ƏDƏBİ İRS - Jentil Markeş

Şair, nasir, tərcüməçi Jentil Markeş (1918-1991) uzun müddət radioda çalışıb, öz işinin xüsusiyyətinə uyğun olaraq, Portuqaliyanı qarış-qarış gəzib, topladığı nağıllardan, rəvayət və əfsanələrdən radio verilişlə­rində istifadə edib, sonradan bütün  topladıqlarını kitab halında çap etdirib. 

Düşünürük ki, Joze Mariya Esa de Keyroş (1845-1900), Joze Saramaqo (1922-2010), Antoniu Lobu Antuneş (1942) kimi yazıçılar yetişdirən bir xalqın dünyagörüşünün hansı qaynaqlardan formalaşdığını bilmək bizim oxucular üçün də maraqlı olar.

Tərcümə: Saday Budaqlı
PORTUQALİYA ƏFSANƏLƏRİ
                                   
XƏZİNƏ                              
Santaren şəhərinin ətrafında, Alviel çayı yaxınlığında öz şəlalələrinə görə son dərəcə gözəl olan bir yer var.
Həmin yerin adı Vale de Fiqeyradı. Bu torpağın özü qədər qədim olan əfsanə də elə burda yaranıb.
Bir kədərli qış axşamı kasıb ər-arvad öz komalarının qapısını bağlayıb oturmuşdular. Amansızcasına əsən külək az qalırdı miskin daxmanın pəncərə­lərindən içəri dola, dam örtüyünü qopara. Manuel da Azinyaqa dayı gözünü sobadakı külün altında zorla  közərən alova zilləmişdi. Onu fikir aparmışdı. Həyatlarını çətinləşdirən xoşagəlməz şeylər haqqında dinməzcə düşünürdü. Arvadı Mariya giley-güzarı xoşlamırdı. Ərini qayğılı görən arvadı Mariya xala onu kədərli fikirlərdən ayırmaq istədi.
– Gör çöldə necə yağış yağır!
Əri qaşqabağını töküb cavab verdi:
– Çöldə də... elə evdə də! Ev köhnədi! Təmir eləmək lazımdı... ancaq pul bizdən qaçaq düşüb! İşləyirsən... çalışıb çapalayırsan... xeyri nədi?
Mariya ərinə toxtaqlıq vermək istədi:
– Bəsdi, kişi! Hər şey yaxşı olar!
– Bəs nə vaxt olacaq? Biz evlənəndən elə eyni şeyi deyirsən!
Və arvadının ağzını əydi:
– Yaxşı olacaq! Yaxşı olacaq!..
Onun sifəti lap tutuldu.
– Lap boğaza yığılmışam!
Ürəyində nigarançılıq olsa da, Mariya xala sakit danışmağa çalışaraq ərinə təskinlik verdi:
– Hər şey elə də pis deyil. Canımız salamatdı, buna şükür.
Manuel çiyinlərini çəkdi. Səsində acıq duyulsa da, hirsi bir az soyumuşdu.
– Bilirsən, arvad, mənim xasiyyətim başqadı. İşləməyi də xoşlayıram, hər şeyi ürəklə eləyirəm. Bundan qazanc güdmürəm!
Mariya kədərlə dedi:
– Yaxşı bilirsən ki, senyor Fransişka indi sənə pul verə bilməz...
Və başını qaldırıb əlavə elədi:
– İlahi, onun çəkdiyi çətinlikləri bizə nəsib eləmə!
– Hə, o da doğrudu. Bəs Antonionun arvadı? Niyə sənin haqqını vermir?
– Ah, zavallı! Uşaq doğandan, hələ də xəstədi. Pul yığa bilir ki, versin?
Manuel dayı arvadına acıqla baxdı.
– Sənə haqq olur! Əgər istəsəydi, sənə toyuq, qoyun südü... nəsə bir şey verərdi. O da bizim hansısa yaramızı sağaldardı. Qulaq as, bəs Roze barəsində nə deyirsən? 
– Roze barədə?
– Hə, Roze barədə! Sən artıq iki dəfədi ona kömək eləmisən, əvəzində nə almısan? Bu, sadəcə, əclaflıqdı!
Və əlini stulunun yanındakı kiçik stola çırpdı.
– İndi ayağını evdən kənara basmayacaqsan! Qoy pulunu əvvəldən versinlər! Onda kömək eləyərsən!
Mariya xala, görünür, kədərləndi.
– Of, kişi, belə danışma! Onlar mənə inanırlar. Uşaqlar elə sapsağlam doğu­lurlar ki!
– Hə, əlbəttə... ancaq sən xəstə­lənsən, kim dadına çatacaq?
Mariya xala cavab vermək istəyirdi ki, uzaqdan eşidilən at ayaqlarının səsi onların daxmasının yanında kəsildi. Qapını bərk-bərk döydülər. Mariya qapını açmağa tələsdi. Ancaq əri üstünə qışqırdı:
– Hara? Dur, durduğun yerdə!
Mariya ərinə baxdı; baxışlarında ərinin hirsi qarşısında pərtlik və öz ləyaqət hissi bir-birinə qarışmışdı.
– Bu, yəqin, Felisminanın əridi. O, bu günlərdə doğmalıdı.
Manuel dayı lap bərkdən qışqırdı:
– Qoy başqa qapını döysünlər! Bayırda yağış yağır, külək əsir, soyuqdu!
Manuel dayının sözlərini təsdiqlə­yirmiş kimi, külək pəncərələri və qapını silkələyib lap bərk vıyıldadı. Lakin qapı daha möhkəm döyüldü. Mariya dözmədi.
– Sakit ol, kişi! Açmağa gedirəm.
Qapı açılan kimi, içəri yad adam girdi. Otağa onunla birlikdə külək və soyuq doldu. Gələn adamın əynində yağışdan islanmış qırmızı plaş var idi. O, şlyapasını çıxartdı. Mariya salam verdi:
– Tanrı yardımçınız olsun! Siz kimsiniz?
Yad adam cavab əvəzinə soyuq tərzdə dedi:
– Yardımınıza ehtiyacı olan var, senyo­ra Mariya.
– Kim? Felismina?
– Yox. Siz onu tanımırsınız.
Manuel yad adama baxdı. O, cavan idi, qəşəng, qarabuğdayı sifəti, qara, iri, parıltılı gözləri varıydı. Ona bu yerlərdə heç vaxt rast gəlməmişdi. Manuel dayı qətiyyətlə dedi:
– Mənim arvadım bu gün evdən çıx­mayacaq.
Ev sahibinin sözünü eşitmirmiş kimi, yad adam Mariyaya baxdı.
– Mənimlə gedərsinizmi?
Manuel dayı özünü saxlaya bilməyib qışqırdı:
– Sizə demədimmi, o, evdən çıxma­yacaq!
Yad adam sanki Manuelin qışqırığını eşitmirdi.
– Sizi aparacağım yerdə, ana və uşağı xilas etmək lazımdı.
Mariya ərinə baxdı.
– Manuel! Mənim boyun qaçırmağa haqqım yoxdu.
Manuel dayı yad adama tərəf döndü.
– Ancaq... siz kimsiniz?
Yad adam sakitcə cavab verdi:
– Əvvəllər burda yaşayan, indi isə bu torpaqların əsiri olan adam.
Manuel dayı donquldadı:
– Bu, cavab deyil! Siz hardansınız?
– Yaxınlıqda yaşayıram. Sizin Teju çayının sahilində.
Manuel dayı yenə ona baxdı. İnamsız halda dedi:
– Siz bizim kimi daxmalarda yaşayan­lardan yaxşı geyinibsiniz!
– Mən daxmada yaşamıram.
Manuel dayı ona zilləndi.
– Necə yəni? Tejunun sahilində ev yoxdu!
Yad adam susduğundan, Mariya söhbətə qarışdı:
– Manuel, çox sual vermə! Bəlkə senyorun elə bir səbəbi var ki, yaşadığı yeri demək istəmir.
Yad adam gülümsədi.
– Məhz elədir, mənim senyoram.
Manuel dayı yenə hirsləndi.
– Qulaq as, arvad! Sən yad adamla gecənin bu vaxtı tanımadığımız yerə getmək istəyirsən? Yox, mənim arvadım tanımadığı yerə getməyəcək!
Yad adam ilk dəfə səbirsizlik göstərdi.
– Mənim senyoram, vaxt itirmək olmaz. İki insan həyatı bizdən asılıdı.
Mariya həyəcanlandı.
– Elədi, senyor, elədi!
Və ərinə sarı dönüb dedi:
– Manuel, sakit ol... Sənin sözündən çıxmalı olacağam!
Manuel dayı pörtüb qışqırdı:
– Nə? Onunla gedəcəksən?
Yenə yumruğunu stola çırpdı.
– Onda eşit, əgər bu adamla getsən, bir də geri qayıtma!
Mariya ərinə artan narahatlıqla baxdı.
– Səni tanıya bilmirəm, kişi! Heç özündə deyilsən. Bilirəm ki, evə buraxa­caqsan. Cinayət eləməyə getmirəm ki!
– Onda nə qədər ki, fikrimdən daşın­mamışam, gözümə görünmə! Əgər yağışda islanıb xəstələnsən, görək, sənə kim kömək eləyəcək!
Yad adam sakitcə dedi:
– Elədiyimiz bütün xeyir və şər işlər böyük Həyat Kitabına yazılacaq.
Və Mariyaya müraciətlə sözünə əlavə elədi:
– Gedəyin, mənim senyoram. Mənim atımda birlikdə gedəcəyik.
Bunu eşidən Manuel dayı özündən çıxdı:
– Nədi, dəli olmusan, Mariya? Yad adamla eyni atda gedəcəksən?
Yad adam mübahisəyə son qoydu:
– Vaxt itirmək olmaz.
Mariyanı qabağa buraxıb, özü arxasınca çıxdı. Qəşəng yəhər-yüyənli cins at qapının önündə dayanmışdı. Yad adam Mariyaya sarı çevrildi.
– Gedək, mən sizə ata minməyə kömək eləyərəm.
Karıxmış Manuel dayı yad adamın Mariyanı plaşına bürüyüb ata mindirdiyini, özü də yəhərə sıçrayıb atı dördnala çapdığını gördü. Manuel dayı xırıltılı səslə qışqırmağaca macal tapdı:
– Bax ha, arvadımı qoru!
 
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR