MƏKTUB - Tomas Vulf

Tomas Vulf az yaşayıb. Cəmi otuz səkkiz il (1900-1938). Amma öz qısa ömrünü heç də küləyə verməyib. Dünya ədəbiyyatını “Evinə göz yetir, mələk” (1929) “Zaman və çay haqqında” (1935), “Ölümdən səhərlərə qədər” (1935), “Dünyanın hörümçək toru” (1939), “Evə dönüş yoxdu” (1940) və bu kimi bir sıra əsərlərlə zənginləşdirib. Amerika ədəbi mühitində “itirilmiş nəsl”in ən parlaq nümayəndələrindən sayılan Tomas Vulf bədii əsərlərindəki kimi,  məktublarında da həmişə çılğın, səmimi olub, həqiqətin yanında yer alıb. İstər məktubu anasına yazmış olsun, istərsə də dostlarına –  toxunduğu məsələlərə həmişə yetkin bir yazıçı  təxəyyülü ilə yanaşması diqqət çəkir.  İnsan qəlbinin – bu sirli kainatın onu necə düşündürdüyü, məktublarından da aydın görünür. Haçansa Uilyam Ceymsin dediyi: “Təsadüfən bir kitabxanaya qaçıb girmiş itin, ya pişiyin orada saxlanan kitabların məzmunu barədə bildiyi nə qədərsə, insanların da kainat haqda anlayışı ondan artıq deyil” kimi fikirlə barışmayan yazıçı deyirdi ki, nəsə etməyin mümkünsüzlüyünə heç bir məntiqi dəlil onu inandıra bilməz. O, fəlsəfənin mahiyyətcə həmişə axtarışda olduğunu qeyd edir, bununla belə, üstünlüyü insan qəlbinin bitib-tükənmək bilməyən hiss və duyğularına verirdi. Bir sözlə, Tomas Vulfun məktubları öz dövrünə ayna tutur desək, yanılmarıq...

 

Tərcümə: Zahid Sarıtorpaq

 

 

Tomas Vulfun məktubları

 

Xores Uilyamsa1

Xemmond-strit, 67. 

Kembric, Massaçusets 

(fevral (?) 1922-ci il.)

 

Hörmətli cənab Uilyams! 

Dərs ilinin ilk yarısında çox işlədim və mənə elə gəlir, nəyəsə nail oldum, əslində bu uğurum hər şeydən öncə iç dünyama aid idi, kənardan gözə çarpmırdı. Bununla bağlı üç-dörd il əvvəl  Virciniya ştatındakı Lenqli aerodromunda baş vermiş hadisə yadıma düşür. Uçan aparatlar enə bilsin deyə, zəncilərdən ibarət bir neçə  briqada ağacları, kolları kəsib sahəni təmizləyirdi. Çıxarılan kötüklərin yerində çuxur qalır, yaxınlıqdakı nohurdan isə sular axıb dərhal onları doldururdu. Zəncilərin öhdəsinə həm də bu çuxurları torpaqla doldurmaq düşürdü. Bu, olduqca üzücü bir iş idi. Briqadalardan biri bütün günü çuxurlara torpaq töküb hamarlayırdı, qaş qaralanda isə məlum olurdu ki, çəkilən zəhmət mənasız imiş. Çünki tökülən torpağı sular, şəkər tozu kimi əridib çuxurların dibinə çökdürürdü. Beynimi cürbəcür biliklərlə doldurmaq cəhdim həmin briqadanın işinə çox oxşayır, fərq isə, olsa-olsa, bircə bundadı ki, mən daha çox ümidsizəm.

Mənim Henri Adamsla ümumi bir oxşarlığım var.  Evdə olanda özümü narahat hiss eləyirəm, başqa yerdə yaşamağı isə ağlıma da gətirmirəm. Quanta patimus pro amore virtutis!2 İstedadım çatsa, özümü bütünlüklə dramaturgiyaya həsr etməyi fikirləşirəm. Buna görə indi evə qayıda bilmirəm. Elə bir yerdə yaşamalıyam ki, orada pyes oxuya bilim, dram əsərlərinə baxıb öyrənə bilim. Əgər sənətkar olmaq istəyirəmsə, məncə, bu, mütləq vacibdi. Çeypel-Hilldə dramaturq kimi yox, filosof kimi yaşamaq olar. Seçdiyim bu fəaliyyət növünün xüsusiyyəti həm də mənim yaşam tərzimi müəyyən­ləşdirir. 

Fəlsəfə əvvəlki kimi mənə dinclik vermir. Buпünlərdə ulduzların kainatda necə sərbəst dolaşdıqları haqda oxumuşam. Oxumuşam ki, uzaq bir ulduzun şüası saniyədə 186 mil sürətlə yol gələrək bizim planetə yalnız 40 min ildən sonra çatır. Adamın lap başı gicəllənir!  Fəlsəfə aydın şəkildə insanı kainatın özəyi, onun baş qəhrəmanı etmək məqsədi güdür və olsun ki, bununla razılaşmaq gərəkdi. Digər bir yanaşma ağılsızlığa aparır. Bununla yanaşı, kim cəsarət edib təsdiqləyər ki, həyat yalnız bu formada – gördüyü­müz, yaşadığımız kimi movcuddu? Kim deyə bilər ki, insan yalnız sınaq üçün seçilmiş bir cisim, bir varlıqdı?

İstərdim, insan tərəqqisinin “sən­giməyən alovları” bütün tariximiz boyunca şölə saçsın, amma burada məni şübhələr bürüyür. Etiraf edirəm, Qədim Yunan fəlsəfi ideyalarının xristianlıqda davam etməsini görməkdə çətinlik çəkirəm.  Xristianların mərhəmət doktri­na­sında isə qədim yəhudilərin əvəz ödəmək ideyasını yaxşı ayırd edə bilmirəm. Fəlsəfə, din, incəsənət əbədi inkişaf halında olur, yoxsa, müəyyən mərhələyə çatandan sonra məhv olur? Nəyə görə Yunanıstan Perikldən, Sokratdan, Platondan sonra daha güclü və mükəmməl ola bilmədi? Nəyə görə, bizlərdən bir çoxu xristianlıqda başlanğıcın canlı olmasına fikir vermir, onu, iki min il əvvəl olub-qurtarmış, o vaxtdan bəri doğru-dürüst izah edilməyən uzaq bir tarix kimi qəbul edir?

Və nəhayət, ədəbiyyat:  o, sakitlik dönəmi bitəndən sonra, inkişaf vaxtı, xüsusi bir sıçrayış olmadan belə dünyaya Şekspiri bəxş etdi. Bəs nəyə görə ardınca gələnlərdən heç biri onu üstələyə bilmədi? Nəyə görə Yelizaveta dövrü dramından sonra tənəzzül dövrü – Reformasiya teatrı gəldi? Yəni bu irəliləyişdi? Əgər elə hesab edirsizsə, bəs onda niyə bu qədər ziddiyyətlidir?

Demək olar, biz hamımız ömrümüzü yanlış məqsədlərə xərcləyirik – qüvvə və enerjimiz havayı yerə gedir! Dəfələrlə elə bilmişik ki, daha az qalıb, bir qədər də keçəcək, bəşəriyyət Mütləq deyilənə nail olmağı bacaracaq, Varlığın sonuncu sirrini aça biləcək, amma hər dəfə insanlar ya geri çəkilir, ya da qüvvələrini başqa şeylərə sərf edir, heç nəyə nail olmurlar. Şəxsən mən, mister Uilyams, səmimiyyətlə inanıram ki, əgər bizim yaxşılarımız, müdrik və ləyaqətlilərimiz hansısa konkret bir sahəyə diqqət yetirsəydilər, birgə çalışıb yanlışlıqları və səhvləri rədd edər, nəyəsə nail ola bilərdilər. Əlbəttə, ola bilər ki, bu, bir sərsəmin arzularıdı. Amma “mən”imin şıltaqlığını unudub bu birliyin ümumi, aydın məqsədli hökmünə özümü tabe edə bilsəydim, xoşbəxt olardım. Öncə biz dinlə anlamağa çalışardıq, sonra isə incəsə­nətə, fəlsəfəyə, elmə üz tutardıq. İtigözlü, ayıq-sayıq Arqus kimi onları küncə qısnayar, divara söykəyərdik, amma onda da Tanrının olub-olmamasını dərk edə bilməzdik, daha doğrusu, dünyada möcüzə olduğunu biryolluq yəqin etsəydim, bir də heç nə soruşmazdım, ömrümün sonunacan yeyib, içib, yatardım.

Deyəsən, Uilyam Ceyms deyib ki, təsadüfən bir kitabxanaya qaçıb girmiş itin, ya pişiyin orada saxlanan kitabların məzmunu barədə bildiyi nə qədərsə, insanların da kainat haqda anlayışı ondan artıq deyil. Bununla belə, bu cür avamlığın təbii hal olduğuna və nəsə etməyin mümkünsüzlüyünə, heç bir məntiqi dəlil məni inandıra bilməz. Doğrudanmı, belə cahillik xeyir gətirir? Axı bizə təlqin edirlər ki, bilik xilas edir, mənəvi cəhətdən təkmilləşməyə imkan yaradır. Bəs ən ali məramın və mövcudluğumuzun mənasının aydın dərk olunması bizə necə zərər vura bilər? Doğrudanmı, bunu anlamağa cəhd etmək istehza doğurur? Doğru­danmı, hansısa gözəgörünməz bir əl bizi daim məsələnin mahiyyətindən uzaqlaşdırır? Məncə, belə bir nəzəriyyə, sadəcə fəlakətlidir. 

Mənə elə gəlir fəlsəfə, təbiətinə görə həmişə axtarışdadı. O, həmişə hərəkətdədi. Fəlsəfi sistem yaratmaqla öz varlığının tapmacasını biryolluq həll etdiyinə əmin olan bir insan göstərin və onun öz əsərinin köləsinə necə çevrildiyini deyim. Bu doktrinanın iddiasında məna varmı: elə şeylər mövcuddur ki, idrakımıza əlçatmazdı, bizə faktları müşahidə etmək, sərhədi keçməmək, istinad gərək olanda yalnız onlara əsaslanmaq qalır. Çoxumuz bütün ömrümüz boyu labirintlərdə azıb, qəfildən haray salırıq: “Tapdım!” – sonra təntənəli şəkildə dünyaya bəyan edirik ki, bu məqama yetişmək üçün yaxşı kitablar oxumalı, özünə gözəl hisslər təlqin etməli, uçub gedən illərin nəbzini tutub zövq almalısan. Onlar isə özlərini əziyyətə salmadan bütün bunları məktəbdə keçdiklərini deyə bilərlər.

 
 
 Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR