KLASSİK HEKAYƏLƏR - Adolfo Kasares

Adolfo Kasares (1914-1999) ispandilli ədəbiyyatın tanınmış nasirlərindən biridir. Tədqiqatçıların bir çoxu onu Argentina ədəbiyyatında elmi fantastikanın banisi hesab edir. “Qaçış planı”, “Qəhrəmanların yuxusu”, Borxeslə birgə qələmə aldığı “Nümunəvi qətl”, “Cənnət və cəhənnəm kitabı” bir çox dünya dillərinə tərcümə olunub. Əsərləri əsasında filmlər çəkilib. Yazıçı ispandilli müəlliflər üçün təsis olunmuş “Servantes” (1990) mükafatına layiq görülüb.     

 

Tərcümə: Etimad Başkeçid

 

 

Qəbri necə qazmalı

Hekayə

 

Raul Arevalo pəncərələri örtdü, jalüzləri bir-bir aşağı salıb sürgüylə bərkitdi, giriş qapısını bərk-bərk bağladı, cəftəsini vurdu, açarı burub, iri dəmir rəzəni çəkdi. Piştaxtaya dirsəklənmiş arvadı yavaşcadan dedi:

– Əcəb sakitlikdir! Dənizin səsi də eşidilmir.

– Bura həmişə açıq olur, Xuliya, – əri xatırlatdı, – gələn olsa, qapını bağlı görüb şübhələnəcək.  

– Gecə yarıdan keçib, – Xuliya onun üzünə qabardı, – ağlın olsun! Elə danışırsan, elə bil müştəri sarıdan korluğumuz yoxdur. Elə isə, niyə borcumuz xirtdəyə çıxıb? İşığı söndür.

Əri işığı söndürdü; zal toranlığa qərq oldu, yalnız piştaxtanın üstündəki lampa yanırdı.

– Özün bilərsən, – Arevalo dama-dama süfrəylə örtülmüş stolun yanındakı kətilə əyləşdi, – amma mən başa düşmürəm, bəyəm başqa çıxış yolu yoxdur? 

İkisi də cavan, yaraşıqlı idi, adamın ağlına da gəlməzdi ki, buranın sahibi onlardır. Saçını qısa vurdurmuş sarışın Xuliya yaxınlaşıb, əllərini stola dayadı və yuxarıdan-aşağı ərinin gözünün içinə baxa-baxa sakit, amma qətiyyətli səslə dedi:

– Elədir, başqa çıxış yolu yoxdur.

– Nə deyim, – Arevalo narazılıqla başını buladı, – gəlirimiz az olsa da, pis yaşamırdıq…

– Sakit! – Xuliya onun sözünü kəsdi. Əlini qaldırdı və pilləkənə sarı çevrilib diqqət kəsildi. – Hələ gəzir. Bu, nə gec yatır, deyəsən heç yatmaq fikri yoxdur.

– Bilirsən, – Arevalo sözünə davam etdi, – özüm özümdən soruşuram: bu günahı üstümüzə götürsək, xoşbəxt yaşaya biləcəyikmi? 

Onlar iki il əvvəl Nekoçeada, dəniz kənarındakı mehmanxanada tanış olmuşdular. Qız öz ata-anasıyla dincəlməyə gəlmişdi, o isə tək idi. Elə oradaca evlənməyə qərar verdilər. Artıq Buenos-Ayresə, onları boğaza yığmış köhnə işə qayıtmayacaqdılar. Uzaq bir yerdə, dəniz kənarında, qayalıqların üstündə kafe açmaq istəyirdilər. Heç nə alınmadı, hətta evlənə də bilmədilər, çünki pulları yox idi. Bir dəfə avtobusla, qayalıq sahildən keçib-gedərkən, qırmızı kərpicdən tikilmiş, damı şiferlə örtülmüş tənha bir ev gördülər. Zeytun və şam ağaclarıyla əhatələnən ev düz yarğanın kənarında, yolun üstündə tikilmişdi. Kolluğun arasında bir lövhə gözə dəyirdi: “Kafe üçün ideal yer. Satılır”. Sanki yuxu görürdülər, birdən-birə onlara elə gəldi ki, artıq bütün iztirablar arxada qalıb. Axşamtərəfi mehmanxa­nanın həyətindəki skamyada oturub dincələrkən, bir xeyirxah cənabla tanış oldular. Söz sözü çəkdi, öz arzularını həmin kişiyə danışdılar. Məlum oldu ki, bu cənabın bir tanışı var, əgər onu şərik götürsələr, gənclərə borc pul verə bilər. Sözün qısası, evləndilər, kafe də açdılar. Açılışdan qabaq kafenin üstündəki lövhəni dəyişdirdilər – indi kafe “Fənər” yox, “Röya” adlanırdı. 

Kimsə deyə bilər ki, kafenin adının dəyişdirilməsi yaxşı əlamət deyil. Ola bilsin, bu sözlərdə bir həqiqət var – cavan ər-arvadın arzularının mücəssə­məsi olan bu xəlvət yerin çox füsunkar mənzərəsi vardı, di gəl, müştərilər buraya ayaq basmırdı. Nəhayət, Arevaloyla Xuliya başa düşdülər ki, vergiləri ödəmək və borcdan xilas olmaq üçün kifayət qədər pul toplaya bilməyəcəklər. Borc faizləri də bir yandan, günbəgün artıb çoxalmaqdaydı. Onlar cavanlara xas çılğınlıqla yeni planlar qurur, öz “Röya”larını itirmək istəmirdilər. Yenidən Buenos-Ayresə qayıdıb, kontorda ömür çürütmək onlar üçün cəhənnəm əzabından betər idi. Hər şey çox yaxşı başlamışdı və indi, birdən-birə işlər korlandığı üçün onlara elə gəlirdi ki, bəxtləri yatıb, tale onlardan üz çevirib. Getdikcə daha da kasıblayırdılar, buna baxmayaraq, bir-birinə daha çox bağlanır, bu evdə yaşadıqları üçün özlərini xoşbəxt hiss edirdilər. Odur ki, ən böyük qorxuları bu evi itirmək idi. İndi hardansa gəlib çıxmış bu naməlum, yaşlı qadın cildini dəyişmiş mələk, çamadanında bütün dərdlərə dərman, bütün yaralara məlhəm gəzdirən təbib kimi gəlirdi onlara. Bu dəqiqələrdə qadın ikinci mərtəbədə, isti suyla dolu, buğlanan vannaya girməyə hazırlaşırdı. 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 5/2015 nömrəsində çap olunub

 

DİGƏR MƏQALƏLƏR