LATIN AMERİKASI POEZİYASI - KOLUMBİYA ŞAİRLƏRİ

Kolumbiya poeziyasına, tərəddüd etmədən üzü Tanrıya sarı pıçıltılar poeziyası da demək olar. 

“Xoşbəxtdir o kəs ki, əzablarından da uca kahinlərə  sığınır!” – deyən romantik şair Rafael Pombo ekzistensialist suallarla dolu möhtəşəm bir poeziyanın yaradıcısı sayılır. Eləcə də Kolumbiya poeziyasına müasirlik gətirmiş Xose Asunsion Silva, ispan dilində abidə hesab olunan gözəl bir poema yaratmışdır. “Lirik serenada” poemasında xəyali və yaşanmış hadisələr, ölüm, ölümsüzlük arzusu, musiqi, rənglər bir arada təsvir olunaraq oxucunun yaddaşında uzunmüddətli iz buraxır, Puben Dario tərəfindən əsası qoyulmuş mode­r­-  n­iz­min poetik sistemini gücləndirir. 

Poeziya insanları, xalqları bir-birinə bağlayır, zaman və məkan hüdudlarını aşa­raq, bu möcuzənin bir daha gerçəkləşməsinə imkan yaradır.

Tərcümə: Əlisəmid Kür
 
 
 RAFAEL POMBO (1833-1912). Şair, dramaturq, tərcüməçi və jurna­list. “Alabəzək” (1867) və “Yetkin uşaqlar üçün mənəvi hekayələr” (1869) kitablarının müəllifidir. Şeirləri ilk dəfə 1916-cı ildə Antonio Qomez Restreponun rəhbərliyi ilə toplu şəklində buraxılmışdır. “Aguilar de Madrid” nəşriyyatı isə 1957-ci ildə Rombonun “Bütün şeirləri” kitabını dərc etmişdir. 
Gecə vaxtı
   Qocalıq gecənin səyyahıdır.
Şatobrian.
Daha ürəyimi təşvişə salmır
Ötən günlərimin sirli kabusu.
Məni inkar edir bu Vətən, bu el –
İlham pərilərim – ömür yavrusu.
Mənə sarı əymir çiçəklərini
Meyvə bağlarının budaqları da.
Uzaq sevinclərin səs-küyü qalıb,–
Əks-səda verir qulaqlarımda.
Allah belə edib. Qaranlıq çöküb.
Xoşbəxtdi o kəs ki, əzablarından
Uca kahinlərə sığına bilər.
Qocalıqdı gecənin səyyahı olan
Yolu bağlanarsa bu yer üzündə
Yönəldər səmaya baxışlarını
                                                                               
FRANSİSKA XOSEFA DE 
KASTİLYO İ GEVARA (1671-1742).  
On səkkiz yaşında Santa Klara monastırına daxil olmuş və orada rahibəlik etmişdir. Keşişin göstərişi ilə öz təcrübələrini “İlahi hisslər” kitabında nəsrlə, qafiyəsiz şeirlər şəklində qələmə almış, daha sonra “Həyat” adlı avtobioqrafik kitab yazmışdır.
Məhəbbət 45
(Bəndənin ürəyində və Bağ iztirablarında
(İsanın düşdüyü Zeytun bağı)
ilahi sevginin vəcdə gəlməsi)
I
                                                     Sevgilimin
   zərif nitqi –
bal və süd axır
gülüşlər və zanbaqlar arasından.
Onun şipşirin sözləri
şeh qədər qısa.
      Və onunla çiçəklənir
   solmuş ürək.
   Elə yumşaq eşidilir
 onun incə fısıltısı,
         Ürək də şübhəyə düşür
     bəlkə öz səsidi deyə.
   Elə güclü inandırır
yandırılmış alov –
mum kimi əridir
dağları, qayaları.
      Elə güclü, xoşdu səsi
   ölüləri dirildir, 
yatmışları oyadır
 Onun ilahi nəfəsi.
    Elə şirin, elə yumşaq
səsi gəlir qulaqlara
Sümüklərin sızıltısı
   qəfil çatır oynaqlara.
II
Qatranlı dağdan
salacağam yolumu.
Kabarqatək
asta-asta addımlarla.
İlahi! Mənim sevdiyim
enib zeytun bağına.
Qatrantək maye axır
açılan qucağına.
Sevdiyim, ətir saçır
    mənim dərdiyim salxım,
                   enqabi üzümlüyü
                   olacaq sevgi payım.
Gecənin bu sıxlığı 
ona tutqun rəng verir
Baxsan buz damcıları
onu da şehləndirir.
Sevdiyimi, İlahi,
 kim qorxuda bildi ki?
Nəfəs getdi, gəlmədi
bu yarıcan öldü ki? 
Yasəməntək qırmızı
incə dodaqlarından,
Acı qatran tökülür
solğun yanaqlarından.
 
 
 Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR