NOBEL KÜRSÜSÜ - Tomas Mann

1875-ci ildə Almaniyada, varlı tacir ailəsində dünyaya göz açıb. 1908-ci ildə yazdığı “Buddebroklar” romanı ilə özünü yazıçı kimi təsdiq edib. 1929-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. “Tonio Kreqer”, “Venessiyada ölüm”, “Lotta Veymarda”, “Doktor Faustus”, “İosif və qardaşları” kimi onlarla məşhur əsərin müəllifidir.

Böyük yazıçı 1955-ci ildə Sürixdə vəfat edib. 

 

Tərcümə: İlqar Əlfi

 

“Venessiyada ölüm”

 

Qustav Aşenbax, yaxud əlli yaşı tamam olan gündən bəri rəsmən çağırıldığı kimi desək, fon Aşenbax qitəmiz üçün ağır gəlmiş 19... ilin ilıq yaz axşamı Münhenin Prinsregenş­trassedəki mən­zilin­dən çıxdı və tək-tənha uzaq bir gəzintiyə yollandı. Gün ərzində gördüyü işlərdən (ağır, təhlükəli və ondan məhz elə indi maksimum diqqət, ehtiyat, hadisələrə nüfuz və iradə dəqiqliyi tələb edən) həvəs­lə­nərək, batinindəki yaradıcılıq mexanizmini, Siseronun təbirincə desək, həqiqi bəlağətin mahiyyəti ehtiva edən həmin o “totus animi continuus”u1,  hətta nahardan son­ra belə, dayandırmaq gü­cün­də olmayan yazıçıya vücudundakı getdikcə artan gücsüzlükdən dolayı indi daha çox lazım olan nicatgətirici gündüz yuxusu da yaxın gəlmirdi ki, gəlmirdi. Beləliklə, çay içəndən sonra, təmiz havada piyada gəzməyin ovqatını yüksəl­də­cəyi, ona işgüzar bir axşam bəxş edəcəyi ümidi ilə gəzintiyə yollandı.

Mayın əvvəlləriydi və uzun həftə­lər­dən sonra aldadıcı istisi olan bir yay havası bərqərar olmuşdu. Ağacları incə, tər yarpaqlara təzəcə bələnmiş İngilis bağında lap avqust ayıymış kimi, bir boğanaq vardı və onun şəhərə birləşən hissəsi ekipajlarla, piyadalarla doluydu. Nisbətən sakit və xəlvət cığırların gəlib çıxdığı “Aumeyster” restoranında Aşen­bax çəpəri yanında neçə karetanın və sərnişin arabasının durduğu bağdakı səsli-küylü camaata bir-iki dəqiqə baxdı və batan günəşin şüaları altında geriyə yollandı – lakin yolunu bu dəfə parkdan yox, yorulduğunu hiss edib düzəngahdan saldı. Tərs kimi, Ferinqin üzərində də qara buludlar sıxlaşmaqdaydı. Qərara aldı ki, Şimal qəbiristanı yaxınlığında birbaşa şəhərə gedən tramvaya minsin.

Qəribə təsadüfdən nə dayanacaqda, nə də onun həndəvərində bir ins-cins yox idi. Nə parıldayan relsləri daş döşənmiş küçəylə Şvabinq istiqamətinə uzanan Unqarerş­trassedə, nə Ferinq şosesində bircə ekipaj belə gözə dəymirdi. Satış üçün nəzərdə tutulmuş xaçların, sinə daşlarının və məzarüstü abidələrin sanki hələ sakinləri olmayan daha bir qəbiristan əmələ gətirdiyi, üzbəüzündəki, bitməkdə olan günün son işartıları içində Bizans üslublu zəng qülləsinin lal silueti görünən daşyonma emalat­xanalarının hasarla­rından o üzdə belə, gözlərinə tərpənən hec nə dəymirdi. Qüllənin yunan xaçlarıyla və işıqlı rənglərə üstünlük verilən mübhəm işarələrlə süslənmiş ön tərəfində, həm də qızılı hərflərlə həkk edilmiş simmetrik yazılar, axirət həyatına aid  “Tanrı evinə aparan yol”, ya da “Əbədi nurun ama­nında olsunlar” kimi kəlamlar yerləş­di­rilmişdi. Aşenbax tramvay gözləyərkən bu yazıları oxumaqla başını qatır, onların şəffaf mistikasına ruhunun gözüylə nüfuz etməyə çalışırdı ki, birdən eyvanda, pilləkəni qoruyan iki əfsanəvi heyvan fiqurundan yuxarıda qərar tutmuş, qəribə qiyafəsinin təsiri fikirlərini tamam başqa səmtə yönəldən bir insan gördü, öz xəyallarından ayrıldı.

Zəng qülləsinin bürünc qapıların­danmı çıxdı, yoxsa gözə dəymədən yaxınlaşaraq, küçə tərəfdənmi qalxdı qüllənin yanına – bunu bilmədi. Aşenbax bu məsələyə elə də dərindən nüfuz etmədən, daha çox birinci ehtimala üstünlük verirdi. Bu ortaboylu, arıq, saqqalsız və fındıqburun olan adam daha çox süd bəyazı rəngdə çil-çil dərili kürənsaç tiplərə aid idi. Əynindəkilər bavariyalılara xas bir şey deyildi, həm də başına qoyduğu enli günlüklü lif şlyapa ona yad, uzaq ellərdən gələn bir adam görüntüsü verirdi. Lakin arxasından asdığı əsl bavariyalı çantası bu qənaəti ilə düz gəlmirdi. Əynində sarı rəngli, qaba yundan toxunmuş gödəkcə vardı, sol əlini belinə söykəmişdi, qolunun üstünə boz rəngli nəsə, çox güman ki,  plaş atmışdı, sağ əlində isə dəmir ucluqlu ağac vardı; onu döşəməyə  dirəmiş, ayaqlarını çarpaz­laş­dırıb durmuşdu, bir böyrünü isə əl ağacının dəstəyinə söykəmişdi.

Başını elə qaldırmışdı ki, idman köynəyinin qatlama yaxalığından arıq boğazında sivri hülqumu görünürdü,  dik burnu və üzündə iki şaquli qırışı vardı, qızarmış ağımtıl gözləri uzaqlara baxırdı. Bəlkə də, hündür olduğuna, həm də bura qədəm basanları ucaldan bir məkanda dayandığına görə, onun duruşunda özündənrazı bir seyrçilik, cəsurluq, hətta elə bil bir vəhşilik də vardı. Üz-gözünü ya batan günəşin çəpəki şüalarından bürüşdürmüşdü, ya da elə zahiri görünüşünə xas olan bir qəribəlik idi bu, amma dodaqları çox nazik idi, yuxarı – aşağı  o qədər dartılırdı ki, ağ, həvə dişləri və damağı çöldə qalırdı.

Çox mümkün ki, indi tanımadığı bir kəsi, dalğınlığına rəğmən, bəs deyincə diqqətlə süzən Aşenbax kifayət qədər nəzakətli deyildi. Lakin onun gözünə birdən  elə həmin şəxsin də bu baxışlara cavab verdiyi sataşdı, özü də meydan sulayırmış kimi, elə dik baxır, ona tamaşa edənin baxışlarını qaçırmağa, başqa bir səmtə çevirməyə elə aşkar məcbur edirdi ki, xoşagəlməz bir hal keçirdi, üzünü çevirib, çəpər boyu addımladı,  bu adama bir daha fikir verməməyi qərara aldı və onu elə həmin an da unutdu. Lakin Aşenbax naməlum şəxsin səyyaha bənzəməsindən, ya da ona göstərdiyi tamam başqa – fiziki, yaxud psixi təsirdən təəccüblənsə də, qəflətən sanki ruhunun qol-qanad açdığını, içində vücuduna hakim kəsilən həsrəti duydu. Daxilində uşaq kimi yerini dəyişmək, səfərə çıxmaq istəyi baş qaldırdı – elə canlı, elə təzə, daha dəqiqi, nə zamandan bəri ya­şa­madığı, artıq unutduğu elə bir hiss ki... Əllərini arxasında çarpazlaşdırdı, baxış­larını aşağı dikərək, başına gələnlərin mahiyyət və mənasını anlamaq üçün yerində donub qaldı. Bu, şübhəsiz, səyahətə çıxmaq arzusuydu, başqa bir şey deyildi – lakin onu qəfil qızdırma kimi elə sarmışdı ki, artıq beyni du­manlanırdı. O, gəzmək-görmək həsrə­tin­dəydi, uzun müddətdən sonra, qəlbinin hələ də dinclik tapmamış fantaziyası rəngarəng dünyamızın bütün möcüzə­lə­rini və dəhşətlərini bir obrazda birləş­dirirdi. İndi,  o özü hər şeyi təsəvvüründə eyni anda təcəssüm etdirməyə can atırdı. O, səmanın altındakı ağlasığmaz, rütubətli, ilkin dünyanın keçilməzliyini xatırladan mənzərəni görürdü; adaları, axarlarıyla lil gətirən gölməçələri, buxardan öz dumanına bələnmiş tropik bataqlıqları görürdü; qıjıkimilərin qalın kolluğundan, yaxında-uzaqda qəribə tərzdə çiçəkləyən bitkilərlə örtülmüş torpaqdan boy verib yüksələn palmaların tüklü gövdələrini görürdü; qəribə bir eybəcərliyə malik, həm torpağa, həm də yaşıl işıqlarla sayrışan sulara kök atan ağacları, üzərində süd bəyazı rəngində, nəhəng fincanı xatırladan çiçəklər üzən suları görürdü – o suları ki, dayazlıqlarında kəkilini qabardıb harasa çəpəki baxaraq, hərəkətsiz durmuş əyri, eybəcər dimdikli quşlar vardı; bambukun düyünlü gövdələri arasında qığılcımları oynayan işıqları – marığa yatmış pələngin gözlərini görürdü və dəhşətdən, ehtirasının şiddətindən, ürəyi az qalırdı ağzından çıxa. Sonra bu xəyalları söndü və Aşenbax başını bulayıb, daşyonma emalatxanalarının hasarlarının dibiylə yenidən addımladı.

   
  

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2016 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR