YAPON ƏDƏBİYYATI - Hekayələr

Yapon ədəbiyyatı həmişə özünəməxsusluğu ilə diqqətimi çəkib. Bəlkə də elə buna görə əsərlərini ana dilimizə tərcümə etdiyim yazıçılar arasında yaponların sayı daha çoxdur. Bu yazıçıların əsərlərinin bəzilərində qədim yapon adət-ənənələri, dini mövzular, bəzilərində müasir dövrün mənzərələri əsas süjet xətti kimi keçir. Bununla belə, hər bir yapon yazıçısının hətta ən kiçik hekayəsində, sarsılmaz, yapon ruhu, samuray inadkarlığı duyulur. Bəlkə də məni özünə çəkən məhz bu ruh, bu inadkarlıqdır. 

Yapon ədəbiyyatı dünyaya Yasunari Kavabata, Kindzabure Oe kimi Nobel mükafatı laureatları, Akutaqava Rünoske kimi dahi yazıçı bəxş etmişdir. Amma oxuyacağınız bu hekayələrin heç biri bu məşhur yazıçıların qələminə aid deyil. Bu kiçik hekayələrin bəziləri müəllifsizdir, bəziləri müasir yapon ədəbiyyatının başlanğıc dövründə yazıb-yaradan yazıçılara məxsusdur. Ancaq yapon hekayəsinin keçdiyi – Akutaqavaya, Kavabataya, Oeyə aparan yolu, bəlkə də ən yaxşı şəkildə bu hekayələr aydınladır.

 

Tərcümə edən: Rövşən Ramizoğlu  

GÜZGÜLÜ MƏBƏDİN YARADILMASI HAQQINDA
 
Sizə Güzgülü məbədin yaradılması haqqında danışacağam. İyirmi birinci hökmdar Ankonun hakimiyyəti illərində2 Mutsu əyalətinin əlli dörd qəzasından biri olan Asakadakı Yamaqata dağ kəndində altmışdan çox kəndli yaşayırdı. Günlərin bir günü onlar öz aralarından bir fərasətli qoca seçib, vergi pulunu çatdırması üçün onu paytaxta yolladılar. Bu, çox ağıllı bir qoca idi. O, vergi pulunu mülklər idarəsinə çatdırandan sonra evə dönməyə hazırlaşırdı.
Budur, qoca Dördüncü küçədə dayanıb və evə hansı hədiyyəni alıb aparacağı haqqında düşünür. Elə bu vaxt dükanların birində güzgü satıldığını gördü və soruşdu: "Bu nədir belə? Orada görünən qoca kimdir, görəsən? Yaşı, yəqin, əlli beş olar".
Bunu görən dükançı öz-özünə fikirləşdi: avama bir bax, ömründə güzgü də görməyib, aldadıb bu güzgünü ona sırıyacağam. Dükançı qocaya dedi: "Bu elə bir bahalı əşyadır ki, bunda bir vaxtlar ilahə Amaterasu belə əks olunub. Səma tanrısı Osixomimi özü ona bu güzgünü hədiyyə edib. Hökmdarın sarayında da belə bir güzgü asılıb – güzgü onu qoruyur. Hər məbəddə əyalətlərin hifz olunması üçün tanrı heykəllərinin qarşı­sına belə bir güzgü qoyulub. Arvadınıza ən yaxşısı "səma mağa­rasının güzgüsü"3 adlandırılan belə güzgü hədiyyə etməniz olardı. Düzdür, ölçüsü böyük deyil, amma onun sayəsində müxtəlif qəribə şeylər görmək mümkündür. Gəlin birlikdə gedək, indi özünüz bunun şahidi ola­caqsınız. Amma bir şərtim var – gərək ancaq güzgüyə baxasınız, diqqətinizi başqa heç nə cəlb eləməsin".
"Bax, bu əsl mənə lazım olan şeydir!" – qoca fikirləşdi və onlar dükançı ilə birlikdə şəhərdə gəzməyə yollandılar. 
Tacir güzgünü də özü ilə götürüb şəhərdə onu o tərəf-bu tərəfə tutmağa, qocaya güzgüdə yaraq-əsləhələr, oxlar, qılınclar, at qoşqusu düzəldilən, ipək parçalar toxunan emalatxanalar göstər­məyə başladı. Yolda, hətta hökmdarın faytonu belə onların qarşısına çıxdı.
Bütün bu vaxt ərzində tacir güzgünü qocanın gözləri önündə tutmuşdu və ciddi görkəm alıb (samurayları, cürbəcür zadəganları) əli ilə itələyərək özlərinə yol açırdı. Onun rəiyyəti necə itələdiyini isə yəqin ki, qeyd etməmək də olar. O, qocaya məbədə gedən bahalı geyimli saray xanımlarını, fərqli-fərqli evləri, hökmdarın əyan-əşrəfini də göstərdi. Sonra isə dedi: "Öz kəndinizə gedəndən sonra bütün bu möcüzələrə baxıb zövq alacaqsınız. Əladır! Yaxşı, kifayətdir, onsuz da sizə çox şey göstərdim".
Və budur, onlar dükana qayıtdılar. Qoca diqqətlə güzgüyə baxıb dedi: "Çox gözəl, qiymətli şeylər gördüm. Alıram! Amma əvvəlcə soruşmaq istəyirəm: sənin göstərdiyin o şeylər hamısı güzgü ilə birlikdə mənim olacaqmı? Oradakı qızıl-gümüş, pal-paltar, atlar, faytonlar, arabalar?"
"Bəs necə", – dükançı cavab verdi. Bir az gözləyəndən sonra isə soruşdu: "Bax, siz güzgünü almağı düşünürsünüz, bəs bunun üçün nə qədər pulunuz var?"
"Özümlə gətirdiyim yüz əlli qızıl sikkə olar", – qoca cavab verdi.
Dükançının gözlərinə işıq gəldi. Bu güzgünün 150, ən çoxu 200 dəmir sikkə qiyməti olardı, burda isə belə böyük məbləğdən söhbət gedirdi. O, çox sevindi, amma hələ bir dəfə də qoca ilə məzələnmək qərarına gəldi. Və guya inciyibmiş kimi dedi: “Eh, mən də deyirdim... Əgər mən bu güzgünü yarı qiymətinə versəm belə, sizin yenə onu almağa pulunuz çatmaz".
Qoca bunu eşidib kədərləndi: "Mənim o qədər pulum yoxdur". Bunu deyib getməyə hazırlaşsa da, dükançının onu əliboş buraxmaq fikri yox idi. Ona görə də arxadan qocanı səslədi: "Bəlkə dostlarınızın hansındasa bir az pul tapılar? Öz pulunuzun üstünə qoyarsınız, mən də sizə güzgünü sataram".
"Bu yaxşı ağlına gəlib, bir az gözlə", – qoca cavab verdi və gecələmək üçün qaldığı evə qayıtdı. Orada dostundan olan-qalan pulu da tutub aldı və indi onun əlində iki yüz altmış qızıl sikkə vardı.
Dükançının sevincinin həddi-hüdudu yox idi: "Yaxşı, çox yaxşı! Heyif ki, bu, güzgünün heç yarı qiyməti də deyil, amma mən ürəyiaçıq adamam, al, götür. Amma bir şərtim var: evə gedəndə yolda ona baxma, yad adamlara da onu göstərmə. Onu sənin üçün ipək kisəciyə qoyuram, as boynundan, elə get".
2
Qoca öz alış-verişinə çox sevinirdi. Ona necə tapşırılmışdısa, elə o cür də güzgünü boynundan asıb paytaxtdan kəndə tələsdi. Az vaxtda kəndə çatdı, öz evinə yaxınlaşıb hündürdən dedi: "Dəyərli qonaqlarınız gəlib, tez həsirləri yerə döşəyin".
Arvadı ərinin gəlişinə sevindi, həsirləri yerə döşədi və onu otuzdurdu. Bu vaxt qoca güzgünü çıxarıb həsirin üstünə qoydu – güzgüdə nə ləl-cəvahirat vardı, nə də əsil-nəcabətli adamlar. "Nəsə düz deyil!" – o fikirləşdi. Bir də diqqətlə baxdı, orda vur-tut yaşı əlli beş olan bir qoca gördü. Vəssalam. Arvadı baxdı və gördüyü əlli yaşlı bir qarı oldu. O, bunu görər-görməz göz yaşlarını sel kimi axıtmağa başladı: "Bu nə işdi başıma gətirdin? Mən oturub burada səni gözləyirəm, sən isə özünə başqasını tapmısan?"
Hirsləndi, acıqlandı, ağladı. 
Onların hər üç oğlu növbə ilə güzgüyə baxdılar və üç qüvvətli kişi gördülər. Gəlinlər də güzgüyə baxdılar və onların gördüyü üç cavan xanım oldu. Onlar da fikirləşdilər ki, ərləri özlərinə başqalarını tapıblar və səs-səsə verib ağlaşmağa başladılar.
Bu vaxt onlara bir rahibə qonaq gəldi. O, evdə aləmin bir-birinə dəydiyini görüb dedi: "Ay camaat, nə olub sizə? Ağlayıb özünüzü öldürməyin! Bu şeyin adı güzgüdü, kim ona baxsa, özü onda əks olunur. Hər biriniz güzgüdə özünüzü görmüsünüz. Nə vaxtsa sahibin şümal üzü vardı, sonra isə öz üzünü oğlanlarına verdi. İndi isə bax belə qorxunc görünür. Sahibə də bir vaxtlar gözəl idi, amma uşaqlar onun da bütün gözəlliyini özlərinə götürdülər – o da qarı oldu, saçları ağappaq ağardı, beli büküldü. Bu dünyada hər şey elə bu cür olur, amma çox az adam bunun haqqında düşünür. Ona görə də sizə o biri dünyanın olduğunu xatırlamanız üçün bəzi şeylər verilib, hamımız nə vaxtsa ora köçəcəyik. Məsələn, güzgüyə baxanda öz görkə­minin necə dəyişdiyini görüb heyrət­lənirsən. Elə güzgünün qiyməti də bundadır: o dəqiqə ölümü fikirləşirsən, növbəti gəlişində daha yaxşı həyat istəyirsən. Bax, güzgü adamı gələcək haqqında düşünməyə məcbur edən belə bir xəzinədir".
Rahibə danışıb qurtaran kimi qoca zar-zar ağlamağa başladı: "Elədir, dünyanın bütün var-dövləti bu güzgüylə müqayisə oluna bilməz! Onun sayəsində biz necə yaşlandığımızı gördük. Və təkcə güzgü bizə işarə verdi ki, bu yaxınlarda arxamızca o biri dünyadan elçi gələcək. Bu güzgü adamı haqq və Budda yoluna gətirən müdrik rahib kimidir".
Qoca bunları dedi, sonra çox qısa zamanda bir ibadətxana tikdi və mehrabdan bu güzgünü asdı. O, aradabir güzgüyə baxıb ağlayırdı. Ağlayıb yenə güzgüyə baxırdı. Sonra qoca rahibliyə başladı, yorulub-usanmadan budda Amidanın təlimini yaydı. Ölüm anı yetişəndə o, saf ürəklə, ləyaqətlə öldü. Sonralar ər-arvad tanrıya çevrildilər, bu dünyanın adamlarına müxtəlif işlərdə kömək etməyə başladılar.
İndi həmin ibadətgah Güzgülü məbəd adlanır və o güzgünü bütün Asaka qəzası qoruyub mühafizə edir. Bu güzgü bəzən tanrıya çevrilir və ölkənin şərqindəki səkkiz əyalətin hamısının adamlarının gözlərinə görünür. 
Təmizqəlbli bir qoca, bir güzgü aldı və onun üçün xeyli qızıl pul ödədi. Bu güzgü sayəsində o ölməz tanrıya çevrildi və çox adama kömək etməyə başladı. İndi də güzgü məbəddədir, insanlar onu qoruyur və qarşısında təzim edirlər.
 
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2016 nömrəsində çap olunub  

DİGƏR MƏQALƏLƏR