BƏŞƏRİ POEZİYA - Oktavio Pas

Məşhur Meksika şairi Oktavio Pas (1914-1998) gənc yaşlarından dünya ədəbiyyatının seçmələrinə, sürrealizmə böyük maraq göstərir. Bu maraq “Vəhşi Ay” (1933), “Kök atmış insan” (1937), “Tənhalıq labirinti” (1950) kitablarının ərsəyə gəlməsində əsaslı rol oynayır. 

1962-ci ildə O.Pas Hindistana səfir göndərilir. Bu illər ərzində qədim hind mədəniyyətini öyrənməyə, “maskalanmış” Meksika folklorunu və hind mədəniyyətinin köklərini araşdırmağa müvəffəq olan şair, “Şərq küləyi” (1962-1968), “Meymun qrammatikası” (1974) kitablarını yazır. 

Əsərlərindəki “intellektual düşüncələrə və yüksək humanist prinsiplərə” görə Oktavio Pas 1990-cı ildə Nobel mükafatına layiq görülür.

 
 
 Tərcümə: Zakir Fəxri
 
 
Poeziya əxlaq məsələsidi
(müsahibə)
                                            
Məndən Oktavio Pasdan müsahibə almağımı istədilər. Pasın, Brodskiyə rəğbətini və onun heyranı olduğunu bildiyimdən, təklif etdim ki, üçlükdə görüşək; görüşümüz mümkün qədər formallıqdan uzaq olsun. Brodski də, Pas da bu təklifi bəyəndilər. 
Söhbət əsnasında söz Ezra Paund­dan, poeziyadan və ümumiyyətlə, siyasətdən düşdü.
Conatan  Aaron
                                                                                                                 
 
 Oktavio Pas: Söhbət poeziyadan gedirsə, poeziya ilk növbədə əxlaq məsələsidi. 
İosif Brodski: Elədi. Bununla belə, həm də...
O.P. Yəni ictimai əxlaq, siyasi əxlaq məsələsidi. Paund Mussolini ilə dostluq edirdi, hərdən də səfeh şeirlər yazırdı, düzdü? Ancaq Nerudayla Araqonun vəziyyəti daha çətin idi. Paund sözü birbaşa deyirdi və nə vaxt dayanmağın məqamını bilirdi. Nerudayla Araqon dialektikaya inanırdılar, paundsayağı yazdıqları şeirlərini üzə çıxarmırdılar. Şeirlər də ki, bərbad idi.
İ.B. Gəlin, başqa bir adamı xatır­layaq. Məsələn, Marsialı. Yadınızdadı, Roma şairi...
O.P. Məgər o, şairdi? Bizim poeziya haqqında təsəvvürlərimiz dəyişib...
İ.B. Oktavio, məncə, o, gözəl şairdi.
O.P. Yaxşı natiq, gözəl satirikdi. 
İ.B. Yaxşı epiqramçı idi. Epiq­ram­larında da yaxşı poeziya az deyildi. Misal çəkə bilərəm. Razılaşaq ki, o, babat şairdi. Eyni zamanda, imperatorlarla, onların, necə deyərlər, əyanlarıyla da yola gedirdi.  İnanılmaz dərəcədə yaltaq və köləxislətli bir adam idi... Bununla belə, şair olaraq qaldı. Təbii ki, bütpərəstliklə xristianlıq dövrünün fərqi çoxdu. Biz “əxlaq” deyəndə başqa bir şey nəzərdə tuturuq, indi isə bu anlayış öz mənasını dəyişib... Məncə, bu kimi məsələlərə Romada elə də ciddi yanaşılmayıb.
C.A. Siyasət başqa idi.
İ.B. Başqa idi.
O.P. Bağışlayın, razı deyiləm... Baxın, əvvəla, onlarda siyasi poeziya mövcud idi. Belə ki, Marsial başdan-ayağa korrupsiyanın baş alıb getdiyi bir dövrdə yazırdı. Bundan savayı, sinizm – korrupsiyalaşmış, pozğun cəmiyyətə bir cavabdı. Bürokratik cəmiyyətdə sinizm – cavablardan yalnız biri idi. Cavab çoxdu, onlardan biri də sinik olmaqdı. Bodler poeziyanın əxlaqsızlıq olduğunu deyəndə, o,  poeziyanın, on doqquzuncu əsrin riyakar, ikiüzlü əxlaqından, xristian əxlaqından fərqli olan, daha yüksək bir əxlaqı nəzərdə tuturdu, başa düşürsünüz?
İ.B. Hər halda (təkcə ona görə yox ki, məni zəmanə korlayıb), necə deyərlər, axmaq, əclaf saydığımız şair haqda fikir söyləməyin ən yaxşı yolu, onun yaratdıqlarını, bütün şeirlərini, çıxışları varsa, çıxışlarını dərc etməkdir.
O.P. Çox gözəl ideyadı. Onda kütlə özü qərar verə bilər. 
İ.B. Kütlə, elita yox.
C.A. Axı şair və kütlə bir-birinə zidd anlayışdır? Demək istəyirəm ki, bizim əsrdə poeziyanın auditoriyası yoxdu.
İ.B. Conatan, şairin auditoriyası var.
O.P. Oxucu kütləsi yad şəxsi həyatların, seksual macəraların, şair məktublarının əsarətindədir. Məgər bu, kədərli deyil? 
İ.B. Gəlin kağıza köçürülənlərlə – sağlam düşüncənin, sağlam yaradıcılığın nəticələri ilə kifayətlənək. O məsələyə qalanda ki, deyirsiniz bu ölkədə oxucu auditoriyası yoxdu, bu, belə deyil. Az da olsa var. Olsun ki, ümumi əhalinin beş faizi qədər, amma var.
C.A. Əgər bəxtiniz gətirərsə...
İ.B. Elədi.
O.P. Amma bu da kifayətdi.
İ.B. Kifayətdi.
O.P. Bilirsiniz, ispan şairi Xuan Roman Ximenes bir gözəl ithaf yazmışdı. O, yenicə yazmağa başlayanda simvolist idi və “Azlıq” adlı səfeh bir ithaf uydurmuşdu, son dərəcə yararsız bir şey... Sonralar poeziyanın nə olduğunu anladı, tamamilə dəyişdi və “Möhtəşəm azlıq” yazdı. Bax bu, çox yaxşıdı. Elitaya yox, oxumağı, yazmağı öyrənən, poeziyanı sevən bir qisim insana. Və bu, insanlardı –  alimlər zümrəsinə, yaxud universitet dairələrinə aid olanlar deyil. Bu, sadəcə, insanlardı – xoşbəxt insanlar. Və bu şeirlər həm də aşağı təbəqə üçün, bütün cəmiyyət, bütün insanlar üçündür. 
İ.B. Razıyam, amma demək istəyirəm ki, burada – ştatlarda bu auditoriya məhduddu, əsasən, kolleclərdə və universitetlərdədi.
   
 
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR