BƏŞƏRİ POEZİYA - Geri Snayder

Dilimizə çevirmək üçün ABŞ-ın ən yüksək ədəbiyyat ödülünə –  Pulitser mükafatına layiq görülmüş şairlərdən bir neçəsinin tərcümeyi-halını və şeirlərini nəzərdən keçirəndə böyük göy üzünə, günəşə, ana torpağa, suya, küləyə, yağışa boylanan bitkilərə, yarpaqlara, duzlu dənizlərə, çöllərə şükür edib, amin deyən Snayder diqqətimi çəkdi. Mən də ona qoşulub, hər şeyə şükür edib, “amin” dedim. “Tamah” adlı cəlladın od püskürdüyü, müharibələr yaratdığı, mənəvi, insani dəyərləri tapdaladığı, qocaya, cavana, körpəyə rəhm etmədən, milyonlarla məzlumu qarlı-şaxtalı günlərdə başıaçıq, ayağıyalın öz doğma yurdundan, yuvasından, isti ocağından didərgin saldığı indiki günlərdə – insan fəryadının, harayının eşidilməz olduğu bir zəmanədə Uca Yaradanın yaratdıqlarına, süfrəsindəki yavan çörəyə şükür edib, amin deyən şair ruhumu kövrəltdi, sanki məni yer üzündən qoparıb  Haqqın dərgahına, Göy üzünə apardı… 

Geri Snayder 8 may 1930-cu ildə Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub. Poeziya, nəsr, esse və oçerklərdən ibarət iyirmidən çox kitabı işıq üzü görüb. 1986-2002-ci illərdə Kaliforniya Universitetində dərs deyib, universitetin fəxri professoru olub. “Tısbağa adası” şeirlər kitabına görə “Pulitser” mükafatına (1975) layiq görülüb.

Hal-hazırda, erkən gənclik illərində meşəbəyi işlədiyi sakit, füsunkar Sierra-Nevada dağlarının ətəyində yaşayır. 

Tərcümə: Zakir Fəxri
 
 
Poeziya mənə necə gəlir
 
Gecələr gəlir…
Daş-kəsəyə ilişə-ilişə.
Qorxa-qorxa gözləyir
ocağın qırağında.
Onu qarşılamağa çıxıram
ocağın işığında.
 
Şeirlər mənə necə gəlir
 
Daş-kəsəyə ilişə-ilişə 
gecələrlə gəlirlər...
Ürkək-ürkək dayanırlar
qaladığım ocaq yanında.
Qarşılaram onları 
ocağın o tayında.
 
Anasazi!
 
Anasazi!
Qayaların yarığında gizlənmiş,
Yerin təkinə işləmiş
paxla, qarğıdalı kökləri…
Hər yanda tanrıların kölgəsi…
Qartal baxışlı gözlər,
Havada uçan tozlar,
dirsəklər, dizlər…
Divarların daş yuxusu
Ağızlarda qum tamı
Yarasa qoxusu
Ruhlar dolaşır ala-toranda
Qadınlar uşaq dünyaya gətirir…
Pilləkən önündə 
Qaranlıqlarda…
Soyuq səhra küləkləri
Kanyonlarda axan suların məcrası.
Hörmə səbət…
Qulpunda əsrlərin donmuş izləri…
İrigöz, qırmızıdərili uşaq.
Qədim məbəd…
Yamacdakı ev…
Anasazi!
Ah, sular!
Ah, sular, sular…
Bizi  yuyub təmizləyin
Bu qat kəsmiş 
qranit qayanın altında.
Küskün ruhumuzu
             oxşayın, əzizləyin…
Dan sökülür…
Düşərgədə, şam ağacı kölgəsində…
Uyuyur Nanao.
Dağlar səs-küylə uçulub-tökülür,
Qarlar əriyir
Ala-tala torpaqlarda
Yabanı soğan,
göycəçiçək açacaq indi
Bu adda-budda talalar
Böyük bir məclis qurublar sanki.
 
Böyük Ailəyə dua

Gecə-gündüz yorulub-usanmaq bilməyən Ana Torpağa,
İnsanlar məskən salmış ellərə, obalara,
bu  məhrəm, şəfqətli çöllərə şükür!
Amin!
Küləyə, yağışa sinə gərərək,
günəşə boylanan bitkilərə, açılmış yarpaqlara,
torpağa sarılan rişələrə, 
ağac köklərinə şükür!
Amin!
Quşların qurduğu yuvaya,
göylərdə süzən durnanın
qanadlı gərdişinə,
toranlıqda susan bayquş sevdasına – havaya,
nəğməmizin, ruhumuzun əsintisinə şükür!
Amin!
Bütün varlıqlara sirləri açan,
yol açan, məkan tapan, südünü bölən,
sözübütöv, cəsur, arif qardaşlarımıza şükür!
Amin!
Suya şükür – buludlara, çaylara, buz­laqlara…
gah qabaran, gah çəkilən, bədənimizi yuyub-təmizləyən
duzlu dənizlərə şükür!
Amin!
Günəşə şükür! Ağacların budaqları arasından göz vuran,
gözümüzü qamaşdıran, bizi oyadan, duman-sisi yararaq 
ayı mağaralarını, ilan yuvalarını isidən günəşə şükür!
Amin!
Böyük göy üzünə şükür!
Milyardlarla ulduzu barındıran, bütün qüvvələrin, bütün fikirlərin
fövqündə duran, həm də  hər bir zaman içimizdə olan
ulu Ənginliyə,
onun yol yoldaşı Dərrakəyə şükür!
Şükür bu zənginliyə!
Amin!
 
Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR