AZƏRBAYCAN ƏDƏBİYYATI - Zahİd Sarıtorpaq

1957-ci ildə Şamaxı şəhərində doğulub. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirib. “Üfürülmüş çırağın ruhu”, “Tək işığın haləsi” şeirlər kitabının, “Əlifba bayramında qətl”, “Dərdin sarı çəpkəni”, “Kül” romanlarının müəllifidir. 

 

 Şeir

Qapandı gözlərim. Ölməmişəm. Yox.

Kimdisə nahaqdan çırpır dizinə.

Yox… Ağlayan yoxdu. Yağışdı yağır 

Açın pəncərəmi yağış səsinə…

 

Yox… Yağış da deyil. Quşlardı, 

göydən

tənəkə damlara tökülür… qonur…

Quşlar da deyil heç…

Açdım gözümü… 

Söndürün şamları… Şeir oxunur…

 

Yol

Bu soyuq daş hücrənin 

yolları çoxdan bağlıdı. 

Qıfılsız olan göyün üzüdü bircə 

onu da ayrılıq tutub.

Pərvanənin cüt qanadı 

Tanrı yazanı nə bilir? – 

birini od yandıranda 

o biri diriykən ölür elə...

 

Köç

Palçıqdan  bir quş düzəltdim,

ha can verdim dirilmədi.

Taxtadan qılınc qurşadım

heç qınından siyrilmədi.

 

Qapını döydülər qalxdım,

xoş bir qaranlığa çıxdım.

Bir səs gəldi: “tərpən, vaxtdı…” 

Getdim… daha görünmədim.

 

Taxt

Bütün taxtların ucası

bu taxta tabutdu ki var.

Bu şahlıq çəkir hamını

üzündə şeytan tükü var.

 

Hamının şah olan günü

hamının ölən günüdü.

Ölən günü çiynimizdə

diri bir şahlıq yükü var.

 

Açar

Bir Ağ Yaylığın üstə

bir sıxma Yurd Torpağı.

O torpağın üstündə

bir Göyərçin Ölüsü.

O göyərçin ölüsünün

bir qanadı ucunda paslı bır Qıfıl,

bir qanadı ucunda bır gülöyşə Nar – 

Bu mənim Sirrim, Taleyim...

Dərgahlara daşımağa 

bundan başqa nəyim var?..

 

Yük

Üzülmüş payızı alır çiyninə,

Salır budaqlardan bir fani rüzgar.

...Burda sevgilərin sabahı yoxdu,

Burda görüşlər var, ayrılıqlar var...

 

Burda küləklərin mayası ahdan, 

yaşılı yandırır, sarını tökür.

Gəlir qismətimiz bir olan haqdan,

Gücünə görədi hamının yükü...

 

Son

Çıxdı sinədən son nəfəs,

üzülmüş can azad oldu.

Elə bil ki, bir dəstə quş

qışdan çıxıb yaza doldu.

 

Gül budaqdan qopub getdi

Ruh da gülə hopub getdi.

Fələk canı qapıb getdi

nə  “al!” oldu,  nə  “sat!”  oldu.

 

Küləkli qaranlıq

Çırpınır pəncərəmdə 

bir küləkli qaranlıq

caynağından asılmış 

bir quş kimi çırpınır.

Nə zülməti çökdürür 

şamın ölgün işığı,

Nə də ki, pəncərənin 

titrək aynası sınır.

 

Yellənir boz tavanda 

hisli hörümçək toru, 

Köhnə, tozlu güzgüdə 

çatlamış kimsəsizlik. 

Ya biz doğulmamışıq, 

ya ömür çoxdan keçib,

Bu çarəsiz yoxluğa 

ağlayır kimsə gizli.

 

Kimsə gizli ağlayır...  

biz yenə də susuruq...

Koruq,  karıq,  bilmirəm, 

bəlkə də lap biz lalıq.

Biz Tanrıya uzanan əllərə sarı gələn 

ya mübarək bir cavab, 

ya cavabsız sualıq.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR