ƏDƏBİ MOZAİKA

Kate Atkinson Böyük Britaniyada üçüncü dəfə "ən yaxşı romançı" adına layiq görüldü

 

Kosta Kitab Mükafatının 2016-ci il qalibləri məlum olub. Bu mükafat hər il beş kateqoriya üzrə – ilin ən yaxşı romanı, ən yaxşı debüt romanı, bioqrafiya, poeziya və uşaqlar üçün yazılmış kitablara görə Birləşmiş Krallıq və İrlandiya vətəndaşı olan, ingiliscə yazan müəlliflərə verilir.

Üçüncü ildir ki, Kate Atkinson roman kateqoriyasında qalib olur. 

K.Atkinson bu dəfə “Xarabalıqlarda Tanrı”  romanına görə qalib seçilib. Mün­siflər kitabı yüksək qiymətləndirib, hətta onu “dahiyanə roman” adlandırıblar. Yazıçı adı çəkilən mükafatı ilk dəfə 1995-ci ildə  “Gizli muzeydə”, 2013-cü ildə isə  “Həyatdan sonra həyat” romanlarına görə alıb.

Kosta mükafatının debüt roman kateqo­riyasında Andrey Mixael Hurleynin  “Loney” romanı qısa siyahıdakı digər əsərlərdən üstün olub.

Kosta Bioqrafiya kateqoriyası da maraqlıdır. Bu kateqoriya həm müəllif üçün, həm də haqqında bəhs edilən şəxsdən ötrü geniş publikaya çıxmaq baxımından  önəmlidir. Həmin kateqoriya üzrə qalib seçilən A.Vulf  “Təbiətin kəşfi: “Elmin itkin qəhrəmanı Alexander Von Humboldtun səyahəti" kitabını tanınmış rus səyyahı, coğrafiyaşünas və təbiətşünas Von Humboldt haqqında yazıb. 

Kosta şeir mükafatı “40 sonet”  kitabının müəllifi şair Don Patersona verilib. Münsiflərin bəyanatına görə, “bu poetik silsiləyə sonetin ənənəvi formasına uyğun olmayan, yüksək ustalıqla yazılmış eksperi­mental şeirlər daxildir”. Onu da qeyd edək ki, Don Paterson həm də  T.S. Eliot müka­fatını iki dəfə qazanmış yeganə şairdir.

 

Nəhayət, Kosta uşaq kitabı mükafatı France Hardingeyin romanına verilib.

Müsabiqənin şərtlərinə görə hər bir qalib 5 min funt sterlinqlə mükafatlandırılır. Münsiflərin seçdiyi qaliblərdən əlavə, mükafatlandırma mərasimində, həmçinin ictimaiyyətin onlayn səsverməsi ilə seçilmiş ən yaxşı hekayə də elan edilir.

 

Şoloxovun rəqibləri 50 ildən sonra məlum oldu 

 

Qaydaya görə, İsveç Akademiyası Nobel mükafatına real namizədlərin adlarını, müzakirələri əlli il gizli saxlayır, bu isə  o deməkdir ki, 1965-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatının qalibi olmuş Mixail Şoloxovun rəqiblərinin adını artıq açıqla­maq mümkündür.

Heç demə, Şoloxovun rəqibləri Pablo Neruda, Nabokov və Borxes olublarmış.

Şoloxovun qalib seçilməsi anonim verilmiş yekdil qərara görə baş tutub. Seçim vaxtı Nobel Komitəsinin sədri Anders Österlinq deyib:

“Sakit Don” klassik şedevrdir, hər oxu­yanda bunu hiss edirik.  Bu misilsiz əsərin namizədliyini, gec də olsa, birmənalı şəkildə dəstəkləyirik”. 

1965-ci ildə Şoloxovun bu mükafatı məşhur rus şairi Anna Axmatova ilə bölüş­məsi də müzakirə edilibmiş.

Lakin A.Österlinq bu fikri qətiyyətlə rədd edərək deyib ki, bu iki yazıçı arasında dildən başqa ümumi bir şey yoxdur. O, həmçinin mükafatın növbəti – 1966-cı ildə Migel Anxel Asturiasla Xorxe Luis Borxes, həmçinin Şmuel Josef Aqnon Nelli Saç arasında bölünməsi təklifini də  rədd edib.

M.Şoloxovun rəqiblərindən yalnız Pablo Neruda 1971-ci ildə Nobel müka­fatını qazana bilib.

 

Min tirajlıq kitabın zamanla artan dəyəri

 

Tanınmış amerikalı şair Teodor Rötke­nin (1908-1963) ev muzeyi axtarış elan edib. Axtarış şairin “Açıq ev” adlı ilk poetik toplusunun 1000 nüsxəsini tapmaq üçündür.  

Oxuculardan xahiş olunur ki, 1941-ci ildə çap olunmuş həmin min nüsxədən kimdə varsa, muzeylə əlaqə saxlasın. Əvəzində isə pul mükafatı vəd edilir.

Kitabdakı şeirlər üslub və lirizm baxımından qiymətli hesab olunur. Eyni zamanda kitabın hər nüsxəsi şairin özü tərəfindən nömrələnib ki, bu da kitabın dəyər və unikallığını daha da artırır.

 Alman miqrantlarının oğlu olan Rötke, Amerika universitetlərində müəllimlik edib, birinci kitabından sonra sağlığında altı şeir kitabı da çıxıb.

1954-cü ildə başqa bir şeir kitabına görə o, Pulitzer, 1959 və 1965-ci illərdə ABŞ Milli Kitab Mükafatını qazanıb.

Müraciətdə  deyilir ki, o illərdə şairin amerikalı əsgərlərin də sevimlisi olduğu nəzərə alınsa, kitablardan bəziləri onların çantalarında uzaq ölkələrə, həmçinin Asi­ya torpaqlarına da getmiş ola bilər.

 

Böyük Britaniyanın “The Telegraph” qəzeti bu əsərləri Asiyanın 10 ən yaxşı romanı elan edib 

 

 Cao Xueqin – “Qızıl köşkün röyası” (1791)

Kiçik həcmli romanda iki kübar çinli ailəsi arasındakı faciəvi sevgi hekayə­sindən danışılır. Əsər o dövrün feodal hökmranlığının bədii təsvirinə görə də yüksək qiymətləndirilir.

 

Rohinton Mistri – “Əla tarazlıq” (1995)

Roman 1970-ci illərdə Hindistanda siyasi qarşıdurmalar, işgəncə və həbslər dövründə yaşamış, bir-birindən kəskin fərqlənən dörd xarakter barədə hekayət­lərdir.

Akutaqava Rünoske –  “Rasyomon” (1915)

150-dən çox hekayə müəllifi olan yapon yazıçısı Rünoske “Rasyomon”u 17 yaşın­da, universitetdə oxuyarkən çap etdirib.

 

"Min bir gecə"  Şəhrizadın dilindən danışılan bu ərəb xalq  nağıllarında mistik, fantastik, romantik və digər janrlar birləşib. Bu nağıllar Tolstoy, Düma, Konan Doyl, Prust, Borxes və başqa böyük yazıçılara təsir göstərmiş bir ədəbiyyat fenomenidir.

 

Rut Praver Jabvala – “Toz və isti” (1975)

Həm "Buker", həm də "Oskar" mükafat­larını qazanmış yeganə şəxs kimi tanınan xanım Rut, əsər boyu Hindistanı gəzir (müəllif Almaniyada doğulub, böyüyüb), ögey nənəsi haqda və 1920-ci illərin Britaniya hökmranlığı barədə həqiqətləri öyrənməyə çalışır.

 

G.V. Desani – “H. Hatter haqqında hər şey” (1948)

Keniyada doğulub Hindistanda boya-başa çatmış müəllif bu kitabı yarı ingilis, yarı hind dilində yazıb. Əsər ingilis-malay əsilli bir kişinin müdriklik axtarışında yaşadığı macəralardan bəhs edir. Qərb ədəbiyyatının nüfuzlu siması T. S. Eliot bu modernist romanı "olduqca fərqli" bir mətn hesab edib.

 

Haruki Murakami – “Qurulma quşun tarixçəsi” (1994)

Toru Okadanın pişiyi Tokionun kənarın­da itir. Onun gözünə iki bacı görünür, reallıq və xəyali aləmi qarışdırır, labirintlərə düşür, hallüsinasiyalardan keçir.

 

Yukio Misima – “Bahar qarı” (1969-71)

Bu əsər Misimanın 1970-ci ilin noya­brın­da intihar etməzdən əvvəl öz naşirinə verdiyi bir neçə romandan biridir. Romanda 20-ci əsr Yaponiyasında qərbləş­mə zamanı cərəyan edən aristokrat ailənin aqibəti təsvir olunur.

 

 Salman Rüşdi – “Gecəyarının uşaqları” (1980)

Əsər “Bukerlər bukeri” mükafatına layiq görülüb. Romanda müstəmləkə dövründən sonrakı Hindistan təsvir olunur.  Burada He­ro Sinai təhkiyəçi və xarakterlərdən biridir. Onun həyatı və Hindistanın ikinci müstəqillik qazanması hadisələri paralel inkişaf edir.

 

Arundati Roy – “Kiçiklərin tanrısı” (1997)

Xanım Roy bu yeganə romanına görə Buker mükafatına layiq görülüb. Romanda 1960-90-cı illərin hadisələri, kommunizm və kasta sistemi ustalıqla təsvir olunur.

Bu onluqdan əlavə, “növbəti rəqiblər” adıyla siyahıya beş kitab da əlavə edilib:

 

“Ev və dünya” – Rabindranat Taqor (1916)

“Bir dəlinin gündəliyi” – Lu Xun (1918)

"Qapalı mülkiyyət” – Timoti Mo (1986)

“Dünyanı saxlayan” – Bharati Mukherje (1993)

"Uyğun oğlan” – Vikram Set (1993)

 

 

T.S. Eliot şeir mükafatı təqdim olundu 

 

Nüfuzlu T.S.Eliot mükafatının builki qalibi Sara Hoyuenin debüt şeir kitabı oldu. Kitab "Loop of Jade" (“Nefritin ilməsi”) adlanır. İlk dəfədir ki, debüt kitab bu mükafatı qazanır.

Sara Hoyue 1983-cü ildə Honq-Konqda doğulub. Anası çinli, atası ingilisdir.

Onun şeirləri bu yaxınlarda Londonda daha bir mükafat – “Sunday Times/PFD” – İlin gənc yazarı mükafatını qazanıb.

Qeyd edək ki, keçən il T.S.Eliot mükafatının qalibi "Fire Songs" (“Od nəğmələri”) şeirlər kitabına görə David Hersent olmuşdu.

 

Mariya Svetayevanın sağlığında nəşr edilmiş kitabları hərraca çıxarılıb

 

Marina Svetayevanın sağlığında "Svetayeva bütünlüklə" adı ilə işıq üzü görmüş seçilmiş əsərləri "Litfond"un  hərrac evində 8 milyon rubla satılıb. Əsərin başlanğıc dəyəri  4,5 milyon rubl olub. 

Seçilmiş əsərlərə 18 kitab daxildir. Xatırladaq ki, onlardan bəziləri SSRİ dönəmində qadağan edilmişdi.  

Svetayevanın kitablarından başqa hərraca 430 adda  sənət nümunəsi də çıxarılıb. Onların arasında adı Azərbaycan  oxucusuna yaxşı tanış olan holland səyyahı Adam Olearinin yol qeydlərindən ibarət kitabı da yer alıb. Hərracda iştirak edən müştərilərdən biri başlanğıc qiyməti 1,3 milyon rubl olan  həmin əsəri 3,4 milyona alıb.

 

 

ABŞ mərkəzi kəşfiyyat idarəsi Boris Pasternakın “Doktor Jivaqo” əsəriylə bağlı 99 adda gizli sənədi ictimailəşdirib 

 

Kəşfiyyat orqanının saytında dərc edilmiş direktivlərdə qeyd olunur ki, Amerikanın xüsusi xidmət idarəsi  kitabın maksimum yüksək tirajla nəşr olunmasına dəstək verirmiş. 

1957-ci ilə aid sənədlərdən birində xidmət orqanında başqa sovet yazıçılarının əsərlərindən daha çox Pasternakın roma­nına diqqət ayırmaq tövsiyə edilir. Bundan başqa, qeyd edilir ki, “Doktor Jivaqo” Nobel mükafatına da təqdim olunmalıdır. Çünki bu, dəmir pərdənin aradan qaldırılmasına kömək edər.

Eyni zamanda, MKİ-nin direktivlərindən birində SSRİ-də rəsmi və qeyri-rəsmi qadağan edilmiş bir sıra bədii və publisistik əsərlərin yayılmasına da yardımçı olmaq tapşırığı yer alıb. 

Xatırladaq ki, Boris Pasternak “Doktor Jivaqo” romanını 1955-ci ildə bitirib. Sovet nəşriyyatları onu antisovet əsər sayaraq çapından imtina ediblər. Roman ilk dəfə 1957-ci ildə İtaliyada  işıq üzü görüb. Ar­dın­ca da bir sıra ölkələrdə – Niderland, Böyük Britaniya və ABŞ-da nəşr olunub. Yazıçı 1958-ci ildə Nobel mükafatına layiq görülsə də,  sovet hakimiyyətinin təzyiqləri altında mükafatdan imtina edib. 30 il sonra mükafat yazıçının oğlu Yevgeni Pasternaka təqdim edilib.  

Hazırladı:  Zahid Sarıtorpaq

DİGƏR MƏQALƏLƏR