SERVANTES MÜKAFATI LAUREATLARI
Migel Delibes (İspanya)

Migel Delibes (1920 - 2010) Vətəndaş müharibəsindən sonrakı ispan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. XX əsr ispan ədəbiyyatının sonuncu klassiki adlandırılan Migel Delibes «Sərv ağacının uzun kölgəsi» (1947), «Yol» (1950), «Siçovullar» (1962), «Beş saat Mario ilə birlikdə» (1966), «Qırmızı yarpaq» (1959), «Atalarımızın müharibəsi» (1975), «Senyor Kayo kimə səs verəcək» (1978) və bir çox başqa romanların müəllifidir. O bir sıra Milli ədəbiyyat mükafatların, o cümlədən «Servantes» mükafatına (1993) layiq görülüb. 1998-ci ildə nəşr olunan «Kafir» romanına görə isə 1910-cu ildə Nobel mükafatına namizəd göstərilib.

 

Taxtdan salınmış şahzadə


(roman)


Çərşənbə axşamı, 3 dekabr 1963-cü il

Səhər saat 10


Gözünü açan kimi kip örtülməmiş pəncərə pərdələri arasından otağa parlaq gün işığının düşdüyünü gördü. İri qanadlarını yana açmış mələk formasında qaldırılıb-endirilən lampanın, güllü üz çəkilmiş kreslonun və böyük qardaşlarının kitabları yığılmış metal rəflərin qaraltısı pəncərənin fonunda seçilirdi. Kitabların kötüyü gün işığında qırmızı, göy, yaşıl, sarı rəngə çalırdı. Bu çox əyləncəliydi və tətildə qardaşlarıyla eyni vaxtda oyananda Pablo deyirdi: «Kiko, göy qurşağına bax». O isə sevincək cavab verirdi: «Aha, göy qurşağıdı. Gözəldi, hə?»
O indi parket döşəmədə sürüşən tozsoranın uğultusunu və pəncərənin karnizinə qonub hay-həşir salan sərçələrin cikkiltisini eşidirdi. Boynunun ardını balıncdan qaldırmadan sarı saçlı başını döndərib, alaqaranlıqda böyük qardaşı Pablonun səliqəylə yığılmış, sol tərəfdə isə ortancıl qardaşı Markosun yenə boş, ancaq yığılmamış - mələfə topalanıb, əzik-üzük pijama ayaq altına atılıb - yatağını gördü. «Bu gün bazar günü deyil», - yarıyuxulu halda öz-özünə hündürdən dedi, gərnəşdi, barmaqlarını arasından işıq zolağına baxdı, sonra barmaqlarını bir neçə dəfə açıb yumdu, gülümsədi və qeyri-ixtiyari mızıldadı: «Bayır gözəl, evdə dadlı yeməklər». Birdən tozsoranın səsi kəsdi, sükut çökdü və o, tezcə qışqırdı:
- Mən daha yatmı-ram!
Onun səsi qapıdan keçdi, uzun koridorla uçaraq sola dönüb mətbəxə girdi və həmin an paltaryuyanı işə salan Ana başını qaldırıb dedi:
- Deyəsən, uşaq çağırır.
Vitora tezcə alaqaranlıq otağa cumub, pərdələri yana çəkdi.
- Di baxaq görək kimdi burda ciyildəyən.
Ancaq Kiko artıq başını mələfənin altına soxub, Vitoranın necə təəccüblənəcəyini xəyalına gətirərək sakitcə gülümsəyirdi. Vitora onun çarpayısına baxıb dedi:
- Ax, uşaq yoxa çıxıb. Yoxsa onu oğurlayıblar?
Vitoranın: «Ay Allah, bu uşaq hara yoxa çıxdı» deyə-deyə otaqda gəzişməyini gözləyib, mələfəni üstündən atdı və Vitora gözlərinə inanmırmış kimi ona yaxınlaşıb soruşdu:
- Yaramaz, bayaqdan hardaydın?
Və onu öpüşlərə qərq elədi, o isə özündən razı halda gülümsəyib, - dodaqlarıından çox gözləriylə - Vitoranın əllərindən qoparaq soruşddu:
- Vito, fikirləşdin ki, məni oğurlayıblar? Bəs kim?
- Torbalı kişi, - o cavab verdi.
Vitora mələfəni və ədyalı yana atıb, əlini döşəyə çəkərək dedi:
- Ola bilməz! Döşəyi islatmamısan?
- Hə, Vito.
- Heç yerin, heç yerin islanmayıb?
Oğlan bir əlini, sonra o biri əlini pijamaya çəkdi.
- Əlini toxundur, - o dedi. - Bir damcı da islanmayıb.
Vitora onu xalata elə bükdü ki, bircə yalın ayaqları çöldə qaldı və onu qucağına götürdü.
- Dayan, Vito, - uşaq dedi. - Qoy bunu da götürüm.
- Nəyi?
- Bax bunu.
Balaca əlini kitab şkafına uzadıb, diş pastasının əzik tübikini götürdü, qırmızı qapağını birtəhər burub açdı və gülümsəyəndə iki qabaq dişi görsəndi.
- Bu, yük maşınıdı.
Vitora onu çiyninə götürüb mətbəxə girdi.
- Senyora, - o dedi, - bizim Kiko artıq böyüyüb, o bu gün yerini islatmayıb.
- Doğrudan? - Ana təəccübləndi.
Kiko gülümsədi; sarı saçları gözünə düşürdü; o birtəhər xalatdan çıxıb, əlini pijamaya çəkərək qürurla dedi:
- Bax, bir damcı da islanmayıb.
Vitora onu ağ stula oturdub, ağ vannanın üstündəki kranı açdı; paltaryuyan maşın yaxınlıqda dırıldayırdı; vanna dolana qədər, uşaq qırmızı, yaşıl gülləri olan xalatın böyür-başında fırlandığını hiss eləyə-eləyə tübikin qırmızı qapağını açıb-bağlayırdı və birdən xalat lap yanında dayandı; nəmli dodaqlar onun yanağından bərk-bərk öpdü və Ananın səsi eşidildi:
- Əlindəki nədi? Bu nə murdar şeydi?
Kiko cəld başını qaldırdı:
- Bu mundar deyil. Yük maşınıdı.
Vitora onu yuxarı qaldırdı, Ana isə onun tumanını əynindən çıxartdı; ayağı suya dəyəndə, uşaq barmaqlarını yığdı və Vitora soruşdu:
- Yandırır?
- Hə, Vito, yandırır, - o dedi.
Vito dirsəyi ilə soyuq kranı açdı və bir neçə saniyə sonra Kikonu vannaya qoydu; uşaq öz şeyinə baxıb güldü.
- Duduşa bax.
- Ora toxunma, eşitdin?
- Müqəddəs duduş, - diş pastasının tübikini hələ də sol əlində tutaraq dedi.
- O nə sarsaqlayır? - Ana soruşdu.
Kiko «buu-u, bu-u-u-u» eləyə-eləyə tübiki suyun üstündə gəzdirirdi, sonra dedi:
- Bu, paroxoddu.
Vitora Anaya cavab verdi:
- Mən hardan bilim? Tutuquşu kimi eyni şeyi təkrarlayır.
- Yəqin onu kimsə öyrədir, - Ana Kikonun pijamasını paltar maşınına qoya-qoya narazı halda dedi.
Vitora pörtdü:
- Mənim nəyimə lazım... Məncə, duadan ağlında qalıb. «Müqəddəs ruh, müqəddəs ruh» deyildiyini eşidir, öz bildiyi kimi də təkrar eləyir, onun üçün hamısı bir şeydi.
Uşağı ayaq üstə qaldırıb, ayaqlarını və dalını sabunladı. Sonra dedi:
- Otur. Üzünü yuyanda zığıldamasan, senyor Avelinodan süd almağa səni də aparacam.
Uşaq dodaqlarını və kirpiklərini bərk-bərk sıxdı, Vitora isə onun üzünü süngərlə sürtdü. Uşaq bir neçə saniyə nəfəsini saxlayıb, sonra çığırdı:
- Bəsdi, Vito, bəsdi!
Vitora onun qoltuğunun altından tutub qaldırdı, çiyələk rəngində dəsmala bükərək mətbəxə apanda, meydançanın arxa şüşə qapısından onu görən donya Paulinagildə yaşayan Loren əlini yelləyib qışqırdı:
- Yatağan Kiko! Hələ indi durursan?
Onu dəsmalla qurulayan Vitora pıçıldadı: «Lorenə sabahın xeyir de». Və uşaq dəsmalın altından qışqırdı:
- Sabahın xeyir, Loren!
Loren isə cavab verdi:
- Sabahın xeyir, bala. Bizim pişik ölüb! Bax!
Və ona tüklü qara cındıra oxşayan bir şey göstərdi, uşaq isə yük liftinin həbsxana pəncərəsinə oxşayan barmaqlıqları arasından baxaraq soruşdu:
- Bəs o niyə ölüb, Loren?
Loren günəş şüası kimi şüşəni dəlib keçən uca nazik səslə dedi:
- Kim bilir niyə? Sadəcə, vaxtı çatıb, vəssalam.
Tübiki əlindən buraxmadan uşaq yavaşca Vitoradan soruşdu:
- O nə deyir?
Vitora uşağa fikir vermədən Lorenə dedi:
- Sahibən mütəəssir olacaq.
- Yəqin.
Loren pişiyin ölüsünü zibil yeşiyinə atdı.
- Onu axı basırmaq lazımdı, Loren! - Kiko çığırdı.
- Sən istəyirsən, biz bu murdarı basıraq?
- Əlbəttə, - uşaq cavab verdi.
Ana mətbəxə girib çıxırdı. Kiko tübik tutduğu əlini irəli uzadıb, Vitoraya şikayətləndi:
- Mənim topumun lüləsinə su düşüb. Onu qurulamaq lazımdı.
Vitora dəsmalla tübiki qurulayıb soruşdu:
- Bu məgər yük maşını deyildi?
- Yox, - Kiko qapağı burub açaraq qara deşiyi göstərdi, - bu topdu, məgər görmürsən?
- Lütfən deyin görüm, top sənin nəyinə lazımdı?
- Atamın müharibəsinə getmək üçün, - uşaq cavab verdi.
Sözünü qurtaranda öskürdü və qırmızı, yaşıl güllü xalat anasının səsiylə dedi:
- Uşaq söyuqlayıb.
Ana dərhal gözdən itdi və böyründən ötüb keçən tanış xalatdan havada sanki xoş bir nəvaziş qaldı. Kikoya mayka geyindirə-geyindirə Vitora dedi:
- Öskürsən Lonxinosu çağıracağıq.
- Lazım deyil!
- Lonxinosun gəlməyini istəmirsən?
- Yox!
- Ancaq bir dəfə mənə iynə vurdu, heç ağrıtmadı da.
Onun əyninə mavi köynək, üstündən də qıpqırmızı sviter, sonra yumşaq vilvetdən qısa şalvar geyindirdi.. Kiko sakitcə dayanmışdı, düşünürmüş kimi qaşlarını çatmışdı. Nəhayət, dedi:
- Lonxinosun gəlməyini istəmirəm.
- Onda öskürmə.
- Öskürəndə özüm də bilmirəm, - Kiko etiraz elədi.
Vitora uşağı geyindirəndən sonra, onu döşəməyə qoydu, çiyələk rəngində dəsmalı qatlayıb, ağ stulun söykənəcəyindən asdı, vanna otağına keçdi, suyu axıtmaq üçün vannanın tıxacını çıxartdı. Kikonun pəjmürdə sifətinə baxıb dedi:
- Lonxinos yaxşı adamdı. Xəstələnin yanına gəlir, iynə vurur, sən də sağalırsan.
Paltaryuyan maşının səsini batırmaq üçün Vitora hündürdən danışırdı. Uşaq bayaqdan göy zolaqlı xalatın ətəyini görürdü, daha çox şey görmək üçün başını qaldırdı.
- Bəs sənin harana iynə vurdu, Vito? Dalına?
- Aydın məsələdi. Ancaq belə deməzlər, günahdı.
- Günahdı?
- Hə. Belə sözlərə görə şeytanlar səni cəhənnəmə aparar.
Kiko tübikin qapağını qeyri-ixtiyari olaraq açıb bağlayırdı. Mavi gözləri harasa uzaqlara dikilmişdi. O dedi:
- Xuan deyir ki, şeytanların qanadı olur. Bu doğrudu, Vito?
- Əlbəttə.
- Mələklər kimi?
- Aha.
- Mavriki onlar cəhənnəmə aparacaq?
Vitora ona şəfqətlə baxıb, öz-özünə dedi: «Bu uşağın ağlına nələr gəlmir». Sonra hündürdən dedi:
- Cəhənnəm, cənnət pişiklər üçün deyil, yaxşı-yaxşı yadında saxla.
- Axı Mavrik qaradı, - uşaq inad elədi.
- Nə olsun, qaradı. Pişiyin yeri zibillikdi, vəssalam.
Kiko dizlərini döşəmənin, içində balaca ağ kvadratlar olan, qırmızı plitkalarına qoyub, hərdən «bu-u-u-u», hərdən də «pi-i-i, pi-i-i» eləyə-eləyə tübiki sürməyə başladı. Tübik qara düymə ilə toqquşdu. Uşaq tübiki atıb, düyməni götürdü, əlində fırladaraq hər iki tərəfinə baxdı, gülümsəyib ürəyində dedi: «Valdı, bu, valdı»; düyməni qısa vilvet şalvarın cibinə dürtdü, sonra tübiki də götürüb gizlətdi. Ayağa qalxanda, göy xalatlin ətəyindən tutdu:
- Vito, gedək süd almağa.
- Dayan bir.
- Sən axı dedin ki, ağlamasam aparacaqsan.
- Vay ana, bu necə uşaqdı!
Balaca koridordan ötüb ütü otağına keçdi, dərhal da dama-dama uşaq paltosuyla, şərflə, qırmızı papaqla qayıtdı. Bunları tezcə uşağa geyindirdi; hiss olunacaq qədər əyilmiş barmaqlarını görmək olmurdu.
- Di gedək.
- Çəkələkdə, - uşaq soruşdu.
Vitora zənbili götürdü.
- Guya çox uzağa gedirik.
Pilləkənlə düşəndə, Kiko pilləyə sol ayağını qoyurdu, tez də sağ ayağını onun yanına çəkirdi, ancaq bunu cəld, az qala, baxmadan eləyirdi, çalışırdı tələsik aşağı qaçan qızdan geri qalmasın. Dükan onlardan üç bina aralıydı və uşaq Vitoranın əlindən tutub, adsız barmağını binalara sürtə-sürtə gedirdi. Dükan şokolad, sabun, torpaqlı kartof qoxuyurdu. Avelina malları alüminium çubuqlardan hörülmüş səbətə qoyub verirdi. Kiko ayrı-ayrı yeşiklərdə ənginar, kök, kartof, kahı, yuxarıda - şokolad plitkaları, peçenyələr, konfetlər, rəngbərəng bağlamalarda makaronlar, lap yuxarıda - qara, qırmızı, ağ çaxır şüşələri, sağda isə - karamel bankaları yığılmış piştaxtaya göz gəzdirdi. Senyor Avelina piştaxtadan zorla görünən qırmızı papağı sezdi.
- Bu gün çox yatmısan, Kiko?
- Aha, - uşaq cavab verdi.
Senyora Deliya arxa otaqdan çıxanda onu gördü:
- Necəsən, balaca? Xeyli yatmısan.
Ancaq Kiko daha heç nə eşitmirdi. Çöməlib alıcıların ayaqları arasından keçərək, koka-kola, pepsi-kola, «Kas» suyu etiketlərinin həvəsiylə piştaxtaların, karamel bankalarının altına girir, onları düyməni, diş pastasının tübikini qoyduğu şalvar cibində gizlədirdi. Vitora senyor Avelinadan soruşdu:
- Bəs bizim Santines hanı?
Senyor Avelino gözucu solğun mavi korpuslu saatına baxdı:
- İndi gələr, çoxdan gedib.
Vitora birdən hirsləndi:
- Mən əməllicə ləngidim, indi südü verin, sonra Santines qalanlarını gətirər, - və kağızı senyor Avelinoya uzatdı.
Piştaxtanın ucunda dayanan qəhvəyi paltolu arıq qız hiddətləndi.
- Ədəbsizə bax! - onun nazik səsi eşidildi. - Senyor Avelino, biz hamımız burda ləngimişik, mən artıq on beş dəqiqədi burda dayanmışam. Əgər hamı növbəsiz soxulsa...
Vitora qəzəblə ona sarı çevrildi:
- Səfeh, sən mumla!
Kiko alıcıların ayaqları arasından çıxıb, qorxa-qorxa Vitoraya zilləndi. Senyor Avelino dilləndi:
- Sakit, sakit, hamıya çatar, - Vitoraya göz vurdu. - O saat hiss olunur ki, dul qalacaqsan, hə?
Vitora kədərli-kədərli gülümsədi.
- Sabahdan, - o dedi. - Yada salmasanız yaxşıdı, senyor Avelino, siz necə pis adamsınız.
Kiko artıq onun yanındaydı, əlindən çəkib, pıçıltıyla soruşdu:
- Senyor Avelino pisdi elə, Vito?
- Ağzını yum!
Senyor Avelino karamel bankasına tərəf gedib, Kikoya çubuqlu şirni uzatdı:
- Götür, balaca.
Vitora süd şüşəsini zənbilə qoyub, qapıdan çıxanda dükançıya səsləndi:
- Qoy Santines tələssin.
- Arxayın ol.
Kiko yumru sarı şirninin çubuğundan tutub, gözünün qabağında fırladırdı və bu vaxt kimsə onun çənəsindən yapışaraq, başını qaldırmağa məcbur eləyəndə, o hirsləndi. Xəz paltolu bir senyora yuxarıdan aşağı ona baxıb gic-gic gülümsəyirdi.
- Yoxsa bu «Taposı»nın direktoru senyora İnfantenin qızıdı? - o, Vitoradan soruşdu.
- Bəli, senyora, ancaq bu, oğlandı.
Senyora gülümsəməyindən qalmadı.
- Əlbəttə... bu yaşda, özü də belə ağ, bu cür gözlər...
Kiko nifrətlə ona baxdı.
- Mən kişiyəm, - o dedi.
Senyora bərkdən güldü:
- Demək, kişisən?
Kikonun boynu ağrıyırdı, senyoranın boyu, təkəbbürlü gülüşü onu əsəbiləşdirirdi. O qəfil özündən çıxıb qışqırdı:
- Zibil, iylənmiş, murdar!..
Senyoranın təbəssümü dərhal söndü, elə bil lampanı söndürdülər.
- Belə danışmaq çox pisdi. Yaxşı uşaqlar belə danışmırlar, - o, uşağı danladı.
Vitora ciddiləşib, uşağın çiyninə vurdu.
- Fikir verməyin, - senyoraya dedi. - Bacısı doğulandan, hərdən belə gücliyi tutur.
Xəz palto soruşdu:
- Bu neçəncidi?
- Bu? Beşinci. Deyilənə görə, beşinci - ən uğurludu.
Yük liftiylə qalxanda Vitora hirsli-hirsli onu danlayırdı:
- Görərsən, hamısını anana danışacam. Heç senyoraya belə cavab verərlər? Vitora, sadəcə, çox xeyirxahdı, ancaq nə vaxtsa o da bezib, daha səni sevməyəcək.
Uşaq parıldayan gözləriylə altdan yuxarı ciddi-ciddi ona baxırdı.
- Bu, günahdı, Vito? - o soruşdu.
- Günah? Özü də necə! İndi şeytanların əlinə keçsən, səni birbaşa cəhənnəmə apararlar.
Kiko burnunu sallayıb, öz meydançasına tərəf getdi. Zibillərin içində qaralan Mavrikin ölüsünə sarı çəpəki-çəpəki baxdı. Vitora pəncərəni iki dəfə döydü:
- Bax, anan artıq Kristinanı çimizdirir.
Kiko çubuqlu şirnini təntənəylə başının üstünə qaldıraraq evə girdi. Birdən bacısının yumru qarnına baxıb dedi:
- Krisin duduşu yoxdu, elədi, ana?
- Yoxdu, - Ana dilucu dedi.
- Bəs sənin var?
- Yox, bu, ancaq oğlanlarda olur.
Kiko mavi gözlərini heyrətlə bərəltdi.
- Demək, atamda da yoxdu? - uşaq bərkdən dedi.


Saat 11

- Təyyarəyə bax, Xuan, - Kiko dedi.
Diş pastasının tübikini iki barmağıyla tutub, motorun səsini yamsılayaraq yerində fırlanırdı; sonra tübiki qırmızı metlağın üstünə qoydu, irəli sürüyüb dayandı.
- Bax, Xuan, - o təkrar elədi, - indi isə təyyarə yerə endi.
Vitora diqqətlə Xuana baxdı, onun bənizi ağarmışdı, qara gözləri çuxura düşmüşdü.
- Uşaq arıqlayıb, - o, köks ötürdü. - Dərhal hiss olunur.
- Bax, Xuan, o, yerə endi! - Kiko qışqırdı.
Qızı çiyələk rəngli dəsmala bükə-bükə Ana dedi:
- O, sabah məktəbə gedəcək. Dünən daha qızdırması yox idi.
Kiko tübiki götürüb, motor səsi çıxararaq yenə fırlandı.
- Bax, Xuan, nə yüksəyə qalxdı!
- Əl çək, - Xuan donquldadı.
Xuanın qara gözləri komiksin səhifələrinə zillənmişdi, dodaqları öz-özünə tərpənirdi: «Bizim qəhrəman kameraların birinə girəndə, başından zərbə alıb üzü üstə yerə yıxıldı». Kiko tübiki şalvarının cibinə qoyub, sakitcə qardaşına yaxınlaşdı.
- Maraqlıdı? - o soruşdu.
- Aha, - Xuan qeyri-ixtiyari dedi.
Kiko barmağını uzadıb, ehmalca səhifəyə toxundurdu.
- Bu kimdi? - o soruşdu.
- Yaşıl Kazakdı, - Xuan cavab verdi.
- O, pis adamdı?
- Yox, yaxşıdı.
- Bəs bu?
- Bu Tanqdı, ən pisidi. O. dəniz quldurlarının başçısıdı.
Kiko tübiki cibindən çıxarıb, qapağını açdı.
- Mən topumdan atəş açıb, onu öldürəcəm.
- Get burdan, - Xuan səhifədən gözünü ayırmadan, Kikonu ayağıyla itələdi.
- Əgər o pisdisə, niyə istəmirsən onu öldürəm?
Xuan ona qulaq asmırdı. O. maraqla oxuyurdu: «Məni aldatmağa cəhd göstərsən, dərhal atəş açacağam. Adamlarına əmr et, slahlarını atsınlar!»
Vitora qazana süd tökürdü. Bir neçə damcı qırmızı metlağın küncünə düşdü. O, qazanı odun üstünə qoyub, dərindən köks ötürdü.
Ana soruşdu:
- Sevedən bir xəbər yoxdu?
- Gəlmirsə, yəqin anasının halı yaxşı deyil, - Vitora cavab verib, daha dərindən köks ötürdü.
- Nədi, artıq gedir? - Ana soruşdu.
- Hə, sabah... Hamısı bir-birinin dalınca.
Kiko hörmə kresloya dırmaşıb, barmaqlarını süd damcılarına sürtdü. Yaxşı bir mənzərə düşünürmüş kimi başını yana əydi, nəhayət, qarışıq bir şey cızıb sevincək qışqırdı:
- Vito, Xuan, bu, San-Sebasdı![1]
Xuan jurnalı döşəməyə atıb, həvəssiz halda metlağa yaxınlaşdı. Qaşlarını çatıb ioroqliflərə baxaraq həqarətlə soruşdu:
- Bu, çimərlikdi?
Kiko məmnunluqdan qızarıb, bərkdən izah elədi:
- Bax, bu senyorlar üzürlər, bunlar özlərini günə verirlər, bunlar isə...
Xuan çiyinlərini çəkdi, həvəsdən düşdüyü üzündən oxunurdu.
- Bir damcı da oxşamır, - o dedi.
Vitora Anaya deyirdi:
- Hər yüz nəfərdən beşini Afrikaya yollayırlar, gərək elə ona düşəydi. Birdən başına iş gələr.
- Bir özün fikirləş, - Ana dedi, - axı kimsə getməlidi.
- İlahi, mən də o cür fikirləşirəm, ancaq niyə bu işlər elə mənim başıma gəlməlidi? Başqa adam yoxdu?
- Bəs Pakinin dostu necə oldu?
- Kim, Abelardo? Bu adam anadan xoşbəxt doğulub. Bu qızın həmişə bəxti gətirir. Şənbə günü gedib lotereyada udur, bazar ertəsi isə püşk atırlar, adaxlısı qalır yanında. Sözüm yoxdu.
Körpə əlini əlinə vurub təkrar eləyirdi:
- Də-də-də, də-də-də.
Kiko körpəyə yaxınlaşıb, əllərindən tutaraq bir-birinə çırpmağa başladı, qızcığaz uğunub getdi, uşaq da güldü.
- Də-də-də, də-də-də, - körpə hey təkrar eləyirdi.
Kiko qırmızı, yaşıl güllü xalatın ətəyindən çəkdi:
- O, «qəşəng» deyir. Ana, Kris «qəşəng» deyir.
Ana Vitorayla danışmağında idi:
- ... Bir yana qalanda, bu elə də böyük bədbəxtlik deyil.
Vitora hirsləndi:
- Baxır, kimin üçün. Paki indi başlayıb ki, Femio orda hansısa bir zənci qızına ilişəcək.
- Axmaqlığa bax, - Ana dedi.
- Hələ bilmək olmaz. Abelardo da deyir ki, zəncilərdən indi hər şey gözləmək olar.
Kiko yenə anasının xalatından çəkdi:
- Ana, Kris «qəşəng» dedi.
Ana onu kənara itələdi:
- Sən Allah, əl çək, məni bezdirmə.
Vitora südü çini qaba tökdü, qalanını iki boşqaba süzdü, üstündə gülən körpə şəkli olan bankanı açıb, hər iki boşqaba iri qaşıqla bir sarı toz qoydu.
- Tez səhər yeməyini yeyin, - deyib, hər iki boşqabdakını qarışdırdı.
O, Kikonu ağ stula oturtdu, Xuan üçün başqa stulu stola tərəf itələdi, qızı götürüb dizinin üstünə qoydu. Kris dinməzcə sıyığı yeyirdi və hər qaşıqla nəm dodaqlarının künclərində sarı köpük artırdı. Xuan kapitan Truenonun sərgüzəştləriylə bağlı jurnalı qəndqabına söykəyərək, bulkanı ovub kakaoya tökə-tökə maraqla komiksi oxuyurdu. «Siz öz ədəbsizliyinizə görə cəzalanacaqsınız». - «A-a-a-a!» - «İrəli, dostlar, artıq bunların axırı çatıb». - «Al payını, haramzada, sənin də növbən çatdı!» Kiko isə bu vaxt qaşığı ağ mərmərə döyəcləyirdi. Vitora dedi:
- Kiko, di oynama, ye. İlahi, bu nə nadinc uşaq oldu!
Kiko qaşığı sıyığa soxub, boşqabda gəzdirməyə başladı; boşqabda dərin şırımlar əmələ gəldi. Uşaq baxıb-baxıb, təzədən sıyığı qarışdırdı.
- Soyumamış ye.
Kiko mızıldadı: «Bayır gözəl, evdə dadlı yeməklər». Qız artıq yeməyini qurtarırdı və Vito əsəbiləşdi:
- Kiko, bu saat ananı çağıracam!
Uşaq qaşığı həvəssi-həvəssiz ağzına aparıb, sıyığı çimçəşə-çəmçəşə ağzında saxladı.
- Tfu, nə iyrənc şeydi!
Xuan gözlərini bərəldib oxuyurdu: «Çərənləmək yetər. Sən indi öləcəksən!»
Vitora qızı döşəməyə qoyub, qaşığı Kikodan aldı.
- Ver bura. Elə bil bəbədi.
- Mən bəbə deyiləm!
- Bəbəsən ki, varsan.
- Yox, mən bəbə deyiləm!
- Eləsə ye. Onda atan kimi böyük olacaqsan, ancaq yeməsən...
Kiko ağzını açdı, gözünü yumdu, sıyığı uddu, ağzını açdı, gözünü yumdu, sıyığı uddu, ağzını açdı, gözünü yumdu, sıyığı uddu - lap elə hinduşka kimi.
- Daha bəsdi, Vito, - nəhayət, göz yaşları içində yalvardı.
Vito önlüklə onun dodaqlarını sildi, boşqabdakı sıyığın qalığını zibil vedrəsinə tökdü, üstünü də kartof qabığıyla səliqəylə örtdü. Xuan Kikoya dedi:
- Məndən əl çək.
- Xuan, mən bu gün yerimi islatmamışam, - Kiko dedi. - Vito, mən bu gün yerimi islatmamışam, doğrudu?
- Doğrudu, sən artıq böyümüsən.
- Də-də-də, - Kris mızıldadı.
- O, «gəl-gəl» deyir. Vito, Kris «gəl-gəl» deyir!
Vitora tozsoranı, şotkanı, toz əskisini və xəkandazı götürüb koridora keçdi.
- Sakit oturun, - onun pırtlaşıq başı qapıda göründü, - şuluqluq eləməyin.
Kiko bir ayağının üstündə fırlanıb, sərbəstlikdən ləzzət alırdı. Sonra pilətənin yanıındakı balaca şkafa yaxınlaşıb qapısını çəkdi. Açılanda qıfıl «şıq», bağlananda - «şaq» eləyirdi və Kiko şıqqıltıya təbəssümlə qulaq asa-asa şkafı, az qala, iyirmi beş dəfə açıb-örtdü. Bundan bezəndə şkafın içinə baxıb, qırmızı-ağ, sarı-ağ, ağ-göy damalı əski dəsti, bir az yuxarıda, rəfdə parıldatmaq və təmizləmək üçün maye dolu şüşələr, bankalar, paltar yumaq üçün toz qutuları gördü. O, şkafı örtüb çöməldi və pilitənin altındakı kiçik qapını açdı.
- Bura qarajdı, - o dedi.
Kristina stolun altında oturub, döşəməyə tökülmüş çörək ovuntusunu ağzına qoyurdu. Xuan tərpənmədən, gözlərini qırpmadan jurnalı oxuyurdu.
- Bura qarajdı, Xuan! - Kiko qışqırdı.
- Aha, - Xuan gözünü jurnaldan çəkmədən dilləndi.
Divarda su qızdıran böyük kolonka ağarırdı - əsl atom bombası idi, solda elektrik pilətəsi, onun yanında qırmızıı qapaqlı pilətəydi, bir az da solda arxa girişin şüşəli qapısı parıldayırdı, qapının yanındakı divarda qabyuyan maşındı, onun üstündə quruducu, bir az arlıda əlüzyuyan, onun arxasından isə qısa koridor başlayırdı - o, ütü otağına aparırdı, anbarın və xidmətçilər üçün vanna otağının da qapısı bu koridora açılırdı. Əlüzyuyanın soyuq kranından həmişə su damcılayırdı - «tap», on saniyə sonra yenə «tap», ancaq bunu hamı - uşaqlar, böyüklər susanda eşitmək olurdu; hərdən Kiko öz hörmə ağ stulunu kranın yanına sürüyüb gətirir, oturub oynayırdı: çalışırdı kranla bir yerdə «tap» desin və onların «tap»ı üst-üstə düşəndə, uzun bir «ta-ap» alınırdı, onda uşaq əlini əlinə vurub uğunurdu və Krisi səsləyirdi ki, o da gəlib eşitsin.
Pilləkənə açılan qapının qarşısında iri ağ mərmər stol qoyulmuşdu, stolun üstündən Vitonun portağal, alma, banan qoyduğu vaza, qəndqabı, duzqabı, qurudulmuş cökə çiçəyi və Atanın axşamlar şam yeməyindən sonra cövhərini içdiyi qurudumuş boldo[2] yarpaqları olan balaca şkaf asılmışdı. Qalan otaqlara aparan qapının sağında isə, üstü rəqəmlərlə, xətlərlə bəzənmiş şüşə çubuğu olan isitmə sisteminin tunc rəng çəkilmiş qazanı dururdu. Çubuğun içindəki alqırmızı tel soxulcan kimi yığılıb açılırdı.
Kiko barmağının ucuna qalxıb, qapının dəstəyini itələdi. O, döşəməyə baxa-baxa gedirdi və birdən yerə çökdü, paslanmış ucu, yaşıl başlığı olan knopkanı götürüb, uşaq otağına qaçdı.
- Ana! - bərkdən qışqırdı. - Gör, nə tapmışam!
Otağı təmizləyən Ana tozsoranın uğultusundan onu eşitmədi. Birdən uşağın açıq qapının ağzında, yelçəkəndə dayandığını görüb qışqırdı:
- Çəkil ordan! Demirsən, xəstələnərsən!
Kiko yaşıl knopkanı ona uzatdı.
- Al, - o dedi.
Ana tozsoranı söndürüb, ona yaxınlaşdı. Sağ əlində siqaret tutmuşdu.
- Nə olub? - Ana soruşdu.
- Bax, nə tapmışam.
Ana paslı knopkaya baxdı.
- Çox gözəl, - o dedi, - sən yaxşı uşaqsan. İndisə get.
- Yoxsa Kris onu uda bilərdi, elədi, ana? - Kiko yerindən tərpənmirdi.
Ana siqareti dişlərinin arasında sıxıb, tozsoranın borusunu yenə əllərinə götürdü.
- Əlbəttə, - mehribancasına dedi. - İndi get.
- Kris onda ölərdi, hə, ana?
- Hə, hə, - Ana səsini qaldırdı.
- Mavrik kimi, elədi, ana?
Ana siqareti ağzından götürüb, bomba kimi partladı:
- Sən məndən əl çəkəcəksən?!
Kiko qaşqabağını töküb mətbəxə qayıtdı. Qız stolun altından ona baxıb dedi: «Də-də-də», ancaq uşaq ona fikir vermədən xidmətçilər üçün olan vanna otağına getdi, şalvarını çətinliklə aşağı salıb, unitaza şırıldatdı. Sonra ütü otağına girdi, küncdəki şkafı qurdalayıb, dəmir qutudan çubuqlu sarı şirni çıxartdı. Özündən razı halda gülümsəyib, mətbəxə keçdi, şirninin kağızını açıb, Xuana dedi:
- Gör, mənim nəyim var!
Xuan heç nəyə fikir vermədən oxuyurdu: «Dostum, indi sənin alnına güllə sıxmaq xoşbəxtliyi mənə qismət olacaq».
- Xuan! - Kiko şirnini təntənəylə başı üstündə fırladaraq təkrar elədi. - Bax!
Xuan başını qaldıran kimi qara gözləri parıldadı.
- Bu, kimindi? - o soruşdu.
- Mənimdi, - Kiko cavab verdi.
- Ver dişləyim.
- Vermirəm.
Qız sanki küçük kimi iy alıb, sürünə-sürünə stolun altından çıxdı və zorla ayğa durdu. Kikonun sviterindən tutub aşağı dartdı.
- Ay. Ay.
- Yox, - Kiko dedi. - Yox, vermirəm.
- Di ver dişləyim, - Xuan təkrar elədi.
- O mənimdi, - Kiko dedi.
Xuan əlini qısa şalvarının cibinə salıb, çirkli neylon kisə çıxartdı, ağzını açıb, qırmızı karandaş qırığı, balaca yazıpozan və iki on sentimlik qəpik göstərdi.
- Dişləməyə qoysan, karandaşı sənə verərəm, - o dedi.
Ancaq Kiko artıq şirnini sorurdu və şəffaf kağızını qopartmaq üçün hərdən ağzından çıxarırdı. Qardaşının sviterindən çəkməkdən yorulan Kris ağlamağa başladı.
- Yazıpozanı da üstündə verərəm, - Xuan onu dilə tutdu.
Kiko təntənəylə gülümsədi; o yenə şirnini bayraq kimi başının üstünə qaldırıb, şirəli dodaqlarını yaladı.
- Bu mənim şirnimdi, - o, təntənəylə dedi. - Bunu mənə dükandakı senyor verib.
Xuan udquna-udquna qardaşına baxırdı; birdən Kikoya tərəf atılıb, şirnini dişləyərək tez də ona qaytardı. Şəffaf yastı disk buz parçası kimi çat-çat oldu, yanı qopmuşdu, bunu görən Kiko göz yaşları içində hirslə Xuanı təpiklədi. Qız da onun yanında dayanıb, koppuş əllərini şirniyə uzadaraq hönkürürdü. Bu yerdə qapı qəfildən taybatay açıldı, qırmızı, yaşıl xalat yel kimi mətbəxə cumdu və acıqlı səs eşidildi:
- Bu nə hay-küydü? Burda nə baş verir?
Kris əli hələ də əli göydə qalmışdı, Kikoyla Xuan isə bir-birlərini günahlandırırdılar və nəhayət, qırmızı, yaşıl güllərin qolundan əl uzanıb şirnini aldı və Ana dedi:
- Elədisə, heç kimin olmayacaq, hamı da razı qalacaq.
Qapı örtüləndə, mətbəxə ani sükut çökdü; bir dəqiqə sonra Xuan əlini əlinə sürtə-sürtə Kikoya dedi:
- Di başla, mən atəş açacağam.
Kiko yerindən qopub, çığıra-çığıra ütü otağına cumdu:
- Kömək edin, öldürürlər!
-Ta-ta-ta-ta, - Xuan nişan alaraq xəyalındakı avtomatdan atəş açdı, Kristina isə Xuana baxıb təkrar elədi:
- Də-də-də.
Qız gülümsədi və onun qarabuğdayı yanaqlarında, dirsəyində olduğu kimi çökəklər əmələ gəldi.

Gündüz saat 12

Yük liftinin onların mərtəbəsində dayandığını eşidən Kiko, iki qırmızı şkaf arasındakı sığınacağından çıxıb, Santines ərzaq dolu qutunu liftdən meydançaya daşıdığı vaxt şüşə qapını açdı. Ancaq birdən qutu pilətəyə toxunub, kənara düşdü və Santinesin iki barmağı məftil torun arasında qaldı. Oğlan göynəyən barmaqlarını qeyri-ixtiyari ağzına soxub hirslə donquldandı:
- Əclaf, ağrıtdı.
Kiko ondan gözünü çəkmirdi və Santines kimi o da sifətini ağrıdan turşutdu, xidmətçi barmaqlarını boz önlüyünə sürtəndə isə, Kiko özü də hiss etmədən onun hərəkətini təkrarlayıb, barmaqlarını vilvet şalvarının yumşaq qırışlarına sürtdü.
- Salam, - o axır ki, dilləndi.
- Anan evdədi?
Kiko başını tərpətdi. Xuan onların səsini eşidib, koridorun qapısını açaraq qışqırdı:
- Ana, dükandan gəliblər!
Ancaq mətbəxə Vitora girdi və narazı halda Santinesdən soruşdu:
- Avara, lap gec gələ bilmirdin? Gör saat neçədi.
- Mən saat taxmıram, - oğlan çılpaq biləyini göstərib, həyasızcasına cavab verdi.
- Hə, taxmırsan? Dayan, mən sahibinə deyərəm, dərhal sənə saat alar, onunku pas atmır.
Oğlan əlini belinə qoydu.
- Ey, - zarafatyana dedi, - yoxsa elə bilirsən, kimisə Afrikaya mən yollamışam.
Bir an elə göründü ki, Vitora bu saat hirsindən partlayacaq. Ona lap yaxınlaşıb, əlini qaldıraraq fısıldadı:
- Ağzını yum, yoxsa sənə bir dənə şillə çəkərəm, ölənə qədər yadından çıxmaz!
Oğlan zərbədən qorunmaq üçün əlini üzünə tutdu, ancaq Vitoranın dayandığını görüb, belini dikəldərək fit çaldı:
- İşə düşmüşük, daha sözüm yoxdu.
Kris döşəmədə oturub, qutunu qurdalayaraq soğanlarla portağalları sırayla düzürdü, Kikoyla Xuan isə tenis oyununda olduğu kimi, başlarını gah bu, gah o biri rəqibə çevirərək söz atışmasını izləyirdilər. Vitora malları boşaldıb, qırmızı qapaqlı pilitənin üstünə yığdı. Santines onun əyri barmaqlarının necə cəld işlədiyinə baxırdı.
- Sənin əllərin... - o mızıldadı. - belə əllər də olurmuş...
Vitora yenə ona hirslə baxdı:
- Mənim əllərimlə sənin nə işin?
Oğlan çiyinlərini çəkdi:
- Sənin barmaqların əyridi, vəssalam.
- Səni nə narahat eləyir?
- Heç nə.
- Onda mumla.
Kiko çəkinə-çəkinə Santinesə yaxınlaşıb, köynəyinin ətəyindən çəkdi.
- Bilirsən, - o dedi, - mən bu gün yerimi islatmamışam.
- Böyük nailiyyətdir!
- Doğrudu, Vito, yepimi islatmamışam?
- Doğrudu, əzizim.
Santinesin ona fikir vermədiyini görüb, Kiko yenə onun köynəyindən çəkdi:
- Bəs sən məktəbə getmirsən?
Santines qımışıb, ciddi tərzdə cavab verdi:
- Yox, cavan oğlan, mən məktəbə getmirəm.
- Çünki sən özünü pis aparırsan?
- Kim, mən? - Santines əlini sinəsinə döydü. - Mən özümü hamıdan yaxşı aparıram.
Vitora qutunu ona uzatdı:
- Götür, tezcə əkil burdan.
Sanitines istehzayla üz-gözünü əyişdirdi:
- Doğrudan, məni sevirsən?
Vitora şüşə qapını hirslə çırpıb, onun arxasınca qışqırdı:
- Çox lazımıydı, burnufırtılıqlı uşaq.
Santines qutunu çiyninə atıb, qızı cinləndirmək üçün qapının o üzündə sol əlini əyərək əsdirir, ədəbsizcəsinə gülürdü. Vito hirslə deyindi:
- Günlərin bir günü onun başını əzəcəm, ya nəsə bir şey eləyəcəm.
O, pilitənin altındakı qapını açıb, vedrəni çəkərək içinə kömür tökdü.
- Qızdırıcını yandıracaqsan, Vito? - Kiko soruşdu.
Qızın hərəkətləri əsəbi idi, hirsini zorla boğurddu. Cırmızı, yaşıl güllü xalat birdən mətbəxə girdi.
- Domi hələ gəlməyib?
- Özünüz görürsünüz.
- Məgər hələ on iki deyil?
- Çoxdan on iki olub.
Kiko qızdırıcının qazanına yaxınlaşıb, onu açmağa çalışdı. Ancaq qapaq açılmaq bilmirdi, onda hər iki əliylə rəzədən tutub, vargücüylə yuxarı dartdı. Qapaq açılıb barmağına dəydi. Kiko barmağını ağzıına soxub zığıldadı:
- Əclaf, ağrıtdı!
Qırmızı, yaşıl güllü xalat hirslə ona tərəf əyildi.
- Sən nə dedin? - anası soruşdu. - Məgər bilmirsən, belə söz demək olmaz? Bu, böyük günahdı.
Qazanın böyründə domuşan Vitora bic-bic uşağa baxaraq bərkdən dedi:
- Uşağın danışığına bir bax ! Görən, belə pis sözləri harda eşidir?
Güllü xalat dikəldi, Kiko ilə Xuan isə stolun böyründə büzüşdülər. Ana dedi:
- Bunu mən soruşuram. Belə şeyləri kim ona öyrədə bilər?
Vitora azca qızarmış göyümtül-boz gözləriylə ona baxdı.
- Əgər məni nəzərdə tutursunuzsa, - o dedi, - yanılırsınız.
Xuan azca əyilib, Kikonun qulağına pıçıldadı: «Əclaf ha». Kiko hiyləgərcəsinə ona baxıb güldü və qazanın yanına gələn bacısının əlindən tutdu. Vitora dünənki qəzeti bükmələdi, üstünə bir neçə talaşa qoydu, kibrit çəkib alışdırdı. Alov qıvrılaraq uğultuyla yuxarı qalxdı və Xuan dedi:
- Bu, cəhənnəmdi.
Kiko şübhəylə ona baxdı:
- Cəhənnəm budu?
Qırmızı, yaşıl güllü xalat mətbəxdən çıxanda, Vitora dedi:
- Hə, cəhənnəm belə olur, ancaq böyükdü. Yerini islatsan, ya belə sözlər danışsan, ora düşəcəksən.
Kiko mısmırığını salladı.
- «Əclaf» desəm, cəhənnəmə düşəcəyəm? - o soruşdu.
- Elədi.
- Şalvarımı islatsam da?
- Əlbəttə.
Uşaq başını əyib, əvvəl bir əlini, sonra o biri əlini şalvarına çəkdi.
- Vito, bir əlini vur, - o dedi, - heç islatmamışam.
- Kaş həmişə belə ola, - Vito dilləndi.
Alov uğultuyla yanırdı; sanki Vitora tufanı konserva qutusuna soxmaq istəyirdi.
- Şeytan! - birdən Xuan qışqırdı. - Şeytanı gördün, Kiko?
- Yox, - Kiko məyus halda dedi.
Üç uşaq ovsunlanmış kimi alovdan gözlərini çəkmirdilər. Kikonun gözləri qorxuyla parıldayırdı. Ona yazığı gəldiyindən Vitora dedi:
- Bu, şeytan deyildi, tüstü idi.
- Mavrik deyil? - Kiko şübhəylə soruşdu.
- Mavrik niyə?
- Çünki o, qaradı.
Vitora kömürü xəkəndazla götürüb odun üstünə atdı, alov səngidi, kömür isə qızardı. Uşaqların marağı öldü. Vitora odluğu doldurub, qapağı örtdü. Kiko Xuandan soruşdu:
- Xuan, şeytanın qanadları olur?
- Bəs necə.
- O, bərk uçur?
- Aha.
- Əgər mən özümü pis aparsam, şeytan arxamca gəlib, məni cəhənnəmə aparacaq?
- Əlbəttə.
- Bəs şeytanın buynuzu var?
- Var.
- Bəs duduşu?
Xuan təəccüblə çiyinlərini çəkdi.
- Bilmirəm, - o, etiraf elədi.
Vitora pilətənin yanında əlləşirdi; dəmkeşin birinə alümin qazan qoyulmuşdu, ondan buğ qalxırdı; Vitora başqa qazanı iri dəmkeşə qoydu, bu yerdə qapını döydülər. Vito başını azca geri əydi.
- Qapını aç, Kiko, - o dedi.- Bu, Domidi.
Xuan qapıya tərəf götürüldü. Kiko qışqırdı:
- Mənə dedilər, aç!
Vitora əlavə elədi:
- Həm də Domiyə «günortan xeyir» de.
Hər iki uşaq qapının ağzında itələşirdilər və nəhayət, Domi əynində yaxalığı qaldırılmış palto kandara ayaq basanda, Kiko salamlaşdı:
- Günortan xeyir, Domi.
Qarı donquldandı:
- Bəs Seve hələ gəlməyib?
- Bir xəbər yoxdu, - Vitora cavab verdi.
- Özləri üçün tətil düzəldiblər, - qarı hirslə donquldadı. - Belə də hava olar, it itliyi ilə çöldə dayanmaz...
Burnu, sifəti qızarmışdı. Paltosunu soyundu. Kiko onun paltarından çəkib soruşdu:
- İt? Niyə it? İt hanı, Domi?
- Əl çək məndən, - Domi əsəbi halda dedi. - Belə də uşaq olar! Yanında söz danışmaq olmur.
O, ütü otağına keçdi, paltosunu qırmızı şkafların birindən asıb, mətbəxə qayıtdı. Çiyninin üstündən baş barmağıyla otağa açılan qapını göstərib, Vitoradan soruşdu:
- Bizim eşşəkarısı burdadı?
- Hələ bir soruşursan da.
Kiko sarışın başını tavana qaldırıb, sonra o tərəf-bu tərəfə döndərərək dərhal söhbətə qarışdı:
- Eşşəkarısı hanı, Domi?
- Bir sus da!
Qırmıızı, yaşıl güllü xalat mətbəxə girdi. Domi o saat özünə yazıqlaşdı, doluxsundu, gözlərinin kənarında yaş gilələndi. Ana yumşaldı.
- Nəsə olub, Domi?
Qarı köks ötürdü:
- Nə olasıdı ki, senyora? Hər şey qaydasındadı.
- Onu apardılar?
- İstədilər, ancaq yer olmadı.
- Yer olmadı?
- Mənim Pepem doğru deyir: indi dəlixanaya da ancaq tanışlıqla düşmək olar.
Domi dərindən köks ötürdü və göz yaşı axır ki, yanaqlarından sürüşüb dodaqlarının küncündə dayandı və qarı göz yaşını əlinin ərxasıyla sildi. Yanında dayanan Kiko başını qaldırıb ona baxdı:
- Domi, mən bu gün yerimi islatmamışam.
Domi onun sarışın saçlarını sığalladı.
- Gör ha, necə qoçaqdı!
Vitora söhbətə qoşuldu:
- Elədir ki, var, senyora Domi, biz zarafat eləmirik: Kiko bu gün yerini islatmayıb, gündüz də hələ piş eləməyib.
Kris əlini Domiyə uzatdı və Domi qızcığazı qucağına götürüb, yanaqlarından bərk-bərk öpdü. Ana dedi:
- Mən senyor ilə danışaram, bəlkə o nəsə eləyə bildi.
Domi dua eləyirmiş kimi astadan dedi: «Allah elədiklərinizin əvəzini versin», xalat gözdən itən kimi isə tamam başqa tonla Vitoraya dedi:
- Odun üstünə bir az süd qoy.
Vito köks ötürdü. Birdən nəsə xatırlayıb, ağ şkafa tərəf döndü, gözlərindən birini açıb, tütün rəngli köhnə çexoldan tranzistor çıxarıb işə saldı. Diktor ciddi bir səslə burnunda danışaraq dedi: «Afrikada qulluq eləyən Xenuino Alvares üçün özü bildiyi bir adamın xahişiylə «Mən evdən gedəndə» mahnısını səsləndiririk». Ciddi, sakit bir mahnı idi. Vitora əlini sinəsinə aparıb dedi:
- Ah, ilahi, adamın ürəyini göynədir.
Kiko ona yaxınlaşdı.
- Bu, Femidu, Vito?
- Hanı, oğlum?
- Bu da, oxuyan.
- Yox, əzizim, ancaq elə bil doğrudan da odu.
Domi durub vazadan banan götürdü. O başdan-ayağa qara geyirmişdi - qara paltar, qara corab, qara başmaq - evdə isə ağ önlük bağlamışdı. Yenə oturub, qızı dizinin üstünə alaraq dedi:
- Mənim dərdim səninkindən betərdi. Mənimki daha qayıtmayacaq.
Vitora həyəcanlandı:
- Oy, senyora Domi, bu iş üçün siz artıq qocasınız.
- Mən qocayam?
- Bəlkə düz demirəm?
Kiko yaxına gəldi. Xuan yenə «Naşı Kazak»a girişmişdi. Kiko dedi:
- Domi, sən qoca olduğuna görə tezliklə öləcəksən?
- Get burdan! İlahi, bu nə pis uşaqdı! Tualetə getmək istəmirsən?
- Yox, Domi.
- Yadında saxla, əgər şalvarına qaçırsan, duduşunu kəsəcəm, bildin?
- Hə, Domi.
Birdən Kikonun gözləri işıqlandı.
- Domi, bilirsən, Mavrik ölüb, - o dedi.
- Mavrik? Pişiyi deyirsən?
- Aha.
Domi Vitoraya sarı döndü:
- Qoca ifritə yəqin özündən çıxıb.
- Çıxıb da sözdü.
- Hansı ifritə, ifritə hanı, Vito? - Kiko tezcə soruşdu.
- Of, yaxamdan əl çəkəcəksən? İmkan verməz nəfəs alaq, - və yenə Vitoraya sarı çevrildi: - Orda nələr baş verdiyini təsəvvür eləyirəm.
Kris zığıldadı və Domi onu dizinin üstündə yırğalaya-yırğalaya oxudu: «Hoş-hoş-hoş, mənim eşşəyim, yortaq Vifleyemə...» Qızcığaz başını qarıya söykənib, gözünü yumdu. Domi dedi:
- Əməllicə yatır.
Radio deyirdi: «Esekizlina Qutyerresa iki yaşı münasibətiylə ata və anasından sevgiylə. «Bənövşə satan qız» mahnısına qulaq asın».
Vitora qırmızı başlıqlı pilətəylə elektrik pilətəsi, elektrik pilətəsiylə boşqab qurudan, boşqab qurudanla şkaf, şkafla anbar, anbarla qazan, qazanla yenə qırmızı başlıqlı pilətə arasında vurnuxurdu. Hərdən-hərdən köks ötürüb deyirdi: «Ah, ilahi!» Mahnıya qulaq asmağa başlayandan daha tez-tez və daha dərindən köks ötürürdü. Kiko ondan gözünü çəkmirdi və axır ki, dedi:
- Vito, bəs Kuki bibi mənə tapança alacaq?
- Tapança?
Uşaq təbəssümlə başını tərpədib, alt dodağını dişlədi. Vitora soruşdu:
- Axı tapança nəyinə lazımdı?
- Hamını öldürmək üçün.
- İşə bir bax! Vitonu da?
Kiko yenə başını tərpədib, alt dodağını dişlədi. Domi söhbətə qarışdı:
- Elə öz çərənləməyilə səni o dünyaya göndərər.
Kristina zığıldayıb, döşəməyə düşmək üçün Dominin qucağında çırpındı. Qarı donquldana-donquldana ayağa durdu: «Şeytan qızcığaz, indi sənə nə lazımdı?» Kiko yenə Domiyə tərəf döndü:
- Domi, biz şeytanı gördük.
- Doğrudan?
- Aha, su qızdırıcısında, elədi, Vito?
Radio deyirdi: «Afrikaya gedən Xulio Arqosa dostlarından. «Tərlan quşum» mahnısına qulaq asın».
Vitora tranzistorun səsini qaldırdı.
- Bu mahnıdan ötrü ölürəm, - o dedi, - Femio da çox...
Domi cavab vermək üçün ağzını açmışdı ki, Kiko sarışın başını onların arasından soxub dedi:
- Hə, Domi, şeytan qaraydı, qanadları, buynuzu varıydı...
Domi özündən çıxdı:
- İtil burdan, yoxsa bu saat...
Qapı açıldı, qırmızı, yaşıl güllü xalat içəri girdi və Domi gülümsəyib, uşağın başını sığalladı, çünki, onsuz da, əlini qaldırmışdı.
- Bu Kiko, - dedi, - özündən daha nələr uydurmur. İndi də deyir, şeytanı görmüşəm. Yox, əzizim, yox, şeytan cəhənnəmdə olur, sənin kimi yaxşı uşaqlara da toxunmur.

Gündüz saat 1

Otaq təmiz, səliqəliydi, döşəmə parıldayırdı, elə bil üstündə gəzməmişdilər. Kitab rəfləri otağı iki yerə bölürdü, pəncərənin qabağında, üstündən abajurlu lampa asılan uzun stol dururdu; uşaqlar dərsdən qayıdanda dərslərini burda hazırlayırdılar. Künclərdə Pablo və Markosun pambıq parça örtüklü çarpayılları, onların arasında isə Kikonun dustaqxana kamerasına oxşayan çubuq məhəccərli enli hündür uşaq çarpayısı dururdu. Ana otağa girəndə dedi:
- Tualet istəyirsənsə de.
Kiko ayaqlarını aralı qoyub, şalvarına baxdı, baxmağı az imiş kimi, əvvəl sol əlini, sopra sağ əlini şalvarına çəkib dedi:
- Bax, heç islanmayıb.
Domi mətbəxdə ləngidiyindən, Xuan təklif elədi:
- İstəyirsən, göyqurşağı düzəldək?
- Aha, düzəldək, - Kiko cavab verdi.
Xuan pərdəni çəkdi, Kikonun əlindən tutub, ehtiyatla balaca çarpayıya yaxınlaşdılar və eyni vaxtda başlarını üçüncü rəfə tərəf qaldırdılar. Kitabların kötüyünə düşən işıq müxtəlif rənglərlə bərq vurdu və Kiko dedi:
- Gözəldi. Hə, Xuan?
Xuan başını gah bu, gah o biri çiyninə tərəf əydi.
- Gün işığı düşəndə, onda lap gözəl olur, - o dedi.
Birdən Kikonun gözləri parıldadı.
- Bəlkə mələk uçsun, hə, Xuan? - o soruşdu.
- Dayan, - Xuan dedi.
Kiko yeni əyləncəni xəyalına gətirib gülümsədi. Xuan isə stulun üstünə çıxdı, gücü çatdıqca abajuru kənara çəkib, birdən buraxdı. Abajur böyük qövs cızıb kəfkir kimi yırğalandı. Xuan stuldan sıçrayıb, qardaşına qoşuldu, Kiko isə gülümsəyə-gülümsəyə gah ona, gah lampaya baxıb dedi:
- Nə gözəl mələkdi, hə, Xuan?
Xuan fikrini toplayırmış kimi gözlərini qıydı.
- Ay səni, - o birdən dedi, - yaxşı bax, bu axı mələk deyil, şeytandı!
Kiko ona sığındı.
- Yox, Xuan, bu şeytan deyil, - yalvarışla dedi.
- Şeytandı, - Xuan təkrar elədi. - Bax, onun buynuzu, qanadları var, özü də yel kimi uçur.
Kiko onun cemperindən yapışdı:
- Yox, şeytan deyil, hə, Xuan?
Xuan sözünün təsirini artırmaq üçün üz-gözünə qorxunc ifadə verdi.
- Yaxşı bax, görürsən, necə hirslənir?
Kiko ona daha bərk-bərk sığındı.
- Pəncərəni aç, Xuan, - titrək səslə xahiş etdi. - Bu, şeytandı. İfritədə də burdadı. Domi elə dedi.
Ancaq Xuan, əksinə, pəncərəni açmaq fikrində deyildi.
- Şeytan sənin dalınca uçub gəlib, saçlarından yapışıb cəhənnəmə aparacaq, ona bax, bax!
Kiko titrəyirdi. Hər iki əliylə qardaşından yapışıb inildədi:
- Aç, aç, Xuan!
- Bax, bu da ifritə! - Xuan abajurun divarda yırğalanan kölgəsini göstərib çığırdı.

Ardı var

DİGƏR MƏQALƏLƏR