ROMAN - Haruki Murakami

Haruki Murakaminin (1949) əsərləri yapon  dünyasına  açılan  pəncərədir. İlk  romanları həyat  və  duyğular haqqında olsa  da, öz  ölkəsini  kənardan  görəndən sonra vətəninin,  xalqının  mədəniy­yətin­dən, adət-ənənələrindən yazmağa  daha  çox  üstünlük  verib.

“Pinbol 1973” (1980), “Qoyun ovu” (1982), “Norveç meşəsi” (1987), “Dens, Dens, Dens” (1988), “Kafka çimərlikdə” (2002) və başqa əsərləri yüzdən çox dilə tərcümə olunub, ona dünya şöhrəti qazandırıb.

“Küləyin nəğməsini dinlə” (1979) Murakaminin ilk romanıdır. Müəllifinə mükafat qazandıran bu əsər 150 min tirajla satılıb.

Tərcümə: Ziya Fazil
 
  
Küləyin nəğməsini dinlə 
  
Siçovul – 1
  
“İdeal ümidsizlik olmadığı kimi, ideal mətn də yoxdur”.
Bunu mənə tələbəlik illərində təsadüfən tanış olduğum bir yazıçı demişdi. Bunun nə demək olduğunu illər sonra başa düşdüm, amma həmin vaxt bu, ən azı, bir təskinlik idi. İdeal mətnlər olmur – vəssalam. Bununla belə, hər dəfə nəsə yazmaq istəyəndə məni ümidsizlik bürüyürdü. Çünki haqqında yaza biləcəyim mövzular çox məhdud idi. Məsələn, fil haqqında mən hələ nəsə yaza bilərdim, amma fillə nə cür davranmaq haqqında – heç nə. Bax belə.
Səkkiz il bu dilemma qarşısındayam. Düz səkkiz il. Az müddət deyil. Amma nəsə yeni bir şey öyrənməyə davam edirsənsə, qocalmaq o qədər də ağrılı olmur. Əlbəttə ki, əgər mücərrəd fikirləşsək.
İyirmi yaşımdan başlayaraq həmişə məhz elə bu cür yaşamağa çalışıram. Aldığım ecazkar təcrübənin müqabilində rast gəldiyim ağrılı zərbələr, kələk və anlaşılmazlıq saya-hesaba gəlməz. Kimlərsə peyda olub, mənimlə söhbət edirdilər, körpüdən keçirlərmiş kimi hay-küylə üstümdən adlayıb, bir də geri qayıtmırdılar. Mən isə dinməzcə oturmuşdum. İyirmi doqquz yaşımı bax beləcə qarşıladım. 
İndi isə düşünürəm: söyləməyin vaxtı artıq çatıb.
Düzdür, bu heç bir problemi həll etməyəcək, hətta qorxuram ki, bu heka­yəmdən sonra hər şey olduğu yerində də qalsın. Əvvəl-axır, hansısa mətnin yazılması heç də özünümüalicə vasitəsi deyil – olsa-olsa, özünümüalicə istiqa­mətində atılmış  zəif bir addımdır. Di gəl, hər şeyi olduğu kimi söyləmək  cəhənnəm əzabıdır. Nə qədər səmimi olmağa çalışıramsa, doğru sözlər bir o qədər  qaranlıqda itib batır. 
Özümü təmizə çıxarmağa çalışmı­ram. Burada yazılanlar – bu gün bacardığımın, ən azından, yaxşısıdır. Əlavə ediləsi bir şey yoxdur. Hə, bir də nə fikirləşirəm. Əgər haçansa gələcəyə – məsələn, on il qabağa düşsəm, bəlkə onda xilas olmuş özümü tapa bildim? Bax, bəlkə onda mənim fillərim düzənliyə qayıdacaq  və dünya üçün indi bacar­dığımdan daha gözəl sözlər tapacağam.
* * *
Yaradıcılığa gəldikdə isə, Derek Hartfildən çox şey öyrənmişəm. Hətta demək olar, hər şeyi. Hartfildin özü isə, əfsus ki, bir yazıçı kimi bütün mənalarda qısır idi. Oxusanız, özünüz görərsiniz. Oxunaqsız mətn, axmaq mövzular, yöndəmsiz süjetlər. Amma bütün bunlara baxmayaraq, o, mətndən silah düzəldə bilən azsaylı yazıçılardan biri idi. Hesab edirəm ki, Heminquey və ya Fitcerald kimi müasirləri ilə yanaşı qoyulsa, yəqin ki, döyüşü heç də uduzmazdı. Sadəcə olaraq,  Hartfild ömrünün sonuna kimi aydınlaşdıra bilməmişdi ki, rəqibi kimdir. Əslinə qalsa, onun qısırlığının kökündə elə bu dururdu. Səkkiz il, iki ay bu nəticəsiz döyüşü apardı, sonra isə öldü. 1938-ci ilin iyununda, bir günəşli bazar günü sağ əlində – Hitlerin portreti, sol əlində isə – çətir, Empayr Steyt Bildinqin damından aşağı atıldı. Ölümü də həyatı kimi elə bir xüsusi söz-söhbətə səbəb olmadı.
Hartfildin birinci kitabı əlimə təsadüfən düşmüşdü – onları heç vaxt təkrar nəşr etməmişdilər. Mən onda  məktəbin orta pilləsinin ikinci sinfinə keçmişdim və qasığımdakı dəri xəstəliyindən əziyyət çəkirdim. Həmin kitabı mənə bağışlayan əmim üç ildən sonra bağırsaq xərçənginə tutuldu. Onu eninə-uzununa doğradılar, bütün giriş və çıxışlarına plastik borucuqlar soxdular – və o, bütün bu məşəqqətləri çəkib öldü. Axırıncı dəfə görəndə o, bürüşmüş, qəhvəyi rəngli hiyləgər meymuna oxşayırdı. 
* * *
Mənim üç əmim vardı – biri də Şanxayın ətəklərində öldü. Müharibə qurtarandan iki gün sonra özü qoyduğu minaya düşmüşdü. Sağ qalan yeganə əmim fokusçu idi və indi də bütün ölkəni gəzib qaynar su mənbələrində çıxışlar edir.
* * *
Hartfild yaxşı mətn haqqında belə demişdi: “Mətnin yazılması prosesi yazanla onun ətrafı arasındakı məsafənin təsdiqindən başqa bir şey deyil. Burada hisslər yox, ölçü xətkeşi lazımdır.”(“Əgər kefiniz yaxşıdırsa, bunun nəyi pisdir?”, 1936-cı il.) Əlimə xətkeş alıb ehtiyatla ətrafıma göz gəzdirməyə başladım. Prezident Kennedinin öldürüldüyü il idi – deməli, artıq 15 il keçib. Düz 15 il hər şeyi atmaqla məşğul olmuşam. Necə ki, mühərriki xarab olmuş təyyarənin çəkisini yüngülləşdirmək üçün əvvəlcə  yükü, sonra oturacaqları, sonra isə onsuz da bədbəxt olan bort bələdçisini atırlar, mən də düz 15 il mümkün olan hər şeyi atdım – əvəzində isə praktiki olaraq heç nə qazanmadım.
Bunu düzgün etdiyimə inanmıram. Rahatlanmağına rahatlandım, bunu danmaq olmaz, amma “ölümlə qarşılaşandan sonra məndən nə qalacaq” fikrindən vahimələnirdim. Kremasiyadan sonra təkcə sümüklərimmi? “Qəlbin qara olanda ancaq qara yuxular görürsən. Lap qara olanda isə, ümumiyyətlə, yuxu görmürsən.” Mənim rəhmətlik nənəm həmişə belə deyərdi. 
Nənəmin öldüyü gecə birinci gördü­yüm iş – əlimi uzadıb sakitcə onun gözlərini bağlamaq oldu. Həmin an onun 79 il gördüyü yuxu daş yolu döyəcləyən qısa yay yağışı kimi sakitcə sona yetdi. Yerində heç nə qalmadı.
  
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR