AZƏRBAYCAN ƏDƏBİYYATI - Afaq Məsud

MƏNSUR HƏLLAC

(İki hissəli faciəvi dram)

 

Mənsur Həllac – mömin sufi, şeyx

Həmid ibn Abbas – baş vəzir

Şəfiq ibn Müzəyyəm – vəzir

Həbib ibn Müsəlləm – vəzir

Minbaşi Əli ibn İsa – qoşun başçısı

Tayyib ibn Mürsəlat – əmir

Dərviş

Qonaq 

İblis

Fərraş

Gizir 

Qarı

Müridlər

Dustaqlar

Zindan keşikçiləri

Əsgərlər 

Bağdad sakinləri

 

 

 

BİRİNCİ HİSSƏ


BİRİNCİ ŞƏKİL

 

Sultan İbrahimin yanar çıraqlarla əhatələnmiş sarayı. Sultan, baş vəzir Həmid ibn Abbas, vəzirlər Şəfiq ibn Müzəyyəm və Həbib ibn Müsəlləm daxil olurlar.

 

 

Sultan İbrahim. ...camaatı çaşdı­ran da budu. (Keçib taxtına əyləşir.) Amma o nəyə nail olmaq istəyir axı? Niyyəti nədi? 

Həmid ibn Abbas. Bu bir müəmmadır, şah sağ olsun. Onun niyyəti gizlidədi. Bir tərəfdən o, camaatı dinə, Məhəmməd əleyhis­salamın... (salavat çevirir) Allahumməsalli əla Muhəmmədin və ali Muhəmməd, (sultan və  vəzirlər də salavat çevirirlər) Quranına çağırır, o biri tərəfdən özünü Allahın dostu elan edir, Ona olan sevgisindən dəm vurur.

Sultan İbrahim. Sevgi?.. Əstəğfürullah. Bəlkə biçarə ağlını itirib? 

Həmid ibn Abbas. Bəziləri belə hesab edir, şah sağ olsun. Lakin mötəbər şeyxlər, Bağdadın baş məclisinin – Ali Çıraq Cərgəsinin üzvləri Mənsura, hər kəsə nəsib olmayan ali verginin – ilahi biliyin bəxş edildiyini israr edirlər. 

Sultan İbrahim. İlahi bilik? O nə olan şeydi? 

Həmid ibn Abbas. Kitablarda olmayan, heç harada yazılmayan, Allah-taalanın müstəsna rəhmiylə verilən sirli bilik. Şeyxlər belə deyir.

Sultan İbrahim (qeyzlə). Bu nə axmaq söhbətlərdi? Uca şeyxlik rütbəsinə yaraşmayan lüzumsuz mülahizələr! (Bəyanat verəntək, ucadan) İlahi bilik tək bir uca və qüdrətli Yaradana məxsusdu ki, yaranmışlara nəsib olmaz! (Fikrə gedir, saraya gərgin sakitlik çökür. Bir qədərdən sonra Həmid ibn Abbasa) Sən özün nə düşünürsən bu barədə? 

Həmid ibn Abbas. Açığı... mən… (söz axtarır.)

Sultan İbrahim. Sən nə?  

Həmid ibn Abbas (ehtiyatla). Düzünü desəm, mən özüm də bir qədər tərəddüd içindəyəm, şahım. 

Sultan İbrahim (duruxur). Anlamadım…

Həmid ibn Abbas. Elm-zəkalarına, dərin biliklərinə hər zaman heyran olduğum uca şeyxlərin bu qərarı, düzü, məni çaşqınlığa salır. Onların dediyindən belə çıxır ki... (sir açantək, astadan) Mənsura insan qəlbinin gizlinlərini fəth edən sirli bilik verilib. 

 

Külək uğultusunu, sovrulmanı andıran 

əcaib səslər.

 

Sultan İbrahim (qaşlarını çatır). Sirli bilik? (Vəzirlərə baxır.) 

Həmid ibn Abbas (ehtiyatla). Mənsurun sözləri insanlara bir ayrı cür təsir edir, şahım. Mən özüm də dəfələrlə bunun şahidi olmuşam. Onun moizələrindən sonra şəhərin halı dəyişir. Bağdada qəribə bir sükut çökür…

Sultan İbrahim (taxtına söykənir). Hətta belə?..  

Həmid ibn Abbas (xof dolu ehti­yatla). Bu adamın sözlərində, (tərəddüdlə) ya səsində… qəribə bir tilsim var. Onun moizələrindən sonra küçələr, dükan-bazar bomboş boşalır. Alış-veriş dayanır...

Şəfiq ibn Müzəyyəm. Bu, bir möcüzədi, şahım! Deyirlər onun moizələri insanın ayağını bu dünyadan üzür, onu ayrı, sehrli bir aləmə salır. 

Həbib ibn Müsəlləm. Danışırlar ki, Mənsurun dediklərini ucqar kəndlərdə də eşidirlər!.. 

 

Sim qırılmasını andıran əcaib səs.

 

Sultan İbrahim (qaşqabaqlı). Bu nə sayıqlamalardı? (Qeyzlə) Nə dediyinin fərqinə varırsanmı, Həbib?

Həbib ibn Müsəlləm (qorxu dolu gözlərlə). Bunu haman kəndlərin camaatı danışır, şah sağ olsun. 

Sultan İbrahim (qəzəblə). Yalan danışırlar! 

Həbib ibn Müsəlləm. Onlar Mənsurun sözlərini olduğu kimi təkrar edirlər.

Sultan İbrahim. Nə deyirlər?

Həbib ibn Müsəlləm. Deyirlər... (bir qədər susur, sonra çəkinə-çəkinə) bu dünyanın bir sahibi, bir sultanı var… bu da, hamıdan uca və mərhəmətli olan Allahdı... 

Sultan İbrahim.  Allahu əkbər! (Salavat çevirir) Allahumməsalli əla Muhəmmədin və ali Muhəmməd. (Əyanlar da salavat çevirirlər.)  Bunu dananmı var? 

Həbib ibn Müsəlləm (ehtiyatla ardını gətirir). ...və ondan savayı, ayrı sultanlıq yoxdu.

Sultan İbrahim (pərt olursa da, büruzə vermir. Boğazını arıtlayır). Çox əcəb. (Vəzirlər ehtiyatla bir-birinə baxırlar.) 

Həmid ibn Abbas. Məsələ bununla bitmir, şah sağ olsun. Mənsur bu dünyanın ilahi eşqdən yarandığını, var olan hər bir şeyin o eşqdən qaynaqlandığını deyir. Onun bütün nəzəriyyələri və təlimləri həmin o eşqə dayaqlanır.

Sultan İbrahim. Bu nə küfrdü? Eşqin bura nə dəxli? Əcəba, əgər o, Quran əhlidirsə, İslamın cəmi müsəlman ümmətinə vacib bildiyi zəruri əməllərə riayət etməli, böyük Axirət və Allah qorxusunu canında bəsləməlidi. O isə, eşqdən danışır. 

Şəfiq ibn Müzəyyəm. Onun sözləri insanlara bir ayrı cür təsir edir, şahım. O, beyinlər dumanlandıran, ağıl çaşdıran sözlər danışır. Sanki avam camaatı yolundan azdırmaq istəyir.

Sultan İbrahim. Bu sərsəmin son məqsədi nədi axı?

Həmid ibn Abbas. Onun məq­sədi… (bir anlıq susur, ehtiyatla Şəfiq ibn Müzəyyəmə baxır). Onun məqsədi məlumdu, şah sağ olsun. Mötəbər taxt-taca, əzəmətli Abbasilər dövlətinin qüdrətinə kölgə salmaq! (Sim titrəyişini andıran səs. Vəzirlər ehtiyatla bir-birlərinə baxırlar.) 

Sultan İbrahim (qaşlarını çatır). Belə de…

Həmid ibn Abbas. Mənsurun təlim və moizələri bir mətləbə dayaqlanır: Bağdadın, eləcə də cəmi bəşər övladının tək və yeganə sultanı olan uca Allaha tapınmaq! 

Sultan İbrahim (qaşqabağını tökür, fikirli). Hm-m. Sonra?

Şəfiq ibn Müzəyyəm.  O, avam camaatı yolundan azdırır, qibleyi-aləm, «padşahınız da, sultanınız da odur» – deyir. «Xilasınız yalnız ondadır» – deyir. 

Sultan İbrahim (gizli pərtliklə). İnsanları Allaha itaətə çağırmaqda əcaib nə var ki? Amma… (səsi enir) bu xilas məsələsini anlamadım. O, hansı xilasdan danışır?  

Şəfiq ibn Müzəyyəm (təzimlə). Bunu izah etməkdə acizəm, şahım. 

Həmid ibn Abbas. Mənsurun məramı budu: hansı yolla olur-olsun, qüdrətli Abbasilər hakimiyyətini gözdən salmaq, zati-alilərinizin nüfuzuna xələl yetirmək! Onun moizə və təlimləri dövlətçiliyə, zati-alilərinizə qarşı qaçılmaz təhlükəyə çevrilib, şahım. Bu adam dediklərini əyani şəkildə sübuta yetirməkdən ötrü min bir üsula əl atır, şəhərdə özbaşınalıqlar yaradır! 

Sultan İbrahim (dik atılır, qəzəblə). Özbaşınalıqlar?

Həmid ibn Abbas. İş bu yerə çatıb ki, Mənsur Bağdadın baş bazarına daxil olub, piştaxtaları talan edir. Camaatın malını ona-buna paylayıb tacirlərə: “bunları sizmi yaratdınız ki, satırsız?” – deyir. Camaat da ona qoşulub quldurluq edir! 

Sultan İbrahim (sarsılmış halda). Bu nə azğınlıqdı? (Qəfildən hiddətlə) Bəs siz hara baxırdız? Osman ibn Bəkr hara baxır? 

Həmid ibn Abbas. Osman… Osman ibn Bəkr… (susur.)

Sultan İbrahim (əsəbi). Hə! Sözünün ardını gətir, Həmid!

Həmid ibn Abbas. Osman, Mənsur aşiqlərindəndi, şahım. 

Sultan İbrahim (qəzəbdən boğula-boğula, astadan). Belə de…

(Sarsılmış halda) Bu da mənim güvənib-arxalandığım Osman… (əli ilə üzünü qapayır.)

 

Saraya ağır sükut çökür. Əcaib səslər. Vəzirlər xoflu halda   bir-birinə, sultana baxırlar.

 

Sultan İbrahim (hüznlə). Bütün bunlar nə vaxt baş verib? (Vəzirlər günahkar sükutla susurlar, qəfildən əsəbi) Niyə mənim bu azğınlıqlardan xəbərim yoxdu? 

Həmid ibn Abbas (ehtiyatla). Bu qərara gəlmişdik ki, özümüz ölçü götürək. Zati-alilərinizi narahat etməməkdən ötrü, yəni. Biz bütün üsullara əl atdıq, şah sağ olsun… (səsi enir) lakin cəhdlərimiz boşa çıxdı. Cəmi Bağdad, Mənsur aşiqidi.

Sultan İbrahim (hiddətlə). Cəmi Bağdad deyirsən? Bir küçə avarasına… cır-cındıra bürünmüş, pulsuz-parasız dilənçiyə aşiqdi?.. (Həmid ibn Abbas günahkar sükutla susur.) 

Həbib ibn Müsəlləm. Bu bir bəladır, şahım! Görünməmiş bəla! Yadelli düşmən hücumundan amansız fəlakət! Bu adamın sözlərində zirehli qoşun gücü var!.. Elə ki o, Bağdadın baş meydanında peyda olur, insanların sanki nitqi quruyur!

Şəfiq ibn Müzəyyəm. Bağdadın nüfuzlu şeyxləri arasında Mənsuru Allahın elçisi, peyğəmbər hesab edənlər də var!  

Sultan İbrahim (duruxur). Yox, bu daha lap ağ oldu! Bir məmləkətin ki, şeyxləri küçə avarasının birini peyğəmbər hesab edir… (söz axtarır, qəfildən hiddətlə) onların yeri dar ağacıdı! (Vəzirlər döyükmüş halda bir-birinə baxırlar.) Onların adlarını de! 

Həmid ibn Abbas (çəkinə-çəkinə). Qanınızı qaraltmağın mənası nədi, şahım? Bəlkə…

Sultan İbrahim (bağırır). Adlarını de!!!

Həmid ibn Abbas (ehtiyatla). Sizin hörmət və ehtiram bəslədiyiniz… (susur.)

Sultan İbrahim. Hə!

Həmid ibn Abbas. Əbül Qasim əl-Cüneyd. (Sim qırılmasını andıran titrəyiş səsi. Sultan dik atılır) Əbu Bəkr əş-Şibli… Səhl bin Abdulla Tustari... Abbas Tusi… (adlar sadalandıqca, sultanın halı dəyişir, əli ilə üzünü qapayır) Osman Nuri Topbaş...

Sultan İbrahim (heysiz halda). Kifayətdi. (Öz-özünə) Bu nə bədbəxtlikdi sarıb məmləkəti?.. Kimə inanasan? Bu da mənim dərin bilikli, zəkalı üləmalarım.  Qarnına bir loxma çörək tapmayan avara sərsəmin toruna düşüblər… 

Həbib ibn Müsəlləm. Mənsurun toruna düşən, tək bir onlar deyil, şahım. Bu tor bütün məmləkəti cənginə alıb! İnsanları tanımaq olmur. Elə bil, haman o bir qarın çörəyə ehtiyaclı olan qara camaat deyil! 

Sultan İbrahim (qanıqara). Kimin kölgəsi altında yaşadıqlarını unudublar, ona görə! Kimə minnətdar olmalı olduqları yadlarından çıxıb! 

Şəfiq ibn Müzəyyəm. Mənsurun sözləri... (qəfildən, ovsuna düşmüş kimi) ...yoxsa, səsi... insanlara bir ayrı cür təsir edir. Ona, Allaha inananlar da, inanmayanlar da inanır! Deyirlər, onun moizələrini karlar da eşidir!..

 

Külək uğultusu. Külək saray pəncərələrinin laylarını taybatay açıb içəri dolur, pərdələri yerindən oynadır. 

 

Sultan İbrahim (vəzirlərə). Nə durub baxırsız?

 

    Vəzirlər özlərini pəncərələrə atıb, layları bağlamağa çalışırlar.

 

Həmid ibn Abbas (giriş qapısına sarı). Fərraş!!!

 

Fərraş, yanında xidmətçiləri, otağa daxil olurlar. Vəziyyəti görüb, əmri 

gözləmədən, pəncərələri bağlayırlar.  

     Saraya sakitlik çökür.

 

Fərraş (təzim edir). Qibleyi-aləm sağ olsun. 

Sultan İbrahim (fərraşa sərt). Gedin! (Fərraş və xidmətçilər təzim edib çıxırlar.) Davam elə, Şəfiq. Deyirsən, Mənsurun moizələrini karlar da eşidir. (Acı gülüşlə) Qəbiristanlıqda yatan ölülər necə, eşitmirlər? (Gülürsə də, ona qoşulan olmur. Məkrlə) Beləsinin biri də vardı. İsrail övladı Məryəmin oğlu İsa! Özünü Allahın oğlu elan eləmişdi! Saray ənənələrini dağıtmaq, insanlarda çaşqınlıq yaratmaq istəyirdi. Çarmıxa çəkiləndə isə, insan kimi göz yaşı axıtdı... (uzaq məchulluqlara zillənir) Qan itirdikcə, solub-saraldı... (Öz-özünə) Bunların hansı mənsəbə qulluq etdikləri bəllidi. (Ucadan) Bu nakəslər şahlıq iddiasına düşmüş xudbin dələduzlardır ki, hamısının axırı dar ağacının altında bitir! (Səsi enir) Mənim başbilən şeyxlərimsə, beləsini Allahın elçisi elan edir. (Qəfildən nə isə anlamış kimi başını qaldırır, Həmid ibn Abbasa) Axı niyə, nə səbəbə? 

Həmid ibn Abbas. Onlar dedik­lərinə sübut olaraq, Mənsurun moizə­lərində dünyasını Allah qorxusuyla dəyişmiş, İslamı qəbul etmiş minlərlə adamı misal gətirirlər, zati-aliləri.

Sultan İbrahim (pərt olur). Heç nə anlamıram.  Bu necə ola bilər? (Qəfildən hiddətlə) Yalandı! Hamısı ağ yalandı!

Həmid ibn Abbas (ehtiyatla). Buna Davud əl-Səədin özü də şəhadət verir, qibleyi-aləm.  

Sultan İbrahim (heyrətlə). Davud?.. 

Həmid ibn Abbas. Vəziyyət son dərəcə ağırdır, şah sağ olsun. Mənsurun kütlə arasında böyük nüfuzu var. 

Şəfiq ibn Müzəyyəm. Onun moizə­lərinə o biri şəhərlərdən də insan axını qatılır. Hindistanlılar onu “Əbül Qeys”, Çin əhli “Əbül Moin” çağırır. Xorasanlılar ona “Əbül mehr”, Bəsrə əhli “Mühəbbər” ləqəbi veriblər. İranlılar üçün o, “Əbu Abdallah”dır. Bağdad isə onu “Müstəlam” adlandırır.

Sultan İbrahim. Müstəlam? (Qaşlarını çatıb fikrə gedir, hiddət dolu səslə astadan) Burda bir İblis qurğusu var. Abbasilər hakimiyyətinin süqutuna susayan İblisin qurğusu… (qəfildən qəzəblə) Bu adam kafirdi! Özünü qeyb aləminin elçisi kimi qələmə verən dələduz kafir! Bu... (hiddət içində söz axtarır.) 

Həmid ibn Abbas.  Bu üsyandır, şah sağ olsun! Mənsurun havaya atdığı hər sözündə bir üsyan toxumu cücərir. Odur ki, qərarınızı verin, şahım.

Sultan İbrahim (ağır-ağır nəfəs dərir). Dayan bir… mənə qaranlıq qalan məqamlar var. Bu məluna Bağdadın baş məscidində moizə oxumağa kim icazə verib? (Vəzirlər döyükmüş halda bir-birinə baxırlar.) 

Həmid ibn Abbas. Möhtərəm Şeyxülislam həzrətlərinin özü Mənsurun baş məsciddə moizə oxumasını təqdirəlayiq bilir, qibleyi-aləm. Siz özünüz də buna razılıq vermisiniz. 

Sultan İbrahim (ilan sancmış kimi dik atılır). Mə-ən?..

Həmid ibn Abbas. Mənsur zati-alilərinizi sarı titrətmədən müalicə edən zamanlar. 

Sultan İbrahim (sarsılmış halda taxtına söykənir). Lənətə gəlsin o müalicəni. Yaman baha başa gəldi.

 

Fərraş daxil olur.

 

Fərraş (təzim edir). Aləmlərin sultanına eşq olsun! 

Sultan İbrahim (əsəbi). Nə axmaq-axmaq danışırsan, gədə! Minbaşı Əli ibn İsanı çağır gəlsin!

Fərraş. Minbaşı burdadı, sultan sağ olsun, divan üzvləri ilə birgə dəvətinizi gözləyir. 

Sultan İbrahim. Divan üzvləri?.. Onlar nə istəyirlər? 

Fərraş. Onlar bura sizin dəvətinizlə təşrif buyurublar, şah sağ olsun! Bu günə təyin etdiyiniz Divan məclisinin toplantısına. 

Sultan İbrahim (yadına düşür). Hm-m. Gözləsinlər. Əli ibn İsa gəlsin. 

 

Fərraş təzimlə geriyə addımlayır və çıxır. Zirehli sərkərdə geyimində Minbaşı Əli ibn İsa daxil olur.

 

Minbaşı (təzim edir). Şah sağ olsun.

Sultan İbrahim. Qulağıma qəribə xəbərlər çatır, Əli ibn İsa. Bu nə özbaşınalıqlardı bürüyüb vilayəti? 

Minbaşı (vəzirlərə baxır). Sizə səhv məlumat verilib, qibleyi-aləm. Məmləkətdə əmin-amanlıq və sakitlik hökm sürür.    

Sultan İbrahim (minbaşını sınayıcı nəzərlərlə süzür). Yoxsa, yorulmusan, Əli ibn İsa? (Qəfildən əsəbi) Əmin-amanlıq deyirsən? Günün günorta çağı şəhərin bazarları talan edilir, Bağdadın baş məscidi kafir oylağına çevrilib, dələduz avaranın biri özünü Allahın dostu elan eləyib avam camaatı yo­lundan azdırır,  əmin-amanlıq dediyin budu?.. 

Minbaşı. Siz... (ehtiyatla) şeyx həzrətləri Mənsur Həllacı deyirsiz bəlkə? 

Sultan İbrahim (gözləri bərəlir). Şeyx həzrətləri?.. Yoxsa, sən də o kafirin aşiqlərindənsən, Əli ibn İsa? (Minbaşı dinmir.) Səninləyəm, cavab ver! 

Minbaşı. Mənsur... bir Allah şahiddi ki, Allaha olan eşqindən ağlını itirmək həddinə çatmış müqəddəs mömindi. İşi-peşəsi Allahı, Onun gözəlliklərini vəsf etmək, insanları dinə, imana səsləməkdi… 

Sultan İbrahim (hiddətdən gözləri qıyılır). Sən nə dediyinin fərqindəsənmi, Əli ibn İsa? Allaha şərik qoşan dələduzun birini “müqəddəs mömin” adlandırırsan? (Minbaşı başını aşağı salır) Bu hətərən-pətərən danışıqlarının hesabatını verəcəksən! 

Minbaşı (başını qaldırır, hüznlə). Mənsur ilahi çırağın cəzbinə düşmüş eşq pərvanəsidi ki, son istəyi özünü oda vurub yandırmaqdı. Bundan savayı, onun ayrı bir məqsədi yoxdu.

Sultan İbrahim. Bazarları talan eləmək, küfr yayıb avam camaatı yo­lundan azdırmaq! Budumu, eşq pərvanəliyi?.. 

Minbaşı. Sizə yanlış məlumat ve­rilib, şah sağ olsun. Əslində, hər şey ayrı cürdü. İzn verin, zati-alilərinizə izah edim. 

Sultan İbrahim (sərt). Kəs səsini! İzahatına lüzum yoxdu daha! Sənin o eşq pərvanən zindana atılacaq!

Minbaşı (həyəcanla). Lütf edin, şahım! Mənsur günahsızdır! Ondan ötrü bu dünyanın özü bir məhbəsdi! 

Sultan İbrahim (qəzəbdən nəfəsi təngiyə-təngiyə). Mənim hökmümə şəkk gətirirsən, Əli ibn İsa?.. 

Minbaşı (başını günahkar təslimlə aşağı salır). Hökmünüzə müntəzirəm, şah sağ olsun. 

Sultan İbrahim (minbaşını başdan-ayağa süzür. Acı iztehzayla). Demək sən də… mənim tədbirli, cəsur minbaşım, öz xəstə, xam xəyallarının əsirinə çevrilmiş dələduza uymu­sanmış... (Saraya sükut çökür, hamı ehtiyatla bir-birinə baxır)  Get, səninlə söhbət sonraya qalsın. (Minbaşı təzim edir və çıxır.)

Sultan İbrahim (aramla taxtına söykənir, qanıqara). Bu da mənim tədbirli minbaşım Əli ibn İsa. 

Həmid ibn Abbas (sultanın qulağına sarı əyilir, astadan). Zati-alilərinizə bildirim ki, Mənsur tilsiminin toruna düşən, tək bir Əli ibn İsa deyil. Həllac ovsunu qarşısında, bu uca saray divarları da acizdir, şahım! (Sultan xof dolu nəzərlərini vəzirlərin üzündə gəzdirir) Əli ibn İsanı dəfələrlə Mənsurun moizələrində vəcd halında görənlər olub. (Əcaib səslər. Musiqi.)  

Sultan İbrahim (sarsılmış halda). Hətta belə?.. 

Həmid ibn Abbas (astadan). Əli ibn İsa Abbasilər hakimiyyətinə qarşı hazırlanan gizli üsyan tərəfdarların­dandır. 

Sultan İbrahim (astadan). Bərə­kallah… Bu tor nə yaman dərin imiş!.. 

 

Fərraş daxil olur.

 

Fərraş (təzim edir). Divan üzvləri dəvətinizi gözləyirlər, qibleyi-aləm!

Sultan İbrahim (Həmid ibn Abbasa astadan). Əlinin atası Əmir Zeynal Abdin ibn Şəmsiyyə Abbasilər uğrunda Fərat döyüşlərində həlak olanlardandı. (Köks ötürür.) Gidi dünya… (Ayılır. Fərraşa). Gəlsinlər. (Həmid ibn Abbasa) Söhbəti axşama saxlayaq.

Musiqi. Divan üzvləri bir-bir içəri daxil olurlar. Növbə ilə irəli keçib Sultanın hüzurunda təzim edir və yerlərini tuturlar. Həbib ibn Müsəlləm və Şəfiq ibn Müzəyyəm də Divan üzvləri sırasında yerlərini tuturlar. Həmid ibn Abbas sultanın yanında - taxtın sağ tərəfində dayanmağa davam edir.

 

Sultan İbrahim. Bismilləhir-rahmənir-rahim (salavat çevirir.) Allahumməsalli əla Muhəmmədin və ali Muhəmməd. (Divan əhli və vəzirlər də salavat çevirirlər.) Uca və Mərhəmətli Allahın adıyla! Divanın bugünkü məclisini açıq elan edirəm. (Divan üzvləri arasında dayanmış əmir Tayyib ibn Mürsəlata) Buyursun Əmir Tayyib ibn Mürsəlat, bizləri məmləkətin durumundan hali etsin, sonra o biri, qalan məsələlərə keçək.

 

Tayyib ibn Mürsəlat irəli çıxıb təzim edir.

 

Tayyib ibn Mürsəlat. Dünyalar xaqanı Sultan İbrahimə salam olsun! (Susur, ehtiyatla) Qorxum budu ki, könlünüzü aça biləcək xəbərlərlə gəlməmişəm, şah sağ olsun.

Sultan İbrahim (taxtın qoltuqluğuna dirsəklənir). Nə ilə gəlmisən, buyur, danış. (Ağzının içində) Bu sabah onsuz da xoş xəbərlərlə açılmadı.

Tayyib ibn Mürsəlat. Zati-alilərinizə xatırladım ki, hələ ötən dəfə mən bu məclisdə, Bağdada hakim kəsilmiş davamlı quraqlıq səbəbindən məmləkətin üzləşdiyi çətinliklər barədə müfəssəl məlumat vermişdim… 

Sultan İbrahim (qanıqara). Vəziyyət indi nə yerdədi?

Tayyib ibn Mürsəlat (çiyinlərini çəkir, günahkar səslə). Vəziyyət bir az da ağırlaşıb, qibleyi-aləm. Su və ərzaq ehtiyatı tükənmək üzrədi. Bu ilin quraqlığı, yaranandan bəri məmləkətimizə üz verməmiş bəd­bəxtlik, görünməmiş bəladı! 

Sultan İbrahim (fikirli halda).       Hm-m.

Tayyib ibn Mürsəlat. Zəmilər il uzunu bircə damla belə olsun, yağış üzü görmədi. Əkin sahələri tam yararsız hala düşüb. Buğda ehtiyatı, demək olar ki, bitib. Məmləkət böyük aclıq təhlükəsindədi.   

Sultan İbrahim (qanıqara). Bütün bunlardan agaham, Tayyib. Sizləri bura toplamaqda məqsədim də budu. (Divan üzvlərinə) Buyurun, təkliflərinizi verin.

Divan üzvləri (hürkmüş halda). Təklif verməkdə acizik, şahım! Burda heç bir təklif kara gəlmir…

Tayyib ibn Mürsəlat (təzim edir). Şah sağ olsun, ərz edim ki, bura, sizin mübarək hüzurunuza gəlməzdən əvvəl mən çox adamlarla görüşdüm. Bağdadın ən bilici münəccimləri və rəmmallarının, qüdrətli şeyxlərin - Ali Çıraq Cərgəsinin fikirlərini öyrəndim. Məqsədim bu idi ki, yaranan bu vəziyyətlə bağlı onlar da öz sözünü desin.  

Sultan İbrahim (dikəlir, maraqla). Belə.

Tayyib ibn Mürsəlat. Mən məmlə­kə­tin böyük təhlükə qarşısında olduğu barədə, şəhərin baş anbarlarında buğda və su ehtiyatının tükəndiyi haqda onlara ətraflı məlumat verdim, tədbir töküb çıxış yolunu göstərməyi xahiş etdim.

Sultan İbrahim (səbirsiz). Onlar nə dedilər?

Tayyib ibn Mürsəlat. Onlar məndən vaxt istədilər, şahım. 

Sultan İbrahim. Hm-m.

Tayyib ibn Mürsəlat. Mən bir müddət gözlədim… (Başını aşağı salıb susur.) 

Sultan İbrahim. Niyə susdun, Tay­­yib ibn Mürsəlat? Ardını gətir! Yoxsa, onlar da səni əliboş yola saldılar?

Tayyib ibn Mürsəlat. Sizin rəhminiz və səxavətiniz qarşısında acizəm, şahım. Lakin burda belə məlum oldu ki… (ehtiyatla) məsələ bir ayrı cürdü. (Susur.)

Sultan İbrahim. Ayrı cürdü? Anlamadım. (Qəfildən əsəbi) Sözü uzatma Tayyib, mətləbə keç! Şeyxlərin dediyini söylə!

Tayyib ibn Mürsəlat. Uca şeyxlərin dediyindən belə məlum oldu ki... (səsi titrəyir) burda insan əməli acizdi… 

 

Sim qırılmasını andıran səs. Sultan və əyanları duruxmuş halda bir-birinə baxırlar.  

 

Tayyib ibn Mürsəlat. Müdrik şeyxlər bu fəlakətin insan əməli ilə aradan qaldırılmasını mümkünsüz hesab etdilər, şahım. Onlara görə yağışların da, quraqlığın da sahibi olan uca Yaradanın hökmü olmadan, yaranmış vəziyyəti aradan qaldırmaq mümkün olmayacaq. 

Sultan İbrahim (qanıqara).                 Be­­­lə-­­ə… On­ların verdiyi məsləhət budu, demək. 

Tayyib ibn Mürsəlat. Şeyxlər fəqir-füqəraya nəzir-niyaz paylamağı, dualar edib, uca Allaha yalvarmağı məsləhət gördülər. 

Sultan İbrahim. (Möhürlü üzük taxılmış əli ilə taxtın dirsəkliyini tıqqıldada-tıqqıldada, fikirli). Belə-ə. Demək, yalvarmalıyıq… 

Təyyub ibn Mürsəlat (ehtiyatla) . Bir də onlar… (qəfildən susur.) 

Sultan İbrahim (fikirdən ayılır). Onlar nə? (Tayyib ibn Mürsəlat susur). Danış, Tayyib! Dilini uddun, yoxsa?

Tayyib ibn Mürsəlat (ehtiyatla). Allahımız çox qüdrətlidi, şahım, dərd göndərəndə, dərmanını da göndərir. Şeyxlər bu məsələdə bizlərə kömək edə biləcək bir adamı məsləhət gördülər mənə. Duaları uca Yaradan tərəfindən eşidilən mömin müqəddəs bir kəsin bu işdə yardımçı ola biləcəyini dedilər. (Sultan və vəzirlər bir-birinə baxırlar.) Onlara görə o mömin müqəddəs Allahdan yağış göndərməsini xahiş edərsə…

Sultan İbrahim (sözünü kəsir). Dayan bir. (Qəzəbdən boğula-boğula astadan) Yoxsa, sən də haman o kafir Həllacı deyirsən?   

Tayyib ibn Mürsəlat. (Çaşqın halda). Elədir ki, var, qibleyi-aləm sağ olsun.  

 
 
 
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2015 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR