YADDAŞ - Ərəb mənbələri qədim türklər haqqında

Hazırladı: Əhməd Oğuz

 

Türklərin tarixi, yeri-yurdu, adət-ənənələri, dünyagörüşü və dini inancları barədə antik müəlliflərdən tutmuş orta əsr səyyahla­rına, ondan sonrakı dövrlərdə tanınmış türkoloq alimlərə qədər çox yazılmış, çox deyilmişdir.

Əski tariximiz, əslində Orxon-Yenisey kitabələrində və bu tipli daş yazılarda, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Koroğlu” kimi, “Maday Kara” və onlarca digər monumental ədəbi abidələ­rimizdə, xalça və miniatür sənətimizdə öz ilkin rəng və görünüşün­də əbədiləşmiş, min illərin o başından bu günümüzə qədər gəlib çatmışdır.

Qəribədir ki, öz tariximizə həmişə kənar, yad gözlə baxanda böyüklüyümüzü, kimliyimizi, hardan gəlib hara getdiyimizi daha aydın görürük. Elə bil min illər boyu yaratdıqlarımızı, tarix səhnəsinə qoyduqlarımızı kiminsə incələyib həm bizə, həm də dünyaya çatdırmasını gözləyirik. Daim dəyişən, yeniləşən dünyanın ölçü-mizanları çərçivəsində tarixi yazmaq da, yaratmaq dərəcəsində önəm daşıyıb. Vaxt olub ki, qələm şeytan əlində olub, düşmən əlinə keçib…

Amma bir həqiqət də var ki, kənar bir müşahidə, yad bir baxış güzgü kimidi – xalq, millət bu güzgüdə özünü necə görür, yaxud o güzgü necə göstərir – bu da az əhəmiyyət daşımır. Bundan başqa, yaşı min illərlə ölçülən qədim tariximizdə elə ağ ləkələr var ki, yerini ancaq qonşu xalqların, ya da bilavasitə bizimlə təmasda olan əcnəbi xalqların salnamələrindəki məlumatlarla doldurmaq olar, təbii ki, burda da subyektivlikdən imkan daxilində uzaqlaşmaqla…

Türk dünyası, o cümlədən, Azərbay­can haqqında ən dəyərli bilgilərin böyük bir qismi orta əsr ərəb coğrafiyaçıları, tarixçiləri, salnaməçiləri və səyyahlarına məxsusdur.

Müxtəlif türk boyları barədə əhəmiyyətli məlumatlarla zəngin ərəb mənbələrindən biri də X əsr müəllifi İbn Fədlanın səyahətnaməsidir.

İbn Fədlan səyahətnaməsi türk boyları – oğuzlar, Edil (Volqa) bulqarları, xəzərlər, başqırdlarla yanaşı, həm də ruslar və digər xalqlar  haqqında qiymətli məlumatlarla zəngindir.

Hicri 308 (miladi 920-21)-ci ildə islamiyyəti yeni qəbul etmiş olan Edil (Volqa) bulqarlarının hökmdarı İltəbər Almuş, Abbasi xəlifəsi Müqtədir-billaha Abdullah bin Baştu əl-Xəzəri adında bir elçi göndərir.

Abdullah bin Baştu əl-Xəzərinin Bulqar hökmdarından xəlifəyə təqdim etdiyi məktubda məscid tikmək üçün vəsait, bir də dini elm və şəriət dərsləri demək üçün müəllimlər göndərilməsi xahiş olunurdu. Xəlifə Müqtədir-billah Bulqar hökmdarının bu xahişini rəğbətlə qarşılayır və dərhal Edil (Volqa) boyuna böyük tərkibdə bir heyət göndərilməsi barədə əmr verir.

Bulqar ölkəsinə gedən elçilik heyətində xəlifə və vəzirin adından göndərilən məktubu oxumaq, şəriət müəllimlərinə rəhbərlik etmək üçün xilafətin divan katibi Əhməd bin Fədlan (ərəb tələffüzünə uyğun olaraq bu ad bəzən “Fəzlan” kimi də yazılır – Ə.O.) da vardı. Bağdadda soylu bir tayfadan olan Fədlan bu səfərdə başlıca rol oynamış, keçdikləri yerdə gördüyünü, başına gələnləri qeyd etmiş, Bağdada döndükdən sonra həmin qeydlər əsasında “Əl-Rihlə” (Səyahətnamə) adlı qiymətli bir əsər qələmə almışdır.

Əsərdə müxtəlif türk boyları, o cümlədən, oğuzlar, peçeneklər, başqırdlar, bulqarlar haqqında, onların yeri-yurdu, məişəti, dini dünyagörüşləri barədə maraqlı məlumatlar var. Bu məlumatlarla yanaşı müəllif gəzdiyi coğrafiyanın o dövrkü durumu, təbii şəraiti, iqlimi, əhalinin məşğuliyyəti, idarəçilik və başqa məsələlər barədə də diqqətçəkən informasiyalar verir. Türk boylarının inancları, ölü dəfnetmə adətləri, xaqan – qara camaat münasibətləri barədə öz gözüylə gördüklərindən başqa, yerli əhalidən eşitdikləri də maraq doğurur. Ancaq onu da qeyd etmək lazımdır ki, bəzi qeydlərində müəllif ya mübaliğəyə varır, ya da görüb-eşitdiklərini mənsub olduğu cəmiyyətin dini-ideoloji maraq­ları yönündən şərh və təqdim etməyə çalışır. 

Xəlifə elçilik heyətinin Bulqar hökmdarı İltəbər  Almuş xaqanla görüşü həm təfsilatı, həm də türk saray həyatının bəzi detallarını üzə çıxarması baxımından olduqca maraqlıdır. 1100 il qədər bir zaman uzaqlığında qalan bir xaqanı, onun gündəlik həyatını, sağını-solunu sanki öz gözümüzlə görürcəsinə aydın təsəvvür edə bilirik.

Bütün türk boylarının bu gün sahib olduqları inanclara, mədəni və mənəvi dəyərlərə hansı yollardan keçərək qovuşduğu bu səyahətnamədən daha aydın görünür.

Tarixin ən qədim dövrlərindən üzü bu yana bütün səyahətnamələr, tanınan, tanınmayan səyyahların səfər təəssüratları, yol qeydləri həmişə maraq doğurub. Hər səyahətnamədə bir dövrün, bir zamanın ab-havası, günü-güzəranı, bir də təbiəti və təbii gözəllikləriylə binə saldığımız, keçib gəldiyimiz yerlər-yurdlar təsvir olunub…

İbn Fədlan səyahətnaməsi də bu sıradandı. Aradan bu qədər zaman keçdiyinə baxmayaraq, səyahətnaməni oxuyunca yenə Ural ətəklərinin qarı-çovğunu, soyuğu-şaxtası vurur adamı, beş min nəfərlik qafiləni bir əmriylə saxlayan bir oğuz kişisinin, hayqırtısı göydə uçan ördəyi bir ox atışıyla yerə salan sübaşının (qoşun başının) atdığı oxun vıyıltısı gəlir qulağımıza, İbn Fədlanı heyrətə salan qütb şəfəqi kimi bir ürpərti  gəzir içimizdə və keçmişə dalırıq…

Əhməd Oğuz    

 

P.S. Təqdim etdiyimiz parçalar türk alimi Ramazan Şeşənin İbn Fədlan “Səyahətnamə” (İstanbul, 1995) kitabı əsasında hazırlanıb.

 

SƏYAHƏTNAMƏ

Müqəddimə

Bu kitab Muhamməd bin Süley­manın yaxın adamı və Xəlifə əl-Müqtədirin Bulqar (Sakalibə)1 hökm­darına elçi göndərdiyi Əhməd bin Fədlan bin əl-Abbas bin Rəşid bin Həmmədin əsəridir. Müəllif bu əsərdə türk, xəzər, rus, bulqar (səkalibə), başqurt və başqa tayfaların ölkələrində gördüyü dini ayrılıqlardan, hökmdar­larına dair xəbərlərdən və yaşayışları haqqındakı müşahidələrdən bəhs edir.

Əhməd bin Fədlan belə deyir:

Bulqar hökmdarı İltəbər Almuş bin Şilki2  xəlifə Əmir əl-Mömin əl-Müqtədirə bir məktub yazıb ondan islam dinini, şəriət qayda-qanunlarını öyrədə bilən, ölkəsində, məmləkətinin hər yerində adına xütbə oxunması üçün minbər və məscid tikməyi bacaran bir heyət göndərməsini xahiş etmişdi. İltəbər məktubunda düşmən hökmdarlardan qorunmaq üçün xəlifənin bu məmlə­kətdə bir qala inşa etdirməsini də istəyirdi. Xəlifə Bulqar hökmdarının bu istəklərini qəbul etdi. 

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2015 nömrəsində çap olunub

 

DİGƏR MƏQALƏLƏR