İLAHİ KEÇİD - Şəms Təbrizi

Əsl adı – Şəmsəddin Məhəmməd ibn Məlikdaddır. 

Məşhur türk mütəsəvvüfü Cəlaləddin Rumini Mövlana məqamına yüksəldən, ona ilahi eşq yolunu açan bu böyük sufi 1185-ci ildə Təbrizdə anadan olub. 

Tarixi qaynaqlarda Şəms Təbrizi barədə o qədər də geniş məlumata rast gəlinmir. Onun kimliyi daha çox Mövlananın divanından, bir də Cəlaləddin Ruminin oğlu Sultan Vələd və onun yaxın dostu, “Ariflərin mənqələri” əsərinin müəllifi Əflaki Dədənin yazıya aldığı əhvalatlardan öyrənilir.

Əflaki Dədənin yazdığına görə, Şəms Təbrizi qara bir keçəyə bürünər, tez-tez səfərlərə çıxar, son dərəcə qənaətlə yaşayarmış. O qədər qənaətlə ki, illik xərci bircə dinarmış. Yeddi gündə bir yarım çörəyi kəllə-paça suyuna doğrayıb yeməklə gününü keçirərmiş. 

Qaynaqlarda Şəms Təbrizinin dərin hikmət və kəramət sahibi olduğu barədə bir-birindən maraqlı əhvalatlara rast gəlirik. Əflaki Dədə Sultan Vələdin danışdığı, atası Cəlaləddin Rumidən eşitdiyi bir əhvalatı nəql edir:

Şəmsin Kimya adında xanımı varmış. (Bəzi mənbələrə görə Kimya xanım Mövlananın yaxını imiş, Şəmslə onu evləndirən də elə Cəlaləddin Ruminin özü olub).

Bir gün Şəmsin çox əsəbi halda Məram bağlarına tərəf getdiyini görəndə, Mövlana mədrəsədəki qadınlara buyurur ki, tez Kimya xanımı tapın, bəlkə gələ, Şəmsi ovundura.

Mövlana özü də Şəmsin çadırına doğru gedir ki, xanımı gələnə qədər tək qalmasın. İçəri girəndə mat qalır. Qadınlar hələ Kimyanı çağırmağa macal tapmamış, görür, Kimya çadırda Şəmsin yanında oturub, Şəmsin də eyni açılıb.

Mövlana onları baş-başa qoyub çadırdan çıxır, amma dərhal Şəmsin onu çağırdığını eşidib yenidən içəri girir. Bu dəfə də mat qalır, Şəmsi tək görüncə: “Kimya xanım necoldu?” – deyir.

Şəms gülümsünür: “Tanrı məni o qədər sevir ki, istədiyim qiyafədə yanıma gəlir, – deyir. – Sən görən anda Kimya qiyafəsində gəlmişdi”.

Şəms Təbrizi və Mövlananın dostluğu iki bədəndə eyni ruh kimi, həm Mövlananın şeirlərində, həm də görənlərin, eşidənlərin söylədiklərində birmənalı şəkildə öz əksini tapıb. Bu iki nəhəng Haqq aşiqinin bir-birinə duyduğu sevgi və sayğı o həddə çatıb ki, onlara həsəd aparanlar, bu dostluğu qısqananlar, axırda Şəmsin şəhadətinə səbəb olmuş, dedi-qodularla dolu söyləntilərin meydana çıxmasına şərait yaratmışdılar.

Şəms 1247-ci ildə Konyada dünyadan köçüb. Bu barədə də dürlü-dürlü rəvayət və ehtimallar var ki, aradan yüzillər keçməsinə rəğmən, bu gün də ən maraqlı sənət əsərlərinə mövzu olacaq dərəcədə diqqət çəkməkdədir.

Şəms Təbrizinin özəl olaraq qələmə aldığı heç bir əsəri bizə gəlib çatmayıb. Ancaq Haqq vergisi olan bir mürşüd kimi, onun söylədiklərini müridləri qələmə almış, ayrı-ayrı hikmətləri müxtəlif müəlliflərin əsərlərinə düşmüşdür. “Məqalat” Şəms Təbrizi irsinin hansı formadasa bir toplusudur. Şəms Təbrizidən qalan ən qiymətli mənəvi xəzinə iki Tanrı dostunun bir ruhda qovuşması, onların ilahi qatında bütövləşməsi nümunəsidir.

Şəmsə görə budur dostluq: “Gerçək dost Allah kimi məhrəm olmalıdır. Dostun çirkinliklərinə və xoşa gəlməyən cəhətlərinə dözmək, onun xətalarından inciməmək lazımdır. Dost dostdan üz çevirməməli, onun sözünü yerə salmamalıdır. Mərhəməti bol olan Allah eyiblərinə, günahlarına, nöqsanlarına görə bəndələrindən üz döndərmədiyi, şahanə bir şəfqətlə onların nazını çəkdiyi kimi, dost da dosta eyni münasibəti bəsləməlidir. Əvəz gözləmədən, heç bir təmənna güdmədən edilən dostluq belə olur”.

 

ƏHMƏD OĞUZ

 

 

 “Qarşılaşdığım hər hadisədən, qa­zan­dığım hər təcrübədən sonra heç bir kitabda yazılmayan, sadəcə, can dəftər­imə nəqş edilmiş qaydalara yeni birini də əlavə etdim. Onların hamısına bir ad verdim: “Ürəyi geniş və ruhu gəzgin sufilərin 40 qaydası”. Bu qaydalar mənim üçün təbiət qanunları qədər köklü, onlar qədər dünyəvidir. Bu qay­da­ların 40-nı da tam başa gətirmək ömrümün uzun illərini aldı. Neçəsini silib yenidən yazdım. İndi artıq əlavə olunacaq nə bir vergül qaldı, nə bir nöqtə. Nə bir hərf, nə də yeni bir söz. Artıq bu 40 qayda tam bitkinləşdiyindən ömrümün, həyatımın son fəslindəyəm”.

Şəms Təbrizi

 

SUFİLƏRİN 40 QIZIL QAYDASI

 

1. Yaradanı hansı kəlmə və sözlərlə izhar etməyimiz öz özümüzü necə gördüyümüzə ayna tutar. Əgər Tanrı dedinsə, ilk öncə ağlına qorxulacaq, utanılacaq bir varlıq gəlirsə, deməli, sən özün də qorxu və utanc içindəsən. Tanrı deyincə hər şeydən əvvəl eşq, mərhəmət və şəfqət yadına düşürsə, demək, sənin könlün də bu duyğularla doludur.

2. Haqq yolunda irəliləmək ürək işidir, ağıl işi deyil. Bələdçin daima ürəyin olsun, çiynin üstündəki qafan yox. Nəfsini bilənlərdən ol, silənlərdən yox.

3. Quran dörd səviyyədə oxuna bilər. İlk səviyyə zahiri mənadır. Sonrakı batini məna. Üçüncü batininin batinidir. Dördüncü səviyyə o qədər dərindi ki, izah etməkdə söz acizdir. 

4. Kainatdakı hər zərrədə Allahın sifət­lərini görə bilərsən, çünki o, ca­medə, məsciddə, kilsədə, havrada deyil, hər an hər yerdədir. Allahı görüb yaşayan olmadığı kimi, Onu görüb ölən də yoxdur. Kim Onu tapırsa, son­suzadək Onda qalır.

5. Əqlin kimyasıyla eşqin kimyası başqadır. Ağıl təmkinlidir, qədəmlərini qorxa-qorxa basar, “aman, özünü gözlə!” – deyə ehtiyatlanar. Halbuki, eşq belə deyil. Onun dediyi bircə budur: “Burax başını, qoy getsin”. Ağıl hələm-hələm yıxılmaz, eşq isə özünü içindən oyar, xarabaya çevirər. Xəzinə və dəfinələr də xarabalıqda olur. Nə varsa, sınıq könüldə var.

6. Bu dünyadakı çəkişmə, qınaq və düşmənliklərin çoxu dildən qaynaqlanır. Sən sən ol, çox da sözlərə uyma. Eşq diyarında dil zatən öz hökmünü itirir. Aşiq dilsiz olur. 

7. Bu həyatda tək başına inzivada1 qalmaqla, sadəcə, öz səsinin əks-sədasını eşitməklə Haqqı kəşf edə bilməzsən. Özünü ancaq başqa bir insanın aynasında tam olaraq görə bilərsən.

8. Başına nə gəlirsə gəlsin, bədbin­liyə qapılma. Bütün qapılar qapansa belə, axırda O sənə heç kimin bilmədiyi gizli bir cığır açar. Sən indi görməsən də, dar keçidlər arxasında necə cənnət  bağçaları var. Şükr et! İstədiyini əldə edincə şükr etmək asandır. Sufi diləyi hasil olmadığında da şükr edər.

9. Səbir etmək eləcə durub gözlə­mək deyil, irəli görüşlü olmaq deməkdir. Səbir nədir? Tikana baxıb gülü, gecəyə baxıb gündüzü təxəyyül edə bilməkdir. Allah aşiqləri səbri gülməşəkər kimi dadlı-dadlı əmər, həzm edər və bilərlər ki, göydəki Ayparanın Dolğun Aya (Yumru Ay) çevrilməsi üçün zaman gərəkdir.

10. Hansı yönə, hansı tərəfə gedir­sən get – şimal, cənub, şərq, qərb – çıxdığın hər səfəri içinə doğru bir səyahət kimi təsəvvür elə! Öz içində yol gedən adam axırda bütün ərzi dolaşmış olur. 

11. Əbə (mamaça, uşaq doğuz­duran) bilir ki, sancı çəkilmədən doğum olmaz, uşağa yol açılmaz. Səndən yepyeni və təptəzə bir “sən” zühur edə bilməsi üçün zorluqlara, sancılara hazır olmalısan.

12. Eşq bir səfərdir. Bu səfərə çıxan hər yolçu istəsə də, istəməsə də, təpə­dən-dırnağa dəyişir. Bu yola düşənlərin dəyişməyəni yoxdur. 

13. Bu dünyada göydəki ulduzlar sanı saxta hacı-xoca, şıx-şeyx var. Həqiqi mürşid “gəl məni gör, heyran ol” deyən yox, səni öz dünyana baxmağa və nəfsini yenib özündəki gözəllikləri bir-bir kəşf  etməyə yönəldəndir.

14. Haqqın qarşına çıxardığı dəyi­şikliyə dirənmək (müqavimət göstər­mək) yerinə ona təslim ol! Qoy həyat sənə rəğmən deyil, səninlə bərabər axsın. “Pərənim pozular, həyatımın altı üstünə çevrilər”, – deyə əndişələnmə. Həyatın altının üstündən yaxşı olmaya­cağını hardan bilirsən?

15. Allah içəridə və dışarıda hər an hamımızı tamamlamaqla məşğuldur. Hər birimiz təklikdə tamamlanmamış bir sənət əsəriyik. Yaşadığımız bir hadisə, başımıza gələn hər qəza-qədər əskik­lərimizi doldurmaq təriqiylə zühur etməkdədir. Rəbb hər birimizin nöqsa­nını ayrı-ayrılıqda islah edir, çünki bəşəriyyət deyilən əsərin əsas hədəfi qüsursuzluqdur.

 Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR