ROMAN - Milorad Paviç

Görkəmli serb yazıçısı Milorad Paviç (1929-2009) çağdaş dünya ədəbiyyatının unikal simalarından, bir romanla adını korifeylər sırasına yazdırmış nadir sənəkarlardandır. 

Yaradıcılığa 1967-ci ildə çapdan çıxmış poetik toplu ilə sıradan bir şair kimi başlayan Paviçin 1984-cü ildə yazdığı “Xəzər sözlüyü” romanı bütün dünyada ədəbi hadisə kimi dəyərləndirildi, Avropa, ABŞ və Braziliyadan olan ekspertlər tərəfindən müəllifin Nobel mükafatına namizədliyi irəli sürüldü, mütəxəssislər 100 000 sözdən ibarət bu kitabı çağdaş dünyanın, öz vaxtını qabaqlamış ən yaxşı romanı elan etdilər. 

Cənubi Amerikada “Müasir dövrün ən mühüm yazıçısı” tituluna layiq görülən, fransız və ispan ədəbiyyat araşdırmaçılarının “XXI əsrin ilk kitabının müəllifi”, Avstriya tədqiqatçılarının isə “Avropa modernizminin qərargah rəisi” adlandırdıqları Paviçin çoxşaxəli yaradıcılığının daha dərin qatları “Konstantinopolda sonuncu məhəbbət” (1994), “Balıq dərisindən şlyapa” (1996), “Şüşə ilbiz” (1998) romanlarında daha aydın açılır.

  Yazıçının 1991-ci ildə qələmə aldığı “Küləyin astar üzü” romanını oxuculara təqdim edirik. 

  
Tərcümə: Mahir N. Qarayev 
    
KÜLƏYİN ASTAR ÜZÜ
Gero və Leandr haqqında
  
R O M A N
Leandr
O, nəyinsə yarısıydı. Güclü, gözəl, qabiliyyətli nəyinsə yarısı. Bəlkə, yarısı olduğu həmin şey onun özündən də güclü, böyük və gözəl idi. Beləliklə, kişi əzəmətli və dərkolunmaz nəyinsə sehrli yarısıydı. Qadın isə mükəmməl bir tam idi. Kiçik və qeyri-müəyyən, nisbətən zəif, yaxud harmonik bir tam olmasa da, hər halda, tam idi.   
1
– Gələcəyin bir böyük üstünlüyü var: o, reallıqda heç vaxt sənin təsəvvür elədiyin kimi olmur, – atası Leandra deyirdi. 
O zamanlar Leandr hələ tam yetkinləşməmişdi.  Elə bir savadı da yoxdu, amma qəşəng idi. Onu heç kim “Leandr” deyə çağırmazdı. Anası onun saçını eynən holland krujevası kimi hörürdü ki, yolda daramaq lazım gəlməsin. Yola salanda atası ardınca baxıb demişdi: 
– Qu boynu kimi gözəl, uzun boynu var; Allah qılınca tuş gətirməsin.
Leandr bu sözləri qulağında ömürlük sırğa elədi.  
Çixoriçlər nəslində zaman-zaman hamı ya inşaatçı olurdu, ya dəmirçi, ya da arıçı. Təkcə Leandrın atası istis­na idi. Bu nəsil vaxtilə Hersoqovinadan köçüb gəlmişdi, Belqradın yaxın­lığında, Dunay sahilində məskun­laşmışdı. Onların doğma diyarındakı kilsədə nəğmə dərslərini əlifbadan əvvəl öyrədirlər. Oralarda çaylar iki müxtəlif dənizə tökülür. Yağış damın bir ucundan süzülüb qərbə – Neretvaya, ordan da Adriatik dənizinə axır, o biri ucundan isə Drina vasitəsilə Savaya, Savadan Dunaya, Dunaydan Qara dənizə. Təkcə Leandrın atası tikib-qurmaqda dədə-babalarına çəkməmişdi, heç bu barədə eşitmək də istəmirdi.
– Vyanada, ya Budimdə təzəlikcə tikilmiş binaların arasına düşəndə özümü unuduram. Yalnız Dunay sahili­nə çıxarkən dərk edirəm ki, kiməm və hardayam. Fevralın şaxtasında buranın durnabalığı əcəb tilova gəlir. 
Amma Çixoriçlərin xəbəri olmurdu ki, ataları öz vaxtını harda keçirir, nə işlə məşğul olur, ailəni necə dolandırır. Onlara təkcə bunu deyərdi ki, bir suyun, bir də ölümün hesabına yaşayır, çünki yaşamaq məhz ölümün sayəsində mümkündür. Doğrudan da, Leandrın atası evə gec, özü də təpədən-dırnağa islanmış halda gələrdi –  gah Dunaydan, gah Savadan. Hardan gəldiyini müəyyən eləmək çətin deyildi, çünki hər çayın özünəməxsus qoxusu var. Həmişə də gecəyarısı, canı hələ tam qurumamış düz on dəfə asqırardı, lap elə bil sayırdı.
Uşaqlıqda adına Radaç və Milko deyilən Leandr çox kiçik yaşlarından babası və əmiləri kimi tikinti işini öyrənirdi ki, ailə sənətini davam etdirsin. O, çox yaxşı dülgər və daşyonandı, xüsusən də, mərmər işini yaxşı bacarırdı. Bundan başqa, arı pətəklərini rəsmlərlə bəzəməkdə və arı topasını tutmaqda anadangəlmə istedadı vardı. Onda, hələ Hersoqovinada yaşadıqları vaxt yayın cırhacırında iyirmi güllə məsafəsində olan çaya getmək lazım gələndə, ora həmişə Leandrı göndərər­dilər və çaydan balıq tutmağı, içalatını çıxarıb təmizləməyi, xarab olmasın deyə gicitkana büküb evə gətirməyi yalnız o bacarırdı. Sonralar belə səfərlərin birində Leandr despot Curc Brankoviçin xatirəsinə hörmət əlaməti olaraq, Dunay suyu ilə yoğrulmuş və Smederevskdəki Müqəd­dəs Məryəm Ana məbədində halallığı verilmiş çörəyin Avala necə gətirildiyini gördü və bunu ömürlük yadında saxladı. Dunaydan Avala qədər bütün yolboyu atlılar çörəyi əldən-ələ elə sürətlə ötürürdülər ki, çörək despotların süfrəsinə isti-isti, soyumamış halda gəlib çatırdı; masada oturanlar onu kəsib öz aralarında bölüşdürür, Jrnov duzuna batırıb yeyirdilər. 
– Biz hamımız bənnayıq, – Çixoriç baba, adətən axşam yeməyi vaxtı Leandra deyirdi, – amma işləmək üçün bizə qeyri-adi mərmər verilir: saatlar, günlər, illər; yuxu və şərab isə, sadəcə hörgü məhluludur. Biz hamımız zamanın bənnalarıyıq, kölgələrin dalınca sürünürük, suyu xəlbirlə götürürük: hər kəs saatlardan öz yuvasını qurur, hər kəs zamandan pətək hörüb öz balını yığır. Cibdə mis pullarla qızıl dukatlar, çəməndə ağ qoyunlarla qara qoyunlar bir-birinə necə qarışırsa, bizim də əlimizdə qurub-yaratmaq üçün ağ və qara mərmərlər var. Vay o kəsin halına ki, cibində mis pulun çoxluğundan qızıl dukatlar görünməz olsun. Vay o kəsin halına ki, gecənin arxasındakı gündüzü görə bilmir. Belələri pis havada, həm də pis tikmək məcburiyyətindədir... 
Bunu dinlədikcə Leandr sabahı yox, o biri günü düşünür və təəccüblə fikir verirdi ki, özü üç qaşıq paxla yeyənəcən atası qaşığı cəmi bircə dəfə ağzına aparır. Ailədə hər kəsin payına əvvəlcədən müəyyənləşdirilmiş həcm­də yemək düşərdi, heç kim də bu qaydanı pozmazdı. Elə Leandr da başqaları qədər yeyirdi, sadəcə o birilərdən daha tez yeyirdi. Yavaş-yavaş onu da müşahidə eləməyə başladı ki, bəzi canlılar tez yeyirlər, bəziləri ağır-ağır; bəzi heyvanlar çevik hərəkət edir, bəziləri ləng. Beləcə, onu əhatə edən dünyada iki müxtəlif həyat ritmini fərqləndirməyə başladı; nəbzdə qanın, eləcə də bitkilərdə şirənin iki cür dövran etdiyini öyrəndi. Hamı üçün eyni qədər çəkən gecələrin və gündüzlərin çərçivəyə salınmış iki cür varlıq olduğunu başa düşdü – kimisinə zaman azlıq edir, kimisinə gen-bol bəs edirdi. Öz iradəsinin əleyhinə olaraq nəbzi fərqli-fərqli vuran insanlar, heyvanlar və bitkilər arasında bir uyğunsuz­luq olduğunu hiss etdi. O, quşların səsini dinləyir, onların arasında öz ifa ahəngi olanını seçirdi. 
Bir səhər su içən atasının qurtum­la­rını saya-saya öz  növbəsini gözləyər­kən başa düşdü ki, ata evini tərk etmək zamanı yetişib. Birdən-birə dərk elədi ki, atası həm ona, həm də qardaşlarına o qədər sevgi və bacarıq verib ki, bu, Leandrı ömrünün sonunacan qızdırmağa da, qidalandır­ma­ğa da yetər. Özü də bu sevginin sonradan qazanılması mümkün deyil, çünki Leandr (yəni bu sevginin əmtəə və istehlakçısı) hətta həyatda, canlı varlıqlar arasında olmayacağı vaxtda belə bu sevginin onu öz ağuşuna alacağı artıq indidən bəlliydi – beləliklə, atasının sevgisi onu hədəf nöqtəsindən ayıran məsafəni mənasız şəkildə geridə qoyub küləklə sovrulacaqdı.
Leandrın evi tərk etməsi belə oldu. Onun yaxsı simbal çalmağı vardı, ifasını bəyənən tamaşaçılar alətin içinə mis pul atırdılar. O zamanlar Sava körpüsündə dörd nəfər yükdaşıyan yaşayırdı, alverlə məşğul olan bu fəhlələr həm də simbalçı kimi  tanınır­dılar. İş belə gətirdi ki, onlardan biri yolda xəstələndi, kvartet dördüncü alətsiz qaldı. Elə həmin səhər ata Çixoriç qərara gəlmişdi ki, oğluna yazı-pozu öyrətsin və yunan əlifbasının birinici hərfini (yeri gəlmişkən, “Teotokos” (Məryəm Ana) sözü də məhz bu hərflə başlayır) – θ  – təzəcə ona göstərmişdi ki, bu vaxt qapı döyüldü. Leandr ömründə ilk dəfə lələyi əlinə alacaqdı, intəhası, buna imkan tapmamış yükdaşıynların ən qocası içəri girdi. O, divardan asılmış simbalı çıxartdı, əlində tutub ağırlığını yoxladı. Görünür, içi mis pulla dolu alətin çəkisi yaxşı zəmanət oldu. Yükdaşıyan Leandrın atasını dilə tutmağa başladı ki, Konstantinopola səfər müddəti üçün oğlunu dördüncü ifaçının yerinə onlara versin. Leandr özü heç düşünmədən razılığını verdi, beləcə, yazı-pozu işi heç birinci hərfi yazmadan bitdi. Bu arada Leandrın atasının yanına gələn qoca yükdaşıyan özü də xəstələndi və kvarteti saxlamaq üçün Leandrın Hersoqovina civarından olan dostu Diomidi Subbotanı da dəstəyə götür­mək lazım gəldi. 
 
 
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR