ƏDƏBİ MOZAİKA

UMBERTO EKONUN VƏSİYYƏTİ

Dünyasını dəyişməzdən öncə, Umberto Eko ən azı 10 il özü və yaradıcılığı ilə bağlı konfrans, seminar kimi tədbirlər ke- çirilməsini istəməyib. Həyat yoldaşı Renate Ramqe onun vəsiyyətini yazıçı Patrisia Violiyə verib. Sağlığında əyləndirici açıqlamalarıyla tanınan Ekonun vəsiyyəti haqda Patrisia Violi: “Bu da professorun son zarafatı”, – deyib. Umberto Ekonun işlədiyi Bolonya Universitetinin rektoru Françesko Ubertini isə bildirib: “Bu qərarı gülümsəyərək və anlayışla qarşıladım, çünki tamamilə onun xarakterini ifadə edir. Şübhəsiz ki, onun istəyinə hörmət edəcəyik”. Yazıçının yaxın dostlarından biri, Bolonya Universitetinin professoru İvano Dioniqi: “Eko bu vəsiyyətilə başqa adamlardan ayrı kateqoriyada olduğunu bir daha göstərdi”, – deyib. Vəsiyyət Bolonya Kitabxanasında keçirilən bir tədbirdə ictimaiyyətə elan edilib. İtaliyada Ekonun bu vəsiyyətinə əməl olunacağı dəqiqdir, xaricdə isə buna riayət edilib-edilməyəcəyi bilinmir

 

“BUKER” MÜKAfATINI KOREYA YAZIÇISI ALDI

2016-cı ilin “Buker” Beynəlxalq Kitab mükafatı insan qəddarlığına etiraz olaraq ət yeməkdən imtina edən qadın haqda yazılmış “Vegetarian” romanına verilib. Romanın müəllifi, koreyalı Han Kanq 50 min funt sterlinq (73 min ABŞ dolları) həcmində olan mükafatı, gözlənildiyi kimi, kitabı ingilis dilinə çevirmiş britaniyalı tərcüməçi Debora Smitlə bölüşüb. Londonda təqdim olunan mükafatın münsiflərindən biri – Boyd Tonkin deyib ki, Cənubi Koreyada doğulmuş müəllifin romanı “son dərəcə təsirli və orijinaldı”. Bu il mükafatın uzun siyahısında 12, qısa siyahısında isə Orxan Pamuk, Elena Ferrante, Anqolan Vordsmit, Joze Eduardo Aqualusa, Yan Lianke, Robert Sitaler kimi tanınmış müəlliflərin əsərləri vardı.

Bədii tərcümə üzrə ən böyük mükafat sayılan “Buker”i qazanan Debora Smit öz çıxışında Koreya dilini 21 yaşında öyrənməyə başladığını bildirib: “O zamana qədər Koreya mədəniyyəti və adamlarıyla heç bir ünsiyyətim olmamışdı”. Onun sözlərinə görə, bu seçimi Koreya dilindən tərcüməçilərin qıtlığı səbəbindən edib. “Vegetarian” romanı Cənubi Koreyada universitet tələbələrinə yazıçılıqdan dərs deyən Han Kanqın ingilis dilinə tərcümə edilən ilk romanıdır.

Xanım Kanq nüfuzlu mükafatı alan ilk koreyalıdır.

 

QABRİEL QARSİA MARKESİN KÜLÜ KOLUMBİYAYA GƏTİRİLİB

Qabriyel Qarsiya Markesin külünün bir hissəsi yazıçının vətəni Kolumbiyaya gətirilib və memorial abidənin içində yerləşdirilərək Qəraib dənizi sahilindəki Kartaxen limanında basdırılıb, abidənin üzərinə isə bürünc büstü qoyulub. Külünün qalan hissəsi isə, Markesin ömrünün otuz ilini keçirdiyi Meksikada saxlanılıb. Xatirə mərasimi müstəmləkə dövrünə aid qədim monastırda keçirilib. Mərasimdə yazıçının doğmaları, dostları, mədəniyyət xadimləri və yerli hakimiyyət nümayəndələri iştirak edib.

Dünya ədəbiyyatının fenomen simalarından sayılan Qabriel Qarsia Markes 17 aprel 2014-cü ildə Meksikada, 87 yaşında vəfat edib. Kartaxen limanı yazıçının məşhur əsərlərindən olan “Vəba zamanı sevgi” romanında hadisələrin cərəyan etdiyi məkandı. Markeslər ailəsi, əvvəllər olduğu kimi, yenə də orada, dəniz sahilində mülk sahibidirlər.

 

FRANSANIN KEÇMiŞ DAXİLİ İŞLƏR NAZİRİ DİLƏNÇİDƏN YAZIÇI “DÜZƏLTDİ”

27 ildir ki, Paris küçələrində dilənən evsiz-eşiksiz kişinin – Jan-Mari Ruqolun xatirələr kitabı Fransada ilin bestselleri oldu. Kitab Fransanın keçmiş daxili işlər nazirinin köməyilə yazılıb. 47 yaşlı müəllif sabiq nazir Jan-Luis Debre ilə belə tanış olub: o, Parisin məşhur küçələrində dilənirmiş, nazir isə ondan xahiş edib ki, dükanda alış-veriş etdiyi vaxt velosipedindən göz-qulaq olsun. Bu vaxt küçədən keçən bir qız yanındakı oğlana deyib: “Ora bax! Debre dilənçiylə danışır!” Kitab da elə bu xatirə ilə başlayır. Jan-Mari Ruqol 27 il ərzində paytaxt küçələrində başına gələnləri qələmə alıb: filan məşhur aktyor mənə 10 avro verdi, filan şoumen mənə hörmət elədi və sair. Beləcə, o, “uğurlu” günlərdə orta hesabla 80 avro pul qazanırmış. Ruqol bu kitabı park skamyalarında yazıb. Ondan gələn gəlirdən özünə smartfon alıb, indi Facebook-da oxucularıyla daim əlaqə saxlayır. “Kitabımı oxuyan adamlar küçədə mənə yaxınlaşırlar. Keçən həftə bir oxucum məni restorana apardı, başqa bir oxucum isə İsveçrədən şokolad gətirmişdi.” Dilənçi-yazıçı jurnalistlərə etiraf edib ki, onun yazısında çoxlu səhvlər var, məktəbdən tez çıxıb, yaxşı təhsil ala bilməyib. Odur ki, Fransanın keçmiş daxili işlər naziri, indiki Konstitusiya Məclisinin sədri kitabı redaktə edib”. Üz qabığında isə, adları yanaşı yazılıb. İndi bu yazıçının istəyi kitabının gəlirilə ev və kompüter almaq, kitab yazmağa davam etməkdir.

 

PULİTSER MÜKAfATININ BUİLKİ QALİBLƏRİ

Pulitser mükafatının builki qalibləri ABŞ-ın Nyu-York şəhərinin Kolumbiya Universitetində elan edilib. Təsis olunandan bəri (1917-ci il) Pulitserin yüzüncü dəfə təqdim olunması builki mərasimin əsas özəlliyinə çevrilib. Qaliblərdən iyirmisinə 10 min dollar pul mükafatı, birinə isə, ictimai xidmətlərinə görə qızıl medal verilib. Mükafata layiq görülmüş yüksək tədqiqat işi, jurnalistikada peşəkarlıq, milli mövzuların çözümü, yeniliklərlə bağlı dəyərli foto işləri və sair seçimlərlə yanaşı, ən yaxşı bədii əsər nominasiyası da böyük maraq doğurub. Bu mükafata Vyet Tan Nquyenin “Canyandıran” adlı debüt romanı layiq görülüb. Roman “Nyu-York Tayms”, “Vaşinqton Post” kimi nüfuzlu mətbu orqanları və bir sıra nəşriyyatlar tərəfindən ilin kitabı adlandırılıb.

 

MƏŞHUR “ÜZÜKLƏRİN ƏfƏNDİSİ” ƏSƏRİNİN MÜƏLLİfİNİN İNGİLTƏRƏDƏ NAMƏLUM ŞEİRLƏRİ TAPILIB

Məşhur “Üzüklərin əfəndisi” əsərinin müəllifi Con Ronald Ruel Tolkinin İngiltə- rədə naməlum şeirləri tapılıb. Şeirlər Abinqdondakı Məryəm Ana məktəbinin illik toplusunda 1936-cı ildə, yəni “Hobbit”in nəşrindən bir il qabaq çap edilib.

Görünür, Oksford Universitetində qədim ingilis dili üzrə çalışdığı dövrdə professor Tolkin həmin məktəblə əlaqə saxlayırmış.

Tədqiqatçı alim Ueyn Hemmond yazı- çının şəxsi qeydlərini öyrəndikdən sonra şeirlərin mövcudluğu üzə çıxıb. Yazıçının qeydlərində xatırlanır ki, onun iki əsəri “Abinqdon xronikaları” (“The Abingdon Chronicle”) jurnalında (1936-cı ildə Abinqdondakı Məryəm Ana məktəbinin illik toplusu belə adlanırdı) çap edilib.

Tapılan əsərlərdən biri “Kölgə adam” adlanır. Bu isə 1962-ci ildə çap edilən şeirin daha əski variantıdır

 

ABŞ-da MARK TVENİ QADAĞAN EDİBLƏR

Daha doğrusu, yazıçının “Heklberri Finnin macəraları” kitabı qəzəbə tuş gəlib, əsər “nigger” (qaraşın, zənci) sözünə görə siyasi nəzakətsizlikdə suçlanır.

Tolerantlığın hansı dərəcədə gözlənildiyini yoxlayan ekspertlər hesablayıblar ki, bu söz romanda təxminən 200 dəfə təkrarlanıb. Belə “ağılsızlıqdan” şoka düşən mütəxəssislər Mark Tvenin kitabının məktəb proqramından çıxarılmasını təkid ediblər. Yeri gəlmişkən, bu, məşhurAmerika yazı- çısının romanına göstərilən ilk etiraz deyil. 2011-ci ildə kitab redaktəyə məruz qalmışdı.

Bu yaxınlarda “Heklberri Finnin macə- raları” kitabının sınaq nüsxəsi çapdan çıxıb və əsərdə “nigger” sözü “qul” kəlməsiylə əvəzlənib.

Bu təşəbbüs Filadelfiya şəhər məktəblərindən birinin pedaqoqlarına aiddir. İdeoloji cəhətdən "yanlış" hesab edilən kitabın bü- tün cildləri artıq kitabxanalardan yığışdırılıb, tədrisinə qadağa qoyulub və 11-ci sinfin məktəb proqramından da çıxarılıb.

“Əsərin cəmiyyətə göstərə biləcəyi mənfi təsir, onun bədii dəyərini kölgədə qoyur” – Filadelfiya Mərkəzi məktəbinin rəhbərliyinin rəyində belə deyilir.

Təhsil müəssisəsinin direktoru məsələyə belə bir mənasız şərh verib: “Mən cəmiyyətimizin belə bir qərar verməsindən qürur duyuram. Şagirdlərimizin çoxu üçün bu söz qəbuledilməzdir. Bu məsələdə biz də onlarla həmrəyik”. Direktor qadağa təşəbbüsünü bilavasitə şagirdlərin irəli sürdü- yünü deyir. Onlar bildirirlər ki, bu söz qəzəb doğurur, məktəbdə hökm sürən irqi bərabərliyin əsaslarına zərbə vurur. Belə getsə, alternativ düşüncənin təbliğinə görə, yəqin, Dostoyevskinin “İdiot” əsərinə də qadağa qoyulacaq.

Mark Tvenin kitabının bəxti əvvəldən gətirməyib. Əsərin davamı olan “Tom Soyerin macəraları” kitabı ABŞ-da 1884-cü ildə çap olub. 1885-ci ildə isə, Massaçusets ştatının Konkord şəhərində onu “xarabalığa layiq zibil” damğasıyla yasaq ediblər. Ən acınacaqlısı odur ki, Mark Tven irqçilik və köləliyin qatı əleyhdarı idi.

 

PABLO NERUDANIN NƏŞİNİN QALIQLARI YENİDƏN DƏFN OLUNDU

Çilidə kriminaloji ekspertiza üçün eksqumasiya edilmiş Pablo Nerudanın nəşinin qalıqlarını yenidən dəfn ediblər. Bu barədə müxtəlif xəbər agentlikləri məlumat yayıb. Santyaqoda Çili Konqresi binasında şairin xatirəsinə həsr olunmuş mərasimə çox sayda insan qatılıb. Sonra Nerudanın nə- şinin qalıqları yenidən əvvəlki yerinə – ömrünün son dövrlərini keçirdiyi İsla Neqra bölgəsindəki bağında həyat yoldaşı Matilda ilə yanaşı dəfn edilmək üçün aparılıb.

Xatırladaq ki, Pablo Nerudanın qəbri ekspert araşdırmaları üçün 2013-cü ildə açılmışdı. Şairin ölümü 1973-cü ildə dövlət çevrilişi etmiş Pinoçetin hakimiyyətə gəlişi vaxtına təsadüf edir. Uzun illərdi belə ehtimal edilir ki, görkəmli şair diktatorun göstərişi ilə öldürülüb. Guya diktaturadan qurtularaq Meksikaya qaçmaq arzusunda olan şair, xəstəxanada prostat vəzidən müalicə alarkən, döş qəfəsinə vurulmuş müəmmalı iynə nəticəsində dünyasını dəyişib. Ekspertiza üçün artıq dördüncü dəfə məzardan çıxarılan şairin ölümünün nədən baş verdiyi rəsmən açıqlanmasa da, onun, Çilinin devrilmiş qanuni rəhbəri Salvador Aliyende ilə yaxın dost olduğuna görə Pinoçet tərəfindən aradan götürüldüyü deyilir.

Hazırladı: Z. Sarıtorpaq

DİGƏR MƏQALƏLƏR