MƏKTUB - Məşhurların sevgi məktubları

Şarl Bodler  

 

Şarl Bodler  (1821-1867) –  şair, modernizm və estetizm ədəbi cərəyanlarının banisi. Ahıl çağlarında kübar təbəqəyə mənsub olan xanım Sabatyeni sevib.  1850-ci illərin ortalarında o, aktrisa Mari Dobrenlə çox da uzun sürməyən sevgi macərası yaşayıb.  

 

Tərcümə: Güldəstə

 

BODLER – XANIM MARİ 

 

1852-ci il

Madam, xeyli vaxtdı ürəyim sizin fərağınızla alışıb yanır. Məni məftun eləyən o gözəl gözlərinizi bir daha görə biləcəyəmmi? Bu, mənimçün çox əhə­miyyətli məsələdir, çünki sizin yoxluğunuz qəlbimdə dərin bir  boşluq yaradır. Biçarə aşiqinizə bu rəvamı?  

Biləndə ki, rəssama poza verməkdən imtina eləmisiniz və istəmədən bu qərarınıza mən səbəb olmuşam – qəribə  kədər hissindən ürəyim sıxıldı. 

Sizə yazmaq istəyirdim, hərçənd  məktub yazmağın tərəfdarı deyiləm və hər məktubdan sonra peşman oluram.  Amma mən heç nəylə risk eləmirəm,  çünki ömürlük sizə təslim olmağa qərar vermişəm. 

Bilirsinizmi ki, cümə axşamı bizim aramızda olan uzun söhbət necə qəribə təəssürat yaratdı? Söhbətin nəticəsi məni başqa ovqata köklədi və bu məktubu yazmağa məcbur elədi. 

“Sizi sevirəm” deyib, yalvaran aşiq və  cavabında “Sizi sevməkmi?  Mən? Heç vaxt! Mən yalnız bir nəfəri sevmişəm.  Ondan sonra həyatıma girən hər bir kəs bəxtindən küssün. Çünki ona laqeydlikdən, nifrətdən başqa  heç nə vəd edə bilmərəm”, – deyə cavab verən qadın. Və həmin kişi sizin gözlərinizə bircə dəfə baxa bilmək zövqündən məhrum olmamaqçün, sizin başqasından danışmanıza, istisnasız olaraq yalnız ona məftun olmağınıza, ancaq onu düşünmənizə dözür, buna imkan verir. Bütün bu etirafların nəticəsi məndə çox qəribə bir hiss yaratdı. İndi siz  mənimçün yalnız arzuolunan qadın deyilsiz, həm də gerçəyi söylədiyinə görə, ehtirasına, dürüstlüyünə, gəncliyinə, sədaqətinə görə sevilməyə layiq qadınsınız.  

Bütün bu etiraflar məndə qəribə bir hissiyyat yaratdı. O qədər qərarlı idiniz ki, sizə tabe olmaqdan başqa çarəm qalmamışdı. Siz çox şeydə qalib gəldiniz – zira, mənə hörmət və dərin ehtiram hissi aşıladınız. Hər zaman belə qalın və sizi belə gözəl, xoşbəxt eləyən bu şövqünüzü qoruyub saxlayın.  

Yalvarıram sizə, yenə gəlin. Öz hisslərimə hakim olmağa çalışacağam,  daha həlim, daha ədəbli olacağam. Mən sizə azyaşlı qızları daha çox bəyəndiyimi söyləyərkən  nifrətinizə layiq idim.  Amma bilin ki, yalan deyirdim. Ah, əgər bilsəydiniz, o gecə siz nə qədər  əsrarəngiz görünürdünüz. Sizə mədhiy­yələr yağdırmaq niyyətində deyiləm. Bu, çox bayağı səslənərdi. Sizin gözləriniz, dodaqlarınız, bütün varlığınız – öz coşqusu, ehtirasıyla gözlərimin önündən keçir və bunun dönüşü olmadığını hiss eləyirəm.   

Yenə də gəlin,  diz çöküb yalvarıram sizə,  lütfən gəlin. Demirəm ki, qarşınızda duyğusuz bir adam görəcəksiniz. Amma xəyallarımın sizin o zərif çiyinlərinizin, o gözəl əllərinizin, bütün həyatınızı əks etdirən gözlərinizin, füsunkar əndamınızın ətrafında dolaşmasını qadağan edə bilməzsiniz.

 Haşa! Bilirəm ki,  bunu eləmək iqtidarında deyilsiniz. Amma arxayın olun,  mən sizə pərəstiş edirəm və sizi peşman eləmək istəmirəm. Sizin çöhrənizi hər zaman işıqlı, məsud, bəxtiyar görmək istərəm.  Siz mənimçün həyatın özünü təcəssüm etdirirsiniz və bu, təkcə ani jestlərinizlə, davranışınızla, coşqun təbiətinizlə bağlı deyil, həm də şairin qəlbini ölümsüz sevgiylə alov­landıra bilən gözlərinizlə də bağlıdır.  Sizə olan hədsiz sevgimi, gözəlliyinizə verdiyim dəyəri izhar eləməyə sözlərimin gücü yetmir. Bu gözəlliyi sizin bir-birinə uymayan, amma eyni zamanda, bir-birinə mane olmayan cazibəniz tamamlayır – saf uşaq cazibəsi və qadın cazibəsi.

Ey afət! İnanın ki, bütün bunları səmimi-qəlbdən deyirəm. Siz pərəstişə layiqsiniz və mən  bütün varlığımla sizə aşiqəm. Ruhuma hakim kəsilən dərin ehtiram qəlbimi əbədi olaraq sizə bağlayıb. Siz artıq mənə güc verən sehrli bir qüvvəyə çevrilmisiniz  və bunu dəyişməyə sizin iradənizin belə gücü yetməz. 

Sizi sevirəm, Mariya – bu şəksizdir. Sizə olan sevgim bir mömin bəndənin Allaha olan sevgisi qədər pak və təmizdi. Buna görə də bu sirli və  mənəvi pərəstişi, qəlbimi sizə birləşdirən bu  saf, təmiz və incə bağlılığı dünyəvi adla çağırmayın. Çünki bu, sizin istəyinizin əksinə, münkirlik olardı. Mən ölü idim, siz mənim cansız ruhumu diriltdiniz. 

Ah, bir bilsəydiniz, sizə necə min­nətdaram! Sizin mələk simanızda, müqəddəs baxışlarınızda  xoşbəxtliyimi tapdım. Sizin gözləriniz mənə ən zərif, incə duyğulardan  zövq almaq bacarığını öyrətdi. Bu gündən mənim yeganə krali­çam, məhəbbətim və gözəllik ilahəmsiniz. Siz artıq mənəvi mahiyyətini dəyişmiş ruhumun bir parçasısınız.  

Sizin vasitənizlə mən qüdrətli və güclü ola bilirəm. Petrarka kimi mən də öz Lauramı əbədiləşdirəcəyəm.  Mənim xilaskarım, ilham pərim, Madonnam olun və məni  zövq alacağım ən gözəl yolla aparın. 

Lütf edib mənə, heç olmasa, bir sözlə cavab verin, heç olmasa, bircə sözlə.  Hər kəsin həyatında tərəddüdlü və qərarlı günlər olur. Elə günlərdə dostluq ifadə eləyən bir baxış, bir parça məktub insanı çılğınlığın və ya igidliyin bir addımlığına qədər apara bilər. İnanın ki, indi mən həmin vəziyyətdəyəm.  Sizin bircə kəlməniz mənimçün sitayiş edib əbədiləşdirəcəyim müqəddəsim, qibləga­hım olacaq. Ah, kaş ki, sizi nə qədər sevdiyimi biləydiniz! Qarşınızda diz çöküb, ayaqlarınıza  əyilirəm, bir söz deyin mənə, bircə söz...  Heyhat!  Siz o sözü deməyəcəksiniz.  

Xoşbəxtdi, min kərə xoşbəxtdi o kəs ki, hamının arasından məhz sizi, sizin kimi zərif, gözəl, ağlı, dərrakəsi, qəlbi, bacarığı ilə daha cazibədar olan bir xanımı seçib. Bu məziyyətlərinizə görə heç bir qadın sizi əvəzləyə bilməz.  Sizdən görüş istəməyə cəsarətim çatmır, bilirəm ki, etiraz edəcəksiniz. Mən gözləməyə üstünlük verirəm. 

Mən illərlə gözləyəcəyəm. Və o zaman görəndə ki, sizi necə zərif duyğularla,  fədakarlıqla seviblər, sizə necə dəyər veriblər, onda bir vaxtlar mənə qarşı nə qədər mərhəmətsiz olduğunuzu yadınıza salacaq, yanlış davrandığınızı etiraf edəcəksiniz. 

  Hər nə olur-olsun, mən  sevdiyimin, sitayiş edib göylərə qaldırdığım bütümün mənə rəva gördüyü tənələri, ondan gələn zərbələri dəf etmək haqqını özümdə tapmıram. Siz məni rədd etməyi sevirsiniz,   mənsə – sizi sevməyi. 

 

Cite d‘Orleans (Orlean şəhəri)

9 may 1853, bazar ertəsi

 

Ey gözəl afət!  Hisslərimi ağ varağa köçürüb sizə göndərdiyim bu vəzni bəlli olmayan  şer parçasına görə min kərə üzr istəyirəm. Amma neyləyim, ürəyimlə bacarmıram.  Bu anda mən də uşaq kimi, xəstə kimi xudpəsəndəm. Mən əzab çəkəndə ən çox sevdiyim insanları düşünürəm. Sizin haqqınızda isə, demək olar, hər an düşünürəm. Düşündükcə də fikirlərim qafiyələnir, süzülüb misralara çevrilir.  Şeir hazır olanda isə, onu mənə yazdıran gözələ göstərməyə hünərim çatmır. O anda gülünc görünməkdən qorxan adam kimi – gülünc olmaq qorxusu sevgidəmi cəm olub, ya rəbb? –   gizlənmək istəyirəm. 

Əmin olun ki, sizə sevgimi son dəfə izhar eləyirəm.  Amma əgər sizə  olan sonsuz rəğbətim sizinlə ilk kəlmə kəsdiyim ana qədər olduğu kimi  davam eləsə, demək, bu yolda birlikdə  saç ağardacağıq.  

Dediklərim sizə hər nə qədər boş, mənasız görünsə də, bilin ki, bu dünyada sizin insafsızcasına əyləndiyiniz və buna rəğmən rəsminizi əbədi olaraq divarlarına həkk eləmiş bir ürək var. 

Une fois, une seule, aimable et bonne femme

A mon bras  votre bras  poli.

(Gözəl, mehriban qadın, 

O hamar əlləriniz bir dəfə, 

bircə dəfə keşkə əlimdə ola).

 

 Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR