ESSE - Uinston Hyu Oden

Amerika şairi Uinston Hyu Oden (1907-1973) dini-fəlsəfi mövzularda şeirlər yazmaqla intellektual lirika janrına müraciət edən nadir söz ustalarındandır. “Həyəcan dönəmi” əsəri poeziya üzrə Pulitzer mükafatına (1948) layiq görülüb, “Axilles qalxanı” toplusuna görə isə Amerikanın Milli ədəbiyyat medalı ilə (1967) təltif olunub.
Tərcümə: Qismət
“Mən”i olmayan adam
Frans Kafkaya ithaf olunur
Həyatın ləzzətləri onun yox, bizim, daha uca bir həyata yüksəlmək qorxusu həzzidir. Həyatın əzabları da onun yox, qorxudan özümüzün özümüzə aşıladığımız iztirablardır.
Frans Kafka
Kafka tənqidçinin çox az şey deyə biləcəyi bir ədəbi janrın – pritçanın böyük, bəlkə də ən görkəmli nümayəndəsidir. Romanın oxucusu və ya tamaşanın seyrçisi (hərçənd roman da, tamaşa da pritça strukturuna malik ola bilər) ona əvvəlcədən məlum olan, reallıqla çox da uyuşmayan, qondarma əhvalatlar və qəhrəmanlarla rastlaşır. Məsələn, mən “Maqbet”də baş vermiş faciədə öz şəxsi iradəsiylə iştirak edən tarixi personajlar görürəm. Belədə özümü Maqbetlə müqayisə edər və fikirləşərdim ki, görəsən, onun yerində olsam, özümü necə aparardım. Amma mən, olsa-olsa, öz zamanına və məkanına qandallanmış passiv bir tamaşaçıyam. Həqiqi pritçanı bu cür oxumağı bacarmaram. Hərçənd qəhrəman xüsusi isim daşıya bilər (tutalım, “Heç kim”, yaxud “K.” ) və müəyyən olunmuş tarixi-coğrafi şəraitdə bu təfsilatlar pritçanın mənası üçün əhəmiyyətsiz olacaq. Qəhrəmanı anlamaq üçün mən obyektivlikdən imtina etməliyəm və özümü onunla eyniləşdirməliyəm. Əslində pritçanın mənası hər bir oxucu üçün fərqli olacaq. Bunun üçün də tənqidçi heç vaxt onu başqalarına “izah edə” bilmir. Tənqidçilər bədii həqiqət barəsində yazarkən, öz dərin bilikləri, tarix, dil və insan təbiəti haqqındakı məlumatları sayəsində diqqəti romanda, yaxud pyesdə başqalarının heç vaxt “görə bilməyəcəyi” yerlərə yönəldə bilərlər. Lakin tənqidçi pritçanı izah etməyə çalışsa, onda ancaq öz avtoportretini yazmış olacaq, pritçanın ona necə təsir etdiyini yazmağa başlayacaq, başqalarına necə təsir etdiyindən xəbəri olmayacaq.
Real həyatda biz bəzən elə insanlarla qarşılaşırıq ki, düşünürük: “Bu adam, elə bil Şekspirin, yaxud Dikkensin səhifələrindən düşüb”, ancaq heç vaxt, heç kim həyatda Kafkanın qəhrəmanlarıyla rastlaşmayıb. Digər tərəfdən, insan elə fərdi təcrübəyə malik ola bilər ki, onu “kafkavari” adlandırar, lakin “şekspirvari”, yaxud “dikkensvari” fərdi təcrübə olmur. Müharibə illərində bir dəfə mən Pentaqonda uzun və yorucu bir gün keçirdim. Tapşırığımı yerinə yetirib uzun dəhlizin sonuna doğru addımlayırdım, yeganə arzum tezliklə evə dönmək idi. Turniketə çatanda yaxınlıqda dayanmış ciddi görkəmli keşikçi soruşdu: “Hara gedirsiniz?” Dedim: “Bayıra çıxmaq istəyirəm”. O, cavab verdi: “Siz elə indi də bayırdasınız”. Bir anlıq özümü Jozef K.-nın yerində hiss etdim.
Söhbət adi romançı və ya dramaturqdan gedirsə, onun yaradıcılığını anlamaq üçün şəxsi həyatıyla tanışlıq, xarakteri barədə məlumatlar bizə heç nə verməyəcək. Pritça müəllifinə gəlincə (məsələn, Kafka), burada bioqrafik məlumatlar bizim üçün əvəzsiz köməkçi olur. Bu məlumatlar bizi yanlış oxulardan qoruyur. (“Düzgün” oxular həmişə az olur.)
Kafkanın bioqrafiyasının yeni nəşrində Maks Brod çex yazıçısı Bojena Nemtsovanın (1820-1862) “Nənə” romanından danışır. Hadisələr Rizengebirqdə, kənddə, bir qəsrin ətrafında baş verir. Kənd adamları çexcə, qəsr sakinləri almanca danışırlar. Hersoginya – qalanın sahibəsi, xeyirxah və xoşxasiyyətdir, o, tez-tez səyahətə çıxır. Həmin vaxtlarda dikbaş nökərlərin, özündənrazı məmurların alçaq davranışları ucbatından, onunla yerli əhali arasında uçurum yaranmağa başlayır. Hersoginya anlaya bilmir ki, onun idarəçiliyində olan yerlərdə nə baş verir. Nəhayət, romanın qəhrəmanı saysız-hesabsız maneələrin öhdəsindən gəlib hersoginya ilə görüşür və ona bütün həqiqətləri deyir, beləcə, roman həppi-endlə (xoşbəxt sonluqla) bitir.
Buradan aydın görünür ki, Nemtsovanın romanındakı qəsrin əyanları şəri təcəssüm etdirirlər. Odur ki, qəsrin sakinlərini İlahi Düşüncənin vasitəçisi adlandırmış tənqidçilər açıq-aydın səhv edirlər. Eyni zamanda doğru yanaşmalar da var. Məsələn, Erik Hellerinki kimi:
“Kafkanın Qəsri yaxşı möhkəmləndirilmiş qarnizona bənzəyir. Burada həyəcanlı insanlara qarşı mübarizə aparan qnostisizm demonları yaşayır. Tənqidçilərin bu qəsri “göylər və ilahi xoşbəxtlik qanunu”nun monastırı kimi necə gördüklərini və bununla bağlı hansısa müqəddəs ideya haqqında söhbət açmalarını anlamıram. Qəsrin əyanları xeyirə qarşı tamamilə laqeyd, qısası – əxlaqsızdırlar. Onların nə fərmanlarında, nə də hərəkətlərində sevginin, mərhəmətin, rəhmin və böyüklüyün izi yoxdur. Laqeydliyin və qərəzin “buz zirehinə qandallanıblar”. Onlar qorxu və nifrətdən başqa heç nəyə meyil etmirlər.”
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2015 nömrəsində çap olunub