bacı
Astav Nuru
Hafizə
Təməl
Dərviş dayı
Niyazi
Gonbul polis
Zilha
Arıq polis
Təkə Kazım
Kürd Səbri
Düdük Səlim
Lütfiyyə
Rəsmiyyə
Raziyə
Əli
Jurnalist
Ehya Onaran
Əyyaş Rasih
Filiz Onaran
Sürücü
Madam Olqa
Professor
Bülənd Onaran
Qoca qadın
Siyasətçi
Suxəndan Gülpəri
Davud Daltaban
Dürdanə Daltaban
Kazım Qaltaban
Kamilə Qaltaban
Düzişə  Düztaban
Şakir Şaqlaban
Şahidə Şaqlaban
Nəvvarə
Darçınzadə Əhsən
Manyak Cəfər
1- ci daxmanın sahibi
2-  ci daxmanın sahibi
3- cü daxmanın sahibi
4- cü daxmanın sahibi
5- ci daxmanın sahibi
6- cı daxmanın sahibi
7- ci daxmanın sahibi
BİRİNCİ PƏRDƏ
İpək köynək geyərdi,
Gümüş kəmər taxardı,
Xumar-xumar baxardı,
Ürəkləri yaxardı.
Qaşda bıçaq yarası,
 Üzdə Hələb xorası,
Güllə dəymiş ayağı,
Yamanca axsayardı.
 
Projektor
Əlinin həbsxana arxivindən götürülərək böyüdülmüş, üstündə seriya  nömrəsi olan üstü möhürlü iki sənəd şəkli.
 Şərif (Səhnənin arxasından çıxıb qarşı tərəfə gəlir. Tamaşaçılara):
Xoş gəlmisiz, deyə başlayım sözə,
Xoş gəlsin, bəylər, qissəmiz sizə,
Bu sima Kəşanlı Əlini göstərir,
Dastanı var, hər yerdə də söylənir,
İndi baxın, görün,  nədi bu dastan,
On beş fəsli bir-bir eyləyək bəyan.
(Xoru təşkil edən Astav Nuru, Katib Dərviş, Bıçaq itiləyən Təməl, Hafizə, Hambal Niyazi, hər biri iş vəsaitləri sayılan rəngsaz sandıqçası, köhnə model katib makinası, bıçaq itiləyən arabanın təkəri, hambal səməri, kürəklərinə bağlanmış formada pərdənin qarşısında düzülürlər).
Xor:
 Eyləyək məclisə bir qissə bəyan,
Qissədən hissəyə arif olan.
 Dekorasiya: Səhnə pərdəsinin qarşısı. Pərdəni cırıq kisələr, ipə bağlanmış alt paltarları, uzun tumanlar təşkil edə bilər. Səhnənin girişində projektor asılmışdır. Başlanğıc musiqisi sona çatan kimi zalın arxa qapısından Hidayət içəri girir. Projektor ona tərəf yönəlir. Hidayət raxit, kürəyində uru olan gəncdir. Əlində karton kağıza yazılmış şəkilli mahnı sözləri var. Dilənçi kimi və kal səslə mahnı oxuyaraq səhnəyə doğru gəlir, bu kağızları tamaşaçılara uzadır.
Hidayət:   Yeni çıxan mahnılar. Akasi­yanın budaqları.. Zalım gözəl, öldür məni. Gözlərinin dərinliklərində. Yeni çıxan mahnılar var: Sinəkli dağın igidi Kəşanlı Əli dastanı.
(Projektorun işığı Hidayəti  zala keçərkən təqib edir. Hidayət son sözləri səhnənin nərdivanlarından çıxarkən deyir. Orda dayanır, dastanın ilk bəndini deməyə başlayır).
Projektor
 
(Xorun üzvləri bir-bir özlərini təqdim edirlər).
 
Nuru:
Adım Nuru
Adı bəlli Astavam.
Kəşanlıyam,–
 Əlinin həmyerlisi. 
Hər iş gəlir əlimdən,
Mən həm qəzet  satıram,
Həm də, ayaqqabı boyaram,
İşsiz olsam hər iş gəlir əlimdən,
Kran təmir edirəm,
İti də gəzdirirəm,
Uşağa da baxıram,
Uşaq yoxsa (göz vurur)...
Olsun!
Onu da eləyərəm.
Hafizə (Yekə döşünün birinə əl atır):
Kırım inəyindən boldur südüm,
Şəhərə gedib süd satıram,
 Adım Hafizə,
 Mən  dayəyəm.
Təməl:
 Çeşmədə dava düşsə,
Namus, qeyrət davası.
Torpaq, mal-mülk davası,
Yaxşıca bıçaqlaram.
Dərviş:
Mənə Dərviş deyərlər,
Bütün xeyirim bu qutudur.
(Makinanı göstərərək)
Haqq-hesabı, qanunları məndən soruş,
Məhkəmənin yanında gözləyirəm.
Adi əsgər məktubunu yetmiş beşə,
Ərizəni də üç lirəyə yazıram. 
Hidayət:
Mənim adım Hidayətdi,
Sinəklidə doğulmuşam,
İbtidaini üç sinif oxumuşam,
“Yeni həyat” satıram,
Yeni çıxan mahnıları,
Sinəkli dağın əfsanəsi,
Kəşanlının dastanını satıram.
Niyazi:
Mən hambalam,
Adım beş dəfə Niyazi.
Soyadım Səfər.
Yeddi uşaq,
Arvadım, bacım,
Qaynanam,
Hamısının boğazı,
Bu iplə səmərdən keçir.
Şərif:
Mənə Şərif bacı deyərlər,
Üç qapıda ayaqyolu var ha,
Başa düşdün hansını deyirəm,
Yüz  nömrəli heyət,
Hə də, tualetə baxırıq,
Belə yazılıb yazımız,
Hamı batırar, biz yuyarıq,
Yol qırağıdır onun yeri,
Kəndlisi, şəhərlisi,
 Çoxdur onun müştərisi,
Hələ soyuq havada,
Lüks otağı da var.
Yolun düşsə buyur,
Gözləyirik ha.
Gonbul polis:
(Uzaqdan fit çalaraq gəlir).
Mənə gombul polis deyərlər,
Mən qanunun keşikçisi,
Gəzərəm hər yeri məhəllə, küçə,
Mitinq və ya, dava-dalaş,
Konqres – filan... yığışan var?
Hamısı qanunla olmalı.
Burda oyun söz yerinə oynanılsa,
Əməlli oyun olmalı,
Yəni həssas olmalı,
Milli olmalıdı,
Vətənpərvər, əxlaqlı, məsuliyyətli olmalı,
Axırda vətəndaş da dərs, ibrət çıxarmalı,
Yazıçı hap-gopu kəsib,
Deyəcəyi sözü kəsədən deməli,
Pərdə gecə qadağasından,
Bir saat əvvəl enməli.
Xor:
Sinəkli dağdı bura,
Şəhərə yüksəkdən baxır,
Ancaq şəhər uzaqdadı,
Lap nağıllardakı qədər.
Hər cins insan var burada,
Zəhmətkeşindən tənbəlinəcən,
Dörd tərəfdən gəliblər,
Oğru, quldur, avara,
Lazı, kürdü, pomağı,
Maraşlısı, Vanlısı,
Ərzincanlı, Kamahlı,
Hamısı tale yoldaşı.
Təməl: 
Bax bu da bizim ev,
Fanerdən dörd divarı,
Bir qapı, üç pəncərə,
Ağacdan tavanı var.
Nuru:
Bir yanımız zibillik,
Bir yanımız yoxuş, yar,
Önümüzdə sel kimi,
Şır-şır axar lağımlar.
Xor:
Dövlət bizə qarşıdır,
Polis bizlə  çəkişir,
Ağlar leş qarğası
Susmaq üçün pul verir.
Hidayət:
Sabah olar, gün doğar,
Parlar yosun qayalar,
Dan xoruzu banlayar,
Hamı çıxar küçəyə.
Dərviş:
Biri hambal qalayçı,
O biri dərviş, dilənçi,
Biri ərəb məcunçu
Halvaçı, yoxsa küftəçi?
Hafizə:
Qızların çoxu xidmətçi,
Ya gedərlər tütünə
 (Bir qız yellənə-yellənə keçir, corabını yuxarı dartışdırır, dodağındakı boyanı təzələyir).
Yoldan çıxan da olur,
Günahları boynuna.
Niyazi:
İşsizdir çox kişi,
Çayxanada avaralar,
Fəhlədir bir hissəsi,
Hamballıq da edərlər,
Sinəkli dağdı bura,
Şəhərə yüksəkdən baxır,
Ancaq şəhər uzaqdadı,
Lap nağıllardakı qədər.
 
BİRİNCİ ŞƏKİL
Projektor
Çoxlu xoruz olan kənddə səhər tez açılarmış.Sinəkli dağda anarxiyadır. Aclıq, biabirçılıq, cinayət...
Dekorasiya 
Üçqapı deyilən yer. Ayaqyolular olan həyət. Ayaqyolular arxa tərəfdə yerləşir. Tualet qapılarının üstündə qadın və kişi cinsini bildirən işarələr var. Ayaqyoluların qarşısı bağçadır. Şərif xanım burada dibçəklərdə gül əkib. Kişilər tərəfin divarında pul atmaq üçün yer var. Arxa tərəfdə gəlib-keçən avtobusların, avtomo­billərin səsi gəlir. Astav boya sandıqçasının yanında dayanıb siqaret çəkir. Zilha qadınlar tualeti tərəfdə balaca bir stolda oturmuşdur. Ağzında saqqız, ayağında başmaq, palaz kimi açdığı qəzetin iç səhifələrini oxumağa çalışır. Şərif bacı ayağında taxta başmaq kişilər tualetində  bir kabinanın qapısını açıq qoyaraq içərini təmizləyir.
Şərif: Bağırsaqlarınız çürüsün, gözü çıxmışlar. ( Bir vedrə su götürüb boşaldır.) Mərifətlərini göstərirlər.
Zilha (Qəzet oxuya-oxuya): Kraliça Sürəyya İtaliyada baronun villasında min hoqqadan çıxır.
Nuru: Şah kəlləsini vursa, onda ağlı başına gələr.
Zilha: Canı sağ olsun, varıdı, eləyir. İnsan dünyaya bir dəfə gəlir. O da, onun qədrini biləydi. (Burnunu çəkir). Mən də olsam eləyərdim.
(Gonbul polislə Arıq polis gəlirlər. Gonbul tərini silir. Kəmərini açır. Arıq polis bura nabələddir. Ətrafa baxır. Kişi tualetindəki kabinalardan birində Niyazi qəzəl deyir).
Niyazi (İçəridən): Əlişimin qaşları qaraaaa...
Şərif (O yana tərəf): Adə, bura hamamdı qəzəl oxuyursan?
Niyazi (İçəridən): Puluyla deyil? Mahnı da oxuyaram, qəzəl də deyərəm...
Şərif: Mən də sənin yeddi arxa-dönənini söyərəm. Kəs səsini, sonra da sifonu çək!
(Musiqi kəsilir. Sifonun səsi.Gonbul polis kabinalardan birinə tərəf  gedir. Qapısını örtür. Arıq polis pul xırdalayan maşına yaxınlaşır, pul atır, işləmədiyini görəndə, yumruqla döyəcləyir. Qəzəblənir, yenə ilişdirir, qəpik çıxmır. Niyazi içəridən çıxaraq əllərini yuyur. Qapının başından asdığı səməri götürür. Bayırdan xilasedici  fitinin səsi yaxınlaşır. Sonra  yenə uzaqlaşır. Niyazi, Nuru, Zilha, Şərif bacı, Arıq polis tez özlərini bayıra atırlar).
Gonbul polis (Kabinadan qışqırır): Nolub, ay Rza?
Arıq polis: Bilmirəm, ay qağa.
Təməl (Girir): Çaqqal Rüstəmin adamları Əssənin oğlu Musanı murdar eləyiblər.
Şərif: Ayşə nənənin kürəkənini?
(Təməl başı ilə təəssüf hissi bildirirmiş kimi təsdiqləyir).
Nuru: Dünəndən belə olacağı bilinirdi. Yenə də sus payıyçün.
Gonbul polis (İçəridən): Hər həftəyə bir cinayət.
Arıq polis: Bunlar bir gün bizi də yortacaq. Həşərat yığını. Başdanxarablar.
Gonbul polis (Yenə içəridən): Bunlarla tək-tək mübarizə aparmaq olmaz. Hamısının birdən başını əzəsən ki...
Gonbul polis: Çoxu gedib, azı qalıb. Millət vəkillərindən biri  təklif irəli sürüb, oxumamısan? “Bütün daxmaları yandırmaq lazımdır, bunlar şəhərin başına bəladı” – deyirmiş.
Şərif: Yenə nə qurma qurursuz orda,  bayquşsifətlər?
Gonbul polis (Yenə içəridən): Bura bax. Şərəf xanım, sonra başqa cür danışarıq ha.Vəzifə başında məmuru təhqir cəzası ilə izahat yazdıraram sənə...
Şərif: Sən Allah, buna vəzifə deyirsən?
(Nuru, Niyazi, Zilha gülürlər, Arıq polis ciddi görkəm alır).
Gonbul polis (Əlini yuyaraq çıxır): Qarşındakı dövlət məmurudur.
Şərif: Nəinki sən, lap müdirin də gəlsə, vecimə alan deyiləm. Hamının xoruzu öz həyətində banlayar.
Nuru: Şərif bacı vecinə alandı?
Şərif: Çiyinlərində ulduz var, elə bilirsən adamsan?
   
  
 
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR