RUS POEZİYASI - Yevgeni Yevtuşenko

1932-ci ildə Sibirdə doğulub. “Birinci qar”, “Alma”, “Vəd”, “İntim lirika”, “Zəriflik”, “Bir nömrəli yol” kimi, Rusiyada son dərəcə maraqla qarşılanan onlarla poetik məcmuənin, eyni zamanda məşhur «Ölüm gəlməmiş ölmə» romanının müəllifidir. Əsərlərinin motivləri əsasında bir neçə film çəkilib. SSRİ Dövlət Mükafatına, Rusiya Dövlət Mükafatına, “Azad Rusiyanın müdafiəçisi” medalına, həmçinin digər nüfuzlu beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 2008-ci ildə Rusdilli Yəhudilərin Ümumdünya Konqresinin təşəbbüsü ilə Nobel mükafatına namizədliyi irəli sürülüb. Hazırda Amerikada yaşayan 84 yaşlı şair İspaniya və Amerika Akademiyalarının fəxri üzvüdür.

 

Orijinaldan tərcümə: Əlisəmid Kür

 

Əfqan qarışqası

 

Rus oğlu üzüqoylu qalıb əfqan çölündə.

Müsəlman qarışqalar daraşıb üz-gözünə.

Çox çətindir sürünmək...

   Kimdir gələn qarğışa,

Ölənin qulağına pıçıldayır qarışqa:

“Sən bilmirsən harada canını tapşırmısan,

Bircə bilirsən bunu – yaxınlıqdadı İran.

Əlindəki silahla niyə gəlmişdin bura, 

Sən hara – İslam hara?

Nə verəcəkdin bizə – acların ölkəsinə?

Özünüzdə durublar kolbasa növbəsinə,

Azmıdır ölən sizdə, nə tez unutdun bunu?

Keçən davada ölən o iyirmi milyonu?”

 

Rus oğlu üzüqoylu qalıb əfqan çölündə.

Müsəlman qarışqalar daraşıb üz-gözünə.

Öləni diriltməyə, ayağa qaldırmağa

Provaslav qarışqalar gələr kömək olmağa.

Amma... yetimin, dulun çoxaldığı ölkədə

Provaslav qarışqa da başlayıb azalmağa.

 

1983

 

Həsəd

 

Ürəyimdə gizli qalan 

Sirri açmağa nə var.

Hardasa yaşayan bir oğlan uşağı var, – 

Ona həsəd aparıram.

Həsəd aparıram

onun davasına, –

Onun kimi səmimi, cəsarətli deyiləm.

Həsəd aparıram

onun gülüşünə, – 

Mən uşaq olan zaman

  belə gülə bilmirdim.

O, özünə zülm edir, o davakardı yaman –

Üz-gözü şiş içində

Üz-gözü cırmaq-cırmaq, –

Mənsə həmişə qorxaq,

nəsə güdən bir axmaq.

Kitablarda üstündən 

keçdiyim bütün yollar

onun gözündən qaçmaz –

O, burda da güclüdü.

O, şəri bağışlamaz, –

O, amansız, səmimiyyət aşiqi.

Mən qələm çaldığım yerdə

“Dəyməz!” deyəndə,

O, qələmi götürəcək;

Deyəcək: “Dəyər!”.

Nəyisə açmırsa, o, Doğrayacaq

Mənsə üzünü görmədiyim

Heç nəyi doğramaram.

O, sevdisə birini –

Ölənəcən sevəcək.

Guya mən sadəlövhəm,

Daha həsəd çəkmirəm.

“Axı hamı səhv edir,

Hamı belə yaşamaz.”

Nə qədər ki, özümə oxşamıram.

Yenə təkrar edirəm,

 “Hərənin öz taleyi...”

Unutmayam gərək mən 

Hardasa balaca bir oğlan yaşar,

O, uğur qazanacaq, – 

Çox işdə, –

Nəinki mən.

1955

 

***

Şərəflə qarşılamaq

hər anı – bu da haqdı,

dibindən çalxalanır

zaman – durğunluq vaxtı.

 

Şərəflə, yetərincə

sədəqə paylayanlar,

basıb səni bardağa,

ağzını tıxayarlar.

 

Vaxtdan qorxan – yıxılar,

can vermə qorxaqlığa.

itirmək – qorxuludur

hər nə var, – bir anlığa.

 

Hər şey yox olub – itsə

mümkün deyilsə, nolar

toxdaqlıq ver özünə:

“Belə yaşamaq olar”.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR